Məhkəmə qərarları › İş №2(103)-2847/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2847/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2847/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X8 ibarət tərkibdə, Məhkəmə katibi Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, Cavabdeh və mübahisə premeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-524/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 234426 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 adına xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2005-ci il tarixində qeydiyyatdan keçmişdir. Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş X7 ilə X9 arasında arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili X6 bağışlamışdır. Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.7 kv/m olan mənzil satıcı X7 tərəfindən alıcı X20 137.500 manat məbləğə satılmışdır. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001217145 saylı kredit müqaviləsinə əsasən bank borcalana illik 14,9% ödəmək, 48 ay müddətinə qaytarmaq şərti ilə 20.000 manat məbləğində kredit vermişdir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, CL-EE001217145 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, bank tərəfindən ayrılmış kreditə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək borcalan tərəfindən 3487,83 manat faiz ödənilməlidir. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin hesabdan çıxarışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə bankdan 20.000 manat məbləğində kredit götürmüşdür. Real Əmlak Daşınmaz Əmlak Agentliyinin tərtib etdiyi beh haqqında razılaşmadan görünür ki, beh verən Cavabdeh ilə beh alan X11 arasında ünvan 4 ünvanında yerləşən sahəsi 92 m2 olan mənzilin alqı-satqısı ilə bağlı 3000 manat məbləğində behin verilməsi barədə razılaşma imzalamışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 92 m2 olan mənzil satıcı X11 tərəfindən alıcı X5 154.000 manata satılmışdır. Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş X7 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcunu 3 gün ərzində bütövlükdə geri ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2748/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə X23 arasında 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1727 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X12 nikah pozulduqdan sonra anası X13 yanında saxlanması, xx.xx.2021-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla (müvəqqəti təminat tədbiri barədə xx.xx.2024-cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdehan oğlundan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, xx.xx.2021-ci il təvəllüdlü X12 3 yaşına çatanadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdehan oğlundan hər ay 100 manat alimentin tutularaq X17 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq olunan İddiaçı ilə Cavabdeh arasında aparılan telefon danışığının səs yazısında İddiaçı aşağıdakıları demişdir: “mənə çətindir, 20.000 manatı qaytar bankı bağlayım, xalan dedi ki, 20.000 manatı faizsiz verirəm. Hüseyn mən sənə nə deyirəm, mənim pulumu faizlərimi ödə. Pulumu faizi ilə, Ülkərində pullarını verirsənsə vəkilim gəlib müqavilə yazsın. Mən 20.000 manatı istəyirəm təkcə. Mən faizi ilə istəyirəm. Mən sənə görə niyə faiz ödəyim, il yarımdır ödəyirəm. və s.” Həmin səs yazısında Cavabdeh aşağıdakıları demişdir: “ Mən boyun qaçırmıram. Mən birinci gündən demişdim ki, qaytaracam. Bizdə olan məlumata əsasən söhbət belə olub boşanmadan sonra pul verilsin. Evdə dedim ki, evi sataram qaytararam. Mən deyirəm ki, indi ortaq məxrəcə gələk. Ev satılsın mən gətirim sizin pulunuzu verim. Ay Nəcabət xanım bankdan götürməmisiniz? Qaytarıramda. Oturub hesablayarıq nə qədərdir qaytararam. Bankı demirsiz bankı bağlayıram. Məhkəməyə getdik borcu kəsdi, mən o, borcu necə ödəyəcəyəm. Nəcabət xanım mən yenədə deyirəm, biz heç nəyi danmırıq. Necə kiminlə danışmışamsa, eyni qaydada demişəm ki, bax bu iş belə olub, evi belə almışıq, belə pul verilib. Belə mən xaladan götürmüşəm. Nəcabət xanımdan götürmüşəm. Bunları hamısını necə varsa elə də hamıya demişəm. Ay Nəcabət xanım məbləğin nə qədərini siz bilirsiniz də, məndə kağız yoxdur. Mən bu puldan, bakdan qaçmıram, amma kartdan karta atılan pul var. Onlar hesablanmır. Nəcabət xanım mən sizə söz deyirəm ki, mən bankı bağlayıram. Bankla bağlayaqda Ülkərin 1300 dollarının bura nə aidiyyatı var. Bax mən yenədə deyirəm kartdan-karta yoxdur. Öz razılığınızla vermisiniz. və s.” Kapital Bank ASC-in xx.xx.2024-cü il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı Arbitium Vəkil Bürosunun hesabına 520 manat ödəmişdir. xx.xx.2024-cü il tarixli 65070008 saylı qəbzdən müəyyən olunur ki, İddiaçı dövlət rüsumuna görə 202 manat ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat kredit borcu və ona hesablanmış 7700 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin, vəkil xidmət haqqı üçün ödənilmiş 520 manat pulun və evin təmir adı altında aldığı 1300 ABŞ dollarının ödənildiyi zaman Azərbaycan Respubliaksı manata olan məzənnəsi ilə olmaqla, cəmi 37.042,45 manat pul vəsaitinin və 202 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi,3006-cı məhəllə, ev 10, mənzil 178, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2 ) alınması üçün "xxxx" ASC-dən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faizləri də qaytarmamışdır. Bundan əlavə, Cavabdeh yaşadığı mənzilin təmiri üçün iddiaçı Nəcabət Rəsulzadədən 1300 ABŞ dolları borc almış, eyni zamanda xx.xx.2022xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat cavabdehə məxsus bank kartına köçürülmüşdür. İddiaçı dəfələrlə verilmiş borcun geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan borcun ödənilməsindən imtina etmiş, əsas kimi, iddiaçının qızı Ülkər xanımın cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmalı olması ilə əlaqələndirmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq şəxs yenidən hərəkətszilik göstərmiş, borcun ödənilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığına görə iddiaçı hüquqlarının məhkəmədə müdafiəsi üçün “Arbitrium” Vəkil bürosu ilə xx.xx.2024-cü ildə 291 saylı müqavilə bağlamış, bununla əlaqədar 520 manat xidmət haqqı ödəmişdir. Eləcə də, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 202 manat dövlət rüsumu ödəmişdir ki, bu məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Daha sonra Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində "pul tələbinə dair” iddia qaldırmış və iddia ərizəsində qeyd etmişdir ki, “o, mənə mülkiyyətimdə olan mənzilin (Bakı şəhəri, ünvan 5, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2) alınması üçün "Azərbaycan Beynəlxalq Bankı” ASCdən kredit götürmüşdür”. Belə ki, iddiaçı Rəsulzadə Nəcabət iddia ərizəsində göstərmişdir ki, “05,05.2023-cü il tarixli, EE001217145 saylı kredit müqaviləsinə əsasən 20.000 manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarmaq şərti ilə götürdüyü krediti mənə vermişdir. Bank tərəfindən ona 7700 manat faiz hesablanmışdır". Bildirmək istəyir kı, o, birgə nikah dövründə ev almamışdır. Həmin ev xalası Firəngiz tərəfindən özünə alınmışdır. Belə kı, anası X4 adına xüsusi mülkiyyət olaraq Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8 olmuşdur. X15 adına isə xüsusi mülkiyyət kimi DƏDRX-də ünvan 3 olmuşdur. Xalası ilə anası aralarında xx.xx.2018-ci il tarixində bağışlama müqaviləsi bağlamışlar. Həmin bağışlama müqaviləsinə əsasən anası X9 mülkiyyətində olan, özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8-i xalam X5 bağışlamış, xalası X7 isə özünə məxsus, xüsusi mülkiyyətində olan ünvan 3-ni anasına bağışlamışdır. xx.xx.2023-cü il tarixində xalası özünə məxsus, xüsusi mülkiyyəti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, ev 33, mənzil 8-i X1 və özünə Bakı şəhəri, ünvan 5, yeni qaydalarla AZİ 102, Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2-ni almışdır. Cavabdehin mənzil şəraiti pis olduğundan və yaşamağa mənzili olmadığından xalası həmin evi ona bağışlamışdır. X16 xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi ilə evi cavabdehə bağışlamışdır. İddiaçı onun ev almağı məqsədilə bankdan pul götürüb ona verməmişdir. Bu səbəbdən də hesab edir ki, onun 20.000 manat bankdan götürdüyü pulu və onun 7700 manat məbləğində faizini ondan tələb etməsi həqiqətə uyğun deyil və rədd edilməlidir. X10 evi bağışlayacağını bildirdikdə o, xx.xx.2023-cü il tarixində bankdan 20.000 manat pul götürmüşdü ki, evi yüngül təmir etdirsin və hər ay onun kreditini ödəmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “guya həmin mənzili təmir etdirmək məqsədilə ona 1300 ABŞ dolları pul vermişdir". Bildirmək istəyir ki, yalandır. Təmir üçün o bankdan 20.000 manat pul götürmüşdü. Əksinə anası vəfat etməzdən əvvəl cavabdehin qızına, yəni keçmiş həyat yoldaşına 1300 manat pul vermişdi ki, üstünə əlavə edib ona şuba alsın. Əksinə o, xx.xx.2023-cü il tarixində 2580 manata “İphone 14 Pro Max" markalı telefon almış və iddiaçıya vermişdir. İddiaçı ona bildirmişdir ki, xəstədir, evdə ev işlərini görməyə çətinlik çəkir, qabyuyan maşına ehtiyacı var və o, xx.xx.2021-ci il tarixində 859 manata "Samsung” markalı qabyuyan maşın alıb ona vermişdi. Hal-hazırda telefon da, qabyuyan maşın da onların evindədir. Daha sonra Rəsulzadə Nəcabət iddia ərizəsində qeyd etmişdi ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2024cü il tarixinədək ümumilikdə 6612 manat ona məxsus bank kartına pul köçürtmüşdür. Bildirmək istəyir ki, cavabdehin qızının, yəni keçmiş həyat yoldaşının bank kartı olmadığından iddiaçı qızına lazım olan şeyləri almaq üçün, uşağa qulluqla bağlı onun kartına pul köçürmüş və həmin pul ailələrinin ehtiyaclarının ödənilməsinə sərf edilmişdir, yəni birgə yaşadıqları dövrdə ailələri üçün xərclənmişdir. Cavabdeh də işləyirdi və əmək haqqı alırdı, həmin əməkhaqqını ailənin saxlanmasına sərf edirdi. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Fidar qızının iddia ərizəsi qeyri-obyektivdir, böhtandır və rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddiaçı Rəsulzadə Nəcabət Eldar qızı Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi,3006-cı məhəllə, ev 10, mənzil 178, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2) alınması üçün "xxxx" ASC-dən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faziləri də qaytarmamışdır. Bundan əlavə, Cavabdeh yaşadığı mənzilin təmiri üçün iddiaçı Nəcabət Rəsulzadədən 1300 ABŞ dolları borc almış, eyni zamanda xx.xx.2022-xx.xx.2024-cü il tarixinədək ümumilikdə 6612 manat cavabdehə məxsus bank kartına köçürülmüşdür. İddiaçı dəfələrlə verilmiş borcun geri qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh qeyd olunan borcun ödənilməsindən imtina etmiş, əsas kimi, iddiaçının özü Ülkər xanımın cavabdehin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmalı olması ilə əlaqələndirmişdir. Tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq şəxs yenidən hərəkətszilik göstərmiş, borcun ödənilməsindən imtina etmişdir. Bunları nəzərə alaraq iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia ərizəsi tam olaraq əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş səs yazıları pritenziya məktubu cavabdehə göndərildikdən sonra qeydə alınmışdır. İddiaçı bildirir ki, onun mülkiyyətində olan evin alınması üçün "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin kreditin məbləği 20 min manat həcmində olmuşdur. Bildirmək istəyirik ki, həmin mənzili cavabdeh birgə nikah dövründə almamışdır. Sözü gedən ev cavabdehin xalası Firəngiz xanım tərəfindən özünə alınmışdır. Cavabdehin anası Gülnarə xanımın müllkiyyətində Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzil, xalası Firəngiz xanımın mülkiyyətində isə Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən mənzil olmuşdur. Cavabdehin xalası ilə anası arasındakı xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən, xalası Səbail rayonu ərazisində yerləşən evi cavabdehin anasına, anası isə Yasamal rayonu ərazisində yerləşən evi cavabdehin xalasına bağışlamışdır. xx.xx.2023-cü ildə cavabdehin xalası mülkiyyətində olan Yasamal rayonu, İnşaatçılar prospekti ünvanında yerləşən mənzili X3 və özünə Nəsimi rayonu, R.Cəfərov küçəsində yerləşən mənzili almışdır. Yaşayış yeri olmadığına görə və çətinlik çəkdiyi üçün, xalası həmin mənzili cavabdehə bağışlamışdır. Həmin bağışlanma müqaviləsi xx.xx.2023-cü ildə bağlanmışdır. Burdan da aydın olur ki, həmin mənzil birgə nikah dövründə alınmamış, xalası tərəfindən cavabdehə bağışlanmışdır. İddiaçı bankdan pul götürüb, ev almaq üçün cavabdehə heç nə verməmişdir. Xalası Hüseynə ev verəcəyini bildirdikdə, Hüseyn bankdan kredit götürmüşdür. Bu kredit evi təmir etdirmək üçün Hüseyn tərəfindən götürülmüşdür. Bunları nəzərə alaraq iddinın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-524/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi 4 hissədən ibarətdir: 20.000 (iyirmi min) manat kredit və ona hesablanmış 7700 manat faiz borcunun geri qaytarılması; xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılması; evin təmir adı altında aldığı 1300 ABŞ dolların geri qaytarılması; vəkil xidmət haqqı üçün ödənilmiş 520 manatın və 202 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması. Məhkəmə iddia tələbinin “20.000 (iyirmi min) manat kredit və ona hesablanmış 7700 manat faiz borcunun cavabdeh tərəfindən geri qaytarılması” hissəsi ilə bağlı onu qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında hər hansı borc müqaviləsi bağlanmadığına görə hazırki münasibətlər öhdəlik hüquq münasibətləri bağlı müddəalar yox qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh mülkiyyətində olan mənzilin (Bakı şəhəri, ünvan 5, yeni qaydalarla Bakı şəhəri R.Cəfərov küçəsi, 19, M16, m2 ) alınması üçün "xxxx" ASCdən kredit məbləği götürmüşdür. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarılmaq şərti ilə götürdüyü krediti qızı ilə nikahda olan Cavabdeh vermişdir. Bank tərəfindən iddiaçıya 7700 manat faiz hesablanmışdır. İş üzrə cavabdeh bankın iddiaçıya verdiyi kreditdən faydalansa da, əsas borcu və ona hesablanmış faziləri də qaytarmamışdır. Bununla bağlı məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mənzilin alınması üçün 20.000 manat məbləğində bankdan kredit götürdüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin mənzil cavabdehə X7 tərəfindən bağışlanmışdır. Bundan əlavə iddiaçı həmin evin cavabdeh tərəfindən alındığını, xalasının adına sadəcə formal olaraq müqavilə bağlandığını bildirərək iş materiallarına əlavə edilmiş “beh haqqında” razılaşmanın Cavabdeh tərəfindən imzalandığına istinad etsə də, həmin razılaşmanın cavabdeh tərəfindən öz xalasının nümayəndəsi kimi imzalaması həmin evin onun tərəfindən alınmasının öz təsdiqini tapması üçün yetərli deyildir. Bundan əlavə həm iş materiallarına əlavə edilmiş bank çıxarışlarından, həm də tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL- EE001217145 saylı kredit müqaviləsi üzrə bütün ödənişlər iddiaçının özü tərəfindən həyata keçirilmişdir. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş flaş disk formatda səs danışıqlarına münasibətdə qeyd etmişdir ki, həmin səs danışıqları gizli yolla əldə edildiyi və şəxsi olduğu üçün bu səs danışıqları sübut kimi qəbul edilə bilməzlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı 20.000 manat kredit məbləğini cavabdeh üçün götürdüyü bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Cavabdeh kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, cavabdehin qızının, yəni keçmiş həyat yoldaşının bank kartı olmadığından iddiaçı qızına lazım olan şeyləri almaq üçün, uşağa qulluqla bağlı onun kartına pul keçirtdiyini və həmin pul ailələrinin ehtiyaclarının ödənilməsinə sərf edildiyini, yəni birgə yaşadıqları dövrdə ailələri üçün xərcləndiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı 6612,45 manat pul vəsaitinin cavabdehə borc olaraq verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, 6612,45 manat pul vəsaiti İddiaçı tərəfindən cavabdehin bank hesabına iddiaçının qızı ilə birgə nikah dövründə olduğu zaman köçürüldüyündən və tərəflər arasında həmin məbləğin borc qismində verildiyi barədə hər hansı müqavilə və ya mötəbər sübut mövcud olmadığından məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkmişdir. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (666.1-ci maddə) uyğun gəlir. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlanmadığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olmadığı müəyyən edilsin. Deməli, hazırkı mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə verilməsinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi iddia edilən pul vəsaitlərinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. İddiaçı cavabdehlə qızının nikah münasibətləri kəsildiyindən cavabdehin kart hesabına köçürdüyü 6612,45 manat pul vəsaitinin cavabdehdən geri tələb etsə də, iş üzrə müəyyən edilmiş hallar əsasında cavabdehlə iddiaçının qızının nikahlarının pozulduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq öhdəliyinin yaranması sübut edilmir. İddiaçı xərcləri çəkərkən qızı ilə cavabdehin nikahlarının davam edəcəyinə inanmış ola bilər, lakin bu hal pul vəsaitinin bağışlama niyyəti olmadan cavabdehə verilməsinin öz təsdiqini tapması üçün yetərli deyildir. Məhkəmə iddia tələbinin “evin təmir adı altında aldığı 1300 ABŞ dolların geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu xüsusatlarla da bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 202 manat dövlət rüsumunun və 520 manat hüquqi xidmətin göstərilməsinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi pul hissəsində təmin edilmədiyindən, bu hissədə də tələb təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 439.4, 666.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1094-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 95.1, 95.2, 119.1, 121.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 524/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 (iyirmi min) manat kredit borcu və ona hesablanmış 7700 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə bank kartına köçürülmüş 6612,45 manat pul vəsaitinin, vəkil xidmət haqqı üçün ödənilmiş 520 manat pulun və evin təmir adı altında aldığı 1300 ABŞ dollarının ödənildiyi zaman Azərbaycan Respubliaksı manata olan məzənnəsi ilə olmaqla, cəmi 37.042,45 manat pul vəsaitinin və 202 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 524/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzər almır ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yəni, iddiaçının bankdan alıb cavabdehə verdiyi kredit hesabına, cavabdeh özünə yeni əlavə yaşayış sahəsi alıb, daha sonra, ididaçının qızı ilə nikahını ləğv edib, indi isə adına ev alması ilə əlaqədar bankdan götürülmüş kredit borcu və ona hesablanmış faziləri qaytarmaqdan imtina edir. Qanunverciliyin tələbindən də göründüyü kimi, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanuna əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, iddiaçının bankdan götürdüyü pul vəsaiti üzəridə mülkiyyət hüququ olmuş, cavabdeh sui-istifadə və min bir bəhanə ilə həmin pul vəsaiti onun əlindən alıb özünə yaşayış evi almış, daha sonra isə həmin pulu qaytarmaqdan imtina edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman iddiaçının təqdim etdiyi sübutları araşdırmamışdır. Belə ki, cavabdehə məxsus vatsap səs və yazışmalarda, Cavabdeh borcunu etiraf etmiş, iddiaçının götürüb ona verdiyi kreditin yalnız əsas borc hissəsini qaytarmaq istədiyini bildirmiş, sonra isə əsas və faiz borcunu qaytaracağını etiraf etmiş, bu məqsədlə yalnız iki tərəf olaraq danışıq aparılmasını və məhəkəməsiz həll olunmasını istəmişdir. Məhkəmə isə təqdim edilmiş sübutlara ümumiyyətlə əhəmiyyət verməmiş, əsassız olaraq hesab etmişdir ki, səs danışıqlar gizli yolla əldə edildiyi üçün sübut kimi qəbul edilə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf olaraq tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, iş materialalrından müəyyən olunur ki, iddiaçının verdiyi pul vəsaiti hesabına alınmış mənzilin beh müqaviləsi “alıcı” qismində Cavabdeh ilə satıcı arasında bağlanılmış, daha sonra əsas müqqavilə Hüseynin xalası ilə bağlanılmış, alqısatqqı müqaviləsindən bir ay keçməmiş, mənzil bağışlama müqaviləsi adı altında cavabdehin adına rəsmiləşdirlmişdir ki, nikah pozulacağı təqdirdə mənzil bölgü predmeti olmasın. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutları nəzərə alınmamışdır. Məhkəmə yalnız bir cümlə ilə qeyd etmişdir ki, “Mülki iş materiallarına flaşdisk, whatsapp yazışmaları və iddiaçının bank hesabından çıxarışlar əlavə edilmişdir”. Halbuki, həmin yazışmalar və səs danışıqları nöqtə vergülünədək tərəfindən kağız formatında yığılaraq məhkəməyə təqdim edilib və məhəkə iclaslarında da tədqiq edilmişdir. Məhkəmə iddianı rədd etmənin əsası kimi, yalnız özünə sərf edən sübutlardan istifadə etmişdir ki, bu hal məhkəmə təcrübəsində nadir rast gələn hallardan biridir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları və qanunvericiliyin normalarını formal olaraq qətnamədə sadalamaqla öz işini bitmiş hesab edir. Halbuki, qanunvericiliyi sadalamaqla qətnaməni yazmaq işin ədalətli baxılmasına əsas vermir. İşə baxan məhkəmə olaraq normalarla təqdim edilən sübutların səbəbli-əlaqəsini araşdrımalı idi. Bundan başqa, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi CD diskdə olan səs yazıları iddiaçı ilə cavabdehlər arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir. Burdan müəyyən olunur ki, birinci instansiya məhkəməsinin hakimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını özü bildiyi kimi şərh etməyə çalışmışdır. Birinci instansiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, iş üzrə heç bir araşdırma aparmamış, yalnız sübutları sadalamaqla kifayətlənmiş, hansı sübutun sübut əhəmiyyət olmasını, hansı sübutun isə sübut sayılmamasını əsaslandıra bilməmiş, yada əsaslandırmağa marağı və ya həvəsi olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-524/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Azərbaycan Respublikası MM-nin 1091.1, 1092.1-ci və 21-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci, 77.1-ci və 220.4-cü maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. Apellyasiya şikayətini o, qeyri-obyektiv və əsassız hesab edir, bildirir ki, İddiaçı ona qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində "pul tələbinə dair" iddia qaldırmış və iddia ərizəsində qeyd etmişdir ki, "O, mənə mülkiyyətimdə olan mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, 3006-cı məhəllə, ev 10, mənzil 187, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2-nin) alınması üçün Azərbaycan Beynəlxalq Bankı ASC-dən kredit götürmüşdür". İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xx.xx.2023-cü il tarixli EE001217145 saylı kredit müqaviləsinə əsasən 20.000 manat olmaqla 14,9 faiz dərəcəsi və 48 ay müddətinə qaytarmaq şərti ilə götürdüyü krediti mənə vermişdir. Bank tərəfindən ona 7700 manat faiz hesablanmışdır". Bildirir ki, o, birgə nikah dövründə ev almamış, mübahisə predmeti olan ev xalası Firəngiz tərəfindən ona bağışlanmışdır. Belə ki, anası Şaban-zadə Gülnarə Hacıağa qızının adına xüsusi mülkiyyət olaraq ünvan 2 olmuşdur. X15 adına isə xüsusi mülkiyyət kimi DƏDRXdə ünvan 3 olmuşdur. Xalası ilə anası arasında xx.xx.2018-ci il tarixində bağışlama müqaviləsi bağlanmışdır. Belə ki, anası X9 mülkiyyətində olan, özünə məxsus ünvan 2-i xalası X5, Firəngiz Şabanzadə isə özünə məxsus, xüsusi mülkiyyətində olan ünvan 3-ni anasına bağışlamışlar. xx.xx.2023-cü il tarixində xalası özünə məxsus, xüsusi mülkiyyətində olan ünvan 2-i X1 və özünə Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, 3006-cı məhəllə, ev 10, mənzil 187, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2-ni almışdır. Onun mənzili olmadığından xalası həmin mənzili ona bağışlamışdır. Xalası ilə aralarında xx.xx.2023-cü il tarixində bağışlama müqaviləsi bağlanmışdır. O, birgə nikah dövründə, birgə nikahdan əldə edilmiş pula ev almamışdır. Yuxarıda qeyd, etdiyi kimi ev ona xalası tərəfindən bağışlanmışdır. Bu səbəbdən də iddiaçının 20.000 manat bankdan götürdüyü və 7700 manat faiz hesablanan pulun həmin evə və ona heç bir aidiyyatı yoxdur. Hətda kredit müqaviləsində belə hansı səbəbdən götürməsi qeyd edilməmişdir. İddiaçı həmin pulu özünün şəxsi tələbatını ödəmək məqsədilə götürmüşdür. Xalası Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 3006-cı məhəllə, ev 10, mənzil 187, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, R.Cəfərov küçəsi 19, ev 16, mənzil 2-ni ona bağışladıqdan sonra o, xx.xx.2023-cü il tarixində bankdan 20.000 manat pul götürüb ki, evi yüngül təmir etdirsin və hər ay kredit ödəyib. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "guya təmirlə bağlı ona 1300 dollar pul vermişdir". Əsla həqiqətə uyğun deyi, ev təmirli olmuş, sadəcə yüngül bəzi yerlərə əl gəzdirmək məqsədilə o özü bankdan 20.000 manat pul götürüb. Təmir üçün iddiaçının puluna ehtiyacı olmamışdır. Daha sonra iddiaçı ondan 6612 manat pul tələb edib və bildirir ki, 2022-ci ilin sentyabr ayından 2024-cü ilin yanvar ayınadək onun kartına 6612 manat pul köçürmüşdür. Həmin müddət ərzində onlar birlikdə yaşamış, həyat yoldaşı ilə ümumi təsərrüfatı idarə ediblər. Qızının kartı olmadığı üçün onun kartına yükləmiş, həmin pulu birgə nikah dövründə ehtiyacılarını ödəmək və övladını müalicə etdirmək üçün birlikdə xərcləyiblər. Daha sonra iddiaçı ondan hüquqi xidmət üçün keçirdiyi pulu tələb etmişdir. Hesab edir ki, bu da qeyri-obyektivdir. Belə ki, vəkil işə peşəkar yanaşmalı və işin nəticəsini bilməlidir. Keyfiyyətsiz xidmətə və üstünə atılan böhtana, şərə görə o, pul ödəməməlidir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)- 524/2025 saylı qətnaməsi ilə İddiaçı ona qarşı "pul tələbinə dair" iddiası rədd edilmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmışdır. İddiaçının hansı səbəbdən bankdan kredit götürməsi ona məlum deyil. Kredit müqaviləsində kreditin təyinatı, yəni hansı məqsədlə götürülməsi qeyd edilməmişdir. İddiaçı götürdüyü pulu ona verməmiş, o, ev almayıb. Ev xalası tərəfindən ona bağışlanmışdır. Əsassız olaraq ondan kreditə götürülmüş pul və faiz tələb edilə bilməz. O, evin xalasına məxsus olmasını, xalası tərəfindən ona bağışlanmasını, evə yüngül əl gəzdirmək məqsədilə bankdan 20.000 manat pul götürdüyünü, iddiaçının 2022-ci ilin sentyabr ayından 2024-cü ilin yanvar ayına kimi onun kartına 6612 manat pul yükləməsini, birgə nikah dövründə həmin pulu ailənin ehtiyacılarına, uşağın müalicəsinə xərclədiyini, iddiaçının qızına, yəni keçmiş həyat yoldaşına həmin pula, yəni 2580 manata "iphone 14 pro max" telefon aldığını, həmçinin 859 manata ailənin ehtiyacı üçün "Samsung" markalı qabyuyan aldığını qeyd etmiş, sübutlar təqdim etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin xalasının evi təxminən 130.000 manata satılmış, yeni mənzil 157.000 manata alınmışdır. Hüseyn ona R.Cəfərov küçəsində olan mənzilin təmirə ehtiyacının olmasını və evə görə ona borc pul verməsini demişdir. O, da kürəkəni olduğundan razılaşmışdır. Bundan sonra onlar hər ikisi kredit götürmüşlər. O, heç vaxt kredit götürmədiyindən, online kredit götürmək qaydasını da ona Hüseyn başa salmışdır. Səhər tezdən bərabər banka getmiş, kassadan birinci ona 20.000 manat, sonra Hüseynə 20.000 manat kredit verilmişdir. O, pulu evin təmirinə və alınmasına görə vermişdir. Ev alınarkən pul çatmırdı. Ona görə də, o, bankdan pulu götürüb borc olaraq cavabdehə vermişdir. Cavabdehin “Qış Parkı” yaxınlığında Vidadi küçəsində evi var. Cavabdeh həmin evi də təmir edib, kirayəyə verib borclarını qaytarmaq istəyirdi. O, cavadehlə eyni gündə və saatda kassadan pul götürmüşdür. Cavabdehin anası onun qızı Ülkərə şuba almaq üçün 1.300 ABŞ dolları vermişdi. Ülkər də həmin pulu ona vermişdi. Cavabdeh 1300 ABŞ dollarını təmirə görə ondan alaraq qaytaracığını desə də qaytarmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və mübahisə premeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikəyətə qarşı etirazın məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, mənzili onun xalası almış, xalası xəstə olduğu üçün mənzilə görə behi o vermiş, özünün götürdüyü krediti mənzilin təmirinə xəcləmişdir. Qarşı tərəfin Elvin adlı vəkili ona 20.000 manatın, kart vasitəsi ilə göndərilən pulun, 1300 ABŞ dollarının onlara verilməsini, boşanma prosesinin uzadılmamasını təklif etmişdir. Bununla bağlı onlar söhbətlər etmişlər. Onun kartına iddiaçı tərəfindən göndərilən pul vəsaiti onun iddiaçının qızı ilə birgə yaşadıqları müddətdə xərclədikləri vəsaitdir. 1300 ABŞ dollarının bu məsələyə aidiyyəti yoxdur. 20.000 manatın telefonda dediyi kimi verilməsi məsələsi uşağın gələcəkdə görülməsi ilə bağlıdır. Özünün bankdan götürdüyü kredit, aldığı məvacib mənzilin təmirinə sərf olunduğundan, öz ailə xərclərinə pul çatdıra bilmədiyindən iddiaçı özünün götürdüyü 20.000 manatdan onun uṣağının ehtiyacı, ailəsinin bazarlıq xərcləri üçün xərcləmişdir. İddiaçı 20.000 manat xərcləndiyini deyir, o, iddiaçıya oturub birlikdə danışmalarını təklif etmişdir. Məhkəmə iclasında dinlənilən səs yazısı ona məxsusdur. Ona səsi yazılarkən xəbərdarlıq edilməmiş, icazə alınmamışdır. Zəngin sonunda da o, qeyd edir ki, onlar evdən çıxanda heç kim boṣanacaqlarını bilmirdi. Nəcabət xanım bankdan pul götürməsini, üçünə xərcləməsini deyib, ona pulun qaytarmalı olmasını bildirmişdir. O, iddiaçıya həmin pula boyun durmasını, ona köməklik edəcəyini, mənzili satacağını, digər qohumların bunu bilməməsini, notariusa gedərək müqavilə yazmalarını, mənzil satılan vaxt onun iddia etdiyi 20.000 manatın onun hesabına keçirəcəyini, qalan pulla da öz borclarını bağlayacağını demişdir. Həmin vaxt iddiaçı onunla razılaşmamışdır. Vəkil Elvin onun xalasına zəng etmiş, yaşlı qadın olan xalası qorxaraq 20.000 manatı verəcəyini demişdir. Bütün bu söhbətlərdən sonra boşanma olmuş, mənzili satışa qoysada mənzil satılmamışdır. O, mənzili satandan sonra həm o pulu – borcu verməli, həm öz pulunu – borcunu bağlamalı, həm də bütün pullar bağlandıqdan sonra da ev olmalıdır ki, o, nə isə edə bilsin. O, faizin nə qədər olduğunu bilmir, hətta zəngin sonunda da qeyd edir ki, sənədi verin. Hətta zəngdə də o, deyir ki, əlavə pul götürmək üçün banka da müraciət etmiş, aktiv borcu olduğu üçün ona pul verilməmişdir. O, mənzili girov qoyub, pul götürə bilməsini də soruşmuş, ona mənzildə qeydiyyatda olan şəxsin icazəsinin olması bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, İddiaçı Cavabdeh qarşı 20.000 manat borcun, 7.700 manat faizin, məhkəmə xərclərinə görə 722 manatın tulmasına dair təmin edilməyən tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə borca görə 20.000 manat, faizə görə 3487,83 manat, göstərilmiş hüquqi xidmətə görə 520 manat, dövlət rüsumuna görə 160,46 manat olmaqla cəmi 24168,29 manat tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, MM-nin 882.1-ci maddəsinə əsasən, borcun öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan müqavilə (yəni mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) istinad edilən (etiraf edilən) borcla bağlı müqavilə yazılı şəkildə rəsmiləşdirilməli və mövcud borcun etirafı haqqında müqavilə istinad olunan borc müqaviləsi ilə eyni forma üzrə verilməlidir. İstisna hal olaraq, MM-nin 882.5-ci maddəsinə əsasən, əgər istinad olunan borc hesablaşma (ödəniş) və ya razılaşma yolu ilə etiraf edilibsə, bu halda hər hansı formaya riayət olunması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Qərarında qeyd etmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. İddiaçının iddia tələblərindən və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunur ki, iddiaçı cavabdehdən borc olaraq verdiyi 20.000 manatın, borcun faizi olaraq 7.700 manatın, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə cavabdehin bank kartına köçürdüyü 6612,45 manatın, qızına məxsus 1300 ABŞ dollarının, məhkəmə xəclərinə görə cəmi 722 manatın onun xeyrinə tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən borca görə 20.000 manat, faizə görə 7.700 manat tələbini rədd edərkən iddiaçının bu tələb üzrə mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş flaş disk formatda səs danışıqlarının isə gizli yolla əldə edildiyi və şəxsi olduğu üçün bu səs danışıqlarının sübut kimi qəbul edilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə tədqiq olunan, iddiaçı və cavabdeh tərfindən onlara aid olması və onlar tərəfindən aparılması etiraf olunan səs yazısında olan danışıqlardan müəyyən olunmuşdur ki, İddiaçı kredit müqaviləsinə əsasən bankdan götürdüyü 20.000 manatı borc olaraq cavabdehə verməsini, həmin borcun faizi ilə birlikdə geri qaytarılmasını tələb etməsini, bu tələblə məhkəməyə müraciət etməsini cavabdehə bildirmiş, Cavabdeh isə həmin vəsaiti almasını, ilk gündən həmin vəsaitin geri qaytaracağına etiraz etmədiyini, mülkiyyətində olan mənzili satdıqdan sonra iddiaçının banka olan borcunu tam bağlayacağını bildirməklə iddiaçıya olan borcunu etiraf edir. Göründüyü kimi iddiaçının sübut növü olaraq təqdim etdiyi səs yazısında tərəflər aralarında olan borc müqaviləsindən irəli gələn hüquq münasibətləri barədə danışıqlar aparmışlar. Bu səbəbdən kollegiya iddia tələblərini bu hissədə tam rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bu tələblər üzrə qərar qəbul edərkən məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, tədqiq etdiyi sübutu düzgün qiymətləndirməmiş, məhkəmənin qətnamədə bu tələblər üzrə gəldiyi nəticəsi işin hallarına uyğun gəlmir. Belə ki, cavabdehin iddiaçıdan sonuncunun qeyd etdiyi məbləğdə borc almasını, həmin borcu qaytarmaqdan imtina etməməsini, mənzilini sataraq borcu tam olaraq bağlayacağını bildirməsinə dair iddiaçıya borcunu etiraf etməsi barədə danışıqlar özözlüyündə cavabdehin şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, əqdin tərəfləri arasında aparılmış bu danışıqlar onlar üçün sirr deyildir. Bu baxımdan iddiaçının təqdim etdiyi səs yazısı ilə bağlı sübut növü Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçının tələbinin hüquqi əsasını isə mülki qanunvericiliyin mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn tələb hüququnu tənzimləyən maddi hüquq normaları təşkil edir. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, qətnamə iddia tələbinin 20.000 manat borc və 7.700 manat faiz təbinin təmin edilməyən hissəsində ləğv edilərək, bu hissədə yeni qətnamə qəbul edilməklə cavabdehdən iddiaçının xeyrinə etiraf olunan borca görə 20.000 manat tutulmalıdır. Kollegiya iddiaçının faiz tələbi ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə verdiyi 20.000 manat borcu bankdan faiz ödəmək şərti ilə götürməsi işin mübahisəsiz halı olduğundan, cavabdeh iddiaçının banka olan borcunu tam bağlayacağını səs yazısında aydın qeyd etdiyindən, hazırkı icraatda cavabdeh tərəfindən etiraf olunan borcun nə vaxt qaytarılacağı, iddiaçıya kredit müqaviləsi üzrə banka ödəyəcəyi faizlə bağlı vurula biləcək ziyanın məbləğini müəyyən etmək mümkün olmadığından Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli, CL-EE001217145 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəli ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən (kreditin alındığı vaxtdan) xx.xx.2024-cü il tarixədək (iddiaçının məhkəməyə müraciət etdiyi vaxtadək) olan dövr üçün iddiaçı tərəfindən ödənilməli olan faiz məbləğinə görə 3487,83 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi faizlə bağlı qalan hissədə təmin edilməməlidir. Kollegiya eyni zamanda qeyd edir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik olduğundan (bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın), zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülməklə qəbul edildiyindən (MM-in 21.1.,21.2-ci mad.) iddiaçı kredit müqaviləsi üzrə ödəməli olduğu faizlə bağlı real zərərin qalan hissəsini də cavabdehdən tələb etmək hüququnu özündə saxlayır. Kollegiya iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə cavabdehin bank kartına köçürdüyü 6612,45 manat, qızına məxsus 1300 ABŞ dolları tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı qızına məxsus 1300 ABŞ dollarını öz xeyrinə cavabdehdən tələb etməkdə subyektiv hüquqa malik deyildir. Əvəzsiz olaraq verdiyi 6612,45 manat vəsaitin geri qaytarılmasını tələb etməkdə isə iddiaçının hüquqi əsası yoxdur. Kollegiya iddiaçının çəkdiyi məhkəmə xəcləri ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçının ona göstərilən hüquqi xidmətə görə ödədiyi məbləğ ağlabatan məbləğ olduğundan onun bu xidmətə görə ödədiyi 520 manat, dövlət rüsüsumuna görə ödədiyi 160,46 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumunun qalan hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-524/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı 20.000 manat borcun, 7.700 manat faizin, məhkəmə xərclərinə görə 722 manatın tulmasına dair təmin edilməyən tələbi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borca görə 20.000 manat, faizə görə 3487,83 manat, göstərilmiş hüquqi xidmətə görə 520 manat, dövlət rüsumuna görə 160,46 manat olmaqla cəmi 24.168,29 manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar