Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-287/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-3277/2019 saylı iş üzrə qəbul etdiyi 13 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi və bu müqavilə əsasında 12 mart 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi; 4.136 (dörd min bir yüz otuz altı) ABŞ dolları artıq ödənilmiş məbləğin, 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi xidmət üçün ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı1 ilə cavabdeh “Muğanbank“ Açıq Səhmdar Cəmiyyətinin “Şərq“ filialı arasında 27 sentyabr 2013-cü il tarixli, 303/2013 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən illik 24 faiz olmaqla 24 ay müddətində 12.200 (on iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təminatı kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 məxsus olan “Kia Sorento” markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Sonradan baş vermiş devalvasiyaya görə iddiaçı ödəniş edə bilməmiş və nəticədə cavabdeh məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4387/2014 nömrəli qətnaməsi ilə İddiaçı1 13.491 (on üç min dörd yüz doxsan bir) ABŞ dolları məbləğdə pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın İddiaçı1 məxsus olan “Kia Sorento“ markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi qət edilmişdir. Qeyd etmək istərdi ki, bundan sonra iddiaçılar İddiaçı1 və onun qardaşı İddiaçı2 tərəfindən banka ödənişlər həyata keçirilmişdir. İddiaçı2 ilə imzalanmış 12 mart 2015-ci il tarixli zaminlik müqaviləsi ilə İddiaçı1 banka olan borcunun 7.650 (yeddi min altı yüz əlli) ABŞ dolları olması müəyyən edilmişdir. Daha sonra həmin məbləğdən 12 mart 2015-ci il tarixində 3.411 (üç min dörd yüz on bir) ABŞ dolları, 06 aprel 2015-ci il tarixdə 800 (səkkiz yüz) ABŞ dolları və 16 iyul 2015-ci il tarixdə 550 (beş yüz əlli) ABŞ dolları olmaqla, cəmi 4.761 (dörd min yeddi yüz altmış bir) ABŞ dolları ödənilmiş və yekunda 2.889 (iki min səkkiz yüz səksən doqquz) ABŞ dolları borc qalmışdır. Qeyd olunan faktlar məhkəmə qərarları və ödəniş qəbzləri ilə də sübut olunur. Həmin razılaşmaya əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti İcra Şöbəsinə məktub yazaraq işi dayandırmağı xahiş etmişdir. Sonradan “Kia Sorento“ markalı 90- LB-991 nömrəli nəqliyyat vasitəsi zor tətbiq edilməklə bank əməkdaşları tərəfindən İddiaçı1 qardaşı İddiaçı2 alınmışdır. İddiaçı2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq atomobilin ona qaytarılmasını və digər tələbləri xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli 2(005)- 2802/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və “Kia Sorento“ markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsinin İddiaçı2 qaytarılması qəl edilmişdir. Lakin bu günə kimi “Kia Sorento“ markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsi nə İddiaçı1, nə də onun qardaşı İddiaçı2 geri qaytarılmamışdır. Vəkil sorğusu ilə əldə etdikləri məlumatlarla müəyyən olunmuşdur ki. “Kia Sorento“ markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsi hərrac vasitəsi ilə özgəninkiləşdirilmiş və hal-hazırda digər vətəndaşın mülkiyyətindədir. Qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq İddiaçı1 5.144 (beş min bir yüz qırx dörd) manat kompensasiya hesablanmışdır. Saytda həmin pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniləcəyi bildirilmişdir. Digər tərəfdən İcra və Probasiya Xidmətindən “Kia Sorento“ markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə 6.800 (altı min səkkiz yüz) manata satılaraq pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənildiyi qeyd olunur. Əslində həmin avtomobilin bazar qiyməti qat-qat baha olsa belə indiki vəziyyətdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş məbləğ 7.025 (yeddi min iyirmi beş) ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edildiyi kimi ödənilməli məbləğ 2.889 (iki min səkkiz yüz səksən doqquz) ABŞ dolları təşkil etdiyini nəzərə alsaq 4.136 (dörd min bir yüz otuz altı) ABŞ dollarının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə artıq ödənildəyini görmək olar. Lakin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında İddiaçı1 guya "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1.751 (bir min yeddi yüz əlli bir) manat borcu olduğu qeyd olunur. Bu isə yuxarıda qeyd etdiyi faktlara ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3277/2019 saylı, 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar. Həmçinin göstərilmişdir ki, İddiaçı2 ilə imzalanmış 12 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi ilə İddiaçı1 banka olan borcunun 7650 ABŞ dolları olması müəyyən edilmişdir. Daha sonra həmin məbləğdən 12 mart 2015ci il tarixində 3411 ABŞ dolları, 06 aprel 2015-ci il tarixdə 800 ABŞ dolları və 16 iyul 2015ci il tarixdə 550 ABŞ dolları olmaqla cəmi 4761 ABŞ dolları ödənilmiş və yekunda 2889 ABŞ dolları borc qalmışdır. Qeyd olunan faktlar məhkəmə qərarları və ödəniş qəbzləri ilə də sübut olunur. Həmin razılaşmaya əsasən "xxxx" ASC İcra Şöbəsinə məktub yazaraq işi dayandırmağı xahiş etmişdir. Sonradan “Kia Sorento” markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsi zor tətbiq edilməklə bank əməkdaşları tərəfindən İddiaçı1 qardaşı İddiaçı2 alınmışdır. Vəliyev X1 Rayon Məhkəməsində iddia qaldıraraq atomobilin ona qaytarılmasını və digər tələbləri xahiş etmişdir. Nərimanov Rayon məhkəməsinin 13.06.2017-ci il tarixli 2(005)-2802/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və “Kia Sorento” markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsinin İddiaçı2 qaytarılması qət edilmişdir. Lakin bu günə kimi “Kia Sorento” markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsi nə İddiaçı1 nə də onun qardaşı İddiaçı2 geri qaytarılmamışdır. Həmçinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq İddiaçı1 5144 manat kompensasiya hesablanmışdır. Saytda həmin pulun "xxxx" ASC-yə ödəniləcəyi bildirilmişdir. Digər tərəfdən, İcra və Probasiya Xidmətindən “Kia Sorento” markalı **-EB-*** nömrəli nəqliyyat vasitəsinin hərrac vasitəsi ilə 6800 manata satılaraq pulun "xxxx" ASC-yə ödənildiyi qeyd olunur. Əslində həmin avtomobilin bazar qiyməti qat-qat baha olsa belə indiki vəziyyətdə "xxxx" ASC-yə ödənilmiş məbləğ 7025 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edildiyi kimi ödənilməli məbləğ 2889 ABŞ dolları təşkil etdiyini nəzərə alınsa 4136 ABŞ dollarının “MuğanBank" ASC-yə artıq ödənildəyini görə bilərik. Hərracdada avtomobil daha baha qiymətə satılmışdır. 27.09.2013-cü il tarixli kredit müqaviləsi və bu müqavilə əsasnda 12 mart 2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə İddiaçı1 və İddiaçı2 tərəfindən öhdəlik tam icra olunmuş 4136 ABŞ dollarının "xxxx" ASC-nin hesabına artıq pul köçürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmişlər, kollegiya onların iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında 27 sentyabr 2013-cü il tarixdə 303/2013 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı1 nəqliyyat vasitəsinin alınması məqsədi ilə illik 24% olmaqla 24 ay müddətinə 12.200 (on iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla İddiaçı1 arasında 27 sentyabr 2013cü il tarixdə 303/2013 nömrəli ipoteka müqaviləsi bağlanaraq, “Kia Sorento” minik markalı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Lakin İddiaçı1 tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də, bank Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, borclu şəxsdən borc məbləğinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, əmlakın satılaraq tələbin ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli, 2(004)-4387/2014 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ümumilikdə 13.491 (on üç min dörd yüz doxsan bir) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın cavabdeh İddiaçı1 məxsus “Kia Sorento” minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin abtomobilin İddiaçı1 alınaraq açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin borclu şəxsdən tutularaq banka ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli, 2(103)-5859/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 iyul 2019-cu il tarixli arayışa əsasən İddiaçı1 17 iyul 2019-cu il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 1.030,10 (bir min otuz dollar on sent) ABŞ dolları təşkil edir. Problemli kreditlərin kompensasiyası ilə bağlı “Fimsa.az” saytında yerləşdirilmiş məlumata əsasən İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 01 mart 2019-cu il tarixə 6.895,20 (altı min səkkiz yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində əsas kredit borcu olmuş, bunun müqabilində 5.144,03 (beş min bir yüz qırx dörd manat üç qəpik) manat kompenssasiya hesablanmış, borcun azaldılmasına yönəldilən məbləğ (6.895,20- 5.144,03) nəzərə alındıqdan sonra 1.751,17 (bir min yeddi yüz əlli bir manat on yeddi qəpik) manat qalıq borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi həmçinin işin obyektiv və ədalətli həll edilməsi üçün apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında - 27 sentyabr 2013-cü il tarixli, 303/2013 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldikdən və iddiaçıya hesablanmış 5.144,03 manat məbləğində kompensasiya məbləği ümumi borcdan silindikdən sonra, iddiaçının kredit müqavilə üzrə banka etdiyi ödənişlər nəzərə alınaraq İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu qalmışdırmı? və həmin kredit müqaviləsi üzrə İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu qalmamışdırsa, sözügedən kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödəmə olmuşdurmu? Əgər olmuşdursa artıq ödəmənin məbləği nə qədərdir? sualları qoyulmuşdur. Ekspert tərəfindən vəsatət göndərilərək, "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 27.09.2013-cü il tarixli 303/2013 saylı kredit müqaviləsi, hesabdan çıxarış (kredit verilən tarixdən 21.05.2020-ci il tarixə, məxariciər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə, ayrı-ayrılıqda), kredit məbləğinin hesaba köçürüldüyü tarix öz əksini tapmaqla, faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarış (gedişat, kredit verilən tarixdən 21.05.2020-ci il tarixə ayrı-ayrılıqda) və faizlərin dayandırılması haqqında idarə heyətinin qərarı (kredit komitəsinin), ödəniş qəbzləri, kredit müqaviləsi, ödəniş qrafiki, kassa məxaric orderi və maliyyə arayışının (aparılmış bütün ödənişlər göstərilməklə) ekspert tədqiqatına təqdim edilməsi xahiş edilmiş. Bununla bağlı cavabdehə sorğu göndərilsə də 27 sentyabr 2013-cü il tarixdən 15 aprel 2021-ci il tarixə olan hesabdan çıxarış təqdim edilmişdir. Belə olan halda isə ekspertiza keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçıların dəlillərinin yoxlanılması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də lazımi sənədlər təqdim edilmədiyindən ekspertiza keçirilməsi baş tutmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə məhz işdə olan sübutlar əsasında qiymət verilməlidir. İşin qeyd olunan hallarından isə müəyyən edilir ki, İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1.030,10 (bir min otuz dollar on sent) ABŞ dolları qalıq borcu qalmışdır. Başqa sözlə, İddiaçı1 nəinki cavabdeh Muğanbank” Açıq Səhmdar Cəmiyyətinə hər hansı məbləğdə atıq ödənişi var, əksinə, onun müvafiq banka hazırda 1.030,10 (bir min otuz dollar on sent) ABŞ dolları qalıq borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmçinin iddiaçılar cavabdeh bankdan tələb etdikləri pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi iddiaçılar müqavilə üzrə öhdəliklərə xitam verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsələr də tələblərinin əsası kimi istinad edilən halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişlər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-3277/2019 saylı iş üzrə qəbul etdiyi 13 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-287/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-287/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver