Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2847/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7061/2021 saylı, 15.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə (bundan sonra rayon məhkəməsi) müraciət edərək, cavabdehdən 38.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7061/2021 saylı, 15.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə, iddia müddəti tətbiq olunmaqla təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, tərəflər arasındakı münasibətləri düzgün müəyyənləşdirə bilməmiş, tədqiq etdiyi sübutları obyektiv qiymətləndirməmiş, xüsusən də iddia müddətinin hesablanmasında səhvə yol vermiş və nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Y.Hüseynov apellyasiya şikayətini müdafiə edərək və iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, tərəflər yaxın münasibətlərdə olmuşlar, cavabdeh 2014-cü ildə ondan borc olaraq 30.000 manat məbləğində pul istəmiş, tərəflər həmin məbləğdə borca dair razılığa gəlmiş, həmin vaxt iddiaçının nəğd şəkildə pulu olmadığından o, cavabdehə 30.000 manat pulun əvəzində borc olaraq, həmin dəyərdə olan 437 kv.m ölçüdə oniks növlü mərmər-qranit tikinti daşı vermiş, cavabdeh də 30.000 manat məbləğində borcun bir neçə ay ərzində ona qaytarılması barədə vəd versə də, borcun qaytarılmasını ləngitmiş, hər dəfə pulun ödənilməsini tələb etdikdə cavabdeh ondan möhlət istəmiş, iddiaçı da onunla razılaşaraq borcun qaytarılması müddətini uzatmış, bir müddət sonra cavabdeh ona nəğd pul əldə edə bilmədiyindən, borcunu naturada mərmər daş verməklə qaytarmaq istədiyini bildirmiş, iddiaçı həmin mərmərlərə baxaraq onların keyfiyyətsiz olması səbəbindən onu borc əvəzi qəbul etməmiş, daha sonra cavabdeh borcunu bağlamaq üçün işgüzar münasibətdə olduğu Sumqayıt şəhərində yaşayış binası inşa edən şirkətin direktoru kimi özünü təqdim edən Ülviyyə adlı şəxslə iddiaçını tanış etmişdir. Aralarında söhbət zamanı belə razılığa gəlmişlər ki, cavabdeh ona borclu olduğu 30.000 manatın əvəzində həmin tikinti şirkətinə mərmər daş verəcək, iddiaçıya isə əlavə 18.000 manat ödəniş etməsi müqabilində həmin binadan dəyəri 48.000 manat olan iki otaqlı mənzil veriləcəkdi. İddiaçı da cavabdehə inanıb bu şərtlərlə razılaşmış və 8.000 manat məbləğində pulu dərhal cavabdehə vermiş, qalan 10.000 manatı isə sonra verəcəyini bildirmiş, lakin sonradan o, mənzilin satılması ilə bağlı məsələnin yalan olduğunu və aldadıldığını müəyyən etmiş, Ülviyyə adlı şəxslə də onu cavabdeh tanış etdiyindən 8.000 manat məbləğin qaytarılmasını da ondan tələb etmiş, cavabdeh də, ümumilikdə, ona 38.000 manat məbləğində borcunun olduğunu qəbul etmiş və heç vaxt bunu inkar etməmiş, hər zaman etiraf edərək ödəyəcəyini bildirmiş, sonuncu dəfə polisdə aparılan araşdırmalar zamanı da ona 38.000 manat borcu olduğunu etiraf etmişdir. Hesab edir ki, cavabdeh hər dəfə öhdəliyin icrası üçün möhlət istəməsi, eləcə də borcunu müxtəlif üsullarla icra etməyə yönəlik hərəkətlər etməsi, sonuncu dəfə isə polisdə borcunu etiraf edərək bir neçə aya qaytaracağına dair yazılı izahat verməsi səbəbilə, iddia müddətinin axımı müvafiq olaraq cavabdehin hər belə hərəkəti ilə kəsilmiş, rayon məhkəməsi isə müddətin hesablanması zamanı bu mühüm halları nəzərə almamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən isə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı borcunun qaytarılmaması səbəbindən Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə Cavabdeh şikayət etmişdir. Onun şikayəti əsasında aparılmış araşdırmanın nəticələri üzrə 07.02.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı iddia ərizəsində göstərilən məzmuna oxşar məzmunda izahat vermişdir. Həmçinin 8.000 manat pulu Ülviyyə adlı şəxsə verdiyini bildirmişdir. Cavabdeh isə öz izahatında bildirmişdir ki, İddiaçı təxminən 10 il bundan qabaq tanımış, 2014-cü il tarixdə işləri cəriməyə düşdüyünə görə o, Oktaydan borca 30000 manat pul istəmişdir. Onu da əlavə etmişdir ki, onların arası o qədər yaxın olmuşdur ki, onlar bir-birlərinə hər zaman maddi durumları ilə əlaqədar köməklik etmişlər. O, Oktaydan pul istəyən zaman, Oktay ona bildirmişdir ki, onun hal-hazırda o qədər pulu yoxdur. Sadəcə əlində böyük miqdarlı mərmər-qranit avadanlıqları var. Borca pulun əvəzinə mərmər-qranit daşı verə bilər ki, cavabdeh gedib onu pula çevirsin. Onlar razılaşmış, Oktay ona 30.000 azn pulun əvəzində mərmər qranit tikinti daşları vermişdir. O, Oktaya pulu yaxın aylar ərzində qaytaracağını desə də, işləri daha geri getdiyinə görə Oktaya dediyi vaxtda pulu verə bilməmişdir. Ölkədə baş verən iki devalvasiyaya görə, o, imkan cəhətdən çox pis vəziyyətə düşmüş, hətta özünə məxsus evini satıb elə həmin evdə də hal-hazırda icarədə yaşayır. Lakin Oktay ona tez-tez zəng edib pulunu tələb edirmiş, o, hər dəfə pulu qaytarmağa söz vermiş, lakin alındıra bilməmişdir. O, Oktayın pulunu qaytarmaqdan ötrü, müxtəlif yollara əl atsa da, bir şey alınmırmış. Oktaya pulun əvəzində mərmər-qranit daşı vermək istəsə də, Oktay həmin avadanlıqlara baxıb, keyfiyyətsiz olduğunu, o daşları pula çevirməyin çox çətin olduğunu bildirmişdir. Ona görə onlar razılığa gələ bilmirmiş. Günlərin bir günü o, Ülviyyə adlı qadınla münasibət qurmuş, eşitmişdir ki, həmin qadın bina tikintisi ilə məşğuldur. O,onunla görüşüb iş görmək istədiyini bildirmişdir. Rüfət ona təklif edir ki, o, qadının tikinti şirkətinə mərmər-qranit daşı versin, onun əvəzində ona ev verilsin. Ülviyyə də onunla razılaşmışdır. Bu söhbətlər təxminən 2018-ci ilin yay aylarında olmuşdur. O, Ülviyyəylə söhbətdən sonra sevinib, dərhal Oktaya bu barədə demiş, Oktay da onunla razılaşmışdır. Onlar Oktayla, bir yerdə gəlib Ülviyyə oturan ofisdə bu barədə söhbət etmişlər. Ülviyyə Oktaya bildirmişdir ki, Sumqayıt şəhərində 69,5 kv.m olan, 48.000 manat dəyərində ev var. Rüfət ona borclu olduğu 30.000 manatın əvəzində Ülviyyəyə daş versin, qalan 18.000 manat pulu da Oktay ödəsə, ev ona qalsın. Oktay razılaşmış və ofisdə 8000 manat Ülviyyəyə pul vermişdir. Ondan sonra o, onların arasında olan söz söhbətlərdən xəbəri olmamışdır. Üzərindən bir müddət keçəndən sonra, Oktay ona zəng vuraraq Ülviyyənin onu aldatdığını bildirmişdir. Sonra isə bildirmişdir ki, ona 30.000 manat, yox 38.000 manat borcu var. Ona görə belə demişdir ki, onu Ülviyyə ilə o tanış etmişdir, ona görə də 8000 manat onun boynunda qalmışdır. O, Oktayla razılaşıb, öz səhvini də başa düşəndən sonra, onunla razılaşıb 38.000 manat Oktaya borclu olduğunu etiraf etmişdir. Hal-hazırda da Oktaya 38.000 azn borcu var. Yaxın 2-3 ay ərzində əlindən gələni edib ona borclu olduğu 38.000 manat pulu qaytaracağına söz vermişdir. Mülki işin 35-36 vərəqlərində olan 12.11.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh rayon məhkəməsinə müraciət edərək İddiaçı ona qarşı borc tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Həmin ərizədən görünür ki, cavabdeh iddiaçı ilə aralarında borc münasibətlərinin olmasını, iddiaçıya borcunun olmasını, eləcə də borcun məbləğini mübahisələndirməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmaqla iddia təmin edilməlidir. Məlum məsələdir ki, istənilən mülki mübahisənin düzgün həlli ilk növbədə iddia tələbinin qanuni əsasının düzgün müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, iddia tələbinin qanuni əsasının tapılması zamanı məhkəmə tərəfin bildirməsindən qətiyyən asılı deyildir və bu məsələ müstəsna olaraq məhkəmənin vəzifəsinə aid olan məsələdir, başqa sözlə, tələbin qanuni əsasını məhkəmə özü müəyyən etməlidir. Mübahisələndirilən qətnamədən bəlli olur ki, rayon məhkəməsi bu vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iş üzrə tərəflər arasındakı mövcud münasibətləri düzgün müəyyənləşdirə bilməmiş, həmin münasibətləri nisyə alğı-satqı kimi qiymətləndirmişdir. Baxmayaraq ki, hazırkı işdə iddiaçı bildirir ki, o, tərəflə yaxın münasibətlərdə olmuş, cavabdeh 2014-cü ildə ondan borc olaraq 30.000 manat məbləğində pul istəmiş, tərəflər həmin məbləğdə borca dair razılığa gəlmiş, həmin vaxt iddiaçının nəğd şəkildə pulu olmadığından o, cavabdehə 30.000 manat pulun əvəzində borc olaraq, həmin dəyərdə olan 437 kv.m ölçüdə oniks növlü mərmər-qranit tikinti daşı vermiş, cavabdeh də 30.000 manat məbləğində borcun bir neçə ay ərzində ona qaytarılması barədə vəd versə də, borcun qaytarılmasını ləngitmiş, hər dəfə pulun ödənilməsini tələb etdikdə cavabdeh ondan möhlət istəmiş, iddiaçı da onunla razılaşaraq borcun qaytarılması müddətini uzatmış, bir müddət sonra cavabdeh ona nəğd pul əldə edə bilmədiyindən, borcunu naturada mərmər daş verməklə qaytarmaq istədiyini bildirmiş, iddiaçı həmin mərmərlərə baxaraq onların keyfiyyətsiz olması səbəbindən onu borc əvəzi qəbul etməmiş, daha sonra cavabdeh borcunu bağlamaq üçün işgüzar münasibətdə olduğu Sumqayıt şəhərində yaşayış binasını inşa edən şirkətin direktoru kimi özünü təqdim edən Ülviyyə adlı şəxslə iddiaçını tanış etmişdir. Aralarında söhbət zamanı belə razılığa gəlmişlər ki, cavabdeh ona borclu olduğu 30.000 manatın əvəzində həmin tikinti şirkətinə mərmər daş verəcək, iddiaçı isə əlavə 18.000 manat ödəniş etməsi müqabilində həmin binadan dəyəri 48.000 manat olan iki otaqlı mənzili verəcəkdi. İddiaçı da cavabdehə inanıb bu şərtlərlə razılaşmış və 8.000 manat məbləğində pulu cavabdehin deməsi ilə dərhal vermiş, qalan 10.000 manatı isə sonra verəcəyini bildirmiş, lakin sonradan o, mənzilin satılması ilə bağlı məsələnin yalan olduğunu və aldadıldığını müəyyən etmiş, Ülviyyə adlı şəxslə də onu cavabdeh tanış etdiyindən 8.000 manat məbləğin qaytarılmasını da ondan tələb etmiş, cavabdeh də, ümumilikdə ona 38.000 manat məbləğində borcunun olduğunu qəbul etmiş və heç vaxt bunu inkar etməmiş, hər zaman etiraf edərək ödəyəcəyini bildirmiş, sonuncu dəfə polisdə aparılan araşdırmalar zamanı da ona 38.000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdehin rayon məhkəməsinə təqdim etdiyi 12.11.2021-ci il tarixli yazılı ərizəsindən görünür ki, o, iddiaçıya borclu olduğunu, həmin öhdəliyini icra etmədiyini, eləcə də borclu olduğu pulun məbləğini mübahisələndirməmişdir. Cavabdeh həmin ərizəsində yalnız iddia müddətinin ötürülməsinə istinad etmiş və yalnız bu əsasla iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Belə olan halda tərəflər arasında borc münasibətlərinin olması, cavabdehin həmin öhdəliyini icra etməməsi, borcun məbləğinin 38.000 manat olması, eləcə də tərəflər arasında borcun qaytarılması-öhdəliyin icrasına möhlət verilməsi barədə razılaşmanın əldə olunması, habelə bu müddət ərzində və ayrı-ayrı vaxtlarda cavabdehin borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi hazırkı işin mübahisəsiz haları kimi müəyyən olunur. Hazırda iddiaçı cavabdehdən icra edilməmiş öhdəliyin icrasın, yəni həmin 38.000 manat pulunun qaytarılmasını tələb edir. Belə olan halda isə aşkar məlum olur ki,hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsi təşkil edir. Həmin normanın tələbinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı(borc alan) isə aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür(maddə 739.1). Mülki Məcəlllənin 389.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır(maddə 740.1.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(maddə 14.2). Məhkəmə kollegiyası qeyd edir ki, rayon məkəməsi hazırkı iddia tələbini rədd edərkən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə əsaslanmaqla, ümumən iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Bunula belə, rayon məhkəməsi qətnaməsində 8000 manata münasibətdə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranmadığını müəyyən etmiş, lakin sonda həmin məbləğə münasibətdə də iddia müddətini tətbiq etmiş, bununla da zidiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Əvvəla, rayon məhkəməsi nəzərə almamışdır ki, iddia müddəti yalnız əsaslı, yəni keçərli olan tələblərə tətbiq oluna bilər. Əsassız olan tələblər yalnız əsassız olmasına görə rədd edilməlidir. Başq sözlə, əsassız olan tələbə iddia (və ya hər hansı digər müddət) müddəti tətbiq edilə bilməz. Bundan başqa, nəzərə aımaq lazımdır ki, hər hansı tələbə münasibətdə iddia müddətinin tətbiqinin istənilməsi, yəni iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi, öz-özlüyündə həmin tələbin əsaslı olması, eləcə də tələb sahibinin həmin hüququnun məhz müvafiq ərizəni vermiş şəxs tərfindən pozulmasını göstərir. Mülki Məcəllədə iddia müddəti ilə bağlı fəslində iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin müəyyənləşdirilməsi, iddia müddətinin tətbiqi, iddia müddətinin başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin bərpası, iddia müddətinin tətbiq edilmədiyi tələblər və sair məsələlər tənzimlənir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır,fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür. Bundan sonra isə qanunla (və ya tərəflərin razılaşdığı) müddət daxilində müddətin axımının dayandırılması və ya onun axımının kəsilməsinin baş verib-vermədiyi müəyyən olunmalıdır. Yalnız qeyd edilən tələblərə əməl olunmaqla müdətin ötürüldüyü müəyyən edildikdə, bu əsasla iddiadan imtina barəsində qərar çıxarıla bilər. Hazırkı iş üzrə qətnamədən bəlli olur ki, rayon məhkəməsi müddətin axımının başlanması gününü 31.05.2015-ci il, müddətin sonuncu gününü isə 31.05.2018-ci il olaraq müəyyən etmiş, iddia ərizəsinin məhkəməyə 06.09.2021-ci ildə daxil olmasına istinadən, sadə riyazi hesablama apararaq, müddətin keçməsi qənaətinə gəlmişdir. Halbuki, iddiaçının iddia müddəti ərzində dəfələrlə cavabdehdən pulunu tələb etməsi, cavabdeh hər dəfə möhlət istəməsi, baş vermiş iki devalvasiyadan (ikinci devalvasiya 21.12.2015-ci il tarixində baş vermişdir) sonra cavabdehə borcunu qaytarmaq üçün “..müxtəlif yollara əl atması, bir şeyin alınmaması...”, bundan sonra cavabdehin iddiaçıya borcun əvəzi olaraq mərmər-qranit daşı təklif etməsi, daha sonra cavabdeh borcun əvəzi olaraq iddiaçıya Sumqayıt şəhərində iki otaqlı mənzil təklif etməsi, bu təklifin 2018-ci ilin yay aylarında baş verməsi, daha sonra isə cavabdehin iddiaçıya 38.000 manat borcunun olduğunu etiraf edərək yaxın 2-3 ay ərzində bu borcunu qaytaracağına söz verməsi, başqa sözlə, cavabdehin ardıcıl olaraq borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddiaçının bildirdikləri ilə yanaşı, Nərimanov RPİ-nin 07.02.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında, həm də cavabdehin öz izahatları ilə aşkar təsdiq olunur. Beləliklə də, cavabdehin qeyd olunan hərəkətlərinin hər birini ayrı-ayrılıqda MM-in 380.1. maddəsinin ikinci cümləsinin təsiri altında düşməsi, demək ki, həm də iddia müddətinin axımını kəsməsi şəksiz müəyyən olunur. Qanunun tələbinə görə də fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir(maddə 380.2.). Cavabdeh özü etiraf edir ki, o, ikinci devalvasiyadan, yəni 21.12.2015-ci ildən sonra(məlum məsələdir ki 2016-ci ildə) borcunu qaytarmaq üçün“..müxtəlif yollara əl atması, bir şey alınmamış...”, daha sonra, demək ki, 2016-2018-ci illər arasında iddiaçıya mərmər-qranit daşı təkif etmiş, 2018-ci ilin yay aylarında isə iddiaçıya mənzil təklif etmişdir. Sonuncu dəfə isə polisdə izahat verərkən, yəni 07.02.2019-cu il tarixində cavabdeh iddiaçıya 38.000 manat borcunun olduğunu etiraf edərək, yaxın 2-3 ay ərzində bu borcunu qaytaracağınıa söz vermişdir. Beləliklə də,müddətin axımının başlanmasını rayon məhkəməsini müəyyən etdiyi 31.05.2015-ci ildən hesablandıqda müəyyən olunur ki, iddia müddəti daxilində müddətin axımı bir neçə dəfə kəsilmişdir. Ən adi riyazi hesablama ilə də müəyyən olunur ki, müddəti axımının hər kəsilməsindən(fasilədən) sonra hesabladıqda, 07.02.2019-cu il tarixinədək üç illik müddət ötürülməmişdir. Artıq müəyyən olunduğu kimi, sonuncu dəfə müddətin axımı 07.02.2019-cu ildə kəsilmidir. İddiaçı isə hazırkı iddiasını 06.09.2021-ci il tarixində məhkəməyə təqdim etmişdir ki, bu da müddətin sonuncu axımının başlanmasından 2 il, 6 ay, 1 gün təşkil edir. Demək ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi üçün qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsi tərəfindən iddiaçının Sumqayıt şəhərində mənzil tikintisi ilə məşğul olan Ülviyyə adlı şəxsə vermiş olduğu 8000 manata münasibətdə cavabehin hər hansı öhdəliyinin yaranmamasına dair gəldiyi qənaətlə də razılaşmır və bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, iddiaçının həmin pulun mənzil tikintisi ilə məşğul olan Ülviyyə adlə şəxsə hansı şəraitdə və başlıcası isə hansı məqsədlə verdiyini nəzərdən qaçırmaq olmaz. Mülki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçı həmin şəxsi tanımamış, onunla hər hasnı münasibəti olmamışdır, o, cavabdehin ona olan borcunun qaytarılması adı ilə düşünülmüş təklifinin “qurbanı” olmuş, uzun müddət qaytarılmayan borcunun nəhayət cavabdehin təklif etdiyi qaydada, yəni əlavə 18000 manat ödəməklə, cavabdehin 48000 manata razılaşdırdığı mənzili Ülviyyə adlı şəxsdən almaq istəmiş və bu məqsədlə də həmin 8000 manatı ödəmişdir. Az sonra isə aldadıldığını bimıiş və həmin pulu da cavabdehdən tələb etmişdir. Cavabdeh də heç bir etiraz və tərəddüd etmədən həmin pulu qaytarılması öhdəliyinin də özünə aid olduğunu bildirmiş və bu öhdəliyi üzərinə götürmüşdür.Çünki həmin pulun iddiaçı tərəfindən üçüncü şəxsə verilməsi, məhz cavabdehin iddaçı qarşısında olan borc öhdəliyinin icrası məqsədi ilə və bilavasitə cavabdehin təşəbbüsü və təklifi nəticəsində olmuşdur. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Hazırkı halda 8.000 manat məbləğlə bağlı öhdəliyin borclu tərəfindən şəxsən icrası tələb edilmədiyindən, öhdəlik üçüncü şəxs tərəfindən icra edilə bilər. MM-in 390-cı maddəsində müqavilə azadlığı təsbit olunmuşdur. Normanın tələbinə görə müqavilə bağlamağa məcbur etməyə yol verilmir, lakin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulmuş hallar istisna təşkil edir (MM, maddə 390.3). Güründüyü kimi, həm işin faktiki halları, həm də maddi hüquq normalarının tələbləri baxımında iddia tələbinin 8000 manata dair hissəsinə münasibətdə də cavabdehin öhdəliyi yaranmışdır. Belə olan halda məlum olur ki, rayon məhkəməsi iddia tələbinin 8000 manat hissəsinə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Həmin məbləğə aid hissədə də iddia tələbinə müddəti tətbiq edən rayon məhkəməsinin səhvə yol verdiyi, müddətin ötürülmədiyi yuxarıda əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməli, cavabdehdən 38.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar düzgün və obyektiv qiymətləndirilmədiyindən, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, cavabdehdən 38.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat olmaqla, cəmi 45 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-7061/2021 saylı, 15.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh 38.000 (otuz səkkiz min) manat və 45 (qırx beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2847/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2847/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver