Məhkəmə qərarları › İş №2(103)-2820/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2820/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2820/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3272,50 manat maddi, 2000 manat mənəvi ziyanın və ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən, qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının inşa etdiyi tikilinin sökülməsi, nəticəsində ona vurulan maddi ziyanın tutulması barədə məhkəmə aktı qəbul edilmiş, bundan başqa ona və cavabdehə məxsus tikinti materiallarının oğurlanmasına görə cinayət təqibi başlanmışdır. Halbuki, həmin məhkəmə (mülki və cinayət) işlərinin Cavabdeh qarşı irəli sürmüş hazırkı iddia tələblərinə heç bir aidiyyəti yoxdur. Belə ki, İnzibati-İqtisadi Məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş və ekspertin rəyindən görünür ki, Abşeron RİH-nə qarşı tam başqa iddia tələbləri irəli sürülmüş və rəydə tamamilə başqa tikinti materialları göstərilmişdir. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçı, tələbini sübuta yetirə bilməmiş və ona məxsus tikinti materiallarının qalıqları onun tanıdığı Vəli və Ağa adlı şəxslərin həyətyanı sahəsinə yığılmışdır. Halbuki, iddiaçı, cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu təsdiqləyən bütün sübutları məhkəməyə təqdim etmişdir. Birincisi, məhkəmə zamanı dindirilmiş şahidlər izahatları ilə təsdiq etmişlər ki, cavabdeh tərəfindən iddiaçıya 400 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, cavabdehlə WhatsApp vasitəsilə söhbəti edəndə zamanı o, tikinti materialını götürüb gizlətdiyini etiraf etmişdir. Həmin SMS və səs yazısı məhkəməyə təqdim olunmuş, lakin məhkəmə sübut kimi qəbul etməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qonşu torpaq sahələri olmuşdur. İddiaçı özünə məxsus torpaq sahəsində tikdiyi fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülmüş və iddiası əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 13.850 manat kompensasiyanın Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dövlət büdcəsi hesabına İddiaçı ödənilməsi qərara alınmışdır. Aparılmış söküntü nəticəsində torpaq sahəsində qalan tikinti materialları oğurlanmış və faktla bağlı cinayət işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, həmin cinayət işi üzrə İddiaçı və Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmış və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29,177.2.1, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X8, X7, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X5 barələrində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı X4 aid hissədə ləğv edilərək cinayət işinin apelyasiya instansiya məhkəməsində həmin hissədə yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Bundan sonra İddiaçı Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində yenidən apardığı tikinti qanunsuz sökülmüş, eyni zamanda həmin torpaq sahəsində əvvəlcə tikdiyi fərdi yaşayış evi Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldükdən sonra qalıq tikinti materialları oradan çıxarılmışdır. Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı şikayəti əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Hazırda iddiaçı bildirir ki, onun fərdi yaşayış evinin Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi nəticəsində qalıq tikinti materiallarının bir qisminin cavabdeh tərəfindən götürülməsi, bir qisminin isə onun günahı üzündən oğurlanması və sonradan apardığı tikintinin qanunsuz sökülməsi nəticəsində maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh isə, qeyd olunanları təkzib edərək, bildirir ki, onun tərəfindən cavabdehə məxsus hər hansı tikinti materialı götürülməmiş, əksinə bu fakt üzrə açılmış cinayət işi üzrə o da iddiaçı ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınmışdır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə isə İddiaçı, cavabdehin hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya vurğulayır ki, mübahisə edilən davranış ancaq başqasına zərər verərsə təzminatdan söhbət gedə bilər. Dolayısı ilə, hüquqa zidd hərəkət edən şəxs yalnız həmin hərəkətin doğurduğu (artıq baş vermiş) zərərlərə görə cavabdehdir (mülki hüquqda) və mülki hüquq pozuntusuna görə məsuliyyətin məqsədi hüquqa zidd davranışı hər hansı formada cəzalandırmaq deyil, zərər çəkənin zərərini qarşılamaqdır. İddiaçı isə, cavabdehin ona zərər vurmasını sübuta yetirə bilməmişdir. Baxılan işdə iddiaçının təzminat tələbinin təmin olunma bilməsi üçün ilk növbədə ona maddi ziyan vurduğunu iddia etdiyi hüquqa zidd əməllərin (ona məxsus tikintinin qanunsuz sökülməsi və əvvəlki söküntüdən qalan tikinti materiallarının aparılması) cavabdeh tərəfindən törədilməsi təqsdiq olunmalıdır. İddiaçı bu faktın təsdiqi kimi, şahid ifadələrinə və whatsapp yazışmalarına istinad edir. Kollegiya, ilk növbədə qeyd edir ki, işdə olan whatsapp yazışmalarından çıxarışlar mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin yazışmaların aidliyini, yəni həqiqətən də cavabdeh tərəfindən icra olunduğunu müəyyən etmək mümkün deyil. Cavabdeh isə, bunu təkzib edir. Şahid ifadələrinə münasibətdə isə, Kollegiya, hesab edir ki, iddiaçı tərəfindən məhkəmə iclas zalına dəvət olunmuş şahidlərin ifadələri də onun cavbadehin hüquqa zidd əməli nəticəsində zərərə düşməsi qənaətinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Çünki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər ifadələrində yalnızca İddiaçı məxsus torpaq sahəsində tikinti apardıqlarını, cavabdehin isə gələrək, tikintiyə təpik vurmaqla mane olduğunu bildirmişlər. Göründüyü kimi, şahidlər tikintinin cavabdeh tərəfindən sökülməsini deyil, davam etdirilməsinə maneə yaradıldığını bildirmişlər. Belə olan halda, baxılan işdə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulması sübuta yetirilməmişdir Beləliklə, iddiaçı, mülki hüquq pozuntusunun iki əlamətini – zərərin mövcudluğunu və həmin zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqəni təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının maddi zərər və ona bağlı olan mənəvi zərər tələblərini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5094/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar