Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-285/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-7119/2019 saylı 02 dekabr 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 29 sentyabr 2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində sığorta ödənişinin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumu və 1 manat bank xərcinin iddiaçı "xxxx" ASC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-GX-*** dövlət qeydiyyat nişanlı “X6 Prado” markalı avtonəqliyyat vasitəsi 08.06.2018-ci il tarixində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 08.07.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi **-GX-*** dövlət qeydiyyat nişanlı “X6 Prado” markalı avtonəqliyyat vasitəsi ilə 99- LN-731 dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı minik avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən İXP-1897123 saylı inzibati protokol tərtib olunmuşdur. "xxxx" tərəfindən verilmiş 18.07.2018-ci il tarixli zərər aktına əsasən 5.000 manat zərər hesablanmış və "xxxx" ASC-nin 20.07.2018-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə sığorta ödənişi tam ödənilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7119/2019 saylı 02 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 5000 manat məbləğində vəsaitin, 30 manat ödənilmiş dövlət rüsumunun və 1 manat bank xərcinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən mübahisə əsasında lazımi araşdırma aparılmamış və bununla da düzgün nəticəyə gəlməmişdir. Belə ki, ona məhkəmə iclasının vaxı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmiş, onun iştirakı olmadan işə baxmaqla ədalət mühakiməsinin fundamental prinsipi olan çəkişmə pinsipi pozulmuşdur. İddiaçı "xxxx" ASC-nin ona qarşı iddiası əsassızdır və hadisə baş verərkən günahkar əslində **-LN-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexiya R3” markalı minik avtomobili olmuşdur. İddiaçı "xxxx" ASC iddia tələbi əsasında heç bir mötəbər sübut təqdim etməmiş, məhkəmə isə sözügedən qətnaməni qəbul edərkən iddiaçının göstərdiyi xüsusatlara əsaslanmaqla, mötəbər sübutlara istinad etmədən qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmənin gəldiyi nəticə "xxxx" ASC-nin 66214 nömrəli sığorta Aktı və Yol Polisinin tərtib etdikləri aktdan ibarət sübutlar məcmusuna söykənir. Mübahisənin həllində məhkəmə tərəfindən digər məsələlərin də nəzərdən keçirilməsi həqiqətin müəyyən edilməsi üçün əsasdır. Digər bir müəyyən edilməli hal “Ravon Nexiya R3” markalı minik avtomobilinə dəymiş ziyanı təsvir edən halların nədən ibarət olmasını əks etdirən sübutlara istinad edilməməsidir. Qeyd edilən halların müəyyən olunması ziyanın aradan qaldırılmasını (azaldılması və ya bərpa olunması) mümkün etməklə ziyanın hesablanması da mühüm əhəmiyyətə malikdir. Hazırki işə apellyasiya qaydasında son olaraq baxılması 29.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə bildirişi Cavabdeh iş materiallarında olan ünvanına göndərilsə də, poçt zərfinin üzərindəki qeydə əsasən “bu ünvanda yaşamır” səbəbindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasıya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, **- GX-*** dövlət qeydiyyat nişanlı “X6 Prado” markalı minik avtomobili 08.06.2018-ci il tarixdə PPA********** nömrəli müqavilə ilə 08.06.2019-cu il tarixədək sığortalanmışdır. 3556/İ saylı 25.10.2018-ci il tarixli məktubdan görünür ki, "xxxx" 25 oktyabr 2018-ci il tarixdə Cavabdeh subroqasiya hüququ ilə əlaqədar 5.000 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. 66214 sayıl 20.07.2018-ci il tarixli sığorta aktı tərtib edilərək sığorta hadisəsi zamanı dəymiş zərərin məbləği 5.000 manat sığorta ödənişi **-LN-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı minik avtomobilinin mülkiyyətçisi X1 hesabına (**********365061 saylı karta) köçürülmüşdür. 66214 saylı 18.07.2018-ci il tarixli zərər aktına əsasən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-LN-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı minik avtomobilinə dəymiş zərər 5.345 manat (ehtiyyat hissələri 3.865 manat, zəhmət haqqı 1.480 manat) təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gəlsə də, X1 mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarının müəyyən edilməsi ilə məqsədilə iş üzrə ekspertiza təyin etməmiş və ekspert rəyi almamışdır. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində sözügedən avtomobilə dəymiş zərərin məbləği mübahisələndirilmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2781/2020 saylı 05.08.2020-ci il tarixli qərardadı ilə X1 mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarının müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspetizası təyin edilmiş və ekspert qarşısında mülki işin 10-cu vərəqində olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat nəzərə alınmaqla mülki işin materialları, o cümlədən, apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillər və disk əsasında “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan, o cümlədən zədələnmiş hissələrin təmir edilməsi və ya dəyişdirilməsi, işçilik üçün haqq da daxil olmaqla tələb olunan vəsaitin nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3103 saylı 08 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 18.07.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmış faizi tətbiq edilməklə təxminən 4990.0 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən sözügedən ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, rəy verilərkən məhkəmə qərardadında qoyulmuş suala tam və aydın cavab verilməmiş, ekspert rəyi yalnız "xxxx" ASC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatına istinad edilməklə verilmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-285/2021 saylı 10.02.2021-ci il tarixli qərardadı ilə apellyasiya baxışı zamanı təqdim olunmuş disk və fotoşəkillərə (i.v. 91- 92) baxış keçirilməklə zərər dəymiş avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin işdə olan qiymətləndirilməyə dair hesabatda (i.v.10) əksini tapmış ehtiyat hissələrinə uyğun olubolmadığının, uyğun olduğu təqdirdə həmin hesabat nəzərə alınmaqla mülki işin materialları, o cümlədən, apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillər və disk (i.v. 91-92) əsasında “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın, o cümlədən zədələnmiş hissələrin təmir edilməsinin və ya dəyişdirilməsinin, işçilik üçün haqq da daxil olmaqla tələb olunan vəsaitin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilmişdir. 20.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 9/1513 saylı 27 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 18.07.2018-ci il tarixli qüsür aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4990.0 manat təşkil etməsi müəyyən edilmişdir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 422 saylı 27 yanvar 2015-ci il tarixli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədilə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədiqiqatı iş materiallarında olan "xxxx" ASC-nin 18.07.2018-ci il tarixli nöqsan aktı əsasında hesablanmışdır. Göründüyü kimi, məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə təyin edilmiş ekspertiza qarşısında qoyulmuş sual- avtomobilə dəymiş ziyanın, o cümlədən zədələnmiş hissələrin təmir edilməsi və ya dəyişdirilməsi, işçilik üçün haqq da daxil olmaqla tələb olunan vəsaitin mülki işin 10-cu vərəqində olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat nəzərə alınmaqla mülki işin materialları, o cümlədən, apellyasiya baxışı zamanı təqdim edilmiş fotoşəkillər və disk əsasında nə qədər təşkil etməsi barədə olsa da, ekspertlər tərəfindən rəylər yalnız "xxxx" ASC-nin 18.07.2018-ci il tarixli nöqsan aktı əsasında verilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, verilmiş rəydə müəyyən edilən qiymət təqdim edilmiş fotoşəkillər və diskdə əksini tapan məlumatların iş materiallarında olan (i.v. 10) 18.07.2018-ci il tarixli hesabatda göstərilən avtomobilin zədə görmüş ehtiyat hissələri ilə eynilik təşkil etməsi baxımından reallığı əks etdirən qiymət kimi qəbul edilir və buna görə də ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir (1120.1). Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə təsbit olunmuşdur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla, qətnamənin ləğv edilməsinə əsas vermir. Belə ki, apellyasiya şikayətində göstərilən dəlillərə istinad edən cavabdeh öz mövqeyini əsaslandırmaq üçün nəinki müvafiq sübutlar təqdim edə bilmiş, hətta məhkəmə iclasında iştirakını belə təmin etməmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalı və ödənilmiş dövlət rüsumunun məbləği apellyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-7119/2019 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2(103)-285/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-285/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver