Məhkəmə qərarları › İş №2(103)-2845/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2845/2022

16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2845/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkili X3, Cavabdeh və onun nümayəndəsi vəkil Mustafayev Namiq Cuma oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-273/2022 saylı işi üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh psixoloji reabilitasiya xərcləri kimi 4800 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, ümumilikdə 9800 manat və dövlət rüsumu olaraq ödənilmiş 118 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli 3(003)-1102/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.Həmin qərarla müəyyən edilmişdir ki, Məhkəmə-Tibbi Ekspertizasının 13 iyul 2021-ci il tarixli 782 saylı rəyinə əsasən İddiaçı bədəni üzərində sol yanağın, sol bazunun, sol saidin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmiş, 09 iyul 2021-ci il tarixdə törədilməsi istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir.İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Xəzər Rayon Məhkəməsinin 2(003)-273/2022 saylı işi üzrə, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi,Cavabdeh İddiaçı xeyrinə mənəvi ziyan vurulmasına görə 2500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 119.1, 217.3, 217.4–cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, Cavabdeh tərəfindən İddiaçı bədən xəsarətləri yetirilməsi faktı iş üzrə öz təsdiqini tapmışdır. İddianın mahiyyətindən görünür ki, iddiaçıya Cavabdeh tərəfindən vurulmuş zərərə görə psixoloji reabilitasiya xərcləri kimi 4800 manat pulun tutulması xahiş olunmuş, lakin iddiaçının psixoloji reabilitasiyaya ehtiyacının olması, onun tərəfindən göstərilən vəsaitin ödənilməsi və ya ödəmək zərurətinin olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, iddia tələbi psixoloji reabilitasiya xərclərinə dair hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-273/2022 saylı işi üzrə, 06 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddianı qəbul etmir, çünki iddia əsassızdır. İddiaçının psixoloji yardıma ehtiyacının olması və mənəvi zərər alması barədə heç bir sübut yoxdur, sübut olmadığı üçün qeyd olunan iddia rədd edilməlidir. İddiaçı tərəfindən uşağın psixoloji sarsıntı keçirməsi ilə əlaqədar müvafiq sübutlar təqdim edilməmiş,onun müalicəsi üçün çəkilən xərclərə dair qəbzlər belə məhkəməyə təqdim olunmamışdır. İddia məhkəmə tərəfindən düzgün baxılmamış, qeyri-obyektiv araşdırılmış və iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı tərəfindən maddi ziyanı əsaslandıran sənədlər təqdim edilməmiş, mənəvi ziyanın konkret olaraq nədən ibarət olması iddiada göstərilməmiş və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh inzibati qərarın ləğv edilməsi barədə qərarı təqdim edərək, iddiaçının ona qarşı qərəzli olduğunu, ona şər atdığını, uşağı döymədiyini, ümümiyyətlə belə bir hadisənin olmadığını, həmin ərəfədə xəstə yatdığından qərardan şikayət vermə müddətini ötürdüyünü və buna görə şikayət verə bilmədiyini, 300 manat cəriməni ödədikdən sonra rayona getdiyini, iddiaçının o, rayonda olduğu vaxtı ona qarşı məhkəmədə iddia qaldırdığını, uşağın heç bir problemi olmadığını, iddiaçının anasının onun anası ilə münaqişəsi olduğunu üçün ona böhtan atdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında münaqişələrin çox olduğunu, təqdim edilmiş qərarın bilavasitə bu işə aid olmadığını, iddiaçının xarakterini, onun qeyri-səmimi olduğunu, öz kirayənişininə şahid kimi çıxış etmək üçün təzyiq göstərdiyini sübut etmək məqsədilə təqdim edildiyini, iddiaçının Arzu xanımın xəsarəti nəticəsində uşaqda psixoloji pozuntuların əmələ gəldiyini və onun bu səbəbdən müalicəyə ehtiyacı olduğunu sübut edə bilmədiyini, çəkilən xərcləri təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, tərəflər arasında heç bir barışığın olmadığını, təqdim edilmiş qərarın hazırki münasibətlə əlaqədar olmadığını, uşağın hələ də müalicələrdə olduğunu, öz yaşıdları ilə oynamadığını, özünə qapandığını, psixoloji vəziyyətinə təsir göstərildiyini, Cavabdeh intiqam almaq hissi ilə uşağa xəsarət yetirdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), 26, 46, 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,1096, 1097; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 372, 385, 386, 387-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə (mübahisələndirilən dəlillərlə) əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilən hissədə işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə qismən düzgün olmayan nəticəyə hasil olunmuşdur. Belə ki, iddiaçının təqdim etdiyi sübutların mənəvi zərər hissəsində işin halları ilə uzlaşdırmayaraq mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib hallar nəzərə alınmayaraq mənəvi zərərə görə istinad nöqtəsi bəlli olmayan məbləğin tutulması təmin edilmişdir. Mənəvi sarsıntıya dair qeyd edilməlidir ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər inzibati xəta haqqında işə dair proses üzrə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir ki, inzibati xəta haqında qərarla cavabdehin təqsirli olması sübuta yetirildiyindən bu halın əlavə olaraq mülki icraat çərçivəsində sübuta yetirilməsinə zərurət qalmır. Aydınlaşdırılmalı hal - mübahisə edilən hissədə - mənəvi zərərə görə qət edilən kompensasiyanın məbləği ola bilər ki, bu da ağlabatanlıq, mütənasiblik, tərəflərin maddi vəziyyətlərinə və digər diqqətəlayiq xüsusatlara müvafiq olan meyarlara cavab verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərə görə qət edilən kompensasiyanın məbləği inzibati xəta haqqında qərar üzrə müəyyən edilən cəriməyə düz mütənasiblik təşkil etməli və iddiaçının xeyrinə tutulmalı olan məbləğ 300 manat dəyərində müəyyən edilməlidir. Belə ki, maddi zərərin müəyyən edilmədiyi və iddiaçının şikayət vermədiyi prosessual vəziyyətdə, mənəvi sarsıntıların dərəcəsinə dair sübutların təqdim edilmədiyi nəzərə alınaraq, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla müəyyən edilənlərə əsasən ağlabatanlıq meyarları rəhbər tutulmalıdır. Tələb olmadığından apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümu - məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Mənəvi sarsıntı özlüyündə qeyri-əmlak səciyyəli olsa da, onun nəticəsində vurulmuş mənəvi zərər tələbi əmlak ekvivalentində ifadə olunduğundan əmlak xarakterli hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)- 273/2022 saylı işi üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi (mənəvi zərər hissədə) dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə mənəvi ziyana görə tutulmalı olan pul vəsaitinin məbləği 300 (üç yüz) manat dəyərində müəyyən edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar