Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2820/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Səlimov X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2(006)-16/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Səlimov X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 621760,31 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh keçmiş hakim Cavabdeh1 hər dəfə 300.000 manat olmaqla iki dəfəyə, cəmi 634.000 manat olmaqla pul vermiş, 25 mart 2013-cü ildə aldadıldığını başa düşüb Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etmişdir. Sonra qeyd olunan cinayət əməlini hüquq mühafizə orqanlarından yayındırmaq məqsədi ilə qrup üzvü Elman Məmmədov vasitəsi ilə vurulmuş ziyanın 250.000 manat məbləğində hissəsi ona qaytarılmış, qalan 384.000 manat məbləğində pul vəsaiti isə qaytarılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərarından da göründüyü kimi təqsirləndirilən Cavabdeh1 onu tanımış, Bakı şəhərində və paytaxta yaxın rayonlarda qaz, su və işıq idarələrinin birinə müdir vəzifəsinə təyin olunmaq üçün ona müraciət etmiş, bu məqsədlə onunla birlikdə 50-ə yaxın yüksək vəzifəli şəxslərlə görüşmüşdür. Nəticədə onu aldadaraq Bakı şəhərində yeni yaradılan Pirallahı rayonuna icra başçısı təyin etdirməyə söz vermişdir. Həmin rayona 07.03.2013-cü ildə başqasının təyinatı olduğu üçün o, Cavabdeh1 verdiyi pulu tələb etməyə başlamışdır. Pulunun bir hissəsini – 300.000 manat qaytarılmasını və 334000 manat qaytarılması haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsində geniş araşdırma aparılmış, 21.12.2011-ci il tarixdə öz xətti ilə ondan 300.000 manat borc pul alması barədə qəbz yazdığını, 05.12.2012-ci ildə isə yenə də ondan 300.000 manat borc alması barədə notarial qaydada təsdiqlənmiş müqavilə imzaladığını etiraf etmişdir. Həmin məbləğdən 250.000 manat pul 16-cı PB-də şikayətə əsasən ilkin olaraq ona ödənilmişdir. Qeyd olunan məsələlərə Gəncə Apellyasiya Məhkəməsinin 31.03.2016-cı il tarixli qərarı ilə qiymət verilərək ona vurulmuş ziyanın 300.000 manatının ödənilməsi, qalan hissəsinin isə ödənilmədiyi göstərilmişdir. Bu əsasla hesab edir ki, iş materiallarında olan və tərəfindən yazılmış «Mənə dəymiş ziyan təqsirləndirilən Cavabdeh1 tərəfindən ödənilibdir və mənim Cavabdeh1 heç bir şikayətim yoxdur» məzmunlu ərizələr aldatmaq yolu ilə yazdırılmış və məhkəmə tərəfindən sübut növü kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunan cinayət işi davam edə-edə 6 saylı notariat kontoru tərəfindən göstərilən borc müqaviləsinə əsasən 7E/553 saylı 04.07.2014cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinin icrasına başlanılmışdır. O, Cavabdeh1 pul verdiyi tarixdə manatın ABŞ dollarına məzənnəsi 0,78 manat idi. Hazırda isə 1 ABŞ dolları 1,73 manatdır. Belə olan halda onun zərərə düşməyi açıq-aşkar görsənir. Bu halda ona ödənilməli pul 334.000 manat deyil, 740.794,81 manat olmalıdır. Cavabdeh pulu ondan 2012-ci ilin dekabr ayından aldığından və cavabdehin borcu könüllü ödəmək fikri olmadığından hazırki məhkəmə mübahisəsi 2016-cı ilin sonundan tez icra oluna bilməz. Bu əsasla da cavabdehdən həmin məbləğə görə ildə 5% olmaqla 4 il üçün 20% məbləğində də pul tutulmalıdır. Həmin məbləğ isə 60.000 manat təşkil edir. Lakin həmin məbləğdən bu günədək 2018-ci ilin oktyabr ayında 10.000 manat ödənilmişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən ona vurulmuş mənəvi ziyanın dəyəri kimi 10.000 manat pul məbləği də ödənilməlidir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində cinayət işinin istintaqı və məhkəmə zamanı o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Eyni zamanda o, cavabdehdən pulunun alınması üçün 120 manat təyyarə bileti, 10 ədəd 11 manatlıq qatar bileti, 6 ədəd 22 manatlıq qatar bileti əldə etmiş, qatar biletləri cəmi 242 manat, 160 manat mehmanxana xərcləri, 3.000 manat hüquqi xidmət haqqı ödəmişdir. Hüquqi xidmətlərin ödənilməsi üçün 1.463,5 manatlıq qəbzlər də vardır. Həmçinin o, 2012-ci il tarixdə işsiz olmaqla iş axtarmışdır. Cavabdehin ona verdiyi işə düzəltmə vədi ilə 2013-cü ilin əvvəllərindən tam inamsızlıq formalaşdığından həmin tarixdən bu günədək o, cavabdehə verdiyi pulları almaq üçün bütün vaxtını hüquq mühafizə orqanlarında sərf etmişdir. Belə olduğu təqdirdə qazanc əldə etməmişdir. O, 6 il vaxtını pulunu geri almaq üçün sərf etmişdir, ən azı hər ay 1.000 manat qazana bilərdi, bu isə 72.000 manat təşkil edir. Bundan başqa başqalarına bahalı hədiyyələr almaq adı altında Cavabdeh1 ondan 34.000 manat dəyərində hədiyyələr almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2(006)- 16/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh isə məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı hazırda Cavabdeh1 verdiyi puldan qalan pul məbləğinin indeksasiya olunaraq 440.794,81 manat, illik 5% olmaqla 4 il üçün 60.000 manat, başqalarına hədiyyə üçün alınmış 34.000 manat, məhkəmə baxışı zamanı çəkilən xərclərə 4.965,5 manat, məhkəmə və istintaq zamanı işləyə bilmədiyi üçün itirdiyi qazancına görə 72.000 manat, eləcə də vurulmuş mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 621.760,31 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Əvvəla Kollegiya iddiaçının pul məbləğini Cavabdeh1 verdiyini qeyd etdiyi üçün, iddia tələbinin Cavabdeh2 aid hissədə əsassız hesab edilməsi və təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçı ABŞ dollarının manata məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq yaranmış məzənnə fərqini əsas götürməklə pulun indeksasiyasını hesablayaraq ona ödənilməsini tələb edir ki, bununla bağlı da Kollegiya qeyd edir ki, azərbaycan manatının xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi (azalması) manatın indeksasiyasına səbəb ola bilməz, belə ki, bu müddət ərzində göstərilən əsasla ölkədə heç bir maliyyə dəyişikliyi baş verməmiş (manat dəyərdən salınmamışdır), maliyyə bazarı sabit qalmış, əhalinin pul gəlirləri və əmanətləri artırılmamışdır. Xarici valyutaların möhkəmlənməsi nəticəsində manatın onlara nisbətdə dəyərinin azalması və ya artması bazar amili olmaqla indeksasiya üçün əsas yaratmır. Nəzərə almaq lazımdır ki, indeksasiya baş vermiş inflyasiya nəticəsində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə görülən tədbirlər planından ibarətdir və bunu dövlət əhalinin pul gəlirlərini və əmanətlərini artırmaq yolu ilə həyata keçirir. Odur ki, bu hissədə iddiaçının tələbi əsassızdır. Daha sonra iddiaçı əsas borca görə illik 5% olmaqla 4 il üçün hesablanmış faiz məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İş materiallarında olan tərəflərin arasında bağlanmış 05.12.2012-ci il tarixli borc müqaviləsinə əsasən borclu Cavabdeh1 üzərinə öhdəliyi pozmağa görə belə bir məsuliyyət qoyulmadığından hazırda iddiaçının bu tələbi əsassızdır. İddiaçı başqalarına hədiyyə almaq adı altında Cavabdeh1 verdiyi 34.000 manatın geri qaytarılmasını tələb edir, bununla bağlı hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, cinayət mühakimə icraatı zamanı İddiaçı müxtəlif vəzifəli şəxslərə verdiyi 34.000 manat dəyərində hədiyyələrlə bağlı hər hansı cinayət faktı mövcud olmamış və buna görə təqsirləndirilən Cavabdeh1 hər hansı bir ittiham verilməmişdir. Belə bir hal sübuta yetirilməmişdir. Həmçinin iddiaçı məhkəmə və istintaq zamanı işləyə bilmədiyi üçün itirdiyi qazancına görə 72.000 manat məbləğin ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də iddianın rədd edilməsi barədə doğru qənaətə gəlmişdir. Belə ki, qeyd olunan məbləğdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı bu hissələrdə tələbinin əsasını təşkil edən halları sübutetmə yükünü daşıyır, lakin, o, bu halı əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03.11.2008ci il tarixli 7 saylı Qərarının 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. ...Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Qərarında həmçinin qeyd edilir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsinin nədən ibarət olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı hissədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, məhkəmə bu hissədə işin hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir. İddianın məhkəmə baxışı zamanı çəkilən xərclərə görə 4.965,5 manat pulun tələb edilməsi hissəsində Kollegiya hesab edir ki, iddiaçının tələbi bu hissədə qismən əsaslıdır və bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması ilə əlaqədar olaraq həmin proseslərdə zərərçəkmiş şəxs qismində iştirak etmək üçün iddiaçı bir neçə dəfə Gəncə şəhərinə gedib gəlmişdir. İddiaçı tərəfindən apellyasiya baxışı zamanı 19 ədəd qatar bileti təqdim edilmişdir. Təqdim edilmiş qatar biletlərindən müəyyən edilir ki, onların 13 ədədi İddiaçı aid olsa da, digər 6 bilet başqa şəxslərə aiddir. İddiaçı özünə aid olan qatar biletlərinə ümumilikdə 238 manat (7 ədədi 22 manatlıq (7x22=154 manat), 4 ədədi 11 manatlıq (4x11=44 manat), 2 ədədi 20 manatlıq (2x20=40)) xərc çəkmişdir. Təqdim edilmiş mehmanxana qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mehmanxanada qalmaq üçün ümumilikdə (50+50+60) 160 manat vəsait xərclənmişdir. 4 aviabiletə isə (30+30+30+30) birlikdə 120 manat xərc çəkilmişdir. Həmçinin iddiaçı hüquqi xidmətlər üçün ödənilmiş vəsaitin tutulmasını tələb edir. İş materiallarında olan “Hüquqi xidmətin göstərilməsi haqqında” 23.01.2015-ci il tarixli müqavilədən görünür ki, Səlimov X13 ilə “xxxx” MMC arasında hüquq xidmət göstərilməsi barədə müqavilə bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən Səlimov X7 X3 qarşı Nərimanov Rayon Məhkəməsinə iddianın hazırlanması, müvafiq sorğuların göndərilməsi, birinci instansiya məhkəməsində işi müdafiə etmək və təmsil etmək hüquqi xidmətlərinin göstərilməsi öhdəliyə götürülmüşdür. Müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, Səlimov X13 işin nəticəsindən asılı olmayaraq 2.000 manat ödəyir. Apellyasiya baxışı zamanı təqdim edilmiş 23.01.2015-ci il tarixli “xxxx” MMC-nin kassa mədaxil orderinin qəbzindən də görünür ki, Səlimov X1 Rayon Məhkəməsi üçün 2000 manat ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.04.2016-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Səlimov X2 Nərminə Ramiz qızına qarşı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi qismən təmin edilmişdir. Həmçinin iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi 19.01.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verilməsi üçün 250 manat ödəniş edilmişdir. Göründüyü kimi hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 2000 manat və 250 manat Səlimov X7 X3 qarşı iddia tələbi ilə bağlı olmuşdur, odur ki, həmin xərclərin hazırki iş üzrə cavabdehdən tələb edilməsi əsassızdır. İş materiallarında olan və apellyasiya baxışı zamanı təqdim edilmiş digər mədaxil qəbzlərindən isə görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ümumilikdə 2010 manat (80+500+90+1000+90+250) ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Odur ki, Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş sübutlarla təsdiqini tapan, iddiaçı tərəfindən çəkilən xərclərin əvəzi olaraq 2528 manat (238 (qatar biletləri+160 (mehmanxana xərci) + 120 (aviabiletlər) + 2010 (hüquqi xidmətlər)) Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissələrdə isə iddiaçının tələblərinin əsassız olması və sübuta yetirilməməsinə əsaslanaraq rədd edilməsi barədə məhkəmənin qənaəti qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-16/2019 saylı iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi qismən (məhkəmə xərclərinə aid hissədə) ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi məhkəmə baxışı zamanı çəkilən xərclər - 4965,5 manat hissəsində qismən təmin edilsin və Cavabdeh1 2528 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Səlimov X10 verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2820/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2820/2020
01.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver