Məhkəmə qərarları › İş №2(103)-2846/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2846/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2846/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: “direktor vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “direktor vəzifəsindən azad edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Nizamnamə kapitalında mayalarının miqdarının 100 faizi Cavabdeh (bundan sonra – cavabdeh) məxsusdur.

2. İdidaçı İddiaçı (bundan sonra iddiaçı) ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 12 fevral 2016-cı il tarixli ərizəyə əsasən iddiaçı səhhəti ilə əlaqədar əmək fəaliyyətini davam etdirə bimədiyinə görə işdən azad edilməsini xahiş etmişdir.

4. İddiaçı tərəfindən Bakı şəhəri X9 Departamentinə ünvanlanmış 04 oktyabr 2017-ci il tarixli ərizədə iddiaçı 12 fevral 2016-cı il tarixdə tutduğu direktor vəzifəsindən azad edilməsi barədə ərizə yazmasına baxmayaraq, bugünədək işdən azad edilmədiyini, onun dövründə hər hansı vergi borcunun yaranmadığını, cəmiyyətin ştamp və möhürünü baş müasibə təhvil verdiyini, cəmiyyətlə hər hansı əlaqəsinin qalmadığını bildirmiş və cəmiyyətin rəhbəri barəsində tədbir görməyi xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilən arayışa əsasən İddiaçı "xxxx" MMC ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7863/2018 nömrəli, 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3716/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə onun "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(060)-7554/2019 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(105)-482/2020 saylı qətnaməsinə əsasən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etmək öhdəliyi qoyulmuşdur.

10. Bu qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(102)- 3187/2022 saylı qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən mülki işə ərazi aidiyyəti baxımından Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyil.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(105)- 1942/2022 saylı qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyun 2015-ci il tarixdə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, MMC-nin təsisçisi Cavabdeh olmuş və faktiki olaraq onun tərəfindən direktor kimi işə götürülmüşdür. Onun MMC-nin direktoru olduğu 8 ay ərzində cəmiyyətin heç bir borcu yaranmamış, əksinə müəssisənin əvvəldən yaranmış 33.064,47 manat vergi borcundan cəmi 13.201,79 manat qalmışdır. İşçi olaraq xx.xx.2016cı il tarixdən dəfələrlə təsisçi cavabdehə ərizə yazaraq direktor vəzifəsindən azad olunmaq istəyini bildirsə də, işəgötürən tərəfindən müraciətinə cavab verilməmişdir. Həmin vaxtdan da faktiki olaraq müəssisənin fəaliyyəti dayanmışdır. Dəfələrlə cavabdehə təsisçi olaraq özünü və ya başqa şəxsi direktor təyin edərək, onun direktor vəzifəsindən azad olunması ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsini tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymamışdır. Ona görə də xx.xx.2017-ci il tarixdə gücləndirilmiş imza sertifikatı ilə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil olaraq onunla müəssisə arasında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatları yerləşdirmişdir. Hazırda da əmək müqaviləsi bildirişlərinin reyestrində "xxxx" MMC-nin direktoru kimi onun məlumatları göstərilmir. Onunla təsisçi arasında münasibət işçiişəgötürən arasında yaranan münasibətdir ki, əmək qanunvericiliyinə əsasən də, işçini hər hansı üsulla və ya zorla əmək münasibətlərində qalmağa (işi, xidməti yerinə yetirməyə) məcbur etmək qadağandır və müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Müəssisənin 13.004,17 manat vergi borcu olduğundan və müəssisənin reyestr məlumatında direktor kimi onun adı qaldığından Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri X9 Departamenti ərizəsi əsasında onun ölkədən getmək hüququ müəvəqqəti məhdudlaşdırılmışdır. Onun xx.xx.2015-ci il tarixdə cəmiyyətin direktoru vəzifəsinə təyin olunmasına razılıq verməsi cəmiyyətin əvvəldən yaranmış 33.064,47 manat vergi öhdəliyini öz üzərinə götürməsi deyil. Qanunvericilikdə də bunun əksini göstərən norma yoxdur. Reyestrdə olan məlumatlarda qanuni işçi olaraq qaldığından və onun təqsiri olmadan hüquqi şəxsin yaranmış vergi borcuna görə ölkədən çıxışına qadağan qoyulmaqla hüquqları pozulmuşdur. Hazırda faktiki və hüquqi baxımdan "xxxx" MMC-nin işçisi (direktroru) sayılmır. Buna baxmayaraq, direktor olaraq onun rekvizitləri göstərildiyindən vergi orqanı, o cümlədən məhkəmələr tərəfindən hüquqları kobudcasına tapdalanmaqdadır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh üzərinə İddiaçı "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulmuşdur. (hakim X4)

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır və cəmiyyətin icra orqanlarını yatarmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Lakin cəmiyyətin yeganə iştirakçısı olan cavabdeh tərəfindən heç bir əsas olmadan ümumi yığıncaq çağırılaraq, iddiaçının qaldırdığı məsələ üzrə qərar qəbul edilməmiş və bu barədə dövlət qeydiyyatı orqanına müraciət edilməmişdir. Bu isə öz növbəsində üçüncü şəxs tərəfindən cəmiyyətin təsis sənədlərində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasına əsas vermədiyindən iddiaçı iradəsinə zidd olaraq reyestr məlumatlarında faktiki olaraq cəmiyyətin qanuni təmsilçisi kimi qalmaqdadır. İddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu cəmiyyətin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, lakin, işəgötürən tərəfindən onun müraciətinə cavab verilməmişdir. Dəfələrlə cavabdeh təsisçisi olaraq özünü və ya digər şəxsləri cəmiyyətin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunmağı ilə bağlı müəssisənin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməsini tələb etməsinə məhəl qoymamışdır. İşin hallarından da göründüyü kimi, iddiaçı 28 iyul 2015-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, dəfələrlə ərizə ilə cəmiyyətə müraciət edərək onun işdən azad edilməsini xahiş etsə də, ərizəsi cavabsız qalmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulduğundan iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının "xxxx" MMC-nin direktoru (qanuni təmsilçi) vəzifəsindən azad olunması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədlərin cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək öhdəliyi qoyulmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, 71ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu, 87-ci, 91.-ci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, Əmək Məcəlləsinin 3-cü, 42-ci, 68-ci, 69-cu, 287-ci, 288-ci, 289-cu, 290-cı, 292-ci və Azərbaycan Respublikası Mülki Prosseaul Məcəlləsinin 14-cü, 77-ci, 217-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən əmək müqaviləsinin pozulması ilə bağlı yazılı ərizə, yaxud şifahi müraciət edilməmişdir. Onun işə götürməsi barədə əmri işəgötürən olaraq cavabdeh təsisçi kimi verdiyindən onun işdən azad olunması əmrini də təsisçi verə bilərdi. Yalnız belə əmr veriləndən sonra reyestr məlumatlarında müvafiq dəyişiklik aparıla bilər. İddiaçı ərizə verməkdən, təhviltəslim aparılmasından yayınaraq əsassız iddia qaldırmış və məhkəmə qanunsuz olaraq bu iddianı təmin etmişdir. İddiaçının özü özünün işdən azad etmək səlahiyyəti olmamışdır. Məhkəmə də toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı heç bir tələbi olmamış və hazırda da onunla şirkət arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Bundan əlavə, işçinin işdən azad edilməsi üçün müvafiq təhviltəslim proseduru həyata keçirilməmişdir. Hazırda möhür qarşı tərəfdədir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işin baxılmasının başqa vaxta keçirilməsini və ya işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

20. İştirak etdiyi məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, işdən azad edilməyi ilə bağlı dəfələrlə rəsmi və qeyri-rəsmi formada şirkətin təsisçisinə müraciət etmiş, lakin heç bir reaksiya verilməmişdir. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, onun qarşı tərəflə 2019-cu ildən məhkəmə mübahisəsi davam edir. "xxxx" MMC ilə heç bir əmək münasibəti qalmamış və əmək müqaviləsinə də xitam verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

21. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə da apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, İddiaçı 2016-cı ilin fevral ayından etibarən "xxxx" MMC-yə tutduğu direktor vəzifəsindən azad edilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin, iddiaçının şirkətə təhvil verməli olduğu heç bir əmlakı olmamış, möhürün təhvil verilməsi ilə bağlı isə qarşı tərəfin heç bir qarşılıqlı iddiası da olmamışdır. Hazırda isə onların iddia tələbinə baxılır və tələbləri də konkretdir. İş materillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq məktubuna əsasən də təsisçi yeni qanuni təmsilçi ilə bağlı məlumatları təqdim etdiyi halda iddiaçı ilə bağlı məlumatlar reyestrdən silinə bilər.

22. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, habelə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs isə ümumiyyətlə nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə tərəflərin lazımi qaydada məlumatlandırılmasını, o cümlədən cavabdeh tərəfin ərizəsini nəzərə alıb apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır; 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər; 91.2-ci maddəsinə əsasən cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir; 91.3-cü və 91.3.2-ci maddələrinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir; 91-2.1-ci maddəsinə əsasən cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir.

24. Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun: 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər; 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir; 5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir; 5.4-cü və 5.4.1-ci və 5.4.6-cı maddələrinə əsasən ərizəyə, həmçinin, təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), habelə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir; 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır; 14.1-ci və 14.1.7-ci maddələrinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir; 20.4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir; 223.3-cü maddəsinə əsasən həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, hüquqi şəxsin təsis edilməsi və onun nizamnaməsinin təsdiq edilməsindən sonra həmin nizamnaməyə uyğun olaraq onun idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən qanuni təmsilçisinin təyin edilməsi barədə qərar qəbul edilir. Belə ki, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə ünvanlanan ərizə həmçinin, həmin şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmalı və ərizəyə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Bu da öz növbəsində qanuni təmsilçinin bu prosesdən əvvəl təyin edilməsini şərtləndirir. Dövlət reyestrində aparılan yazıda isə reyestrə daxil edilmiş qurumun qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatların da əks etdirilməli olması göstərilmişdir. Həmçinin, dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxsin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi dəyişdikdə bu barədə hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatın aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsinin zəruriliyi təsbit edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericilikdə hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxsin təyin edilməsi, onun barəsində aidiyyəti məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi və bu vəzifəni tutan şəxs dəyişdikdə bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi imperativ qaydada müəyyən edilmişdir.

31. "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin direktorunu təyin etmək və vəzifədən azad etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. "xxxx" MMC təsis edildikdən və onun nizamnaməsi təsdiq edildikdən sonra nizamnaməyə uyğun olaraq onun qanuni təmsilçisi (direktoru) təyin edilmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının xx.xx.2015-ci il tarixli qərarı ilə bu vəzifəyə məhz iddiaçı işə qəbul edilmiş və qərara uyğun olaraq cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş bu dəyişikliyin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidmətinin) aidiyyəti qurumuna müraciət edilmişdir. Nəticədə dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Cavabdehə ünvanlanmış 12 fevral 2016-cı il tarixli ərizəyə əsasən iddiaçı səhhəti ilə əlaqədar əmək fəaliyyətini davam etdirə bilmədiyinə görə işdən azad edilməsini xahiş etmişdir. Lakin müraciətinə uyğun olaraq onun direktor vəzifəsindən azad edilməsi üçün təkbaşına təsisçi olan cavabdeh tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülməmiş, o cümlədən ümumi yığıncaq keçirilməmiş və müvafiq qərar qəbul edilməmişdir. Ötən dövr ərzində bundan imtinanın səbəbləri barədə də cavabdeh tərəfindən iddiaçıya hər hansı məlumat verilməmişdir.

32. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, həmin vəzifəyə təyinatın aparılması məsələsində cəmiyyətin, o cümlədən onun təsisçisinin hər hansı bir çətinliklə üzləşməsi, o cümlədən bu vəzifəyə real olaraq hər hansı namizədin olmaması bu məsələnin açıq qalmasına əsas ola bilməz. Belə ki, bu sahəni tənzimləyən qanunvericilik bu vəzifəyə cəmiyyətin təsisçisinin özünün təyin edilməsini də qadağa etmir. İddiaçı ilə cəmiyyət (onun təsisçisi) arasında mövcud olan əmək münasibətlərinə də xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. İddiaçı artıq uzun müddətdir ki, həmin vəzifəni tutmaq istəmir, onun bu vəzifəni tutması formal xarakter daşıyır. Hüquqi nəticə etibarı ilə iddiaçı öz iradəsinə zidd olaraq direktor vəzifəsini tutur. Cəmiyyətə aid hər hansı əmlakın, habelə cəmiyyətin möhürünün onda olması müəyyən edilmir. Tutduğu vəzifədən azad edilməsini tələb etmək onun hüququdur, bu hüququn məhdudlaşdırılması üçün də hər hansı əsas mövcud deyil. Onun reallaşdırılması vəzifəsini nizamnaməyə əsasən də məhz cəmiyyətin təsisçisi daşıyır (məsələnin ümumi yığıncaqda həll edilməsi yolu ilə).

33. Bununla belə, iddiaçı dəfələrlə qanuni təmsilçisi olduğu MMC-nin təsisçisi olan cavabdehə ərizə ünvanlayaraq, onun direktor vəzifəsindən azad olunmaq istədiyini bildirmiş, lakin, cavabdeh onun müraciətinə cavab verməmiş, həmçinin, aidiyyəti tədbirlər görərək, özünü və ya digər şəxsləri MMC-nin direktoru vəzifəsinə təyin edərək, onun direktor vəzifəsindən azad olunması ilə bağlı cəmiyyətin reyestr məlumatlarında dəyişiklik etmək barədə vergi orqanına müraciət etməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar