Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2839/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2nə və Cavabdeh3nə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Mercedes Benz 350 minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X2 mülkiyyətindədir.
2. Nümayəndə ilə X3 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir.
3. İddiaçı **-FK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350 minik” markalı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2027-ci il tarixədək idarə etməyi Nümayəndə etibar etmişdir.
4. “İsuzu” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AC347522 nömrəli xx.xx.2015-ci il tarixli şəhadətnamə ilə Cavabdeh3 MMC-nin adına qeydiyyatdadır.
5. Cavabdeh1 aylıq əmək haqqı 500 manat olmaqla "xxxx" MMC-də avtobus sürücüsü vəzifəsində işləyir.
6. xx.xx.2022-ci il tarixdə, saat 09:10 radələrində Cavabdeh1 idarə etdiyi “İsuzu” markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Mirzağa Əliyev küçəsində yolun sağında park halında olan avtomobillərə arxadan çırpılaraq eyni anda 6 avtomobili əzmiş, o cümlədən “Mercedes Benz 350” minik markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobil də qabaq və arxa tərəfdən əzilmiş, nəticədə avtomobilə ziyan dəymişdir.
7. Cavabdeh1 Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
8. “X9”in xx.xx.2022-ci il tarixli qüsur aktına görə, “Mercedes Benz 350 minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərcləri ehtiyyat hissələri üçün 1840 manat, servis xidməti üçün 944,80 manat olmaqla cəmi 2784,80 manat təşkil edir.
9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktında göstərilmişdir ki, "xxxx" SŞ ASC-də avtonəqliyyat vasitələrinin icbari sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalı Cavabdeh2 MMC tərəfindən sığortalanmış “İsuzu” markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Dövlət Akademik Dram Teatrı, Füzuli küçəsində baş vemiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq **-FK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350 minik” markalı avtomobilə dəymiş maddi ziyanın ümumi məbləği 2784 manat, sığorta ödənişi 703,71 manat müəyyən edilərək sığortalı İddiaçı şəxsi hesabına köçürülmüşdür.
10. "xxxx" SŞ ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktında göstərilmişdir ki, “Tpl Casco” sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" SŞ ASC-də sığortalı Cavabdeh2 MMC tərəfindən sığortalanmış “İsuzu” markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Dövlət Akademik Dram Teatrı, Füzuli küçəsində baş vemiş yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq **-FK-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350 minik” markalı avtomobilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2784 manat, sığorta ödənişi 844,45 manat müəyyən edilərək sığortalı İddiaçı şəxsi hesabına köçürülmüşdür.
11. "xxxx"nin xx.xx.2022-ci il tarixli O-A-20220098 nömrəli məktubunda göstərilmişdir “Mercedes Benz 350 minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2784 manat dəymiş zərər mütənasib qaydada azaldılaraq icbari sığorta üzrə 703,71 manat, üçüncü şəxslər qarşısında məsuliyyət sığortası (TPL casco) üzrə isə 844,45 manat olmaqla İddiaçı ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 MMC-nə və Cavabdeh3 MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, maddi ziyanın əvəzi qismində 1236,64 manatın, mənəvi ziyanın əvəzi qismində 3000 manatın, dövlət rüsumuna görə 62,36 manatın cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan “Mercedes Benz 350” minik markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən həyat yoldaşı Nümayəndə xx.xx.2022-ci il tarixdə avtomobili Bakı şəhəri, Mirzağa Əliyev küçəsində yolun sağ kənarında park halında saxlamış, həmin gün saat 09:10 radələrində Cavabdeh1 idarə etdiyi “İsuzu” markalı **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu ilə hərəkətdə olan zaman Mirzağa Əliyev küçəsində yolun sağında park halında olan avtomobillərə arxadan çırpılaraq eyni anda 6 avtomobili əzmişdir. Mülkiyyətində olan “Mercedes Benz 350” minik markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobil də qabaq və arxa tərəfdən əzilmiş, nəticədə avtomobilinə ciddi ziyan dəymişdir. Hadisə baş verdiyi andan dərhal sonra sığorta şirkətinin nümayəndəsi və polis əməkdaşları hadisə yerinə cəlb olunmuş, müvafiq sənədləşmələr aparılmış, “Mercedes Benz 350” minik markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobil üzrə dəymiş ziyan "xxxx" sığorta şirkətinin təyin etdiyi “X9”in tərtib etdiyi qüsur aktına əsasən ümumilikdə 2784,80 manat məbləğində müəyyən olunmuşdur. Bundan sonra "xxxx" sığorta şirkəti tərəfindən baş vermiş nəqliyyat hadisəsində iştirak etmiş avtomobillər üzrə dəymiş ziyan ümumi sığorta məbləğinə mütənasib bölünmək üsulu ilə zərərçəkmişlərə ödənilərkən ona dəymiş 2784,80 manat ziyana nisbətdə cəmi 1548,16 manat ödənilmişdir. Ödənilmiş məbləğ avtomobilin təmirinə kifayət etmədiyindən avtomobilini təmir etdirə bilməmişdir. Hətta sığorta şirkətinin servisi də ziyan aktında qeyd edilən məbləğin tam olaraq servisin hesabına ödənilmədiyi təqdirdə təmir aparılmasının mümkün olmadığını bildirmişdir. Buna görə də ötən müddət ərzində avtomobilindən istifadə edə bilməmiş, dəymiş ziyan tam ödənilmədiyindən təmir üçün çatışmayan məbləği təmin edə bilməmişdir. Avtomobilinin əzilməsi ilə gündəlik həyatında əlavə taksi və s. xərcləri meydana gəlmiş, buna görə də ailə büdcəsindən əlavə təmir üçün xərc ayıra bilməmişdir. Avtomobilinə dəymiş zərər zərərvuran tərəfindən ödənilməlidir. Bundan əlavə ötən bu müddət ərzində avtomobilini təmir etdirə bilmədiyindən, ona vurulan ziyan ödənilmədiyindən, ziyanın ödənilməsi üçün polisə, məhkəməyə müraciət etməklə əsəb, stres hisləri keçirməklə mənəvi iztirablar yaşamış, mənəvi sarsıntılara məruz qalmışdır.
14. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izahatında göstərmişdir ki, Cavabdeh2 MMC-də avtobus sürücüsü vəzifəsində işləyir və “İsuzu avtobus” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu işəgötürənin yol vərəqəsinə əsasən idarə edir. Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində, yəni iş vaxtında törətdiyi yol nəqliyyat hadisəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmiş, cəriməni ödəmişdir. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsindən başqa digər avtomobillərə də ziyan vurmuşdur. İdarə etdiyi “İsuzu avtobus” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" Sığorta Şirkəti ASC-də Tpl Casco sığortası növündə və icbari sığorta növündə sığortalandığından **-FK- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 350 minik” markalı avtomobilə dəymiş zərərin bir hissəsi İddiaçı ödənilmişdir.
15. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatını həyata keçirən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəyində göstərmişdir ki, nəzəri hesablama yolu ilə “X9” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Mercedes Benz 350 minik” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2350 manat müəyyən edilir; o cümlədən: dəyişməli hissələrin qiymətinə görə 1490 manat, təmir-bərpa işlərinin qiymətinə görə 860 manat.
16. Məhkəmənin 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən maddi ziyana görə 801,84 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 62,36 manat olmaqla cəmi 1864,2 manatın İddiaçı xeyrinə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
17.1. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. 17.2. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. 17.3. Müəyyən olunmuşdur ki, Xaliq Faiqoğlu Şirkəti MMC-də sürücü işləyən Cavabdeh1 Xaliq Faiqoğlu Şirkəti MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini idarə edərkən törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi ziyan vurmuş, həmin ziyanın 1548,16 manatı Atəşgah SŞ ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı ona vurulan maddi ziyanın 2784,80 manat olmasını iddia etsə də, mülki iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə ziyanın 2350 manat olması müəyyən edilmişdir. 17.4. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh2 MMC-dən vurulmuş maddi ziyana görə 801,84 (2350-1548,16 = 801,84) manat İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi maddi ziyanla qalan hissədə təmin edilməməlidir. 17.5. Baş vermiş yol nəqliyyat hadisəsində əmlakına ziyan vurulan iddiaçının əsəb, sters, narahatlıq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə Cavabdeh2 MMC-dən İddiaçı xeyrinə 1000 manat tutulmasını məhkəmə ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir.
18. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1108.1-ci, 1108.2-ci, 1108.3-cü, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir.
19. Həmin qətnamədən Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığı, Cavabdeh1 idarə etdiyi “İsuzu” markalı ** TH *** dövlət nömrə nişanlı sərnişin avtobusunun Cavabdeh2 MMC-nin istifadəsində və ya mülkiyyətində olmadığı, Cavabdeh2 MMC-də Cavabdeh1 adlı şəxsin işləmədiyi, həmin şəxsin "xxxx" MMC-də işlədiyi, lakin məhkəmənin bu halı aydınlaşdırmayaraq nəticədə Cavabdeh2 MMC-nə qarşı qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
20. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 MMC nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
25. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
26. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh2 MMC-dən maddi ziyana görə 801,84 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 62,36 manat olmaqla cəmi 1864,2 manatın İddiaçı xeyrinə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, Cavabdeh2 MMCnin nümayəndəsi isə qətnamənin məhz həmin hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və həmin əsaslandırmanın təkrarlanmasına zərurət görmür.
38. Apellyatorun, Cavabdeh2 MMC ilə "xxxx" MMC-nin fərqli hüquqi şəxslər olduqları və Cavabdeh2 MMC-də Cavabdeh1 adlı şəxsin işləmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, adı çəkilən şəxsin "xxxx" MMC-də işlədiyi və işəgötürəninin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olan X6 olduğu müəyyən edilmişdir.
39. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-227/2023 saylı iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 MMC-dən maddi ziyana görə 801,84 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 62,36 manat olmaqla cəmi 1864,2 manatın İddiaçı xeyrinə, iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə