Məhkəmə qərarları › İş №2(103)-2846/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2846/2021

28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2846/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, onun nümayəndəsi və vəkili Vəkil3, digər vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5 və X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağ sahəsi üzrə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583 və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun onun adına tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583, 1583 “a” və 1584 saylı bağ sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüfət Rəhimov, apelyasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh massivində yerləşən 1583 və 1584 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının tanınmasına dair həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnmaə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı onun doğma qardaşıdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, Bilgəh qəsəbəsində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1583 nömrəli mübahisəli bağ sahəsi Bağlar Tresti ilə bağlanılmış 21.01.1969-cu il tarixli müqaviləyə əsasən babası X13 icarəyə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin razılığı ilə sözügedən bağ sahəsinin 0.12 ha torpaq hissəsi atası X6 adına keçmiş və onunla 29.05.1996-cı il tarixli, 16979 nömrəli müqavilə bağlanmışdır. Bağ sahəsinin digər 0.12 ha hissəsi isə 1583a nömrəli bağ sahəsi kimi onun adına keçmiş və onunla 29.05.1996-cı il tarixli müqavilə bağlanmışdır. Daha sonra Sabunçu Rayon Məhkəməsinin 07.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Bilgəh bağ sahəsində yerləşən 1583, ona məxsus 1583a və 1584 nömrəli bağ sahələrinə İddiaçı istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. İddiaçı məhkəməni aldadaraq iddia ərizəsində göstərmişdir ki, guya ki, atası Adil Rəhimov 2007-ci ildə vəfat edəndən sonra o, hər üç bağ sahəsinə qulluq etmişdir. Halbuki, bu tamamilə yalandır. Həmin bağ sahələrinə bu günə kimi o qulluq edir, yəni hazırda bağ sahələri onun istifadəsindədir və bağ sahələrini heç zaman iddiaçının istifadəsinə vermək niyyəti olmamışdır. 1583a nömrəli bağ sahəsi icarə müqaviləsi əsasında onun qanuni istifadəsində olduğu halda, mülki işə baxan məhkəmə həmin bağ sahəsinin müqəddəratını həll edərkən onun iştirakını təmin etməmişdir. O, məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb olunmadığından öz hüquqlarını müdafiə edə bilməmişdir. İddiaçı onu cavabdeh kimi göstərməmiş, məhkəmə isə qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildiyi halda onu işdə iştirak etməyə cəlb etməmişdir. Yaxın zamanlarda həmin bağ sahəsinə baş çəkərkən hasarın üzərində bağ sahələrinin satılması barədə elan yazıldığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, bunu edən qardaşı Eldardır. O, bağ sahələrinə dair çıxarış almışdır və həmin çıxarışlara əsasən bağları satmaq istəyir. Apelyator, şikayətə əlavə təqdim edərək, həmçinin bildirmişdir ki, iddiaçı göstərir ki, guya onun və atasının adına olan icarə müqavilələri etibarsızdır, yalnız babası Sadıx Rəhimovun adına olan icarə müqaviləsi qüvvədədir. Belə ki, DƏDRX-nin 2010-cu il tarixli məktubunda göstərilir ki, icarə müqavilələri tərtib edilmiş olsa belə, ailə üzvlərindən Əfrüzə Rəhimovanın razılıq ərizəsi olmadığı üçün müqavilələr möhürlə təsdiq edilməmişdir. Halbuki, Əfrüzə Rəhimova 1983-cü ildə vəfat etmiş, yəni icarə müqavilələrinin bağlandığı zaman (1966-cı il) mülki hüquq qabiliyyətinə malik olmamışdır. Buna görə də ondan hər hansı icazə ərizəsi tələb edilməsi absurddur. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, 1583A saylı bağ sahəsinə də iddiaçının sahiblik və istifadə hüququnu tanımışdır. İddiaçı isə, apelyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, Rüfət Rəhimov tərəfindən məhkəməyə ünvanlanmış 02.10.2010-cu il və 03.12.2010-cu il tarixli ərizələrdən məlum olur ki, o, babası Sadıx Rəhimovun mülkiyyətində olmuş 1583 saylı, həmçinin 1584 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun qardaşı İddiaçı adına tanınmasını xahiş edir. X14 imzası ilə təsdiq olunmuşur ki, bu da onun məhkəmə icraatı barəsində xəbəri olmaması və hüququnun pozulması ilə bağlı dəlilini çürüdür. Qeyd olunmalıdır ki, 1583, 1583 а, 1584 saylı bağ sahələri vahid torpaq sahəsini təşkil edir. İddiaçı məhz babası Sadıx Rəhimovdan və qohumu Nuriyyə Rəhimovadan qalma bağ sahələri üzərində sahiblik və istifadə hüququnun tanınmasının xahiş etmişdir. Yəni, hazırkı mübahisənin predmetini təşkil edən bağ sahələri ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07.12.2010-cu il tarixli qətnaməsi qəbul olunana kimi cəmi 2 hüquq müəyyənedici müqavilə olmuşdur. 1996-cı il tarixində bağlanılmış digər 2 müqavilənin isə hüquq qüvvəsi yoxdur. Belə ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28.09.2010-cu il tarixli məktubda bildirilmişdir ki, 29.05.1996-cı il tarixli müqavilələrdə X1 və İstismarı Birliyinin səlahiyyətli şəxsinin imzası və möhürü yoxdur. Bu isə öz növbəsində X10 ilə Sadıx Rəhimov arasında bağlanılmış 21.01.1969-cu il tarixli müqavilə ilə ona icarəyə verilmiş ümumi sahəsi 0,24 ha olan 1583 nömrəli bağ sahəsinə daimi qulluq edən nəvəsi İddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə subyektiv hüquqa malik olduğunu təsdiq edir. İş materiallarındakı bağ sahəsinə kimin qulluq etməsilə bağlı qonşular tərəfindən verilmiş ərizələr, həmçinin, İddiaçı Sadıx Rəhimovun nəvəsi kimi bu hüquqa malik olması ilə bağlı qohumlar tərəfindən verilmiş ərizələr də iddianın əsaslı olduğunu sübut edir. 1584 saylı bağ sahəsinə münasibətdə isə şikayətçi Rüfət Rəhimovun subyektiv hüququ yoxdur. Belə ki, 1584 saylı bağ sahəsi ilə bağlı iş materiallarında olan yeganə hüquq müəyyənedici sənəd 28.07.1989-cu il tarixli icarə müqaviləsidir ki, həmin müqavilədən məlum olur ki, həmin saylı 0.12 ha bağ sahəsi Nuriyyə Rəhimovaya icarəyə verilmişdir. Sonuncu isə 07.03.2008-ci il tarixli ərizə ilə bağ sahəsinin İddiaçı adına tanınması ilə bağlı müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərarı ilə, Rüfət Rəhimovun apelyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2010-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A” saylı bağ sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanıması” hissəsində ləğv edilmiş, müəyyən edilmişdir ki, İddiaçı lu tərəfindən “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1583 “A” saylı bağ sahəsi üzərində onun sahiblik və istifadə hüququnun tanıması barədə” tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti rədd, maraqlarına toxunulan şəxs tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Rüfət Rəhimov və onun vəkilləri, apelyasiya şikayətinin və ona əlavənin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişlər ki, mübahisəli bağ sahəsi Rüfət Rəhimovun istifadəsində olmuş, onun tərəfindən orada abadlıq işləri görülmüş, ağaclar əkilmiş və tikinti işləri aparılmışdır. Belə ki, atalarının ölümündən sonra faktiki olaraq o, həmin sahəyə sahiblik etməklə, mirası faktiki olaraq qəbul etmişdir. Digər qardaşları isə bu müddət ərzində bağla heç vaxt maraqlanmamış, xeyli müddət sonra 2010-cu ildə İddiaçı iddia ilə müraciət edərək, qanunsuz olaraq mübahisəli bağ sahələri üzərində hüquqlarının tanınmasına nail olmuşdur. Onun tərəfindən məhkəməyə təqdim olunmuş Rüfət Rəhimovun adından yazılmış ərizələr isə saxtadır, R.Rəhimov tərəfindən yazılmamışdır. O, latın qrafikalı əlifba ilə yazmağı bilmir, lakin imza ona məxsusdur. İmzanı isə onu aldadıb çəkdirmişlər. Cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Hazırki tələbə mülki qaydada baxıla bilməz. Xüsusi icraat qaydasında baxıla bilər. Ali Məhkəmə işi onların xeyrinə ləğv edib və yenidən baxılmağa qaytarıb. Vərəsəlik normala bu işə tətbiq edilə bilməz. Belə ki, tərəflərin babaları öldükdən sonra əmlak dövlətə keçmişdir. Əmlak miras aktivinə daxil olmayıb ki, iddiaçıya keçə bilsin. İcarəyə götürmək üçün bağlar idarəsinə müraciət edilməli idi və müvafiq prosedur qayda mövcud idi. Adil və oğlu Rüfət bu qaydaya əməl ediblər. Lakin iddiaçı əməl etməyib. Rüfət və Adilin müraciətinə isə əsassız şəkildə mənfi cavab veriblər. Belə ki, Əfruzənin razılıq ərizəsinin olmaması əsası ilə imtina cavabı veriblər. Halbuki Əfruzə həmin vaxt həyatda yox idi. Odur ki, göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin olunmasını xahiş edirlər. İddiaçı və onun vəkili isə, apelyasiya şikayətinə etiraz edərək, bildirmişlər ki, mübahisəli bağ sahələrinin hər üçü vahid torpaq sahəsini təşkil edirlər. İş materiallarında olan qonşuların ərizələri və digər sübutlarla təsdiq olunur ki, ataları Adil Rəhimovun ölümündən sonra, həmin sahəyə iddiaçı faktiki sahiblik etmiş və 2010-cu ildə həmin bağ sahələrinə dair çıxarış almaq məqsədilə onların üzərində sahiblik və istifadə hüquqlarının tanınması üçün məhkəməyə müraciət etmişdir. Bu vaxt digər qardaşları (Rüfət və Fərid) və bibiləri notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət edərək, həmin sahələrin onun adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Hazırda qardaşı Rüfət Rəhimov həmin ərizələri özünün yazdığını inkar etsə də, hamıya məlum olan faktdır ki, notarial təsdiq rəsmi təsdiq hesab edilir və ərizənin məzmunun şəxs tərəfindən yazılmaqla və ya mətn ona aydın şəkildə oxunmaqla təsdiqlənir. Ona görə də, apelyasiya şikayətinin rədd olunmasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərid Rəhimov da, apelyasiya şikayətinə etiraz edərək, hər üç bağ sahəsinə daimi sahiblik və qulluğun kiçik qardaşları İddiaçı tərəfindən edildiyini bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 12.11.2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bilgəh qəsəbəsi, 1583 nömrəli bağ sahəsi (0.25 ha) keçmiş X10 ilə bağlanılmış 21.01.1969-cu il tarixli, 16979 nömrəli müqavilə ilə X13 (sənəddə olduğu kimi) icarəyə verilmişdir. İcarədarın vəfatından sonra ailə üzvlərinin razılığı ilə sözügedən bağ sahəsinin 0.12 ha hissəsi 1583 nömrəli bağ sahəsi kimi X6 adına keçirilmiş və onunla 29.05.1996-cı il tarixli, 16979 nömrəli müqavilə bağlanılmışdır. Bağ sahəsinin digər 0.12 ha hissəsi isə 1583a nömrəli bağ sahəsi kimi X7 adına keçirilmiş və onunla 29.05.1996-cı il tarixli, 28004 nömrəli müqavilə bağlanılmışdır. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin 05.07.2008-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin DƏDRX-yə verilməsi qərara alınmışdır. Sadıx Rəhimovun ölümündən sonra ailə üzvləri ərizə ilə Bilgəh massivi 1583 saylı bağ sahəsinin 0,12 ha X6, 0,12 ha hissəsinin isə X7 adlarına keçirilməsi üçün BTB-nə müraciət etmişlər və onun adına olan müqaviləni Birliyə təhvil vermişlər. İcarə müqavilələri tərtib edilmişdir, lakin ailə üzvlərindən Əfruzə Rəhimovanın razılıq ərizəsi olmadığı üçün möhürlə təsdiq edilməmişdir. Nikahın bağlanması, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərinə, həmçinin razılıq ərizələrinə görə 1583 nömrəli bağ sahəsinin (0.25 ha) icarədarı Sadıx Rəhimovun digər övladları olan Adilə Rəhimova və Şükufə Mustafayeva (Rəhimova) 03.12.2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizələri 1583/1584 saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun qardaşları X8 Rəhimovun adına keçirilməsinə etiraz etməmişlər. Adil Rəhimovun digər övladları Rüfət Rəhimov 03.12.2010-cu il tarixli və Fərid Rəhimov isə 07.12.2010-cu il tarixli notarial qaydada təsdi olunmuş ərizələri ilə 1583/1584 saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun qardaşları X8 Rəhimovun adına keçirilməsinə etiraz etməmişlər. Rüfət Rəhimov, 02.10.2010-cu il tarixli ərizəsində həmçinin qeyd etmişdir ki, babaları Sadıx Rəhimovun ölümündən sonra bağ sahəsinə qardaşı İddiaçı qulluq edir. 1583 saylı bağ sahəsi üzərində qardaşının mülkiyyət hüququnun tanınmasına etiraz etmir. 28 iyul 1989-cu il tarixli 16980 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1584 saylı bağ sahəsi X3 icarəyə verilmişdir. Nuriyyə Rəhimova 07.03.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə icarəsinə verilmiş həmin (1584 saylı) bağın İddiaçı adına keçirilməsinə etiraz etməmişdir. Hazırda, İddiaçı qeyd olunan sənədlərə istinad edərək, babası Sadıx Rəhimovdan və Nuriyyə Rəhimovadan qalma torpaq sahələrini təşkil edən ümumi sahəsi 0,36 ha olan bağ sahələri (1583, 1583a, 1584 saylı) üzərində sahiblik və istifadə hüquqlarının tanınmasını xahiş edir. Birinci instansiya məhkəməsi, iddianın təmin edərkən, mövqeyini belə əsaslandırmışdır ki, X4 və İstismarı Birliyinin ləğv edilməsi və onun hüquqi varisinin yaradılmaması vətəndaşın ziyanına təfsir edilə, onun qanunla və müqavilə ilə nəzərdə tutulmuş hüquqlarının pozulması ilə nəticələnə bilməz. Mübahisəli bağın icarədarının ailə üzvləri isə onun iddiaçının adına keçirilməsinə razıdırlar. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüfət Rəhimov, həmin qətnaməni mübahisələndirərək, bildirir ki, 29 may 1996-cı il tarixli icarə müqavilələri ilə babası Sadıx Rəhimovdan qalmış 1583 saylı bağ sahəsinin 0,12 ha hissəsinin onun, digər 0,12 ha hissəsinin isə atası Adil Rəhimovun istifadəsinə verilmiş və atasının ölümündən sonra həmin saylı bağ sahəsinə o qulluq etmişdir. İşdə olan 2010-cu il tarixli razılıq ərizələri isə onun tərəfindən yazılmamışdır. Ali Məhkəmə, əvvəlki apelyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv etməklə, 17.11.2020-ci il tarilxi qərarında vurğulamışdır ki, apelyasiya instansiya məhkəməsi ilkin olaraq şikayət verən şəxsin və qətnamə ilə maraqlarına toxunan digər şəxsləri müəyyən edərək prosessual şəxs (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) işə cəlb edilməsini təmin etməli, bağ sahəsinə aidiyyəti olan şəxslərin birinci kassasiya icraatında göstərildiyi kimi 0,36 ha torpaq sahəsində yerləşən 1583 saylı bağ sahəsinin ayrılmasından sonra hansı şəxslərlə icarə müqavilələri bağlanması, həmin müqavilələrin bağlanması üçün şəxslərin müvafq orqana müraciət edib etməmələri, müqavilələrin qüvvədə olub-olmamasını yoxlamalı, bağ sahələrinə kimin sahiblik etmələrini müəyyən etməli və iddiaçının iddia tələbində göstərdiyi əsaslarla iddiaya mahiyyəti üzrə qiymət verərək yekun məhkəmə aktı qəbul etməli idi. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya, Ali Məhkəmənin yuxarıdakı mövqeyini nəzərə alaraq, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə bildirir ki, Rüfət Rəhimovun istinad etdiyi iş materillarında olan 29.05.1996-cı il tarixli icarə müqavilələrinin surətlərindən görünür ki, həmin müqavilələrdə X1 və İstismarı Birliyinin səaliyyətli şəxsinin imzası və möhürü yoxdur. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu baxımdan Kollegiya hesab edir ki, 29.05.1996-cı il tarixdə tərtib olunmuş həmin icarə müqavilələri müqavilənin digər tərəfinin iradə ifadəsini əks etdirən imza və möhürlə təsdiq olunmadığından hüquqi baxımdan bağlanmamış hesab edilir ki, bu da əqdin yoxluğu halı deməkdir. Belə olan halda, yəni iddiaçının və şikayət verənin adına tərtiblənmiş etibarlı icarə müqavilələri olmadığından məhkəmə kollegiyası 1583 və 1583a saylı bağ sahələrinə münasibətdə onlar arasındakı mübahisəyə vərəsəlik qaydaları çərçivəsində qiymət verilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı işdə miras qoyan Sadıx Rəhimov 05.08.1975-ci il tarixdə öldüyü və miras həmin tarixdən açıldığı üçün onun vərəsələrdən kim tərəfindən qəbul edilməsi ilə bağlı məsələyə 11.09.1964-cü ildə qəbul edilmiş və 01.03.1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi tətbiq olunmalıdır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Həmçinin, diqqətə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Baxılan işdə 05.08.1975-ci il tarixdə vəfat etmiş miras qoyan Sadıx Rəhimovun vərəsələri Adil Rəhimov, Adilə Rəhimova və Şükufə Rəhimova olmuşdur. Miras qoyanın ölümündən sonra onun övladlarından oğlu Adil Rəhimov miras əmlakı faktiki qəbul etmişlər. Bu fakt mübahisəsiz olmaqla, eyni zamanda onun bacıları Adilə Rəhimova və Şükufə Rəhimovanın 03.12.2010-cu il tarixli razılıq ərizələri ilə təsdiqlənir. Belə olan halda, Sadıx Rəhimovdan qalmış 0,25 ha 1583 saylı (onun ölümündən sonra iki hissəyə bölünmüş və 1583 və 1583a ilə nömrələnmişdr) bağ sahəsi oğlu Adil Rəhimovun əmlakının aktivinə daxil olmuşdur. Adil Rəhimov, 19.10.2007-ci il tarixdə ölmüş və onun vərəsələri oğlanları İddiaçı, Rüfət Rəhimov və Fərid Rəhimov olmuşdur. Ondan qalmış mirasla (1583 və 1583a saylı bağ sahələri) bağlı vərəsələr arasındakı mübahisəyə isə mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq olunmalıdır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin mübahisəsiz müəyyən edilmiş hallarından görünür ki, miras qoyan Adil Rəhimovun vərəsələrindən heç biri mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddətlər daxilində notariat kontoruna ərizə ilə müraciət etməmişlər. İddiaçı, mirası faktiki olaraq özünün qəbul etdiyini bildirərək, 28.10.2010-cu il tarixdə həmin əmlaka sahiblik və istifadə hüququnun tanınması ilə bağlı hazırkı iddianı qaldırmışdır. Məhkəmə prosesi gedişində onun qardaşları olan digər vərəsələr Rüfət Rəhimov 03.12.2010-cu il tarixli və Fərid Rəhimov isə 07.12.2010-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, 1583/1584 saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun qardaşları İddiaçı adına keçirilməsinə etiraz etməmişlər. Rüfət Rəhimov, 02.10.2010-cu il tarixli ərizəsində həmçinin qeyd etmişdir ki, babaları Sadıx Rəhimovun ölümündən sonra bağ sahəsinə qardaşı İddiaçı qulluq edir. 1583 saylı bağ sahəsi üzərində qardaşının mülkiyyət hüququnun tanınmasına etiraz etmir. Eyni zamanda, mübahisəli bağ sahəsinə qonşuluqda yerləşən bağ sahələrinin sahibləri (Y.M.Salmanov, Ə.C.Cəfərov, Y.Ə.Dadaşov) də, 02.09.2010-cu il tarixli ərizələrlə məhkəməyə müraciət edərək, Adil Rəhimovun ölümündən sonra 1583/1584 saylı bağ sahəsinə onun oğlu İddiaçı fasiləsiz sahiblik və qulluq edir. Göründüyü kimi, Adil Rəhimovdan miras kimi qalmış 1583 və 1583a saylı bağ sahələrini onun vərəsəsi kimi oğlu İddiaçı qəbul etmişdir. Digər vərəsələri olan oğlanları isə, qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etməmişlər ki, bu da mirasdan imtinaya bərabər tutulur və bu onların notarial qaydada təsdiq olunmuş ərizələri ilə də təsdiqlənir. Rüfət Rəhimov isə, apelyasiya şikayətində qeyd olunan bağ sahələrinə özünün qulluq etdiyini və iş materiallarında olan razılıq ərizələrinin tərəfindən yazılmadığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı mötəbər və dəstəkləyici sübut təqdim etməmişdir. Əksinə ərizələrdə olan imzanın ona məxsus olduğunu kollegiyanın 31.03.2021-ci il tarixli iclasında bildirmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Kollegiya, onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutulmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Məhkəmə kollegiyası, Rüfət Rəhimovun 03.12.2010-cu il tarixli ərizəsinə də bu aspektdən yanaşaraq nəzərə alır ki, R.Rəhimov həmin ərzəni notariusun yanında imzalamaqla öz iradəsini ifadə etmişdir. Qeyd olunmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya, 1584 saylı bağ sahəsinə aid hissədə də apelyasiya şikayətinin dəlillərini əsaslı saymır. Ona görə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, həmin bağ sahəsi 28.07.1989-cu il tarixli, 16980 saylı icarə müqaviləsinə əsasən Nuriyyə Rəhimovanın (iddiaçının və apelyatorun əmisi arvadı) icarəsinə verilmiş və sonuncu, 07.03.2008-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə bağın hazırkı iş üzrə İddiaçı adına keçirilməsinə etiraz etməmişdir. Göründüyü kimi, 1584 saylı bağ sahəsi İddiaçı vərəsəlik qaydasında deyil, faktiki sahibinin sağlığında bağışlama qaydasında keçmişdir. Bu hal isə ona dəlalət edir ki, Rüfət Rəhimovun qeyd olunan bağ sahəsinə hər hansı hüququ yaranmadığından, həmin bağın üzərində iddiaçının sahiblik və istifadə hüquqlarının tanınması onun hər hansı hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də, R.Rəhimovun həmin bağla bağlı qorunmağa layiq haqlı bir mənafeyi yoxdur. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3616/2010 saylı iş üzrə 07 dekabr 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar