Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2875/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddimənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(001)- 736/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı özünü makler kimi təqdim edən Cavabdehla 2019-cu ilin oktyabr ayında tanış olmuşlar. Söhbət əsnasında cavabdeh iddiaçıya yaxşı yerdə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində qanuni olaraq evlər tikib satdığını və onada ev tikib verə biləcəyini bildirmişdir. Cavabdeh torpaq sahəsini iddiaçıya göstərdikdən sonra, aralarında olan razılığa əsasən xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində yerləşən noyariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC vasitəsiə 24800 manat məbləğində pul köçürmüş, əlavə olaraq isə 200 manat rüsum ödəmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh (borc alan) xx.xx.2022-ci il tarixədək iddiaçıya (borc verənə) pulu qaytarmağını öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan təxminən 10 gün sonra cavabdeh iddiaçıya onun üçün tikəcək evin layihəsi göstərmiş və həmin lahiyədə Sumqayıt şəhəri Corat bağları massivi 2377C ünvanında İddiaçı məxsus mövcud fərdi yaşayış evinin ölçüsü, görünüşü əks edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “maddimənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 35000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, nə pulu, nə də iddiaçı üçün tikiləcək evi təhvil verməmişdir. 2020-ci ilin yanvar ayından sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onun 24800 manatını mənimsəmişdir. O, bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişdir. Müraciətlərinin sonunda isə iddiaçıya pul vəsaitinin geri qaytarılması üçün mülki mühakimə icraatı qaydasında mülkiyyət hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əlavə olaraq cavabdeh iddiaçının pulunu mənimsəməklə ona mənəvi psixoloji zərər vurmuşdur. İddiaçı hesab edir ki, keçirdiyi stress, daxili narahatlığının nəticəsində ona 10000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Qeyd edilənlərə əsasında iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 yanvar 2023-cü il tarixli, 2(001)-736/2023 nömrəli qətnaməsi ilə (hakim Abbasova Günel) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 226 (iki yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ondan iddiaçının xeyrinə 24300 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün 163 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-736/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, hazırda iddiaçı borclu olduğu 24800 manat pulun 500 manat pulunu iddiaçıya qaytarmışdır. Məhkəmə prosesində iştirak edə bilmədiyindən də, həmin pulun geri qaytarılması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırda apellyasiya baxışında həmin sübutları məhkəməyə təqdim edə bilər. Hesab edir ki, Binəqədi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-736/2023 saylı qətnaməsi qismən ləğv edilməli, Cavabdeh 24300 manat məbləğində pulun tutulmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh tərəfindən ona hər hansı məbləğdə ödəniş edilməmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsi mümkün hesab edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
11. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Maddə 752.2. Podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallarıdan hazırlayırsa, hazırlanmış məmulatı mülkiyyətçi sifarişçiyə verir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən qətnamən ondan 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində tutulan pul vəsaitinin 500 manat hissəsində mübahisələndirilərək həmin hissədə ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
23. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 24800 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürür.
24. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, notariat kontorunda Raufla 24800 manatlıq kredit müqaviləsi bağlanmış, notariusda alqı-satqı zamanı əlavə 3000 manat da ödənilməsi barədə razılaşmışlar. Sentyabr ayının təxminən 20-də ərazidə işə başlanılaraq evin özülü tökülmüş, Rauf da gəlib işə baxaraq bəyənmişdir. Müqavilənin yanvar ayına kimi bağlanılmasına baxmayaraq, evi mart ayında təhvil verilməsi razılaşdırılmışdır. Havaların sərt keçməsi, ustanın xəstələnməsi işi yubatmışdır. Buna görə də Raufla mart ayının sonlarında evin tam tikilib dam örtüyünün vurulacağı, aprel ayında isə daxildə olan işlərin görüləcəyi barədə razılaşmışlar. Ancaq karantin rejimi ilə əlaqədar işlər məcburi dayanmış, bu barədə Raufa məlumat verərək karantin rejimi qurtarandan sonra evi tikib təhvil verəcəyini bildirmişdir. Tərəflər arasında razılaşdırlmış podrat müqaviləsi üzrə öhdəliklərdən irəli gələrək mülki xarakter daşıdığından və əməldə cinayət tərkibi olmadığı üçün aparılmış yoxlamanın nəticələsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir
25. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili qismində çıxış edən iddiaçının borclu olduğu 24800 manat pulun 500 manat pulunu iddiaçıya qaytarması faktı sadəcə formal mülahizələrə əsaslanmaqla qeyd edilən faktı təsdiq edən heç bir mötəbər sübut apellyasiya şikayətinə əlavə edilməmişdir. Eyni zamanda, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməklə təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iddiaçı ona cavabdeh tərəfindən hər hansı məbləğdə pulun qaytarılmadığını bildirmişdir.
26. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı hazırki işlə bağlı mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(001)- 736/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.