Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2877/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, Cavabdehlərin nümayəndəsi və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(001)-483/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İdeal-İnşaat Company” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 2016-cı ilin avqust ayınadək istifadə etdiyi kommunal xidmətlərə görə 310 manat, quraşdırılmış antenaya görə 315 manat, quraşdırılmış sayğaclar üçün 260 manat olmaqla, ümumilikdə 885 manat pulun, 2016-cı ilin avqust ayından etibarən istifadə olunmuş kommunal xidmətlərə görə hesablanan 2240 manat pulun Cavabdeh2 və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İdeal-İnşaat Company” Mənzil Tikinti Kooperativi kimi 30.12.2003-cü ildən qeydiyyata alınmışdır. 2006-cı ildə MTK ünvan 1 ünvanında coxmərtəbəli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın mənzil paylarının gec satılması və həmin binanın payçılarının 2021-ci ilin iyul ayınadək özlərinin MMMC-ni yaratmadığı üçün həmin binanın kommunal və binaya xidməti və onun saxlanılmasına, təmirinə, zibillərinin daşınmasına, liftin və binanın saxlanılması sakinlərin razılığı əsasında "X7” MTK öz üzərinə götürmüşdür. 27.08.2015-ci il tarixində "X7” MTK ləğv olunur və onun qanuni varisi "X7” MMC yaranaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyindən və Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Cavabdehlərlə payın əldə olunması haqqında alqı-satqı müqaviləsi vardır. Lakin, cavabdehlər Cavabdeh2 və onun qızı Cavabdeh1 kommunal öhdəliklərini yerinə yetirmədiklərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlər hal-hazırda yaşadığı 2 otaqlı mənzilin kommunal xidmət haqlarını 2014-cü ilin aprel ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla ödəməmişlər. Cavabdehlərə kommunal xidmət haqqına görə hər il dəfələrlə bildiriş göndərilmiş və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar edilmişdir. Cavabdeh1 2012-ci il tarixdə "İdeal-İnşaat Company” MTK ilə “Mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır və payçı olaraq tam mənzilin pulunu ödəyib və mənzilini təhvil almışdır. Lakin müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 12.05.2016-cı il tarixdə həmin mənzili öz anasının mülkiyyətinə keçirərək sonuncunun adına çıxarış verilmişdir. Bundan sonra da kommunal xidmətlərə görə haqq ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(001)- 483/2022 saylı qərardadı ilə iş üzrə icraata “Cavabdeh1 310 manat kommunal xidmətlərə görə haqqın tutulması” hissədə xitam verilmişdir. Eyni zamanda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(001)-483/2022 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh Bağırova X3 835 (səkkiz yüz otuz beş) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti cavabdeh Bağırova X3 tutularaq iddiaçı "İdeal-İnşaat Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməli olması, iddianın rədd olunmalı olmasını və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkil) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbayjan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak 12.05.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ ilə Bağırova X4 adına qeydiyyata alınmışdır. İddiaçı MMC Nizamnaməsindən görünür ki, Cəmiyyət İddiaçı Mənzil Tikinti Kooperativinin hüquqi varisidir. İddiaçı MTK-nın 01.01.2014-cü il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il üzrə kv.m-dən asılı olaraq qış ayları (yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 100 manat, yay ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 50 manat müəyyən edilmişdir. İddiaçı MTK-nın 01.01.2015-ci il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci ilin qış ayları üçün 55 manat, yay ayları üçün 50 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin təsisçilərinin 01.01.2016-cı il tarixli, 04 saylı qərarından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 35 manat müəyyən edilmişdir. İddiaçı MMC-nin təsisçilərinin 01.01.2017-cı il tarixli, 05 saylı qərarından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 40 manat müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən əmlak 12.05.2016-cı il tarixdən xüsusi mülkiyyət hüququ ilə Bağırova X4 adına qeydiyyata alınmışdır. Cavabdeh Bağırova X1 mənzildən istifadə edərək hal-hazırda da həmin mənzildə yaşayırlar. İddiaçı kommunal xidmətlərlə bağlı 2016-cı ilin avqust ayından cavabdeh Bağırova X3 Cəmiyyətin təsisçilərinin qərarı ilə 2016-cı il üçün müəyyən edilmiş hər ay 35 manat, 2017-ci il üçün 40 manat, 2018-ci il üçün 40 manat, 2019-cü il üçün 40 manat, 2020-ci il üçün 40 manat, 2021-ci ilin iyun ayınadək 40 manat, iyun ayı üçün 35 manat tələb edir. Birinci instansiya məhkəməsi, iddianı qismən təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh Bağırova X1 mənzildə həmin tarixlərdə yaşamış və binanın ümumi əmlakından istifadə etmişdir. Belə ki, o, liftdən, məişət tullantılarının daşınması xidmətindən, blokdan və s. istifadə etmişdir. Tərəflər arasında həmin xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmasa da bu mülkiyyətçinin istifadə etmiş olduğu xidmətlərə görə haqqın ödənilməsindən imtinası üçün əsas hesab edilə bilməz. Kommunal xidmətlərlə bağlı ödəniş məbləği əvvəllər Kooperativin ümumi yığıncağının qərarı ilə müəyyən edilsə də, sonradan həmin məbləğ Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının qərarı ilə də müəyyən olunmuşdur. Sözügedən mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdeh Bağırova X4 mülkiyyətinə keçənədək, kommunal xidmətlərlə bağlı 2014-ci ildən 2016-cı ilin avqust ayınadək müəyyən ödənişlər edilmişdir, 2016-cı ilin avqust ayından etibarən hər hansı ödəniş edilməmişdir. Cavabdeh Bağırova X4 borcu 2016-cı il üçün (avqust, sentyabr, oktyabr, noyabr, dekabr) 175 manat, 2017-ci il üçün 480 manat, 2018-ci il üçün 480 manat, 2019-cu il üçün 480 manat, 2020-ci il üçün 480 manat, 2021-ci il üçün 235 manat məbləğində müəyyən edilməlidir. Lakin nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddia müddəti tətbiq olunmaqla cavabdeh Bağırova X3 cəmi 835 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bağırova X5 yaşayış binasında özünə məxsus mənzildə yaşamaqla, göstərilən müvafiq xidmətlərdən yararlanmış (eyni zamanda faktiki hərkətləri ilə də onları bəyənmiş) bununla da həmin xidmətlərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Bununla yanaşı, müvafiq kommunal xidmətlərin dəyəri ümumi yığıncağın qərarları ilə müəyyən olunmudur. Cavabdeh isə kommunal xidmətlərə görə tutulması qət olunmuş məbləğin (835 manat) düz olmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh etirazının (həmçinin apellyasiya şikayətinin dəlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(001)-483/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(001)-483/2022 saylı qətnaməsi yoxlanılan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2877/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2877/2022
19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver