Məhkəmə qərarları › İş №2(103)-2847/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2847/2021

12.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2847/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “abonent adının düzəldilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5367/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin elektron bazasında yol verilmiş yanlışlığın aradan qaldırılması və **********00094 saylı abunə kodu üzrə abonentin adının "X2" olaraq düzəldilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin elektron bazasında yol verilmiş yanlışlığın aradan qaldırılması və **********00094 saylı abunə kodu üzrə abonentin adının "X2" olaraq düzəldilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” ASC-dən onun xeyrinə tutulması və elektrik enerjisindən istifadəyə görə cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 826,87 manat məbləğində debitor borcun iddiaçıya məxsus abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 11 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir və həmin ünvanda sayğac quraşdırılması ilə bağlı Cavabdeh ASC ilə aralarında müqavilə bağlanaraq sayğac quraşdırılmış və **********00094 abunə kodu verilmişdir. İddiaçı hər zaman işıq borcunu vaxtı-vaxtında ödəmiş və heç vaxt işıq borcu olmamışdır. Lakin xx.xx.2018-ci il tarixində cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində iddiaçının borcunun olduğu göstərilmişdir. Bu məsələnin aydınlaşdırılması üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciətə verilən cavab iddiaçını qane etmədiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir, lakin həmin vaxt məlum olmuşdur ki, iddiaçının ata adı abunə hesabında Sabir əvəzinə Mehrab yazılmışdır. Bundan sonra iddiaçı “xxxx” ASC-yə ərizə ilə müraciət edərək elektron bazada yol verilmiş yanlışlığın aradan qaldırılmasını tələb etsə də, müraciətləri nəticəsiz qalmışdır. Sonuncu müraciətinə cavab olaraq "ASAN Xidmət”'lə İş və Elektron İdarəetmə departamentindən iddiaçıya məktub ünvanlanaraq bildirilmişdir ki, "sizin “xxxx ” ASC-yə ünvanladığınız məktubla əlaqədar aşağıdakıları bildiririk ki, “ASAN Xidmət” və “xxxx ” ASC-nin birgə hazırladığı reqlamentdəki "Əhali istehlakçısının ad dəyişdirilməsi xidmətində” qeyd olunur ki, borc aşkar olunduğu halda əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilmir (Yalnız abonent kodunun ər və arvadın adma keçirilmə halları istisna olmaqla)”. Cavabdehin məktubu tamamən əsassızdır. Belə ki, iddiaçı müraciətində **********00094 saylı abunə kodu üzrə abonentin adının dəyişdirilməsini deyil, ata adına düzəliş edilməsini tələb etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki. "düzəliş” ilə "dəyişdirilmə” tamamilə fərqli hüquqi anlayışlar olmaqla fərqli tənzimetmə qaydalarına malikdir. Cavabdeh isə bu iki anlayışı qarışdırmaqla səhvə yol vermişdir. Bu isə iddiaçının abunə hesabı ilə bağlı hüquqlarının həyata keçirilməsinin əsassız yerə məhdudlaşdırılması ilə nəticələnmişdir. İlk dəfə abonent qeydiyyatı iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsi və aralarında bağlanmış müqavilə əsasında aparılmışdır. Həmin sənədlərdə də ata adı Sabir olaraq qeyd edilmişdir. Lakin Mehrab yazılmasının səbəbi iddiaçıya izah edilmir və bununla bağlı hüquq müəyyənedici sənədlər iddiaçıya təqdim edilmir. Həmin sənədlərə baxış keçirilməklə iddianın əsaslılığı müəyyən edilə bilər. Bundan başqa, iddiaçı hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkil ilə aralarında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən vəkilə 500 (beş yüz) manat məbləğində qonorar ödənilmişdir. Vəkil tərəfindən iddiaçıya hüquqi məsləhətlər edilmiş, həmçinin iddia ərizəsi yazılmış, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. İddia təmin edildiyi təqdirdə hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5367/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC-nin elektron bazasında yol verilmiş yanlışlığın aradan qaldırılması və **********00094 saylı abunə kodu üzrə abonentin adının "İddiaçı" olaraq düzəldilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi, 520,28 manat borcun əsassız hesab edilərək İddiaçı **********00094 nömrəli abunə hesabından silinməsi, vəkilin göstərdiyi yardıma görə 300 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Pərviz Hüseynov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5367/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4742/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: Fuad Babayev). Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-4556/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4742/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən: Zaur Əliyev). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Abdullayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını Ali Məhkəmənin göstərişləri ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh “xxxx” ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini xx.xx.2019-cu il tarixində poçt xəbərnaməsinə (i.v. 74) imza etməklə qəbul etmişdir. Belə olan halda, xx xxxxxx 2020-ci il qeyri-iş günü (ümumxalq hüzn günü) olduğundan cavabdehin apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddətin son günü xx.xx.2020-ci il tarixidir. Lakin, iş materiallarında olan zərfin əslindən (i.v. 85) görünür ki, apellyasiya şikayəti poçta xx xxxxxx 2020-ci il tarixində verilmişdir. Odur ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti 1 gün ötürmüşür. Cavabdeh kassasiya şikayətinə şikayətin poçta xx.xx.2020-ci il tarixində verilməsini göstərən qəbzin surətini (i.v. 96) əlavə etsə də, kollegiya hesab edir ki, şikayətin xx.xx.2020-ci il tarixində poçta verilməsini göstərən zərf, şikayətin xx.xx.2020-ci il tarixində poçta verilməsini göstərən qəbzin surətindən daha mötəbər hesab edilməlidir. Kollegiya iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi F.Abdullayev zərfin əsli ilə qəbzin surətində tarixlər arasında uyğunsuzluğun olmasına aydınlıq gətirə bilməmiş və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5367/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar