Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2867/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: öhdəliyin icra olunmaması nəticəsində vurulmuş zərər, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh arasında qızıl-zinyət əşyalarının nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuş, Cavabdeh Bönövşə Hidayətovadan dəyərini hissə-hissə ödəyəcəyi şərti ilə müxtəlif vaxtlarda müxtəlif növdə və çeşiddə qızıl əşyaları almışdır.
2. İddiaçı 25 may 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis bölməsinə şikayət ərizəsi ünvanlayaraq tanışı Cavabdeh ondan 17 400 manat dəyərində qızıl-zinyət əşyalarını satıb pulunu ödəməsi şərtilə aldığını, lakin müxtəlif bəhanələrlə pulu ödəmədiyini bildirmiş, Bakı şəhəri Yasamal RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X2 24 iyul 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “...Bənövşədən ümumilikdə götürdüyü qızıl əşyalar üçün verməli olduğu pulun 12 509 manatını verə bilməmişdir, onu da hazırda işsiz olduğundan ödəyə bilmir, lakin ilin sonuna kimi tam şəkildə ödəyəcəyinə söz verir”.
4. Bakı şəhəri Yasamal RPİ İŞ-nin 24 iyul 2022-ci il tarixli qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv olunaraq material araşdırmanın davam etdirilməsi məqsədilə həmin quruma göndərilmiş, Yasamal RPİ İŞnin baş müstəntiqi, polis mayoru X2 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.
5. Bakı şəhəri Yasamal RPİ İŞ-nin 05 oktyabr 2022-ci il tarixli qərarında Cavabdeh xx.xx.2022-ci il tarixdə verdiyi, yəni ləğv edilmiş 24 iyul 2022-ci il tarixli qərarın çıxarılmasına əsas təşkil edən izahatına istinad olunmuşdur.
6. İddiaçı və X1 Aymən Əjdər qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 22 400 manatın və 160 manat dövlət rüsumunun tutulmasını, 17 480 manatın İddiaçı, 5080 manatın Günay Kərimovaya ödənilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
7. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli qətnamə ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçılara ayrıayrılıqda ümumi qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 17 400 manat pul vəsaitinin və 160 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin onu aldadaraq 17 400 manat pulunu ələ keçirməsi barədə 25 may 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, ərizə ilə bağlı araşdırma aparılmaqla toplanmış material Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və material üzrə araşdırmanın davam etdirilməsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 həvalə edilmiş, sonuncu, onun və cavabdehin izahatlarını almaqla kifayətlənmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, əsassız olaraq toplanmış material üzrə 24 iyul 2022-ci il tarixdə Cinayət Prosessual Məcllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Həmin qərardan Yasamal Rayon Prokurorluğuna şikayət edilmiş, qərar ləğv olunaraq yenidən araşdırılma aparılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Cavabdeh izahatında ona 12 509 manat borcunun olduğunu bildirsə də, “WhatsApp” mobil tətbiqi ilə olan yazışmalar bunun əksini sübut edir. Cavabdeh özünün də izahatda qeyd etdiyi kimi, ilkin olaraq alınan qızılın müəyyən hissəsini ona ödəmiş, bu ödəmədə məqsədi onu aldatmaq və etibarından sui-itifadə etmək olmuşdur. Belə ki, özünü Rabitə Nazirliyində işləyən şəxs kimi təqdim etməklə özünü etibarlı və imkanlı insan kimi tanıtmış və sonradan onun əmlakını ələ keçirməklə öz əməlini yekunlaşdırmışdır. Olduqca peşəkar davranan cavabdeh əmlakın alınması zamanı aldadıcı üsullardan istifadə edərək və hesablaşma görüntüsü yaradaraq onu aldatmış, əmlakını ələ keçirmişdir. Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi göndərmiş, iddiaçıya həyata keçirdiyi ödənişlərin nəzərə alınmasını xahiş etmişdir.
11. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdeh ondan tələb olunan borc məbləği ilə razılaşmır. İddiaçı əvvəl Yasamal Rayon Polis İdarəsinə müraciət etmiş, Yasamal RPİ tərəfindən aparılan araşdırma zamanı cavabdeh, Bənövşəyə borcunun olmadığını bildirdikdə, orada ondan ödənişə dair sübutlar (qəbzlər) tələb olunmuşdur. Lakin həmin vaxt əlində olan bəzi ödəniş qəbzlərini təqdim etmiş, qalan qəbzləri isə itirdiyini zənn edərək təqdim edə bilməyəcəyini bildirmişdir. Polisdə ona yalnız təqdim etdiyi qəbzləri çıxmaqla izahat yazdırmışlar. Bundan sonra iddiaçı həmin qərarı əsas tutub ona qarşı məhkəməyə iddia vermiş, ondan 17 400 manat pul tələb etmiş, məhkəmə iclasları cavabdehin xəbəri olmadan keçirilmiş və məhkəmə polisin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına (baxmayaraq ki, həmin vaxt artıq ləğv edilmişdi) istinad edərək, onun iddiaçıya guya 12 509 manat borcu olması barədə qətnamə çıxarmışdır. Cavabdeh icra orqanları vasitəsilə məhkəmə qətnaməsindən xəbər tutan kimi apellyasiya şikayəti vermiş, həmin vaxt artıq əldə etdiyi bütün ödəniş qəbzlərini apellyasiya instansiyasına təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə qətnaməsi ləğv edilmiş, işdə prossesual pozuntular olduğu üçün ərizə baxılmamış saxlanmışdır. Hazırki pul tələbi üzrə iddiaçının şikayəti üzrə Yasamal RPİ-də təqdim etdiyi qəbzlər və hazırda əlavə olaraq məhkəməyə təqdim etdiyi ödəniş qəbzləri eyni adama aiddir və tərəfindən iddiaçıya olan ödənişləri sübut edir, iddiaçıya qaytardığı 4891 manat pulun qəbzləri Yasamal RPİ-də, qalan qəbzlər isə cavabdehdədir. Cavabdeh iddiaçıya kart vasitəsilə köçürmə yolu ilə 4128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6539 manat, yəni 15 558 manat ödəniş etmişdir. Baxmayaraq ki, iddiaçı bunu məhkəmədən gizlətmişdir. Buna görə də iddia qismən təmin edilməlidir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 12 509 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 115 manatının Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 13.1. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında nisyə alğı-satqı münasibətləri yaranmış, razılığa görə İddiaçı müəyyən miqdarda olan qızıl-zinət əşyalarını Cavabdeh satmağı, sonuncu isə aldığı əşyaların razılaşdırılmış dəyərini Bənövşə Zeynalovaya ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan sənədlər, habelə məhkəmə gedişatı zamanı verilmiş izahatlar iddiaçının üzərinə götürmüş olduğu öhdəliyi icra etməsini və şərtləşdirilmiş miqdarda əşyanı cavabdehə satmasını təsdiq edir. Lakin iddiaçıdan fərqli olaraq cavabdehin əldə edilmiş razılığın şərtlərinə əməl etməməsi tərəflər arasında məhkəmə mübahisəsinin yaranmasına səbəb olmaqla, ididaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə nəticələnmişdir. 13.2. İşin mübahisəli halı isə nisyə alğı-satqı münasibətləri əsasında iddiaçıya ödənilməli olan, lakin tam ödənilməmiş borcun məbləği ilə əlaqədardır. Belə ki, iddiaçının bildirdiyinə görə ona ödənilməli olan vəsaitin məbləği 17 400 manat, cavabdehə görə isə həmin vəsaitin miqdarı daha az olmaqla, ümumi borcdan 15 558 manat (4891 manat ödənişin edilməsinə dair Polis Bölməsində saxlanılan qəbzlər, kart vasitəsilə köçürmə yolu ilə 4128 manat, ödəmə terminalları vasitəsilə də nəğd qaydada 6539 manat olmaqla) ödənilmişdir. 13.3. Məhkəmə isə tərəflərin izahatlarını qiymətləndirib, işdə olan sənədləri nəzərdən keçirib, ödənilməmiş məbləğin 12 509 manat olduğu qənaətinə gəlir. Məhkəmə bu qənaətə gələrkən işdə olan ödəniş qəbzlərini, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, tərəflərin "WhatsApp” yazışmalarını və digər sənədləri əsas götürür. Belə ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə satmış olduğu əşyanın dəyərinin ödənilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Aparılmış araşdırma Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru O.Süleymanlının "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə nəticələnmişdir. Həmin qərara əsasən müəyyən edilir ki, məsələ ilə əlaqədar tərəflər polis bölməsinə dəvət olunmuş Cavabdeh verdiyi izahatında İddiaçı ödənilməli olan borcun 12 509 manat təşkil etdiyini bildirmişdir. 13.4. Eyni zamanda qeyd edilməlidir ki, sonradan yuxarıda qeyd edilən Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru O.Süleymanlının "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından şikayət verilmiş, şikayət əsasında araşdırma aparılmış və nəticə etibarı ilə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın təqdim edilməsi zamanı, yəni xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2022ci il tarixli qərarın hələ də qüvvədə olduğu xüsusilə göstərilmişdir. 13.5. Hazırda cavabdeh tərəf ödəniş qəbzlərinə istinad etsə də, həmin qəbzlərlə müəyyən olunur ki, qəbzlər 2021-2022-ci il tarixlərinə aid olmaqla, sonuncu ödəniş tarixi müvafiq qərarın ("cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın) qəbul edilməsindən öncəki dövrə, xx.xx.2022-ci il tarixə təsadüf edir. Bununla da cavabdehin yaranmış borcundan müəyyən miqdarda ödənişlər etməsi (həm POS-terminal, həm də kart hesabı vasitəsilə) öz təsdiqini tapsa da, göründüyü kimi, həmin məbləğlərin ödəniş tarixləri cavabdehin polis orqanlarında borcunun 12 509 manat olmasına dair verdiyi izahatından öncəki dövrə aiddir. 13.6. Həmçinin, məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı sübutları qiymətləndirilərkən, iddiaçının təqdim etdiyi və cavabdehin sübut kimi dəyərləndirilməsinə etiraz etmədiyi "WhatsApp” yazışmaları da nəzərə alınmışdır. Sözügedən yazışmaların 11 aprel 2022-ci il tarixinə aid olması və cavabdehin həmin tarixə borcunun 13 000 manat civarında təşkil etməsini qəbul etməsi də aydın şəkildə müəyyən olunur. 13.7. Əlavə olaraq məhkəmə vurğulayır ki, iddiaçı tərəfin borc məbləğini 17 400 manat həcmində tələb etməsinə səbəb, cavabdehə görə bankdan kredit götürərək, cavabdehin əvəzinə ödənişlər edib əlavə məsrəflər etməsi, ona əlavə maddi ziyanın vurulması ilə əsaslandırır. Lakin iddiaçı məhz cavabdehlə aralarında olan münasibətlərlə əlaqədar bankdan kredit almasına, kredit aldığı məbləğlə qızıl-zinət əşyalarına görə borc ödəməli olmasına və s. dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 13.8. Cavabdeh tərəfin öz növbəsində məhkəməyə təqdim etmiş olduğu etiraz ərizəsində onun tərəfindən 4891 manat məbləğində edilmiş ödəniş qəbzlərinin mövcudluğuna və həmin qəbzlərin Polis Bölməsində olmasına istinad edilsə də, həmin qəbzlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, həmin ödənişlərin edilibedilməməsini işdə olan mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır.
14. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 406.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 567-ci, 600.4-cü, 601-ci maddələrinə istinad etmişdir.
15. Həmin qətnamədən cavabdeh (nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin faktiki hallarına, habelə sübutlara uyğun yeni yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, cavabdehin iddiaçıya etdiyi ödənişləri nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şəxsin iddiaçıya 500-600 manat borcu qalmışdır və onu ödəməyə etiraz etmir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, onun apellyasiya şikayətinin dəlilləri məhz iddianın təmin olunan hissəsinin qanunsuz olmasına yönəlmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. İşin bilavasitə iddiaçının özünün izahatı, eləcə də iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”larla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında qızıl-zinyət əşyalarının nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuş, Cavabdeh Bönövşə Hidayətovadan dəyərini hissə-hissə ödəyəcəyi şərti ilə müxtəlif vaxtlarda müxtəlif növdə və çeşiddə qızıl əşyaları almış, aldığı əşyaların dəyərini tam ödəmədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.
38. İddiaçının iddiasına görə, cavabdehin ondan aldığı qızıl-zinyət əşyalarının dəyəri 17 400 manatdır.
39. Cavabdeh irəli sürülən həmin faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçıya ödəməli olduğu pulun 15 558 manatını geri qaytardığını, hazırda iddiaçıya 1842 manat (apellyasiya baxışı zamanı nümayəndəsinin bildirməsinə görə 500-600 manat) borcunun qaldığını irəli sürür.
40. Cavabdeh nümayəndəsinin (vəkilinin) istinad etdiyi və nəzərə alınmadığını irəli sürdüyü ödəniş qəbzlərindən görünür ki, həmin qəbzlər 2021-2022-ci il tarixlərinə aid olmaqla, sonuncu ödəniş tarixi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsindən öncəki dövrə (xx.xx.2022-ci il tarixinə) təsadüf edir və qəbzlərdəki ödənişlərin cəmi 6539 manatdır.
41. Bununla yanaşı qeyd olunmalıdır ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın çıxarılmasına əsas təşkil edən şikayətdə Bönəvşə Hidayətova, cavabdehin ondan ümumilikdə 17 400 manatlıq qızıl-zinyət əşyasını aldığını bildirmişdir.
42. Tərəflər arasında “WhatsApp” proqram təminatı vasitəsilə xx.xx.2022-ci il tarixdə aparılmış yazışmadan (həmin yazışmanın məhz tərəflər arasında aparıldığı apellyasiya baxışı zamanı tərəflərə məxsus telefon nömrələri yoxlanılaraq dəqiqləşdirilmişdir) görünür ki, cavabdeh həmin tarixdə, yəni iddiaçının polis orqanına müraciət etməsindən təxminən 1 ay əvvəl, ona 17 000 manat deyil, 13 000 manata qədər borcunun olduğunu bildirmişdir.
43. Kollegiya iddiaçının özünün bildirdiklərini və cavabdeh tərəfindən həyata keçirilən ödənişləri nəzərə almaqla hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 10 861 manat tutulmalıdır (17 400 – 6539 = 10 861).
44. Cavabdehin nümayəndəsinin istinad etdiyi bank köçürmələrinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin köçürmələr xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə həyata keçirilmişdir və cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya yazdığı mesaj diqqətə alındığında hazırkı mübahisənin həlli zamanı nəzərə alına bilməz.
45. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
46. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-248/2024 saylı iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi “12 509 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə öhdəliyin icra edilməməsinə görə 10 861 (on min səkkiz yüz altmış bir) manat tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov