Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2841/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(006)-185/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)- 136/2017 nömrəli qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 qarşı ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi müddətin keçməsi əsası ilə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli, 2(103)- 5166/2017 nömrəli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2(102)-6834/17 nömrəli qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli, 2(103)-5166/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. 01 aprel 2022-ci il tarixli kredit reyestrindən çıxarışında və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında İddiaçı1 adına 185515,73 ABŞ dolları borc göstərilmişdir.
5. 04 aprel 2022-ci il tarixli kredit reyestrindən çıxarışında və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında İddiaçı3 adına 220305,34 ABŞ dolları borc göstərilmişdir.
6. 28 noyabr 2022-ci il tarixli kredit reyestrindən çıxarışında və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında İddiaçı2 adına 112818,63 ABŞ dolları borc göstərilmişdir.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışında İddiaçı4 adına 173105,75 ABŞ dolları borc göstərilmişdir.
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə “mübahisənin məhkəmədən kənar könüllü həllinə dair” təklif ünvanlayaraq, kredit reyestrində adlarına olan faiz borclarının silinməsinin təmin edilməsi üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə müvafiq məlumatların göndərilməsini xahiş etmişdirlər.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvanlanmış 25 may 2023-cü il tarixli məktublardan görünür ki, mərkəzləşdirilmiş kredit reyestrində (Azərbaycan Kredit Bürosunda) adlarına aktiv öhdəlik kimi qeyd edilən faiz məbləği Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların Bank qarşısında daşıdıqları öhdəliyin məbləğinə uyğundur.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ə kredit borclarının olmamasına dair müvafiq məlumatın Maraqlı şəxs MMC-yə təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC-dən əldə etdikləri çıxarışlardan onlara bəlli olmuşdur ki, reyestrin təchizatçısı "xxxx" ASC tərəfindən həmin reyestrə yanlış məlumatlar daxil edilmiş, bununla da heç bir faktiki və hüquqi əsas olmadan hazırda həmin reyestrin məlumatlarında adlarına yüksək məbləğlərdə faiz məbləği borcları əks olunmuşdur. "xxxx" ASC-nin Nərimanov filialı ilə aralarında müvafiq olaraq bağlanmış 31 iyul 2007-ci il tarixli 165 nömrəli, 31 iyul 2007-ci il tarixli 167 nömrəli, 31 iyul 2007-ci il tarixli 164 nömrəli, 31 iyul 2007-ci il tarixli 163 kredit müqavilələrinə əsasən tərəflərindən bankdan götürülmüş kredit məbləğləri, o cümlədən kredit məbləğlərinə qanunvericiliklə müəyyən edilən qaydada hesablanmış faizlərin ödənilməsi tam təmin edilmişdir. Hazırkı müraciətlərinə əlavə edilən məhkəmə aktlarından görünür ki, "xxxx" ASC tərəfindən onlara qarşı dəbbə pulu və 5 faizlə bağlı irəli sürülən iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə aktlarından həmçinin görünür ki, "xxxx" ASC onlara qarşı olan tələblərinin təmin edilməsini iddia etməklə yanaşı tələbinin İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ipoteka predmeti olan 0,60 ha torpaq sahəsinə yönəldilməsini də xahiş etmişdir. Nəzərə çatdırırlar ki, İddiaçı3 məxsus 0,60 ha torpaq sahəsi yuxarıda göstərilən kredit müqavilələrinin təminatı kimi heç bir vaxt "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməmişdir ki, qeyd etdikləri bu halda hazırkı müraciətlərına əlavə etdikləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 fevral 2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 saylı qətnaməsi ilə bankın onlara iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(103)-5166/2017 saylı qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli, 2(103)- 6834/2017 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə olan Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəsini almış, həmin məhkəmə aktları ilə "xxxx" ASC ilə aralarında bağlanmış yuxarıda sözügedən kredit müqaviləsinə hüquqi qiymət verilməklə "xxxx" ASC-yə bu və ya digər borclarının olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən ayrı-ayrılqıda 01 mart 2023-cü il tarixli “Mübahisənin məhkəmədənkənar könüllü həllinə dair” təkliflərlə cavabdeh banka müraciət olunaraq kredit reyestrinə adlarına əsassız olaraq daxil edilmiş faiz borclarına dair məlumatların silinməsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda həmin tarixdə tərəflərindən “Mərkəzləşdirilmiş kredit reyestrinə əsassız olaraq daxil edilmiş məlumatların silinməsinin təmin olunmasına dair” birgə şikayətlə də cavabdeh banka müraciət olunaraq yuxarıda sözügedən kredit reyestrinə əsassız olaraq adlarına daxil edilmiş məbləğləri silinməsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh bank tərəfindən həm ayrı-ayrılıqda, həm də birgə müraciətləri ilə əlaqədar ünvanlarına göndərilmiş 25 may 2023-cü il tarixli eyni məzmunlu cavab məktublarında mərkəzləşdirilmiş kredit reyestrində adlarımıza aktiv öhdəlik kimi qeyd edilən faiz məbləğlərinin Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların bank qarşısında daşıdıqları öhdəliklərin məbləğləri ilə uyğun olmasına istinad edilməklə təəssüf hissi ilə müraciətlərində xahiş etdikləri məsələnin faiz borcunun silinməsinin həyata keçirilməsinin mümkün olmadığı nəzərlərinə çatdırılmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(006)- 185/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
13. Qətnamənin əsaslarına görə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Banka olan borcun olmamasını iddia etsələr də, iş materiallarından görünür ki, iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 qarşı “ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbi əsassız olduğundan deyil, iddiaçı iddia tələbi ilə məhkəməyə 3 il müddətində müraciət etmək hüququ olduğu halda uzun müddət keçdikdən sonra müraciət edərək iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünə görə rədd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 nömrəli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Banka olan borcun olmamasını iddia etsələr də, iş materiallarından görünür ki, iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1-ci maddələrinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci maddələrinə, Maraqlı şəxsna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişlər.
16. Şikayətin dəlillərinə görə, məhkəmə iş üzrə tərəflər arasında 2007-ci ildə bağlanmış kredit müqaviləsinin olduğuna istinadla, hesab etmişdir ki, tərəflər arasında həmin kredit müqavilələri əsasında yaranmış münasibətlər indiyədək davam edir və MKRdə iddiaçıların adına göstərilən faiz məbləğləri həmin kredit müqavilələrindən irəli gəlir. Lakin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında mövcud olmuş kredit müqavilələrinin müddəti 2008-ci ildə bitmiş, 2013-cü ilədək isə iddiaçılar müqavilə üzrə öhdəliklərini tam icra etmiş, 2016-cı ildə isə cavabdeh Bankın iddiaçılara qarşı qaldırdığı iddia tələbi təmin edilməmişdir. Həmçinin, Bankın MKR-ə daxil etdiyi məlumatların onların arasında olan kredit müqaviləsindən irəli gəldiyi də müəyyən olunmur. Belə ki, Mərkəzi Bankın “Qaydaları”nda nəzərdə tutulduğu kimi, Bank yalnız kredit üzrə əsas borc və müqavilə faizinə dair məlumatları MKR-ə daxil etmək hüququ olduğu halda, hazırda mübahisələndirilən MKR-dəki məlumatlar isə müqavilə üzrə əsas və faiz məbləğlərinin olmadığı birmənalı müəyyən olunan haldır. Ona görə də hazırki iddia üzrə MM-in 6, 385 və 390-cı maddələrinin hazırki iş üzrə tətbiqinə əsas olmamışdır. Azərbaycan Respublikası Milli X7 03 noyabr 2004-cü il tarixli, 19 №-li protokol qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3091 qeydiyyat nömrəsi ilə 16 noyabr 2004-cü ildə dövlət qeydiyyatına alınmış “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın 1.1-ci bəndinin tələbinə görə bu Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarına, habelə Azərbaycan Respublikasınındigər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikası Milli Bankında Mərkəzləşdirilmiş Kredit Reyestrinin iş rejimini, o cümlədən məlumatın xarakterini, məlumatların verilməsi və alınması qaydalarını və şərtlərini tənzimləyir. Sözügedən Qaydaların MKR-ə məlumatların təqdim edilməsini tənzimləyən 2.1-ci bəndinin tələbinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. İstinad olunan “Qaydalar”ın 6.1-ci bəndinin tələbinə görə bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. “Qaydalar”ın 3.1.4-cü bəndində MKR-ə daxil edilməli olan məlumatların təsnifatı verilmişdir, həmin məlumatlar sırasında 5 % və ya digər cərimə məbləğinin MKR-ə daxil edilməli məlumatlar sırasında olmadığı müəyyən edilir. Hesab edir ki, bank təşkilatı özbaşına hesabladığı 5% və ya digər cərimə və ya dəbbə məbləğini MKR-ə daxil etməkdə haqlı deyildir, bu, Qaydaların tələblərinə ziddir. İstər 31 iyul 2007-ci il tarixli kredit müqavilələrinin bağlandığı dövrdə qüvvədə olan “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın, istərsə də 24 noyabr 2021-ci ildən qüvvədə olan “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit reyestrinə verilməsi Qaydası”na əsasən, MKR-ə kredit təşkilatlarının daxil etməli olduğu məlumatlar sırasında yalnız müqavilə üzrə hesablanmalı faiz məbləğləri öz əksini tapmalı, 5 % üzrə və ya dəbbə pulu üzrə tələb olunan məbləğlərin reyestrə daxil edilməsi isə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445cimaddəsinin tələbinə əsasən, borclunun icranı gecikdirməsi əsası ilə kreditorun illik 5 % tələb etmək hüququ vardır. Hesab edirik ki, yuxarıda göstərilən Təlimat və Qaydalarla birgə MM-in 445-ci maddəsinin tətbiqi hazırki iş üzrə iddianın təmin edilməsi üçün qanuni əsaslardır. Nəzərə alınmalıdır ki, MM-in 445-ci maddəsində nəzərdə tutulan “5 faiz tələb hüququ” müqavilə şərtləri ilə müəyyənləşdirilən və avtomatik olaraq borclunun vəzifəsinə çevrilən müqavilə öhdəliyindən deyil, qanunun kreditora verdiyi hüquqdan irəli gəlir və hər bir halda, kreditorun məhkəməyə verdiyi iddia tələbi əsasında qiymətləndirilərək təmin edilib-edilməməsinə dair məhkəmənin verəcəyi qərara bağlı olan məsələdir. Yalnız məhkəmə qətnaməsi ilə təmin olunduğu halda, borclunun kreditora 5% üzrə hesablanmış məbləği ödəmək vəzifəsi yaranır. Məhkəmə qətnaməsi olmadan Kreditorun həmin 5%-i tələb etmək və almağa hüquqi imkanı yaranmamışdır. Heç də təsadüfi deyil ki, Mərkəzi Bankın təsdiq etdiyi “Qaydalar”da yalnız müqavilə üzrə əsas məbləğ və müqavilə üzrə faiz məbləğinə dair məlumatların MKR-ə daxil edilməsi nəzərdə tutulmuşdur. Bu, bir daha onu göstərir ki, sözügedən normativ xarakterli aktlarda Qaydalarda yalnız müqavilə üzrə əsas məbləğ və faiz məbləğinin MKR-ə daxil edilən məlumatlar sırasında göstərilməsi həm də MM-in 445-ci maddəsinin tələblərindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən bir daha qeyd edirik ki, cavabdeh "xxxx" ASC-nin müqavilə üzrə mövcud olmayan əsas borc və faiz borcu məbləğindən kənar, 5 % ilə hesabladığı, 31 yanvar 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə təmin edilməyən məbləğlərə uyğun məlumatları MKR-ə daxil etməsi və əsassız məlumatın silinməsinə dair müraciətimizdən imtinası qanunsuz olmuşdur və bu qanunsuzluq nəticəsində pozulmuş hüququmuzun bərpası üçün Məhkəmədə qaldırdığımız iddia üzrə maddi hüququn düzgün təfsir və tətbiq edilməməsi hüquqlarımızın daha da pozulması ilə nəticələnən qətnamənin qəbul olunmasına səbəb olmuşdur.Məhkəmə nəzərə almamışdır ki, iddiaçıların adına Azərbaycan Kredit Bürosundan (MKR) çıxarışlarda göstərilən məbləğlər “faiz məbləği” kimi qeyd olunmuş, bunun “müqavilə müddətində ödənilməmiş faizlər (17%)”, gecikdirilmiş faizlər və ya 5% olduğu yazılmamışdır. Məhkəməyə iddia verilməzdən əvvəl cavabdeh ABB-ə müraciət edərək, 31 iyul 2007-ci il tarixli kredit müqavilələri üzrə Banka heç bir borcumuzun qalmadığını,sonuncu dəfə Bankın bizə qarşı “hesablanmış 5% məbləğlərin ödənilməsi tələbi ilə” 2017-ci ildə iddia qaldırdığı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia tələbinin rədd olunduğu, həmin qətnamənin qanuni qüvvəyə mindiyini, beləliklə, 2007-ci ildə bağlanmış kredit müqavilələri üzrə banka borcun olmadığını, göstərilən səbəblərdən Mərkəzi kredit reyestrinə əsassız daxil edilmiş məlumatın silinməsini xahiş etmişdik. Bankdan onlara verilən yazılı cavabda MKR-ə daxil edilmiş borc məbləğlərinin hansı dövr üçün (müqavilə müddəti və ya ondan sonrakı dövr və ya 5 %) hesablanmış faiz məbləği olduğu rəsmən qeyd edilməmiş, yalnız ümumi ifadələrlə “sizin bank qarşısındakı öhdəliklərinizə uyğundur” yazılmaqla qeyri-müəyyən məzmunda imtina verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırki işin materialları ilə, həmçinin, Nəsimi rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qanuni qüvvəsində olan qətnaməsi ilə müəyyən olunan hallardan göründüyü kimi, 31 iyul 2007-ci il tarixli kredit müqavilələri üzrə ayrı-ayrılqıda onların banka əsas borcları və müqavilə müddəti üzrə faiz borcu qalmamışdır, 2016-cı il tarixdə isə 5% üzrə Bankın irəli sürdüyü iddia tələbi təmin edilmədiyindən, həmçinin, 5 % hesabı ilə də banka borcları mövcud deyildir. Sözügedən iş üzrə Nəsimi rayon məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza rəyində də Bank tərəfindən verilmiş arayışlar üzrə hesablanmış 5 % məbləğlərində borcun olduğu göstərilmişdir. Məhkəmə, həmçinin, nəzərə almamışdır ki, qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə, İddiaçı2 ümumiyyətlə, hər hansı borcu olmadığı, əksinə, İddiaçı2 tərəfindən Banka artıq ödəniş edildiyi müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən bizlərə qarşı dəbbə pulu və 5 faizlə bağlı irəli sürülən iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Ondan sonrakı dövrdə də bank tərəfindən hər hansı tələb irəli sürülməmişdir. İş materialları ilə həmçinin, müəyyən olunur ki, İddiaçı3 məxsus 0,60 ha torpaq sahəsi yuxarıda göstərilən kredit müqavilələrinin təminatı kimi heç bir vaxt "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməmişdir. Cavabdeh Bank tərəfindən hazırki işə təqdim edilmiş sənədlər sırasında ipoteka müqavilələrinin surəti olsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin ipoteka müqavilələri daşınmaz əmlakın dövlət reyestrində heç bir zaman qeydə alınmamışdır. Qeyd etdiyi bu hal həmçinin, hazırki işin materialına əlavə olunan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 fevral 2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Beləliklə, müəyyən olunur ki, cavabdeh "xxxx" ASC aramızda olan 31 iyul 2007-ci il tarixli kredit müqavilələri üzrə 13 may 2016-cı il tarixli maliyyə arayışlarında verilən məlumatlar əsasında hesablanan 5 % məbləğlərini MKR-ə əsassız olaraq daxil etmiş, həmin məbləğlər isə sonrakı dövrdə, anlaşılmayan, heç bir qanuni və riyazi əsası olmayan qaydada şişirdilərək hazırda MKR-də görünən məbləğlərə çevrilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçıların nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
19. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.
22. Azərbaycan Respublikası Mərkəzi X6 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası:
3. MKR-ə məlumatların təqdim edilməsi: 3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. 3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.
23. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na Əlavə 1: MKR-ə təqdim edilən məlumatların tərkibi
7. Kredit: 7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği; 7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır.
27. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına” dair 15 fevral 2023-cü il tarixli qərarına əsaslanaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Banka olan borcun olmamasını iddia etsələr də, iş materiallarından görünür ki, iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur.
28. İşin hallarının hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-136/2017 nömrəli iş materialları tələb edilərək tədqiq olunmuş və müəyyən edilmişdir ki, həmin vaxt cavabdehlər tərəfindən əsas və müqavilə üzrə hesablanmış faiz borcu tam ödənildiyindən tələb yalnız müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi ilə bağlı olmuş, həmin tələblərlə bağlı iddia müddəti keçdiyindən iddia rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi barədə tələblər xitam olunmamışdır, mövcud olsa da, iddia ilə təmin edilməyən (natural) öhdəliklərdir.
29. Lakin həm iddia tələbi, həm də apellyasiya şikayəti üzrə araşdırılmalı olan məsələ müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulu barədə məlumatın reyestrə daxil edilməsi ilə bağlıdır.
30. Konstitusiya Məhkəməsinin ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
31. Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir, bu maddənin tətbiqi üçün borclunun icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.
32. MM-in 445-ci maddəsində nəzərdə tutulan 5 faiz tələb hüququ müqavilə şərtləri ilə müəyyənləşdirilən və borclunun vəzifəsinə çevrilən müqavilə öhdəliyindən deyil, qanunun kreditora verdiyi hüquqdan irəli gəlir və hər bir halda, kreditorun məhkəməyə verdiyi iddia tələbi əsasında qiymətləndirilərək təmin edilibedilməməsinə dair məhkəmənin verəcəyi qərara bağlı olan məsələdir. Yalnız məhkəmə qətnaməsi ilə təmin olunduğu halda, borclunun kreditora 5% üzrə hesablanmış məbləği ödəmək vəzifəsi yaranır. İş materiallarından da göründüyü kimi isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 nömrəli qətnaməsinə əsasən Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 qarşı ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbi iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünə görə rədd edilmişdir.
33. Bu məsələ araşdırılarkən ilkin olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mərkəzi X6 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının “MKR-ə məlumatların təqdim edilməsi” bölməsində konkret olaraq qeyd edilmişdir ki, hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Əlavə 1-də isə MKR-ə təqdim edilən məlumatların tərkibi açıqlanmış və kredit borcu ilə bağlı 7.5 və 7.6-cı bəndlərdə qeyd olunmuşdur ki, MKR-ə yalnız hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği və hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği təqdim olunmalıdır. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 nömrəli qətnaməsinin məzmunundan da görünür ki, hazırkı iş üzrə iddiaçılar tərəfindən kredit üzrə ödənilməli əsas borc məbləği və kreditin müqavilə üzrə alınmamış faiz məbləği tamamilə ödənilmişdir və buna görə də məhz müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürülmüş, iddia müddəti keçdiyinə görə təmin olunmamışdır.
34. "xxxx" ASC isə müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulu ilə bağlı məlumatları reyestrə daxil etmiş, həmin məbləğlərin cəmini isə iddiaçıların ümumi borcu kimi qeyd etmişdir. Halbuki, həmin məlumatların MKR-ə təqdim olunması Azərbaycan Respublikası Mərkəzi X6 12 noyabr 2021-ci il tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə ziddiyyət təşkil edir. Yəni, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə nəzərdə tutulmuş məlumatlar verildiyi halda, iddiaçıların borcu mövcud deyildir.
35. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(006)- 185/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(006)- 185/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi barədə iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı4 arasında bağlanmış 31 iyul 2007-ci il tarixli, 164 nömrəli, İddiaçı2 arasında bağlanmış 31 iyul 2007-ci il tarixli, 163 nömrəli, İddiaçı3 arasında bağlanmış 31 iyul 2007-ci il tarixli, 167 nömrəli, İddiaçı1 arasında bağlanmış 31 iyul 2007-ci il tarixli, 165 nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatların Maraqlı şəxsnə təqdim olunması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev