Məhkəmə qərarları › İş №2(103)-2821/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2821/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2821/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-1516/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 207628/21-2 nömrəli bildirişin qanunsuz hesab edilməsi və İddiaçı adına hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-1516/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsində baxılması və qərardad ləğv edilmədiyi təqdirdə isə şikayət ərizəsinin aidiyyatı üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, bildirir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013) 1923/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları Cavabdeh1 himayəsində saxlanılması və İddiaçı 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 207628/21-2 nömrəli bildirişi ilə pul məbləğinin İddiaçı tutularaq Cavabdeh1 verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qətnaməsindən qısa müddət sonra İddiaçı ilə Cavabdeh1 barışmış və artıq dörd ildir ki, bir yerdə yaşayırlar. Onların birgə yaşadığı müddət ərzində İddiaçı ailəsinə baxmış, onun gəliri ilə yaşamışdırlar. Cavabdeh1 heç bir iş yeri olmamışdır. İddiaçı ümumi aliment borcu məbləği 7200 manat olaraq müəyyən edilmişdir. Lakin 4 il ərzində İddiaçı ailəsinin saxlamaq üçün xərclədiyi ümumi məbləğ aliment borcundan qat-qat çox olmuşdur. Odur ki, hal-hazırda Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024 cü il tarixli, 207628/21-2 nömrəli bildirişi qanunsuz hesab edilməli və İddiaçı adına hesablanan aliment borcu silinməlidir. Bu səbəblə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 207628/21-2 nömrəli bildirişin qanunsuz hesab edilməsi və İddiaçı adına hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1516/2025 saylıxx.xx.2025ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iş məhkəmədə baxılmalı olmadığı üçün geri qaytarılmışdır. Həmin qərardad əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı tərəfindən verilmiş aliment borcunun silinməsi və icra məmurunun qərarının qanunsuz hesab edilməsinə dair iddia mahiyyətcə eyni mənanı kəsb edir və hər iki iddia tələbi mülki xarakterlidir. Bu səbəblə iddia ərizəsi müvafiq olaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə verilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1516/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qəbul edilərkən məhkəmənin əsaslandığı maddələrdə də qeyd edilmişdir ki, bu mübahisəyə məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Odur ki, İddiaçı tərəfindən verilmiş aliment borcunun silinməsi və icra məmurunun qərarının qanunsuz hesab edilməsinə dair iddia ərizəsi müvafiq olaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə verilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1516/2025 saylı, 01 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı (borclu) məhz icra məmurunun keçən dövr üzrə hesabladığı aliment borcunu mübahisələndirərək, bununla bağlı icra məmurunun hərəkətinin qanuni olmadığını, çünki həmin dövrdə barışaraq bir ailə kimi birlikdə yaşamalarını, ailənin və uşaqlarının ehtiyaclarını qarşılamasını və s. göstərərək icra məmuru tərəfindən icra sənədi üzrə hesablanmış aliment borcunun silinməsi xahiş etmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi iddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən olunmaması və s. bu kimi hallarla bağlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırda iddiaçının mübahisələndirdiyi məsələ iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Həmçinin qeyd edilən icraatlar fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki,məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. İcra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230, 231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı deyildir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq, iddia ərizəsində göstərilən mübahisəli məsələnin yalnız qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilməsi iddiaçıya izah edilmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı şikayətində hazırki iddia tələbinin mülki xarakterli olmasını qeyd etmiş, eləcə də “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə istinad etməklə bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş aliment borcunun silinməsi və icra məmurunun qərarının qanunsuz hesab edilməsinə dair iddia ərizəsi müvafiq olaraq Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə verilməlidir. Halbuki qanunvericiliyə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi məsələ iddia tələbi irəli sürülməklə deyil, məhz icra məmurunun hərkətlərinin mübahisələndirilməsi yolu ilə həyata keçirilməlidir. Həmin mübahisələndirmə isə qeyd edildiyi kimi iddia ərizəsi verməklə ilə deyil, icra məmurunun hərəkətlərindən şikayət verilməlidir. “Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair təlimatın” 168-ci bəndinə əsasən “MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). MPM-in 230-cu maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPMin 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir”. Göründüyü kimi qətnamənin icrası ilə bağlı digər məsələlər barədə məhkəmə verilmiş ərizə və ya şikayətlər 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınmaqla baxılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli e2(002) 1516/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar