Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2849/2021 19.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" MTK-nın nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-a qarşı “sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair”, İddiaçı Cavabdeh MTK-a qarşı “hüquqların həyata keçirilməsinə mane olmamaq və mənzilin təhvil verilməsi tələbinə dair” və iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X7 və X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi tələbin dair” mülki işlər üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8828/2016 nömrəli qətnaməsindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 715/2017 saylı qətnaməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-4305/2019 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Birinci iş: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən göstərilən mənzil pay kimi ona verilmiş, o, üzərinə düşən öhdəliyi müəyyən edilmiş qaydada icra etməsinə baxmayaraq, MTK qeyd edilən mənzili ona təhvil vermir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(010)- 8828/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Cavabdeh MTK həmin qətnamədən apelyasiya şikayəti vermişdir. İkinci iş: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsini ona təhvil vermək və onun həmin əmlaka hüquqlarını həyata keçirməyinə mane edən əməllər etməmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin yaşayış sahəsini özgəninkiləşdirə bilməsi üçün ona mane törədilməməsini və özgəninkiləşdirmənin həyata keçirilməsi üçün cavabdehdən asılı hərəkətləri etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən göstərilən mənzil ona verilmiş, o, üzərinə düşən öhdəliyi müəyyən edilmiş qaydada icra etmiş, müqavilə ilə müəyyən edilmiş məbləği tam ödəmişdir. MTK qeyd edilən mənzili ona təhvil vermir, hətta sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(010)- 715/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzil üzərində əmlak hüquqlarının həyata keçirilməsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh MTK həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirmişdir. Üçüncü iş: İddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və X2 10000 manat maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan 3 otaqlı, 11 saylı mənzilinə dair xx.xx.2013-cü il tarixli müqavilə imzalanmış, müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m. üçün 450 manat təyin edilmiş, cəmi 105.36 kv.m sahə üçün 47412 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100 faiz miqdarında, yəni 47412 manat məbləğində pul ödənilmişdir. Belə ki, həmin müqavilə formal olaraq bağlanmışdır. Ümumiyyətlə, MTK ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli müqavilə müəyyən şərtlər daxilində bağlanmışdır. Belə ki, Ramin adlı şəxs (İddiaçı tanışı) Cavabdeh MTK-ya dəmir materiallarının (armatur) verilməsini təmin etməli idi, MTK isə həmin materialların qarşılığında Ramin adlı şəxsin xahişi ilə İddiaçı ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə Ramin adlı şəxs bildirmişdir ki, o, dəmir materiallarının verilməsini təmin edəcək və materialların əvəzi olaraq İddiaçı oğli ilə Cavabdeh MTK arasında müqavilə bağlanacaq, Ramin adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə Cavabdeh MTK tərəfindən İddiaçı borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmiş, həmin maliyyə arayışı da İddiaçı verilmişdir. Daha sonra Ramin adlı şəxs dəmir materiallarının Cavabdeh MTK-ya verilməsini təmin etməmişdir. Belə olan halda MTK hesab etmişdir ki, material təmin olunmadığı üçün onlar arasında olan sövdələşmə də qüvvədən düşmüşdür. Daha sonra 2 saylı İnzibati İqtisad Məhkəməsində İddiaçı məhkəməyə müraciət edən zaman məhkəmə tərəfindən MTK-dan payçıların siyahısı tələb olunmuş, siyahı təqdim edilmiş, həmin siyahıda İddiaçı adı olmamışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-ya pulun ödənilməsi ilə bağlı ödəniş qəbzi mövcud deyildir. Bu səbəbdən də həmin müqavilə etbarsız hesab edilməlidir. Müqavilənin bağlanmasının əsas səbəbləri məlum olduğu kimi tam başqadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cü il tarixli 2(008)- 4305/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Cavabdeh MTK həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirmişdir. Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında müqavilə müəyyən şərtlər altında bağlanmışdır. Müqavilədəki imza İddiaçı məxsus deyil, bu halı sonuncunun özü də məhkəmə iclasında etiraf etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 240/2020 saylı qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8828/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-715/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-5417/2020 saylı Qərarı ilə Cavabdeh MTK–nın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-240/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndəsivəkili apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi düzgün olmayaraq qeyd etmişdir ki, müqavilənin etibarsızlığı üçün Cavabdeh MTK-nın istinad etdiyi hal müqavilənin etibarsızlığı deyil, ləğvi üçün əsas ola bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. İddiaçı Cavabdeh MTK-nın iddia tələbində də müqavilənin bağlanmasının əsas səbəblərinin tam başqa olduğu göstərilmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddiaçı Cavabdeh MTK tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsinə düzgün istinad edilməmişdir. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Yəni, həmin maddəyə əsasən əhəmiyyətsiz əqdə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət tətbiq oluna bilməz. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin etibarsız hesab olunması ilə bağlı iddiaçı Cavabdeh MTK-nın apelyasiya şikayətinin dəlillərinə tam hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi xx xxxx 2013-cü il tarixli müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Bununla əlaqədar birinci instansiya məhkəməsində iddiaçı tərəfindən xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, cavabdeh İddiaçı həmin vəsatətlə bağlı imzanın ona məxsus olmadığını, lakin həmin imzanın səlahiyyətli nümayəndəsi tərəfindən icra olunduğunu göstərmişdir. Lakin iş materiallarında olan xx xxxx 2013-cü il tarixli müqavilədə həmin müqavilənin İddiaçı nümayəndəsi tərəfindən imza etməsinə dair hər hansı qeyd yoxdur. Bununla əlaqədar cavabdeh İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə xx xxxx 2011-ci il tarixli onun tərəfindən X1 verilməsinə dair ƏN seriyalı, 249388 saylı etibarnamə təqdim olunmuşdur. Müqavilə isə xx xxxx 2013-cü il tarixində imzalanmışdır. İddiaçı özünün vermiş olduğu iddia tələblərində müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğinin eyni tarixdə şəxsən onun tərəfindən ödənildiyini qeyd etsə də, müqavilənin onun tərəfindən deyil, heç bir zərurət olmadan nümayəndəsi tərəfindən imza etməsinə dair özünün cavabdeh olduğu iddia tələbi üzrə etirazının ziddiyyətli dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Buna görə işə yenidən apelyasiya qaydasında baxılarkən müqavilədə nəzərdə tutulmuş pul məbləğinin ödənilib-ödənilməməsi, həmin pul məbləği ödənildiyi halda bunun kim tərəfindən ödənilməsinə dair işin həqiqi halları müəyyən edilməklə müqavilənin etibarsızlığına dair iddia tələbinin dəlillərinə düzgün hüquqi qiymət verilməlidir. Bütün bunlarla əlaqədar həmçinin yuxarıda qeyd olunan etibarnamədə nümayəndə kimi göstərilmiş X5 şahid kimi dindirilməsi cavabdeh İddiaçı MPM-nin 14.1-ci maddəsinə əsasən təklif edilməlidir.” Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən icraçı Cavabdeh MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, 4048/49 məhəllədə yerləşən binanın 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 105,36 kv.m olan, 3 otaqlı 11 nömrəli mənzili inşa edib alıcıya verməyi, payçı İddiaçı isə mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 47412 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın xx xxxx 2013-cü il tarixli arayışına əsasən İddiaçı həmin mənzilin dəyərini tam ödəmişdir. İddiaçı MTK ilə bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, MTK mənzili təhvil vermədiyinə görə, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını, mənzilin təhvil verilməsini və onun üzərində əmlak hüquqlarının həyata keçirilməsinə mane törədilməməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının bu tələbləri haqlı olduğundan, birinci instansiya məhkəməsinin hər iki tələbin təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdeh MTK mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüş, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MTK-ya ödəmiş, MTK isə müqavilədən irəli gələn öhdəliklərini lazimı qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbləri əsaslıdır. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir: “İddiaçı qaynımdır. Qaynım ev almaq istəyirdi. Yoldaşı Rusiya vətəndaşı olduğuna görə tez-tez Rusiyaya gedib gəlirdi. Buna görədə mənə etibarnamə verdi ki, siz hüquqşünassız, atamla gedib alarsız. Bakıda olan vaxtı Emin dedi ki, düşmə mənzil var, gedək baxaq, biz də gedib baxdıq. Yeni tikilinin 5, 6 və ya 7-ci mərtəbəsi tikilirdi. Təbriz küçəsində Təfəkkür Universitetinin yaxınlığında yerləşən bir ofisləri var idi, biz həmin ofisə getdik. Danışdıq və danışıq zamanı dedi ki, biz razılaşmışıq artıq. Mənə dedi ki, müqavilə ilə tanış ol. Mən də müqavilə ilə tanış oldum. Gördüm ki, qaynım üçün, yəni İddiaçı üçün hər hansı bir təhlükə yoxdur. Yəni burda nəzərdə tutulur 450 manatdan, 47000 manat idi deyəsən. Pulu ödədik. Ödədikdən sonra qaynım dedi ki, mənim müqavilədən o qədər məlumatım yoxdur, yenə oxunsun. MTK-nın rəhbəri dedi ki, burda nə problem var? İstiyirsən elə qaynın qol çəksin, əgər etibarnaməsi varsa. İşin içindən etibarnaməni çıxartdı, dedi ki, heç bir problem yoxdur. Mən də müqaviləyə götürdüm qol çəkdim. Çıxdıq gəldik. Pulu ofisdə ödədik. Pulu ödədikdən sonra tam ödəmə arayışı verildi, dedik ödəniş barədə qəbz verirsinizmi, dedilər ki, qəbz o halda veririk ki, ödəniş qismən aparılır, tam ödəniş olanda təkçə maliyyə arayışı veririk. Etibarnamənin surətini MTK-nın rəhbəri aldı, qoydu işin içinə. MTK rəhbərinin adını bilmirəm, yadımda deyil, yaşlı kişi idi, adı Cəfər idi deyəsən. Pulu İddiaçı mənim yanımda verdi. Ramin adlı şəxsi tanımıram. Müqavilədə İddiaçı adı qeyd edilsə də, imza mənə məxsusdur, imzalayarkən İddiaçı özü yanımda idi, müqavilədəki yazı isə mənə məxsus deyil.” İş materiallarında olan xx xxxx 2011-ci il tarixli ƏN seriyalı 249388 saylı etibarnamədən görünür ki, İddiaçı tərəfindən X6 təmsilçilik səlahiyyəti verilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi şahidin Sabunçu rayon məhkəməsində və əvvəlki apelyasiya icraatı zamanı işə baxılarkən məhkəmə iclas zalında olması səbəbindən ifadəsinin sübut kimi istifadə olunmasına etiraz etdi və bildirdi ki, şahid qabaqcadan məlumatlı olmaqla ifadə vermişdir ki, bu da onun obyektiv olmasını şübhə altına alır. Kollegiya bu dəlilləri qəbul etmir, çünki İddiaçıla şahid N.Şükürov qohumdurlar və sonuncunun işə əvvəllər baxılarkən məhkəmə zalında tamaşaçı qismində iştirak etməsi normal haldır. Əvvəllər işə baxılarkən zalda olması N.Şükürovun şahid qismində dindirilməsini istisna etmir, o, bunsuz da işin hallarından məlumatlı şəxsdir, yəni zalda olub prosesi izləməsi onun birmənalı olaraq yalnış ifadə verməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda şahidin ifadəsinə qiymət vermək məhkəmənin səlahiyyətindədir. Kollegiya isə şahid ifadəsini inandırıcı hesab edir. Kassasiya məhkəməsinin şübhə ilə yanaşdığı əsas məqam müqavilənin etibarnamə əsasında imzalanması yox, bu barədə müqavilədə heç bir qeydin olmamasıdır, yəni müqavilədə alıcının (payçının) rekvizitləri olan hissədə (sonda) müqaviləni imzalayan şəxsin etibarnaməli şəxs olması qeyd olunmamışdır. Şahid N.Şükürovun ifadəsi ilə müəyyən olundu ki, onlar MTK-nın ofisinə getdikdə artıq müqavilə hazır tərtib olunmuş vəziyyətdə olmuşdur və o, hüquqşünas kimi hazır müqavilə ilə tanış olmuşdur, yəni müqavilədə artıq alıcı (payçı) tərəf kimi İddiaçı adı və rekvizitləri qeyd olunmuş, o da həmin qeydlərin altından qol çəkmişdir. Odur ki, Kollegiya həmin məsələdə heç bir anlaşılmayan məqam görmür. Cavabdeh MTK-nın müqavilənin etibarsızlığı ilə bağlı əsas dəlili isə bu müqavilənin başqa əqdi pərdələmək niyyəti ilə bağlanmasından ibarətdir. Yəni, müqavilə İddiaçı tanışı olan Ramin adlı şəxsin MTK-ya dəmir materiallarının (armatur) verilməsini təmin etmək məqsədini güdmüş, lakin sonradan Ramin öhdəliyini icra etməmiş, MTK da hesab etmişdir ki, material təmin olunmadığı üçün İddiaçıla bağlanmış müqavilə də qüvvədən düşmüşdür. İddiaçı isə göstərilən xüsusatı qəti qəbul etməmiş və ümumiyyətlə Ramin adlı şəxs tanımadığını bildirmişdir. Cavabdeh MTK müqavilənin etibarsızlığı barədə qaldırdığı iddia üzrə tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad etmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiyinin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh MTK göstərilən halları, yəni Ramin adlı şəxslə MTK arasında hər hansı müqavilənin bağlanmasını, Raminlə İddiaçı tanış olmasını və istinad etdiyi və s. halları sübut etməmiş, bununla da öz tələbini əsaslandıra bilməmişdir. Cavabdeh MTK müqavilənin müəyyən şərtlər daxilində, Ramin adlı şəxsin MTK-ya dəmir materialları verməsi qarşılığında İddiaçıla qeyd edilən müqavilənin bağlanmasını, bu səbəbdən borcun olmaması barədə maliyyə arayışının verildiyini iddia etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, iş materiallarından isə bu hallar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya qeyd edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin MTK-nın istinad etdiyi Ramin adlı şəxsin MTK-ya dəmir materialları verilməsinin təmin edilməsi niyyəti ilə bağlanması güman edilən müqaviləni pərdələmək məqsədi ilə bağlanmış olması hazırki iş üzrə müəyyən edilmir. Göründüyü kimi mübahisələndirilən müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Odur ki, Kollegiya bu məqsədlə iddia qaldırmaq üçün Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçibkeçməməsi məsələsini müzakirə etməyə lüzum görmür. Beləliklə, Kollegiyanın qənaəti ondan ibarətdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilə etibarlı, müvafiq olaraq qanuni və əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, zərərin əvəzinin ödənilməsi hissəsində də iddianın rədd edilməsi barədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdeh MTK ümumiyyətlə zərərin mövcud olması və bu zərərin vurulmasına səbəb olan cavabdeh X3 qanunsuz hərəkətlərinin təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəmələri qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını düzgün müəyyən etmiş, onlara uyğun nəticəyə gəlmişdir. Beləliklə, apelyasiya şikayətlərində göstərilən dəlillər birinci intstansiya məhkəmələrinin qətnamələrini əsassız hesab etmək və ya ləğv etmək üçün əsas ola bilməz. Odur ki, qətnamələr dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8828/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-715/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4305/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2849/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2849/2021
19.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver