Məhkəmə qərarları › İş №2(103)-2818/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2818/2023

02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2818/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" şirkətinin cavabdeh Çimen Yakupa qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Çimen Yakupun "xxxx" şirkətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ezamiyyət xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı "xxxx" şirkətinin cavabdeh Çimen Yakupa qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Çimen Yakupun "xxxx" şirkətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ezamiyyət xərclərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)-265/2022 nömrəli qətnaməsindən cavabdeh Çimen Yakupun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 mart 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X8 "xxxx" şirkətində 18 mart 2019-ci il tarixdən zavod direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.

2. 01 noyabr 2019-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X8 "xxxx" şirkətində 01 noyabr 2019-ci il tarixdən istehsal müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 07 mart 2020-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.

3. 20 may 2020-ci il tarixli əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X8 20 may 2020-ci il tarixdən "xxxx" şirkətinin direktoru vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 08 mart 2021-ci il tarixədək müəyyən olunmuş, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" şirkətinin rəsmi saytı olan “matanata.az” saytı üzərindən Çimen Yakup 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolqa Sarıya aşağıdakı məzmunda e-mail göndərilmişdir: “Azerlime zavodunun açılış işleri ile bağlı yolların boyanması, tüm siloların ve çelik konstriksiyonun boyanması 4500 ton hazır mehsulun daşınması ve hazır mehsul anbarı konstriksiyonun yıkanıp silinmesi ile alakalı 15.0.2019 tarihinden 15 fehle 10 gün süreli olarak işletmeye icaze vermeyinizi xaiş edirem. (gündelik 1 fehle 5 AZN-dir)”. Tolqa Sarı tərəfindən həmin e-maile “Uyğundur. Ancak işi bilen olmalı. Boş adamları almayalım” məzmunlu cavab verilmişdir.

5. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, "xxxx" şirkətinin rəsmi saytı olan “matanata.az” saytı üzərindən Avil Qurbanov tərəfindən Çimen Yakupa 02 aprel 2020-ci il, 17 iyun 2020-ci il, 16 noyabr 2020-ci il və 18 noyabr 2020-ci il tarixlərində “Azerlime” əhəng zavodunda açılış işləri ilə əlaqədar olaraq hazır məhsul anbarında olan əhəng məhsullarının zavodun torpaq ərazisinə daşınması, güclü külək və yağışın təsirindən məhsulların yararsız vəziyyətə düşməsi, malların torpaq ərazidə yığılmağı nəzərə alınmaqla kisələrin də öz keyfiyyətini itirməsi barədə məlumat verilmişdir.

6. "xxxx" şirkətinin 03 dekabr 2020-ci il tarixli, 412 saylı əmrinə əsasən şirkətin direktoru X8 03 dekabr 2020 – 01 yanvar 2021-ci il tarixlərdə Gürcüstan Respublikasına ezam olunmuşdur.

7. "xxxx" şirkətinin direktoru Çimen Yakup tərəfindən imzalanmış 05 yanvar 2021-ci il tarixli, 41 M saylı əmrə əsasən şirkətin direktoruna 2019-2020-ci iş ili üzrə növbəti məzuniyyət hesabına 05 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək 27 gün müddətinə əmək məzuniyyəti verilmiş, işə başlama tarixi 01 fevral 2021-ci il müəyyən olunmuşdur.

8. "xxxx" şirkəti tərəfindən Çimen Yakupa ünvanlanmış 06 may 2021-ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulması, vəzifə səhlənkarlığı nəticəsində şirkətə külli miqdarda ziyan dəyməsi, təhvil – təslim aparılmaması barədə məlumat verilmiş, izahatın alınması ilə bağlı şirkətə dəvət olunmuş və bildirişin alındığı tarixdən 3 gün ərzində gəlməməsinin izahat verməkdən imtina kimi qəbul olunacağı ilə bağlı xəbərlarlıq edilmişdir.

9. "xxxx" şirkətinin Daxili Audit şöbəsi və Maliyyə departamenti tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, malların zavodun həyətində saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə Çimen Yakupa məlumat verilməsinə baxmayaraq sonuncu tərəfindən heç bir tədbir görülməmiş,onun vəzifə səlahiyyətlərini düzgün icra etməməsi nəticəsində şirkətə dəymiş zərər 648255,36 manat, həmin məhsullar təkrar emal olunduğu təqdirdə zərərin məbləği 204977,36 manat təşkil edir.

10. "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202K saylı əmrinə əsasən şirkətin direktoru X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə ziyan vurması) bəndinə əsasən xitam verilmişdir.

11. "xxxx" şirkəti tərəfindən Çimen Yakupa ünvanlanmış 08 may 2021-ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

12. "xxxx" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsi, əmək vəzifələrini pozması nəticəsində vurulmuş 204977,36 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Çimen Yakupdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" şirkəti ilə Türkiyə vətəndaşı olan X8 arasında 18 mart 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh həmin tarixdən "xxxx" şirkətinə zavod direktoru vəzifəsinə işə qəbul edilmiş, 01 noyabr 2019-cu il tarixdən istehsal müdiri vəzifəsinə keçirilmiş, 20 may 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" şirkətinin direktoru vəzifəsinə təyin edilmişdir. Həmçinin, cavabdehlə tam maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Lakin cavabdeh həmin vəzifələrdə işlədiyi dövrdə əmək müqaviləsi üzrə əmək vəzifələrini düzgün icra etməmiş, səhlənkarlığa yol vermiş və bununla da şirkətə ciddi ziyan vurmuşdur. Belə ki, zavod direktoru və istehsal müdiri kimi cavabdehin əmək müqaviləsi üzrə vəzifələri sırasına istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsal edilməsi, əsas və dövriyyə vəsaitlərində səmərəli istifadənin təmin edilməsi, məhsulun maya dəyərinin aşağı salınmaması, istehsalın yüksək inkişafı vtəkmilləşdirilməsi üçün illik planların hazırlanması, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, ona tabe olan xidmət istehsal sexinin gündəlik iş nəticələrinin növbə üzrə hesabatlarının qəbul edilməsi daxil olmuşdur. Həmçinin, direktor kimi cavabdeh digər vəzifələrlə yanaşı istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsalı, istehsalatın texnoloji hazırlığı və texniki cəhətdən yenidən qurulması, xammala, materiala əmək sərfinə qənaət edilməsi, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanması, operativ istehsal planlaşdırılması üçün normativlərin tətbiqinin həyata keçirilməsi, istehsal gedişinə operativ nəzarət, istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsinin təşkil edilməsi, istehsal gedişinin gündəlik operativ uçotunun təmin edilməsi, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsulun buraxılışı tapşırığının yerinə yetirilməsi, başa çatmış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edilməsi, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına nəzarət edilməsi vəzifələrini daşımışdır. Cavabdeh 2019-cu ilin sonunda direktor olduğu Qazax zavodunda hazır məhsul anbarlarında yerləşən məhsullar və kisələrin zavod ərazisində açıq hava şəraitində yığılmasına göstəriş vermiş, zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Nəticədə torpaq səthinin üzərində yığılmış məhsullar və kisələr açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı cavabdehə dəfələrlə elektron poçt vasitəsi və şifahi qaydada xəbərdarlıq edilmişdir. Belə ki, “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avıl Qurbanov 02 aprel 2020-ci il tarixdə, 18 noyabr 2020-ci il tarixdə cavabdehə məsələ ilə bağlı məlumat vermiş, lakin sonuncu tərəfindən hər-hansı tədbir görülməmişdir. Cavabdehə baş verənlər barəsində yazılı izahat və bu proseslər barədə elektron yazışmalarını Daxili Audit və Nəzarət şöbəsinə təqdim edilməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yol verilən səhlənkarlıqlar səbəbindən açıq havada yığılmış məhsulların təqribən 70%-i təkrar emala yararlı, 30%-i isə təkrar emala yararsız olmuşdur. Nəticədə Azerlime suvaq üçün əhəng 18 kq – 110770 ədəd, Azerlime suvaq üçün əhəng 20 kq – 57157 ədəd və Azerlime söndürülmüş əhəng 20 kq – 57.048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində şirkətə dəymiş ziyan və əldən çıxmış fayda ilə birlikdə 648255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305372,36 manat, əgər 30 %-i təkrar emal olunduğu təqdirdə 204977,36 manat məbləğində zərər dəymişdir ki, bu ziyanın dəyməsi cavabdehin öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlıdır. Cavabdeh öz əmək funksiyalarını qəsdən yerinə yetirməyərək şirkətin Qazax zavodunda istehsal edilmiş məhsulların açıq havada saxlanılması ilə müəssisəyə ciddi şəkildə ziyan vurmuşdur.

14. Çimen Yakup qarşılıqlı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, , "xxxx" şirkətinin 08 may 2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsini, X4 "xxxx" şirkətinə işə bərpa edilməsini və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq "xxxx" şirkətindən onun xeyrinə tutulması, habelə X4 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üzrə ezamiyyə xərcinin ödənilməsini və ezamiyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə 27 mart 2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla həmin ödəncin "xxxx" Şirkətindən X5 xeyrinə tutulmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, 18 mart 2019-cu il tarixdə "xxxx" şirkəti ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən istehsalat müdiri vəzifəsində işə qəbul edilmişdir. İşlədiyi müddətdə heç bir pozuntuya və ya səhlənkarlğa yol verməmiş, bu səbəbdən barəsində hər hansı intizam tədbiri görülməmişdir. Əksinə, yaxşı işlədiyi üçün vəzifədə irəli çəkilərək şirkətə direktor vəzifəsinə təyin edilmişdir. Başqa işə götürənlə əmək müqaviləsi bağlayaraq, xx.xx.2021-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim etmiş və ona son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Şirkətin təsisçisi Elxan Bəşirov ilk öncə ondan işdən çıxmamağı xahiş etmiş, lakin o, işdən çıxmaqda israrlı olduğunu bildirdikdə, o, onu cəzalandıracağını və ezamiyə pulunu ödəmədiyini bildirmişdir. Daha sonra işdən azad edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona verilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin yenə də əmrin surətini əldə edə bilməmişdir. Əmrin surətini işin artıq məhkəmədə baxılması zamanı elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra 18 avqust 2021-ci il tarixdə əldə etmişdir. Həmin əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri ilə mülkiyyətçiyə ziyan vurması əsası ilə xitam verilmişdir. Bununla belə, həm ona qarşı qaldırılmış iddianın, həm də əmrin əsasını işçinin işəgötürənə ziyan vurması təşkil edir. Bu səbəbdən ilk öncə onun işəgötürənə ziyan vurub-vurmaması aydınlaşdırılmalıdır. Belə ki, Əmək Məcəlləsinin bu məsələni tənzimləyən normalarına əsasən işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurduğu aşkar olunmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Hazırki işdə isə həmin halların heç biri mövcud deyil. Bu səbəbdən ziyanın vurulması ilə bağlı işəgötürənin mülahizələri əsassız hesab edilməlidir. Belə ki, "xxxx" şirkəti onun şirkətə ziyan vurmasını onunla əsaslandırmışdır ki, güya o, direktor olduğu dövrdə zavodun anbarında olan məhsulun (əhəngin) daşınaraq, açıq hava şəraitində yığılmasına göstəriş vermiş, daha sonra zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, o, şirkətdə xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək istehsalat müdiri vəzifəsində, ondan sonra əmək müqaviləsinə xitam verilənədək direktor vəzifəsində işləmişdir. Qeyd edilən məhsullar isə ölkə rəhbərliyinin zavodun açılışına gəlməsi nəzərə alınmaqla, 2019-cu ilin sentyabr ayında açıq əraziyə daşınmışdır. Həmin vaxt şirkətin müdiri Tolga Sarı olmuş və həm ambarda, həm də zavodun həyətində olan məhsulların açıq əraziyə daşınıb yığılmasına da göstərişi həmin şəxs vermişdir. Lakin sonradan zavodun açılışı təxirə salınmış və açılışın nə vaxt olacağı qeyri-müəyyən olduğundan məhsullar daşındığı yerdə saxlanılmışdır. Nəhayət zavodun açılışı 03 mart 2020-ci il tarixdə baş tutmuşdur. Altı aydan artıq müddətdə yağışlı havada açıq hava şəraitində qalan əhəng artıq daşlayaraq, yararsız hala düşmüşdür. Hətta həmin məhsullar qapalı şəraitdə anbarda saxlansa belə, onun yararlıq müddəti altı ay olduğundan yenə də yararsız məhsul olacaqdır. Bu səbəbdən açılışdan sonra həmin məhsulların geri anbara yığılması ilə bağlı direktor Fuad Bəşirli tərəfindən hər hansı göstəriş verilməmişdir. Əslində zavodun açılışından sonra həmin malların anbara geri yığılması barədə göstəriş verilə bilməzdi. Belə ki, anbarda yalnız satışa yararlı məhsullar yığılıb oradan birbaşa satışa göndərilirdi. Bu məhsulların anbara geri daşınması aylarla yağışlı havada və nəm şəraitdə qalaraq, yararsız hala düşmüş əhəngin istelakçılara satılması olardı ki, bu da qanunla yolverilməzdir. Beləliklə, göründüyü kimi, məhsulun açıq əraziyə daşınması və altı aydan artıq müddətdə açıq hava şəraitində saxlanılması və bunun nəticəsində yararsız hala düşməsi onun direktor təyin edildiyi tarixədək (xx.xx.2021-ci il tarixədək) baş vermişdir. Başqa sözlə, məhsulların açıq havaya daşınması və ya onun geri yığılması ilə bağlı məsələlər onun səlahiyyətində olmamışdır. Bu səbəbdən məhsulların onun təqsiri üzündən yararsız hala düşməsi barədə işəgötürənin qənaəti əsassızdır. İddiaya əlavə edilmiş yazışmaların məzmunundan göründüyü kimi, işçilər həmin malların hazır məhsul anbarına yığılması barədə tədbir görülməsini deyil, əksinə, təkrar istehsalata yararsız hesab edilərək, anbar qalığından silinməsi barədə tədbir görülməsini xahiş edirlər. O, isə yararsız məhsulların təkrar istehsalata verilməsi göstərişini vermiş və zavoda dəyən zərərin həcmini azaltmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, şirkət ziyanın əvəzinin ödənilməsini tələb edərkən, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən və işin hallarından da göründüyü kimi, məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından başlayaraq, 2020-ci ilin mart ayınadək olan müddətdə baş vermişdir. Tam maddi məsuliyyət haqqında müqavilə isə onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlanmışdır. Bu baxımdan da iddia ərizəsi üzrə tələb edilən maddi ziyanın təmin edilməsi istisna edilir. Bu səbəbdən maddi ziyanın tutulması ilə bağlı iddia əsassızdır. Bundan başqa, o, 04 dekabr 2020-ci il tarixdə şirkət tərəfindən Gürcüstan Respublikasına ezam olunmuş və 20 mart 2021-ci il tarixədək ezamiyyətdə olmuşdur. Lakin şirkət tərəfindən ezamiyyə xərci ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əsasən Gürcüstan Respublikası üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. 107 gün ezamiyyətdə olduğuna görə ümumilikdə ona 15.000 (107 x 140 +20) ABŞ dolları məbləğində ezamiyyə xərci ödənilməli olduğu halda, bugünədək işəgötürən tərəfindən ödənilməmişdir. Ona görə də həmin məbləğ şirkətdən onun xeyrinə tutulmalıdır. Bundan başqa, ezamiyyə xərci vaxtında ödənilməməsi səbəbindən gecikdirilən hər gün üçün həmin məbləğin ödənildiyi günədək üzərinə faizlər də hesablanmalıdır. İşəgötürən tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətlər onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən ona dəymiş mənəvi zərər də işəgötürən tərəfindən kompensasiya edilməlidir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(001)- 5271/2021 saylı qərardadına əsasən iş üzrə kompleks məhkəmə - xətşünaslıq və məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmişdir.

17. 29 avqust 2022-ci il tarixli, 4/860-9/4136 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertə təqdim olunmuş, “Mətanət - A” şirkətinin adından olan 05 yanvar 2021-ci il tarixli, 41M saylı əmrinin sonunda “Yakup Çimen” yazılarından aşağıdakı imza Yakup Çimen tərəfindən icra olunmuşdur. “Mətanət - A” şirkətinin direktoru olan X8 03 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixlərdə (30 gün, 29 gecə) Gürcüstan Respublikasına ezam olunması nəzərə alınmaqla ona Gürcüstan Respublikasında olduğu 29 gecə üçün hesablanmalı olan ezamiyyə xərcləri 4060 ABŞ dolları (140 ABŞ dolları x 29 gecə), köçürülmüş ezamiyyə xərcləri 4213 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa X7 05 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin yanvar ayında 27 təqvim günü əmək məzuniyyətində olmuş, həmin ay üzrə hesablanmış məzuniyyət haqqı 883,03 manat təşkil edir. Bundan başqa “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi 2021-ci ilin fevral, mart və aprel ayları üzrə faktiki iş günləri üzrə işləmiş və onun bankda olan əmək haqqı hesabına 2021-ci ilin fevral ayı üzrə 899 manat, mart ayı üzrə 899 manat, aprel ayı üzrə 899 manat əmək haqqı köçürülmüşdür. Yakup Çimenlə bağlanmış əmək müqaviləsinə 08 may 2021ci il tarixdə xitam verildiyi nəzərə alınmaqla ona hesablanmalı olan və hesablanmış son haqq – hesab 1216,93 manat təşkil edir (istifadə edilməmiş 37 gün əmək məzuniyyətinə görə pul əvəzi). DSMF-yə, tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı tutulmaları nəzərə alınmaqla ödənilməli məbləğ 1090,99 manat və həmin vəsait işçinin bank hesabına köçürülmüşdür. Beləliklə, bütün qeyd edilənlərə əsasən 03 dekabr 2020-ci il tarixdən 08 may 2021-ci il tarixədək olan müddət üçün işçiyə “İş vaxtının tabeli” məlumatlarına əsasən əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq – hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür.

18. Birinci instansiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti X11 tərtib etdiyi 29 avqust 2022-ci il tarixli ekspert rəyini müdafiə etmiş və verilmiş suallara cavab olaraq, bildirmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən işçinin ezamiyyətdə olmasının hesablanması üçün əmrlər və əmrlər kitabı araşdırılır. İşçi ezamiyyətdə olubsa ezamiyyətdən qayıdanda ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərlərin məbləğini təsdiq edən avans hesabatı təqdim edilməlidir. Təqdim olunmayıbsa artıq bu məsələdə xüsusi biliyə ehtiyac qalmır. Sadəcə olaraq kalkulyator götürüb hesablamaq lazımdır. Hesablamar da məhz təqdim edilmiş sənədlər əsasında aparılmış və rəy verilmişdir. Məhkəmənin 18 iyun 2022-ci il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə 20 iyun 2022-ci il tarixli əlavə sənədlər daxil olmuşdur. Təqdim edilmiş əmrə əsasən işçi 03 dekabr 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi 29 gecə 30 gün müddətində ezamiyyətdə olmuşdur. İş materiallarının 212-ci - 218-ci vərəqlərində, habelə 218-219-cu vərəqində vəsaitlərinin köçürülməsini təsdiq edən elan məlumatları öz əksini tapmışdır. Həmin məlumatlarda ezamiyyə xərci olaraq 4.213 ABŞ dolları məbləğində pulun köçürülməsi göstərilmişdir. İş materiallarında olan tabel məlumatlarına əsasən isə işçi 2021-ci ilin yanvar ayında 1 gün işə çıxmış, sonra isə 05 yanvardan 31 yanvar 2021-ci ilə qədər 27 təqvim günü məzuniyyətdə olmuşdur. Həmin dövr üçün hesablanmış məzuniyyət haqqı 888 manat, iş günü üzrə hesablanmış əmək haqqı 43,48 manat təşkil edir. Bu məbləğ bank vasitəsilə ona ödənilmişdir. Bu barədə hesabdan çıxarış da var

19. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)- 265/2022 nömrəli qətnaməsinə əsasən ilkin iddianın təmin edilərək Çimen Yakupdan 204977,36 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" şirkətinə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilzhzr Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ümumi çəkisi 4500 ton olan əhəng məhsulu 15 oktyabr 2019-cu il tarixdə, yəni Çimen Yakupun zavodun direktoru olan zaman saxlanıldığı anbardan açıq havaya daşınmış və sonradan yararsız hala düşmüşdür. Hazırda şirkət məhsulun yararsız hala düşməsi nəticəsində ona vurulmuş maddi ziyanın ümumi məbləğini həmin şirkətdə 3 rəhbər vəzifədə işləmiş və hər üç vəzifə üzrə maddi məsul şəxs olan Çimen Yakupdan tutulmasını tələb edir. Belə ki, şirkətin mövqeyinə əsasən Çimen Yakup həmin məhsulun açıq havaya daşınması zamanı onu istehsal edən zavodun direktoru olmuş, bununla bağlı məhsulun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi bilavasitə onun səlahiyyətlərinə aid edilmiş, buna baxmayaraq, o, hər hansı tədbir görməmiş, bununla da öz əmək vəzifələrini kobud şəkildə pozmuş, onun bu hərəkətsizliyi şirkətə maddi ziyanın vurulmasına səbəb olmuşdur. Bu hal da onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə əsas olmuşdur. Çimen Yakup iddianı qəbul etmir və öz mövqeyinin əsası kimi, bu məsələnin, o cümlədən məhsulun açıq havaya daşınmasının onun səlahiyyətlərinə aid olmadığını, məhsulun 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınmasının da şirkətin direktorunun tapşırığı əsasında və həmin vaxt zavodun açılışı ilə bağlı yaranmış fors major halla bağlı olduğunu, məhsulun daşınması zamanı artıq yararsız olduğunu, zavod direktoru olaraq məhsul istehsal olunduqdan sonra onu hazır məhsul anbarına təhvil verdiyini, məhsulun saxlanması, hansı anbara daşınması və logistik işlərinin onun səlahiyyətlərinə aid olmadığını, xammalın daxil olub əhəngin istehsal olunmasına kimi prosesin onun səlahiyyətlərinə aid olduğunu, yalnız istehsalat anbarına və zavod avadlanığına görə məsuliyyət daşıdığını bildirir. Başqa sözlə, Çimen Yakup şirkətə ziyan vurmadığı, habelə ziyanın vurulmasında təqsiri olmadığını bildirir. Məhkəmə Çimen Yakupun mövqeyi ilə bağlı ilk növbədə onu qeyd edtmişir ki, Çimen Yakup həm zavodun direktoru, həm də istehsalat şöbəsinin müdiri vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Halbuki, Çimen Yaqup iddia ərizəsində tam maddi məsuliyyət haqqında müqavilənin onun direktor təyin edildiyi tarixdə, yəni 20 may 2020-ci ildə bağlandığını, bu baxımdan da maddi ziyanın tutulması ilə bağlı iddia tələbinin təmin edilməsinin istisna edildiyini bildirir. Başqa sözlə, zavodun direktoru olduğu vaxt bu barədə müqavilə bağlanmasına baxmayaraq, iddia ərizəsinin məzmununda bu halı etiraf etmir və nəticə etibarı ilə özünü ümumiyyətlə maddi məsul şəxs hesab etmir. Lakin, artıq müəyyən edildiyi kimi, həm zavod müdiri, həm də istehsalat şöbəsinin müdiri olaraq onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Çimen Yakup ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Digər tərəfdən həmin məhsulların daşınması ilə bağlı şirkətin direktoru ona tapşırıq verməmişdir. Həqiqətdə ilk olaraq məhz Çimen Yakup ona elektron poçt vasitəsi ilə müraciət edərək, zavodun açılışı ilə bağlı 4500 ton hazır məhsulun daşınmasına icazənin verilməsini xahiş etmişdir. Şirkətin direktoru isə tapşırıq deyil, buna razılıq vermişdir. Bu işin görülməsi Çimen Yakupun mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi. Başqa sözlə, qeyd edilən vəziyyətdə Çimen Yakup məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Bu baxımdan qeyd edilən işin Çimen Yakup tərəfindən görülməsinin fors major halın yaranması ilə bağlı olması barədə fikilər də əsasızdır. Hər bir halda, fors major (hazırki vəziyyətdə daha düzgün ifadə gücləndirilmiş iş rejimi ifadəsidir) hal yaranmışdırsa da, bu halın bütün zavod heyətinə, o cümlədən hazır məhsul anbarı müdirinə və logistik menecerinə də aidiyyəti olmuşdur. Başqa sözlə, zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Çimen Yakup da zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə). Bunu bilmək üçün xüsusi biliyə malik olmağa hər hansı eytiyac yoxdur, sadə məntiqə sığınaraq, bu qənaətə gəlmək olar. Bundan əlavə Çimen Yakupun özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Əhəngin açıq havaya dşınması zamanı artıq yararsız halda olması ilə bağlı qeyd olunmalıdır ki, Çimen Yakup bu mövqedən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Əhəngin daşınması dövründə aparılmış elektron poçt yazışmalarında da belə bir fikir əks olunmamışdır. Hər bir halda hazırda bu mövqedən çıxış edən Çimen Yakup zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, Çimen Yakup buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Lakin göründüyü kimi etməmişdir. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır. O da qeyd olunmalıdır ki, Çimen Yakup məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan Çimen Yakup hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. X18 tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, Çimen Yakup məhkəmədə bildirir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə aid olmadığından Çimen Yakup zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Azerlime zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan Çimen Yakupunun vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində təsisçiyə maddi ziyan dəymişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi ondan şirkətin xeyrinə tutulmalıdır. Məhkəmə maddi ziyan məbləğinin tələb edilməsi üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş 1 illik müddətin ötürülməsini və bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qarşı tərəfin ərizəsi ilə bağlı qeyd edir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və Çimen Yakupun məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Hazırki iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı "xxxx" şirkəti tərəfindən təqdim edilmiş aktları mötəbər hesab edir və belə qənaətə gəlir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq Çimen Yakupdan "xxxx" şirkətinin xeyrinə məhz 204977,36 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı onu da qeyd edir ki, Çimen Yakup zavod müdiri vəzifəsindən İstehsalat müdiri vəzifəsinə keçirilmiş, 2020-ci ilin may ayında isə şirkətin direktoru təyin edilmişdir. Lakin onun məhsulun təkrar istehsalata verilməsi barədə təklifi də artıq 2020-ci ilin noyabr ayına aiddir (bu məsələdə də təşəbbüskar olmamış, ona edilmiş müraciətə uyğun təklif vermişdir). Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən Çimen Yakup belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. İlk iddianın təmin edilməsi, Çimen Yakupla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlməyə əsas verir və qarşılıqlı iddianın “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” hissəsində rədd edilməsini şərtləndirir. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, əmrin rəsmiləşdirilməsi zamanı da əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, o cümlədən Şirkət tərəfindən Çimen Yakupa müraciət edilərək, izahat verilməsi (xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli elektron poçt yazışması) təklif edilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin “ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Çimen Yakup 03 dekabr 2020-ci il tarixdən 20 mart 2021- ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu və bu müddət üçün ona ezamiyyə xərclərinin ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını iddia etsə də, bu halı təsdiq edə bilmir. Belə ki, Çimen Yakup rəsmi olaraq, yəni şirkətin müvafiq əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Bu dövr üçün ona həm məzuniyyət, həm də ezamiyyət haqqının ödənildiyi, habelə məzuniyyət barədə əmrin onun tərəfindən imzalandığı işdə olan sübutlarla, o cümlədən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən və qəbul edilən ekspert rəyi ilə təsdiq olunur. Çimen Yakup ona göndərilən pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Həmin pullar da ona köçürmə yolu ilə şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir. Bu şəxsin eyni zamanda məzuniyyətdə və ezamiyyətdə olması əmək qanunvericiliyinin tələbləri baxımından mümkün deyil. X17 31 yanvar 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək Gürcüstan Respublikasına ezam edilməsi rəsmiləşdirilməmişdir. Halbuki, onun bu ölkədə məhz şirkətin rəhbərliyinin tapşırığı əsasında ezamiyyətdə olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapır. Hər bir halda, bu şəxs bir neçə ay Azərbaycanda, o cümlədən iş yerində olmamış, lakin işə gəlməməyə görə onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Bu da bir daha onun öz xidməti vəzifələrini əsas iş yerindən kənarda icra etməsini təsdiq edir. Hər bir halda, bu hal şirkət tərəfindən rəsmiləşdirilib rəsmiləşdirilməməsindən asılı olmayaraq, Çimen Yakup qeyd edilən dövr ərzində şirkətin işləri ilə bağlı Gürcüstan Respublikasında olmuşdur. Bu səbəbdən də 31 yanvar 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi şirkət tərəfindən ona ödənilməlidir. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Gürcüstan Respublikası üzrə ezamiyyə xərcinin 1 günü 140 ABŞ dolları təşkil edir. Lakin nəzərə alınmalıdır ki, Gürcüstan Respublikasında kirayə əsaslarla şirkətin istifadəsində mənzil mövcuddur. Həmin mənzil məhz bu əsaslarla istifadə edilir (ezamiyyətdə olan əməkdaşların qalması). Bu səbəbdən Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Belə ki, onun başqa bir yaşayış sahəsi tutması və həmin yaşayış sahəsinə görə hər ay kirayə haqqı ödəməsi (1500 ABŞ dolları) ezamiyyə xərcinin tam məbləğdə tələb etməsi üçün əsas ola bilməz. Hər bir halda, tərəflər arasında bu məsələnin razılaşdırılması ilə bağlı hər hansı yazışma mövcud deyil. Eyni zamanda, qeyd edilən dövr üçün Çimen Yakupa əmək haqqı ödənilmişdir, habelə ekspert rəyinə əsasən ona 4060 ABŞ dolları ezamiyyə xərci ödənilməli olan halda, 4213 ABŞ dolları ödənilmişdir. Qeyd edilən əmək haqqı, habelə artıq ödənilmiş ezamiyyə xərci də ezamiyyə xərcləri ödənilərkən nəzərə alınmalıdır (ödənilən ezamiyyə xərcindən silinməlidir). Eyni zamanda, məhkəmə, qarşılıqlı iddianı “gecikdirilən dövr üçün bir faiz hesablanmaqla ödəncin tutulması” hissəsində əsassız hesab edir və bu tələbin rədd edilməsi qənaətinə gəlir.

21. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 70, 71, 72, 83, 172, 186, 187, 191, 192, 199, 200, 202, 203, 205 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Çimen Yakup Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)-265/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ilkin iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayətin dəlillərinə görə, iddiaçı "xxxx" Şirkəti iddia edir ki, mübahisə predmeti olan yararsız hala düşmüş əhəngin 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınması və zavodun açılışından sonra təkrar anbara geri yığılmaması ilə bağlı səlahiyyətli şəxs Yakup Çimen olduğundan dəymiş zərərin səbəbkarı da odur. Cavabdeh Yakup Çimen isə bildirir ki, zavod müdiri və istehsalat müdiri işlədiyi dövrdə məhsulların hazır məhsul anbarından başqa yerə daşınması və ya təkrar hazır məhsul anbarına geri yığılması onun öhdəliyində olmamışdır. Məhsullar açıq havaya daşınan zaman bütün səlahiyyətlər şirkətin həmin vaxt direktoru olan Tolga Sarı və onun icazə verdiyi şəxslərdə olmuşdur. Məhkəmə mübahisəli vəziyyətin, yəni məhsulların hazır məhsul anbarından çölə daşınması və ya təkrar hazır məhsul anbarına geri daşınması ilə bağlı səlahiyyətlərin Yakup Çimenə həvalə edilib - edilməməsini aydınlaşdırmaq üçün cavabdehlə bağlanmış əmək müqavilələrində müəyyən olunmuş işçiyə həvalə olunan öhdəlikləri araşdırmaq əvəzinə, öz mülahizələrindən çıxış edərək bu işlərin görülməsinin cavabdehin səlahiyyətində olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin əmək vəzifələrini müəyyən edən onunla bağlanmış əmək müqavilələrində belə öhdəlik göstərilməmişdir. Bu halda cavabdehin mülki məsuliyyətindən söhbət gedə bilməz. Digər tərəfdən, məhsullar hazır məhsul anbarından çölə daşınan zaman şirkətin direktoru olmuş Tolga Sarı (onun razılığı ilə daşınmışdır), zavodun açılışından sonra 2020-ci ilin mart ayında şirkətin direktoru olan Fuad Bəşirli qeyd olunan mübahisəli məsələlər üzrə tam şəkildə səlahiyyətli şəxslər olmasına baxmayaraq, məhkəmə nədənsə qeyd olunan məsələlərin kimin səlahiyyətində olmasını müəyyən edərkən onları araşdırmadan kənarda saxlamış və iddianın düzgün olmayan şəxsə yönəlməsinə diqqət yetirməmişdir. Başqa sözlə, məhsulların yararsız hala düşdüyü dövrdə qərarlar qəbul etmək səlahiyyətinə malik şəxslər Tolqa Sarı və Fuad Bəşirli olduğuna görə ziyan həmin şəxslər tərəfindən vurulmuş və bu iddiaya cavab verməli olan şəxslər də onlardır. Bundan əlavə, qətnamədən görünür ki, məhkəmə iddianı təmin edərkən cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilələrə istinad etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, işçi və işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilənin imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Hazırkı işdə isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən olunmamışdır. Çünki, yuxarıda qeyd olunan işlərin görülməsi cavabdehin əmək müqaviləsi üzrə öhdəliyi olmamışdır. Bundan başqa, işin mübahisəsiz halıdır ki, sözügedən məhsullar məhz zavodun açılışı üçün rəhbərliyin razılığı ilə çölə daşınmış və zavod açılış üçün hazır vəziyyətə gətirilmişdir. Açılışın təxirə düşməsi səbəbinə görə 2020-ci ilin mart ayınadək həmin malları hazır məhsul anbarına geri yığmaq mümkün olmamışdır. Açılışdan sonra isə məhsullar artıq yararsız hala düşmüşdür. Çünki, quru şəraitdə saxlanılmasının maksimum müddəti 6 ay olan əhəngin 5 ay müddətində açıq hava şəraitində yağışın altında qalaraq yararsız hala düşəcəyini rəhbərlik də bilirdi və ona görə açılışdan sonra da həmin məhsulların hər hansı yerə daşınması barədə şirkətin direktoru Fuad Bəşirli göstəriş verməmiş, ümumiyyətlə bununla bağlı heç kəsə, o cümlədən cavabdehə irad tutulmamışdır. Dövlət başçısının iştirak edəcəyi tədbir olduğuna görə bütün bu proseslər şirkətin təsisçisi Elxan Bəşirlinin (mülkiyyətçinin) nəzarətində baş vermiş, o da həmin məhsulların yararsız hala düşdüyünü bilmiş, onun tərəfindən cavabdehə heç bir irad bildirməmiş, əksinə yaxşı işlədiyi üçün cavabdehi vəzifədə irəli çəkərək şirkətə direktor vəzifəsinə təyin etmiş, hətta Gürcüstanda açılan zavodun da qurulmasını ona həvalə etmişdir. Göründüyü kimi, əsas səlahiyyətli şəxslər, yəni direktor və təsisçi məhsulların açıq havada qalmasını bildiyi halda, bununla bağlı tədbir görülməsi üçün hər hansı göstəriş verməmişlər. İddia ərizəsində və aktlarda guya rəhbərlik tərəfindən cavabdehə bu barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. "xxxx" Şirkətinin təsisçisi Elxan Bəşirovun 08 may 2021-ci il tarixli əmrinə əsasən, mülkiyyətçiyə maddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülkiyyətçi isə Elxan Bəşirovdur. Bu halda, maddi ziyanı tələb etmək hüququ mülkiyyətçiyə (maddi ziyan dəyən şəxsə) məxsusdur. Əmək Məcəlləsində də işçi ilə işəgötürənarasında maddi ziyana görə məsuliyyəti tənzimləyən maddələrdən fərqli olaraq mülkiyyətçi ilə işəgötürən arasında məsələ ayrıca “işəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət” adlanan 193-cü maddə ilə tənzimlənmişdir. Həmin normanın tələbinə görə də mülkiyyətçi ona vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Belə ki, Əmək Məcəlləsinin 193-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 193-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Lakin, hazırkı iddia mülkiyyətçi tərəfindən deyil, buna tələb hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. İşə baxan məhkəmə isə iddiaçının iddianı qaldırmağa subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan iddianı təmin etmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, maddi ziyanın vurulması fərz edilsə belə (halbuki elə deyildir), iddia ərizəsi qanunda nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Məhkəmə Yakup Çimenin məhsulun təkrar emala göndərməsi barədə 2020-ci ilin noyabr ayındakı məktubunun tarixini iddia müddətinin başlanğıcı kimi götürmüşdür. Halbuki, məhsullar açılışdan sonra yəni 2020-ci ilin mart ayında artıq yararsız halda idi. Bu, həm iddiaçının özünün təqdim etdiyi şahid Avıl Qurbanovun (hazırda "xxxx" Şirkətinin işçisidir) ifadəsi, həm e-mail yazışmaları, həm də "xxxx" Şirkətinin rəsmi səhifəsində qeyd olunan məlumatlarla təsdiq olunur. Belə ki, şahid Avıl Qurbanov ifadəsində göstərmişdir ki, “... Yararsız vəziyyətə düşən məhsullar 2019-cu ilin may ayından sentyabr ayına kimi, yəni 4 ay ərzində istehsal edilmişdir. Zavod tərəfindən istehsal edilən məhsullar zavodun rəsmi açılışı ilə bağlı qısa müddət ərzində açıq havaya daşınmalı idi. Bununla bağlı Çimən Yakup tərəfindən verilmiş tapşırığa əsasən məhsullar 2019-cu ilin oktyabr ayında zavoda yaxın əraziyə daşınıb üstü bağlanmışdır. Anbarda yer olmadığından asfaltın üstünə yığılmışdır. Məhsul açıq havada saxlandığından yararsız vəziyyətə düşməyə başladı. Məhsullar isə gündən günə yararsız hala düşürdü. Zavodun rəsmi açılışından sonra, yəni mart ayında açıq havaya daşınmış məhsul artıq yararsız idi...”. Avıl Qurbanovun 02 aprel 2020-ci il tarixində yazdığı məktubda qeyd olunmuşdur ki, “Aşağıdakı adıçəkilən yararsız əhəng məhsullarının təxminan 90%-i təkrar istehsala qaytarmaq üçün yararsızdır. Çünki məhsulların hamısı daşlaşıb və rəngi qaralıb, kisələr çürüyüb, malın özünə qarışıb. Hətta üzərlərində olan bütün keçirmə salafanlar və göy çadırlar yağış və günəş şüaları nəticəsində yararsız hala düşmüşdür. (öz-özünə aşınıb və dağılır)” Həmçinin, şirkətin rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, biri-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməklə də səhv nəticəyə gəlmişdir. Halbuki, təsisçinin 08 may 2021-ci il tarixli əmri tamamilə qanunsuzdur. Belə ki, birincisi, yuxarıda qeyd olunduğu kimi, məhsulların yararsız hala düşməsi Yakup Çimenin təqsirli hərəkətləri nəticəsində baş verməmiş və onun tərəfindən hər hansı şəxsə zərər vurulmamışdır. İkincisi, cavabdeh tərəfindən məhz mülkiyyətçiyə zərər vurulmamış və bu, ümumiyyətlə qeyri-mümkündür. Belə ki, işin hallarından göründüyü kimi, cavabdehlə üç dəfə əmək müqaviləsi bağlanmışdır. 18 mart 2019- cu il tarixdə şirkətlə əmək müqaviləsi bağlayaraq “zavod müdiri” vəzifəsinə, 01 noyabr 2019-cu il tarixdə şirkətlə əmək müqaviləsi bağlayaraq istehsalat müdiri vəzifəsinə, 20 may 2020-ci il tarixdə isə təsisçi (mülkiyyətçi) ilə əmək müqaviləsi bağlayaraq şirkətin direktoru vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, ilk iki müqavilə üzrə əmək münasibətləri işçi (Yakup Çimen) ilə işəgötürən ("xxxx" Şirkəti), sonuncu müqavilə üzrə isə işəgötürən (Yakup Çimen) ilə mülkiyyətçi (Elxan Bəşirov) arasında yaranmışdır. Bu mənada 20 may 2020-ci il tarixədək vurulması iddia olunan ziyan mülkiyyətçiyə deyil, müəssisəyə vurulmuş ziyan hesab edilə bilər. Bu halda isə işçi barəsində Əmək Məcəlləsinin 72-ci maddəsinin“c” bəndi ilə deyil, “e” bəndi ilə tədbir görülməsi mümkündür. Yəni, tənbeh əmri düzgün olmayan maddə ilə verilmişdir. Üçüncüsü, 20 may 2020-ci il tarixdə direktor (Yakup Çimen) ilə təsisçi (Elxan Bəşirov) arasında bağlanmış müqaviləyə daha əvvəl işçi (Yakup Çimen) ilə işəgötürən ("xxxx" Şirkəti) arasında bağlanmış və müddəti bitdiyinə görə xitam olunmuş əmək müqavilələri üzrə yaranmış əmək münasibətlərinin nəticəsinə görə xitam verilə bilməz. Başqa sözlə, tərəflər arasındakı əmək müqaviləsinin hətta tərəfləri başqa şəxslər olan və qüvvədən düşmüş başqa müqavilələr əsasında yaranmış əmək münasibətlərindən irəli gələn pozuntulara görə ləğv edilməsi yolverilməzdir. Çünki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə o halda xitam verilir ki, işçi məhz həmin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmuş olsun. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənidə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Dördüncüsü, qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşin hallarından göründüyü kimi, 2020-ci ilin mart ayında məhsullar artıq yararsız hala düşmüşdür. Tənbeh əmri isə 14 ay keçdikdən sonra verilmişdir. Hətta ziyanın dəyməsi məhkəmənin mövqeyinə uyğun 2020-ci ilin noyabr ayı qəbul edilsə belə, yenə də əmr altı aylıq müddət keçdikdən sonra verilmişdir. Əmrin qanuniliyini yoxlayan məhkəmə isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini nəzərdən qaçıraraq intizam tənbehi törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsinin imperativ qaydada qadağan edildiyinə əhəmiyyət verməmiş, qanunsuz verilmiş əmri qüvvədə saxlamaqla nəticədə maddi hüquq normasının tələbləri pozmuşdur. Bundan başqa, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Məhkəmə yenə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında Azərbaycan ərazisində olan ezamiyyədən fərqli olaraq xarici ölklərə ezamiyyə xərclərinin günlük konkret məbləği müəyyən edilmişdir. Bu məbləğin işçiyə ödənilməsi hər hansı şərtdən asılı edilməmiş, başqa ifadə ilə, hansısa halda bu məbləğdən çıxılmalara yol verilməsi göstərilməmişdir. Məhkəmə ezamiyyə xərcinə görə pulun hesablanılaraq qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini təmin etsə də, həmin ezamiyyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün faiz hesablanılmaqla müvafiq ödəncin tutulması hissəsində iddia tələbini təmin etməmişdir. Bundan başqa, iddia ərizəsində və məhkəmənin mötəbər sübut kimi istinad etdiyi aktlarda guya zavodun rəsmi açılışından sonra rəhbərlik tərəfindən cavabdehə məhsulların geri daşınması barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı ziyan vurmasını və bunun nə qədər təşkil etməsini məhkəmədə sübuta yetirə bilmədiyi halda, məhkəmə sadəcə iddiaçının təqdim etdiyi qeyri-mötəbər kserosurət aktlara istinad edərək cavabdehin iddiaçıya 204977,36 manat məbləğində maddi ziyan vurması qənaətinə gələrək iddianı olduğu kimi təmin etmişdir. Mübahisənin obyektiv həlli üçün xüsusi əhəmiyyət daşıyan mübahisəli vəziyyətin yaranmasına səbəb olan halların məhz cavabdehin öhdəliyində olması barədə əmək müqaviləsində bununla bağlı hər hansı müddəa nəzərdə tutulmadığı halda, məhkəmə öz mülahizələrindən çıxış edərək bu işlərin görülməsinin cavabdehin səlahiyyətində olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin əmək vəzifələrini müəyyən edən onunla bağlanmış əmək müqavilələrində belə səlahiyyətlər göstərilməmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ezamiyyə xərci qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmişdir. Bunu isə şirkətin bəzi işçilərinin adından müxtəlif vaxtlarda Yakup Çimenə göndərilmiş ümumi məbləği 4213 ABŞ dolları təşkil edən vəsait ilə əsaslandırmışdır. Halbuki, Yakup Çimen həmin vəsaitlərin məhz Gürcüstanda açılan zavodun nizamnamə kapitalının ödənişi üçün ona göndərildiyini bildirərək lazımi qaydada təsdiq edilmiş bank ödənişlərini məhkəməyə təqdim etmişdir. Bu halda, qarşı tərəf Gürcüstandakı zavodun təsis edilməsi zamanı nizamnamə kapitalı üçün qoyulan pulun hansı vəsait hesabına ödənilməsi barədə təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə yenə də özünün birtərəfli mövqeyini qoruyaraq həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, rəsmi ezamiyyətə göndərilən işçinin ezamiyyə xərci də məhz rəsmi qaydada onun əmək haqqı kartına ödənilməklə təqdim edilə bilər. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndələri nəyə görə bu vəsaitin 4060 deyil, 4213 məbləğində göndərilməsi, rəsmi qaydada əmək haqqı kartına deyil, hissə-hissə başqa-başqa şəxslərin adından köçürülməsi, bank köçürmələri zamanı təyinatının ezamiyyə xərci kimi göstərilməməsi barədə suallara ağlabatan cavab verə bilməmiş, məhkəmə isə bunları nəzərə almamışdır. Məhkəmə bu məbləğin ödənilməsini müəyyən edərkən həmçinin ekspert rəyinə də istinad etmişdir. Halbuki, həmin rəy ümumiyyətlə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədlərində məhz "xxxx" Şirkəti tərəfindən Yakup Çimenə ezamiyyə xərci ilə bağlı hər hansı mühasibatlıq sənədi olmadığı halda, ekspert fərqli şəxslər adından göndərilən vəsaiti "xxxx" Şirkəti tərəfindən edilən ezamiyyə ödəniş kimi qəbul etməklə səlahiyyət hədlərindən kənara çıxaraq fakt müəyyən etmişdir ki, bu hal həmin rəyin sübut kimi qəbul edilməsini istisna edir. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ödənilməmiş ezamiyyə xərci də qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı ziyan vurmasını və bunun nə qədər təşkil etməsini məhkəmədə sübuta yetirə bilmədiyi halda, məhkəmə sadəcə iddiaçının təqdim etdiyi qeyri-mötəbər kserosurət aktlara istinad edərək cavabdehin iddiaçıya 204977,36 manat məbləğində maddi ziyan vurması qənaətinə gələrək iddianı olduğu kimi təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə "xxxx" şirkəti tərəfindən daxil olmuş etiraz iddia ərizəsində qeyd olunan hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Yakup Çimen məhsulların açıq havaya dahşınmasını 15 oktyabr 2019-cu il tarixdə həyata keçirmiş, lakin bu barədə şirkət rəhbərinə 16 oktyabr 2019-cu il tarixdə məlumat vermişdir. Bu da bir daha ona əsas verir ki, Yakup Çimen şirkət rəhbəri ilə məsləhətləşmədən bu işə fəhlələri cəlb etmiş və malların açıq havaya yığılmasına göstəriş vermişdir. Həmin vaxt şirkətin direktoru Tolqa Sarı, zavodun direktoru isə Yakup Çimen olmuşdur. Yəni, bu ona əsas verir ki, zavoda birbaşa olaraq direktoru, məsul şəxs olaraq Yakup Çimen cavabdehlik daşıyırdı. X19 zavodun hər bir işi ilə bağlı şirkət direktoru Tolqa Sarıdan göstəriş alırdısa, onda məhsulların açıq havaya daşınması ilə bağlı özünün sərbəst qərar qəbul etməsi nə dərəcədə düzgün idi? Bütün bu qeyd edilənlər bir daha ona əsas verir ki, Yakup Çimen zavodun işləri ilə bağlı sərbəs qərar vermək iqtidarında idi və zavodda baş verən hər bir işə zavod direktoru olaraq məhz Yakup Çimen cavabdehlik daşıyırdı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətə etiraz ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

26. Cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətlə eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 10. “a” bəndi - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; Maddə 70. "ç" bəndi - əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; Maddə 71.2. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 72. “e” bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmin Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; Maddə 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; Maddə 193.1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır; Maddə 193.2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər; Maddə 199. “a” bəndi - işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; Maddə 200.2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər; Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; Maddə 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; Maddə 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir; Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; Maddə 296.5. İşəgötürən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömərli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilərək Gürcüstan üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilmiş və qarşılıqlı iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsi və ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması tələb edildiyindən məhkəmə aktı ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə iddia iddia rədd olunan hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

33. Apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan yararsız hala düşmüş əhəngin 15 oktyabr 2019-cu il tarixdə açıq havaya daşınması və zavodun açılışından sonra təkrar anbara geri yığılmaması ilə bağlı səlahiyyətli şəxs Yakup Çimen olmamışdır. Halbuki, cavabdehin əmək vəzifələrini müəyyən edən onunla bağlanmış əmək müqavilələrində belə öhdəlik göstərilmədiyindən onun mülki məsuliyyətindən söhbət gedə bilməz.

34. Qeyd olunan xüsusatla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qarşılıqlı iddia ərizəsində “məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından 2020-ci ilin mart ayınadək olan müddətdə baş verməsi, tam maddi məsuliyyət haqqında müqavilənin isə Yakup Çimenin direktor təyin edildiyi 20 may 2020-ci il tarixdə bağlanılması, bu baxımdan iddia ərizəsində irəli sürülən maddi ziyan tələbinin istisna edilməsi” qeyd edilsə də, sonradan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, Çimen Yakup həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də şirkətin direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

35. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə isə Çimen Yakup ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icrası həmçinin özlüyündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınmasını ehtiva edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhsulların açıq əraziyə daşınması üçün Çimen Yakup tərəfindən şirkət rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtında təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı şirkət rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur. Birinci instansiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, bu işin görülməsi Çimen Yakupun mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Çimen Yakup da zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə).

36. Bundan başqa Çimen Yakupun özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Hər bir halda hazırda bu mövqedən çıxış edən Çimen Yakup zavodun direktoru olaraq, 16 oktyabr 2019-cu il tarixdə şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, Çimen Yakup buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır.

37. Bundan başqa, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Çimen Yakup məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq 15 okytabr 2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. 01 noyabr 2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direkoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan Çimen Yakup hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, 02 aprel 2020-ci il tarixdə zavodda işləyən Avıl Qurbanov ona elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. X18 tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız 16 noyabr 2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, o, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, Çimen Yakup məhkəmədə bildirir ki, o, direktor olduqdan sonra həmin vaxt zavodun meneceri olan Avıl Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Belə ki, belə bir məsələ ilə bağlı müraciət etmək məhz zavodun menecerinin səlahiyyətidir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə aid olmadığından Çimen Yakup zavod meneceri (müdiri) olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Azerlime zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan Çimen Yakupunun vəzifəsi olmuş (səlahiyyətlərinə aid olmuş), lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz onun qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində maddi ziyan dəymişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Çimen Yakupdan zərərin əvəzinin tutulması üçün Əmək Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş hər 3 şərt mövcuddur, yəni, ziyanın həqiqətən vurulduğu aşkardır, Çimen Yakup əməli - hərəkətsizliyi qanuna ziddir, əmək və tam maddi məsuliyyət haqqında müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi – zərər arasında səbəbli əlaqə mövcuddur. Məhz bu şərtlərin mövcud olması Çimen Yakupun maddi məsuliyyətinin yaranmasının əsasını təşkil edir.

39. Apellyasiya şikayətinin digər dəlilini iddianın subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülməsi və "xxxx" şirkətinin təsisçisi Elxan Bəşirovun 08 may 2021-ci il tarixli əmrinə əsasən, mülkiyyətçiyə maddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilməsidir. Bu dəlil onunla əsaslandırılır ki, mülkiyyətçi Elxan Bəşirovdur, bu halda maddi ziyanı tələb etmək hüququ mülkiyyətçiyə (maddi ziyan dəyən şəxsə) məxsusdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, Elxan Bəşirov şirkətin təsisçisidir, zərər isə "xxxx" Şirkətinə vurulmuşdur, yəni, zərərin vurulmasının əsasını məhz şirkətə məxsus, şirkətin mülkiyyətində olan malların yararsız vəziyyətə düşməsi təşkil edir.

40. Apellyasiya şikayətinin digər əsasını isə iddianın qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilməsi təşkil edir. Müddətlə bağlı məsələdə ilkin olaraq qeyd etmək lazımdır ki, Çimen Yakupun zavod müdiri olduğu vaxtda istehsal müdiri vəzifəsi, istehsal müdiri işlədiyi vaxtda isə zavod müdiri olmamışdır, yəni, məhsulların vəziyyəti ilə bağlı həm məsul şəxs, həm də şirkət rəhbərliyinə məlumat verməli olan şəxs onun özü olmuşdur. Onun tərəfindən tədbir görülmədiyi, məlumat verilmədiyi halda zərərin vurulmasını müəyyən etmək mümkün deyildi. Buna görə də qanunvericilikdə müddət tətbiqi üçün əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” – yəni, şirkət rəhbərliyinə zərərin vurulmasının məlum olduğu vaxt hesab olunmalıdır. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd edir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və Çimen Yakupun məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən Çimen Yakup belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. Hazırki iddia isə 2021-ci ilin iyun ayında qaldırılmışdır. Başqa sözlə, qeyd edilən müddət ötürülməmişdir və bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası müddətlə bağlı məsələdə də birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.

41. Qarşılıqlı iddianın əmrin ləğvi və bununla əlaqədar olan digər tələblərlə bağlı hisəssi də apellyator tərəfindən ilkin iddia ilə bağlı şikayətdə qeyd olunan xüsusatlarla (məhsula cavabdehliyin onun əmək funksiyalarına aid olmamaması, məsuliyyətin digər şəxslərin üzərində olması, müqavilənin mülkiyyətçi ilə bağlanmaması, müddətin keçməsi və s.) əsaslandırıldığından məhkəmə kollegiyası qeyd olunan hallara yuxarıda qiymət verdiyindən təkrar olaraq əsaslandırmaya zərurət görmür və belə nəticəyə gəlir ki, Çimen Yakupla bağlanmış əmək müqaviləsinə əsaslı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir və əmrin rəsmiləşdirilməsi ilə bağlı da iddiaçı tərəfindən hər hansı normanın pozulmasına yol verilməmişdir.

42. Apellyasiya şikayətinin digər dəlilini o təşkil edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ezamiyyə xərci qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmişdir. Bunu isə şirkətin bəzi işçilərinin adından müxtəlif vaxtlarda Yakup Çimenə göndərilmiş ümumi məbləği 4213 ABŞ dolları təşkil edən vəsait ilə əsaslandırmışdır. Halbuki, Yakup Çimen həmin vəsaitlərin məhz Gürcüstanda açılan zavodun nizamnamə kapitalının ödənişi üçün ona göndərildiyini bildirərək lazımi qaydada təsdiq edilmiş bank ödənişlərini məhkəməyə təqdim etmişdir. Bu halda, qarşı tərəf Gürcüstandakı zavodun təsis edilməsi zamanı nizamnamə kapitalı üçün qoyulan pulun hansı vəsait hesabına ödənilməsi barədə təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ekspert rəyidə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədlərində məhz "xxxx" Şirkəti tərəfindən Yakup Çimenə ezamiyyə xərci ilə bağlı hər hansı mühasibatlıq sənədi olmadığı halda, ekspert fərqli şəxslər adından göndərilən vəsaiti "xxxx" Şirkəti tərəfindən edilən ezamiyyə ödəniş kimi qəbul etməklə səlahiyyət hədlərindən kənara çıxaraq fakt müəyyən etmişdir ki, bu hal həmin rəyin sübut kimi qəbul edilməsini istisna edir.

43. 29 avqust 2022-ci il tarixli, 4/860-9/4136 saylı ekspert rəyinin təsviri hissəsini nəzərdən keçirərkən müəyyən olunur ki, ekspert köçürülmüş pul vəsaitinin məbləği ilə bağlı qənaətə ona əsasən gəlmişdir ki, pul vəsaitinin köçürülməsini təsdiq edən “elan” məlumatlarında Çimen Yakupa 27 yanvar 2021-ci il tarixdə 2963 ABŞ dolları, 11 mart 2021-ci il tarixdə 1250 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Rəyin nəticə hissəsində də qeyd olunmuşdur ki, 03 dekabr 2020-ci il tarixdən 08 may 2021-ci il tarixədək olan müddət üçün işçiyə “İş vaxtının tabeli” məlumatlarına əsasən əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq – hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür. X1 məhkəmə iclasında dindirilərkən bildirmişdir ki, iş materiallarının 212-ci - 218-ci vərəqlərində, habelə 218-219-cu vərəqində vəsaitlərinin köçürülməsini təsdiq edən elan məlumatları öz əksini tapmış, həmin məlumatlarda ezamiyyə xərci olaraq 4213 ABŞ dolları məbləğində pulun köçürülməsi göstərilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində pulu köçürən şəxslərin "xxxx" şirkətinə aidiyyatının olub – olmaması ilə bağlı araşdırma aparılmış, həmin şəxslər şahid qismində məhkəmə iclasında dindirilmiş, pulun köçürüldüyü vaxt bu şəxslərin şirkətin rəsmi işçiləri olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin mötəbər sübut hesab edilməməsi üçün əsaslar mövcud deyildir.

44. Apellyasiya şikayətinin digər dəlili isə qətnamənin əsaslandırıcı hissəsində Çimen Yakupa ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmasının qeyd olunması ilə bağlıdır. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin nəticəvi hissəsində məhkəmə “Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi cavabdeh "xxxx" şirkəti tərəfindən hesablanmaqla iddiaçı Çimen Yakupa ödənilsin.” qənaətinə gələrkən qalma (yaşama) xərclərinin həmin ödənişdən çıxılması ilə bağlı nəticəyə gəlməmişdir və cümlənin məzmunundan göründüyü kimi ezamiyyə xərcinin ödənilməmiş hissəsinin hesablanması qətnamənin qanuni qüvvəyə mindiyi təqdirdə icra mərhələsində həyata keçirilməli olan prosesdir.

45. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)- 265/2022 nömrəli qətnaməsindən cavabdeh Çimen Yakup tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(001)- 265/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Xəyal Sarıyev

Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar