Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-284/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 qarşı “borc tələbi”nə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2998/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1405,26 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 01 fevral 2011-ci ildən 13 may 2016-cı ilədək hər ay üçün 18 manat, 16 may 2016-cı ildən hər ay üçün 25 manat ödəməli olduğu halda, bunu etməmiş və nəticədə abonentin 1405,26 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 01 yanvar 2019-cu ildə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2998/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçıya evinə su çəkilməsi üçün ərizə ilə müraciət etdiyi, həmin vaxtdan onun evinə suyun çəkilmədiyi, sözügedən mənzildə heç kimin yaşamadığı və borcun əsassız hesablandığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, hazırda ünvan 1 ünvanında heç kim yaşamır, həmin evdə su xətti olmamışdır. Çox vaxt ölkə xaricində yaşamışdır, yaranmış borc ona aid olmamışdır, həmçinin evin mülkiyyətçisi mərhum anası olmuş, hazırda ondan başqa evdə 9 nəfər qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki,cavabdehin qeydiyyatda olduğu ünvanda su xətti mövcuddur və sudan istifadəyə görə borc hesablanmışdır. Cavabdeh tərəf 2011-ci ildən bu vaxta qədər hər hansı bir ödəniş etməmişdir. Həmçinin qeyd etmişdir ki, 2016-cı ilə qədər sudan istifadə üçün aylıq 1.80 manat, 2016-cı ildən sonra isə aylıq 2.50 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan ətraflı abonent kartına əsasən 01.05.2008-ci il tarixli 13720093 nömrəli müqavilə üzrə 512503 nömrəli müştərinin ünvan 1 ünvanı üzrə su borcu üzrə 326,51 manat, çirkab borcu üzrə 106,75 manat, dövr borcu üzrə 972,00 manat olmaqla, cəmi 1405,26 manat borcu vardır. Hazırda iddiaçı qeyd olunan borcu tələb etməklə göstərmişdir ki, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə borc yaranmışdır bu barədə cavabdehə bildiriş göndərilsə də ödəniş olmamışdır. Birinci instansiya məhkəməsi də iddianı təmin etməklə belə nəticəyə gəlmişdir ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdeh tərəfindən su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə cavabdehin borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi eləcə də, işin obyektiv həlli baxımından məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında ünvan 1 ünvanında yerləşən 1 saylı evə su xətti çəkilmişdirmi və həmin ünvanda su xidmətlərindən istifadə edilməsi mümkündürmü; cavabdehin istifadəsində olan qeyd olunan yaşayış evində sayğacdan kənar su xəttinə qoşulma mövcuddurmu. Bundan sonra ekspertin vəsatətinə əsasən qeyd olunan ünvan üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsi xahiş edilsə də təyin olunmuş vaxtda tərəflər baxışda iştirak etməmişlər və iş materialları ekspertiza keçirilmədən geri qaytarılmışdır. Eləcə də ekspert qarşısında qoyulmuş sualın həlli xüsusi bilik tələb etmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan halda məhkəmə kollegiyası işin obyektiv həlli baxımından ünvan 1 ünvanına yerli baxış təyin etmişdir. Tərəflərin iştirakı ilə baş tutmuş yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda yaşayış evi mövcuddur, evin daxilində su xətləri çəkilsə də, evin daxilinə su gəlmir. Evin həyətində isə su krantı olmaqla su daimi gəlir. Həmçinin qeyd olunan ünvan yaşayış üçün hazır vəziyyətdə deyil, cavabdehin sözlərinə görə 2013-cü ildən başlayaraq evə artırmalar edərək təmir işləri davam etdirilir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin daxilində su xətti olsa da, su gəlməmiş, evin həyətində isə sudan daimi istifadə mümkündür. Göründüyü kimi cavabdeh tərəfindən sudan istifadə edilmişdir ki, bu hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla belə yaranmış borcun məbləği də düzgün hesablanmamışdır. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Hazırki iş üzrə tələb edilən borc da məhz vaxtaşırı ödənişlər olsa da iddiaçı tərəfindən borc 01 fevral 2011-ci ildən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə 01 aprel 2019-cu il tarixdə məhkəməyə müraciət etdiyindən göstərilən normanın tələbləri baxımından 5 il müddətinə olan, yəni 01 aprel 2014-cü il tarixdən iddia ərizəsinin verildiyi tarixə qədər olan borc tutulmalıdır. Həmin vaxta qədər hesablanmış borca münasibətdə isə normanın tələbləri baxımından beş il müddət tətbiq edilməklə qüvvəsini itirmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən ünvanda 10 nəfərin qeydiyyatda olması həmin şəxslərə münasibətdə də yaranmış borcun hazırki iş üzrə cavbadehdən tələb edilməsi yol verilməzdir, belə ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 1 saylı evə dair mülkiyyət hüquqlarına sahib olmamışdır. Belə olan halda tələb edilən borc yalnız bir nəfər – hazırki iş üzrə cavabdehə münasibətdə hesablanaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 5 il üçün tutulmalı olan borc adi riyazi hesablama ilə aşağıdakı qaydada hesablanmalıdır:
1. 01.04.2014-13.05.2016-cı ilə qədər olan dövr üçün 2 il 1 ay 12 gün təşkil edir ki, bu da 25 ay 12 gün deməkdir: 25 ay x 1.80 manat= 45 manat; (1.80 manat:30gün= 0.06 manat) (bir gün üçün 0.06 manat hesablanmalıdır) 0,06 manat x 12 gün = 0.72 manat. 45 manat (25 ay üçün) + 0.72 manat (12 gün üçün) = 45.72 manat. Deməli 25 ay 12 gün üçün hesablanan cəmi borc 45.72 manat təşkil edir.
2. 13.05.2016---01.04.2019-cu ilə qədər olan dövr üçün 2 il 10 ay 18 gün təkil edir ki, bu da 34 ay 18 gün deməkdir: 34 ay x 2.5 manat=85 manat; (2.5 manat : 30gün= 0.08 manat) (bir gün üçün 0.08 manat hesablanmalıdır) 0.08 manat x 18gün =1.44 manat. 85 manat (34 ay üçün) + 1.44 manat (18 gün üçün) = 86.44 manat. Deməli 34 ay 18 gün üçün hesablanan cəmi borc 86.44 manat təşkil edir. Yuxarıda göstərilən hesablama qaydasından bəlli olur ki, Cavabdeh1 cəmi 132.16 manat (45.72+86.44=132.16) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq tərəflər qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2998/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli və Cavabdeh1 su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borca görə 132.16 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi üçün eləcə də apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2998/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borca görə 132.16 manat (yüz otuz iki manat on altı qəpik) məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi üçün eləcə də apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov