Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2843/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2843/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2015-ci ilin iyul ayından başlayaraq qətnamə qəbul edilən tarixə 14.000 manat pulun bank uçot dərəcəsini hesablamaqla (hər il 14%), ümumilikdə 25.200 manat pulun tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2015-ci ilin yay aylarında Sabunçu rayonu Ramana qəsəbəsində iddiaçılara məxsus fərdi evi sataraq pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişlər. Cavabdehlər özlərini DTX-nın əməkdaşı kimi təqdim edərək, Cavabdeh2 həbsdə olan qardaşı oğlu Arazın həbsdən buraxılması üçün rüşvət verilməsinin lazım olduğunu bildirmiş və 9 il azadlıqdan məhrum edilmiş Arazın adını əfv sərəncamına saldıracağına söz verərək iddiaçıları aldatmış, dəyəri 25.200 manatdan yuxarı olan fərdi yaşayış evini dəyər-dəyməzinə, yəni 14.000 manata satdıraraq pulunu ələ keçirmişdir. X1 cəzasının xeyli hissəsini çəkmiş, 8 ay sonra azadlığa çıxacaqdır. Bununla belə cavabdehlər dələduzluq yolu ilə ələ keçirdikləri 14.000 manatı qaytarmaqdan imtina edirlər. Ona görə də Sabunçu RPİ-nin İŞ-si və Bakı şəhər Prokurorluğu tərəfindən bir neçə dəfə cinayət faktı üzrə cinayət işi başlanmış, İddiaçı2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin sonra iş mülki xarakterli mübahisə olduğuna görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, iddiaçılara məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də iddiaçılar keçən müddət ərzində Sabunçu RPİ-nin İŞ-də istintaqı gedən işin nəticəsini gözləmişlər. Bu səbəb və əsaslara görə tələb üzrə iddia müddəti ötürülməmişdir. Cavabdehlər pulu iddiaçılardan həm də o məqsədlə almışlar ki, guya X5 azadlığa çıxdıqdan sonra onun atası – X11 rayonu, NZS qəsəbəsində yerləşən 2 mərtəbəli evini satıb iddiaçıların adına sənədləşdirməklə Bakı şəhəri ərazisində 3 otaqlı mənzil alacaqlar. İddiaçılarla cavabdehlər arasında həmin tarixdə borc müqaviləsi bağlanmamış və notarial qaydada təsdiq edilməmişdir. Çünki pul borca verilməmişdir. Cavabdehlər aldıqları 14.000 manat pulu xx.xx.2023-cü il tarixinədək geri qaytarmalı və ya 3 otaqlı mənzili iddiaçıların adına sənədləşdirməyi söz vermişdilər. Lakin cavabdehlər təkrar iddiaçıları aldatmış, pulu qaytarmamışlar. Cavabdehlər 2015-ci ildən hazırki vaxtadək dəfələrlə pulu qaytaracaqlarına söz versələr də, pulu qaytarmamış, sözlərinin üstündə durmamış və hər dəfə yeni tarixlər göstərmiş, sonda isə pulu qaytarmaqdan imtina etmişlər. Cavabdehlər pulu əmlakla əvəzləşdirmək və ya evini satıb pulunu iddiaçılara verəcəkləri barədə vədlər verdiklərinə görə iddiaçılar dəfələrlə Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi 31 ünvanına ev makleri aparmış, pulun əvəzinə onlara 2 evin 2 otağı təklif edilmişdir. Lakin alıcı evə baxdıqdan sonra müxtəlif yollarla qiymətini qaldırmış, alqı-satqını pozmuş və nəticədə iddiaçılar anlamışlar ki, bu, dələduzluq fəndidir və cavabdehlər vaxt udmağa çalışırlar. Cavabdehlər məcbur qalıb iddiaçıları bir neçə ay həmin evdə saxlamış və kirayə haqqını almamışlar. Dəfələrlə cavabdehlərin yaşadığı ünvana getmiş, lakin onlar hər dəfə yuxarıda qeyd edildiyi kimi pulu qaytaracağı ilə bağlı yeni tarixlər müəyyən etsələr də, sonda pulu qaytarmaqdan imtina etmiş, “get hara şikayət edirsən et” demişlər. Ona görə də iddiaçılar məhkəməyə müraciət etməli olmuşlar. İddiaçılar evdən çıxarıldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər tərəfindən Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi 31 ünvanında yerləşən evin 1 otağı 15.000 manata satılmış, hazırda Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbsdə olan X6 xərclənmiş, beləliklə cavabdehlər iddiaçıları təkrar aldatmışlar. Hazırda qeyd edilən evin 1 otağı başqasına məxsusdur. Bundan başqa cavabdehlərin cinayət və qanunsuz əməlləri nəticəsində iddiaçıların yaşadıqları ev dəyərdəyməzinə satıldığına görə sonuncular 2015-ci ildən kirayədə qalır və hər ay 300 manat kirayə haqqı ödəyirlər. Hazırda bank faizinin uçot dərəcəsi 14% olduğundan məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mərkəzi Bakının müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsini ümumi məbləğə əlavə etməlidir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı2 iddiasının qismən təmin edilməsi, Cavabdeh2 12.000 manat məbləğində pul alınaraq İddiaçı2 ödənilməsi, iİddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi qət etmişdir.
4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.7, 449.1, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 52.2, 52.5, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 106.3, 106.4, 107, 119.1, 191.3, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın ona münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və ona qarşı da təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, onun da subyektiv hüquqları pozulsa da, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, yaşadığı evin dələduzlar tərəfindən satılması nəticəsində 8 ildir ki, kirayədə yaşayırlar və hər ay kirayə haqqı ödəyir. Məhkəmə onun, bacısının, sonuncunun iki uşağının və anasının bu illər ərzində harada və hansı keyfiyyətdə yaşamalarına əhəmiyyət verməmiş və bu xüsusatları araşdırmaqdan imtina etmişdir. Onlar anası ilə bir ailədirlər və birgə təsərrüfat aparırlar, hər ay birgə 300 manat kirayə haqqı ödəyirlər. Ona görə də iddianın ona münasibətdə rədd olunması əsassızdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (atası) apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir.
9. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. 12. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
11. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Maddə 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
22. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır;
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçılardan yalnız İddiaçı2 iddia tələbi qismən təmin edildiyindən və hazırda qətnamədən yalnız digər iddiaçı tərəfindən qətnamənin ona münasibətdə təmin edilməyən hissəsindən apellyasiya şikayəti verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, mülki işin materiallarında olan Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 yanvar 2020-ci il, 20 fevral 2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, İddiaçı2 izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sovxoz Ramana deyilən ərazidə yerləşən 3 otaqdan ibarət evini satması ilə əlaqədar bacısı Cavabdeh2 və onun kürəkəni Cavabdeh1 müştəri ilə birlikdə onlara gəlmiş, evi alan şəxs 14000 manat pulu stolun üstünə qoyaraq evdən çıxmalarına 1 ay möhlət vermişdir. Həmin pulu birinci Cavabdeh1, sonra Cavabdeh2 sayaraq pulun 14000 manat olduğunu bildirmiş, müştəri getdikdən sonra Fəxri pulu Sofiyanın götürməsini və maşında ona verməsini bildirmişdir. Həmin pulun 1000 manat hissəsi sənədləşmə işlərinin həll olunması üçün evin ilkin torpaq sahibinə verilmiş, Sofiya tərəfindən ona gündəlik xərcləmək üçün 400 manat və oğlu Elçinin Fəxri ilə birlikdə çayxana işlətmələri üçün 600 manat vermiş, pulun yerdə qalan 12000 manat hissəsini isə Fəxrinin həbsdə olan qardaşı oğlu Arazın işinə görə vermiş olduğu kaytenirin pulunu ödəməsini bildirmişdir. Lakin nə Araz həbsdən çıxmamış, nə də verilən 12000 manat pul ona qaytarılmamışdır.
31. İddiaçı1 və X7 İddiaçı2 ilə eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh2 izahatında bildirmişdir ki, qardaşı oğlunun tutulması ilə əlaqədar sələmə pul götürmüş, borcu qaytarmaq üçün isə bacısı İddiaçı2 evini satmaqla bağlı razılığa gəldikdən sonra evi 14.000 manata satmış, həmin puldan 1.000 manatını Ofelya götürmüş, 1.000 manat pul evin sənədləşməsinə xərclənmiş, yerdə qalan 12.000 manat pul isə onun sələmə götürdüyü borcun qaytarılmasına sərf olunmuşdur.
32. Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sovxoz Ramana deyilən ərazidə yerləşən 3 otaqdan ibarət evi 14000 manata satılmışdır. Həmin vəsaitin 1000 manat hissəsi torpaq sahibinə sənədləşmə üçün, 1000 manat İddiaçı2 özünə verilmiş, 12000 manat puldan isə əvvəllər onlara vermiş olduğu 5000 manat qaytarılmışdır. Yerdə qalan 7000 manat isə qaynanası Cavabdeh2 və İddiaçı2 arasında olan pul borclarının bağlanmasına və Arazın yanına gediş-gəlişə xərclənmişdir;
33. Toplanmış materiallar üzrə xx.xx.2019-cu ildə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış və iş üzrə İddiaçı2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin Sabunçu rayon prokurorunun müavini tərəfindən həmin qərarlar ləğv edilməklə materiallar əlavə araşdırma aparılması üçün Sabunçu RPİ İŞ-yə qaytarılmış və bu qərarla tələb mülki xarakter daşıdığından İddiaçı2 mülki qaydada iddia qaldırmaq hüququ izah olunmaqla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
34. Prokurorluğun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmişdir.
35. Prokurorluğun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir.
36. Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, tərəflər yenə də eyni məzmunda izahatlar vermişlər. Təqsirləndirilən şəxs qismində cəlb etmə, material üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, İddiaçı2 mülki qaydada iddia qaldırmaq hüququ izah olunmaqla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
37. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, İddiaçı2 və Cavabdeh2 onun bacılarıdır. X14 cinayət hadisəsi törətdiyindən tutulmuşdu. Bu vaxt Cavabdeh2 kürəkəni, özünü “MTN”-in əməkdaşı kimi təqdim edən Cavabdeh1 rəisinin 30.000 manat müqabilində onun X14i içəridən çıxardığını bildirdikdən sonra o, evini satışa çıxarmışdır. Sonra isə Cavabdeh1 ona evinin plana düşdüyündən yüksək qiymətə satılacağını, bu səbəbdən bacısı İddiaçı2 evinin pulunu bu işə verməyi və onun evi plana düşüb satılanda Ofelyanın pulunu verməsini bildirmişdir. O da Cavabdeh1 bu təklifi ilə razılaşmış və İddiaçı2 evini satıb Cavabdeh1 və Cavabdeh2 vermişdir ki, Arzuman Quliyevi içəridən çıxarsınlar. Amma Cavabdeh1 onun oğlunu içəridən çıxara bilməmiş, eləcə də İddiaçı2 pulunu qaytarmamışdır.
38. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qismən qəbul edib bildirmişdir ki, bacısı İddiaçı2 onun və kürəkəninin köməkliyi ilə evini 14.000 manata satdıqdan sonra 1000 manat sənədləşmə üçün xərclənmiş, 1000 manat iddiaçının özünə verilmiş, qalan 12.000 manat pul isə tutulan qardaşı oğlunun xərclərini qarşılamaq məqsədilə ona borc verilmiş, lakin o, borcunu qaytara bilməmiş, əvəzində bacısının satılan evini alıb qaytarmaq istəsə də, buna da nail ola bilməmişdir.
39. Beləliklə, yuxarıda sadalanan iş materiallarından da göründüyü kimi istər istintaq gedişində, istərsə də bundan irəli gələn məhkəmə proseslərinin gedişatında iştirak edən bütün subyektlər (apellyatorun özü də daxil olmaqla) pulun İddiaçı1 deyil, anası, yəni digər İddiaçı2 məxsus olması və onun tərəfindən verilməsini bildirmiş, hazırki işin gedişatı zamanı Cavabdeh2 da 12.000 manat məbləğində pulu məhz bacısı, yəni digər İddiaçı2 aldığını, nəticə etibarı ilə yenə də ona qaytaracağı ilə bağlı razılaşdıqlarını qeyd etmişdir.
40. O cümlədən iş materiallarında olan və istintaq orqanları tərəfindən prosessual qərarlarda da zərərçəkmiş qismində məhz digər İddiaçı2 tanınmış, nəticə etibarı ilə Sabunçu RPİ tərəfindən xx.xx.2023-cü il tarixində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilərkən də mülki qaydada iddia qaldırmaq hüququ digər bir şəxsə deyil, məhz İddiaçı2 izah olunmaqla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
41. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Bu halda kollegiya hesab edir ki, hazırki iş üzrə apellyator İddiaçı1 ona məxsus olmayan və bilavasitə özünün vermədiyi pulu cavabdehlərdən buna dair subyektiv hüququ olmadan tələb edə bilməsi cavabdehlərə qarşı iddia etdiyi əsassız varlanmanın nəticədə birbaşa özü tərəfindən həyata keçirilməsinə səbəb olardı. Bu hal da ədalət mühakiməsinin prinsiplərinə və işə baxan məhkəmələrin ədalətli məhkəmə araşdırması vəzifələrinə tamamilə zidd bir yanaşmanın sərgilənməsi anlamına gələrdi.
43. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
45. Beləliklə, qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova