Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2818/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində X1 idarə etdiyi “Chevrolet” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomaşını cavabdehə məxsus “Chevrolet Epica” markalı, 10-PZ818 dövlət qeydiyyat nişanlı avtomaşın sürücü tərəf qapı hissədən vurmuş daha sonra idarə etməni itirərək iddiaçıya məxsus “Honda İnside” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsini vuraraq əzmişdir. Baş verimiş nəqliyyat hadisəsi faktı əsasında Binəqədi rayon Polis İdarəsində araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə "cinayət işinin başlamasının rədd edilməsi barədə" qərar çıxarılmış və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aidiyyatı üzrə Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona dəymiş maddi zərərə görə 3870 manat, mənəvi ziyana görə 500 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “X5” tərəfindən qüsur aktı verilmiş və aktda avtomobilin ehtiyat hissələri üçün 2570 manat, xidmətlə bağlı 1300 manat qeyd edilmişdir. Ümumilikdə ona 3870 (üç min səkkiz yüz yetmiş) manat miqdarında maddi zərər vurulmuşdur. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanın ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və zərəri ödəməkdən yayınmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalmağı şüuruna mənfi psixoloji təsir etmiş, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 3605.00 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 50 manat məbləğində ekspertiza xərcinin 10 manat hissəsinin iddiaçıdan, 40 manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi avtomobillə iddiaçıya məxsus avtomobilə zərər vurmuş və buna görə də barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bu səbəbdən cavabdehin mülki hüquq pozuntusuna görə məsuliyyəti yaranmış hesab olunmalıdır. Məhkəmə tərəfindən hazırkı iş üzrə iddiaçıya dəymiş ziyanın obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3605,00 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirərək, ekspert rəyi ilə müəyyən edilmiş məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097, 1108, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza rəyi ilə razı deyil, təkrar ekspertiza keçirilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası maddi ziyanın ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
17. Cavabdeh iddiaçıya maddi ziyanın dəydiyini etiraf edir, lakin həmin məbləğlə razılaşmır, avtomobilə daha az məbləğdə zərər dəydiyini bildirir.
18. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 9/1850- 8/719 saylı rəyi ilə “X5” MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Honda İnsight” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3605,00 manat müəyyən edilmişdir.
19. Apellyator ekspert rəyini mübahisələndirsə də, etirazını, həmçinin təkrar ekspertiza keçirilməsi barədə vəsatətini əsaslandırmamış, ekspert rəyinin mötəbərliyini şübhə altına alan ilkin sübutlar təqdim etməmişdir. Ekspert rəyi əsaslandırılmışdır və rəydə göstərilmiş məlumatların mötəbərliyini şübhə altına almaq üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası iş üzrə əlavə, yaxud təkrar ekspertiza təyin olunmasına lüzum görmədi.
20. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.
21. Belə ki, apellyasiya baxışı zamanı təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya məlumatlarından (sənədlərdən) görünür ki, cavabdeh 3-cü qrup müharibə əlilidir, Qubadlının, Füzulinin, Şuşanın azad olunmasına görə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş və ona görə də o, dövlət rüsumunu ödəməkdən azaddır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Ona görə də Kollegiya belə qənaətə gəlir ki, dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaiti cavabdehdən deyil, dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməlidir.
24. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 24 fevral 2025-ci il tarixli qətnaməsi dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində dəyişdirilsin. İddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 56,05 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.