Məhkəmə qərarları › İş №2(103)-2882/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2882/2025

02.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2882/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Cavabdeh2nə qarşı “məcburi icra tədbirlərinin həyata keçirilməsi və zəbt edilən otaqların boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3367/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub: 1) məcburi icra tədbirlərinin həyata keçirilməsi, icranın təmin edilməsi barədə akt qəbul edilsin; 2) icraya qadağa qoyan Əmlak Məsələləri Dövlət Xidmətinin, Cavabdeh2 və Ədliyyə Nazirliyinin məsul şəxslərinin barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilsin; 3) zəbt edilən otqlar boşaldılsın və iddiaçıya təvil verilsin. Xətai Rayon Məhhkəməsinin qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsində “otaq” deyildikdə hansı ünvanda yerləşən otağın nəzərə tutulması, otağın sahəsi və otağı boşaltmalı olan şəxsin kimliyi qeyd olunmayıb. Bundan başqa, iddia ərizəsində bir neçə tələb birləşdirilib, həmin tələblərə bir icraatda baxıla bilməz. Qərardadda hüquqi əsas kimi AR Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1.2-ci maddəsinin göstərişinə istinad olunub. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin, məcburi icra tədbirləri görülsün. Şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. MPM-in 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilmzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı iddia ərizəsinə mülki məhkəmə icraatı, yəni iddia icraatı qaydasında baxılmalı deyil. İddia ərizəsindəki 1-ci tələb barədə məhkəmə qeyd edir ki, məcburi icra tədbirləri “İcra haqqında” Qanunun 43-cü maddəsində sadalanıb. Məcburi icra tədbirlərini həyata keçirmək səlahiyyəti icra məmurlarına aiddir. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Ona görə də iddiaçı məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün müvafiq icra məmuruna müraciət etməlidir. Əgər icra məmuru məcburi icra tədbiri tətbiq etməkdən imtina edərsə, iddiaçı onun hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. İddia ərizəsindəki 2-ci tələb barədə məhkəmə qeyd edir ki, xüsusi qərardad çıxarılması barədə tələb iddia tələbi sayılmır. İddia – pozulmuş hüququn müdafiəsi barədə maddi-hüquqi tələbdir, həmin tələb hüququ pozulan (iddiaçı) tərəfindən hüquq pozana (cavabdehə) qarşı irəli sürülür. Xüsusi qərardad çıxarma isə məhkəməyə aid olan prosessual-hüquqi səlahiyyətdir. Xüsusi qərardad konkret iş üzrə çıxarıla bilər. Belə ki, MPMin 265.4-cü maddəsinə görə, məhkəmə işə baxarkən,cproses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, “işə baxarkən” ifadəsindən istifadə olunub. Odur ki, xüsusi qərardadın çıxarılması üçün əvvəlcə iş başlanmalıdır. İşdə iştirak edən şəxslər məhkəmənin qarşısında xüsusi qərardad çıxarılması barədə vəsatət qaldıra bilər. Həmin vəsatətə iş başlandıqdan sonra baxıla bilər. İddia ərizəsindəki 3-cü tələb barədə məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının özü bildirib ki, Xətai Rayon Məhkəməsi tərəfindən ünvan 1ünvanındakı otaqların sahibkarlıq məqsədilə ona verilməsi barədə xx.xx.2009-cu il tarixli 2(011)-451/2009 nömrəli qətnamə çıxarılıb. İddia ərizəsindən görünür ki, iddiaçı “otaqlar boşaldılsın” deyəndə həmin qətnamənin icra edilməsini tələb edir. Qanuni qüvvəyə minmiş qətnamənin icra edilməsi barədə tələbə iddia icraatı qaydasında baxılmır. Qətnamə icra edilmədikdə, qətnaməni icra etməli olan icra məmurunun hərəkətsizliyi barədə məhkəmə şikayət oluna bilər. İddia ərizəsinin qaytarılması (MPM, maddə 152) və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması (MPM, maddə 153) ayrı-ayrı institutlardır. Əgər 153-cü maddədə müəyyən edilmiş əsaslar varsa 152-ci maddəyə istinad olunaraq iddia ərizəsi qaytarıla bilməz, çünki “geri qaytarma” o deməkdir ki, iddiaçı nöqsanları aradan qaldırdıqdan sonra yenidən həmin iddianı məhkəməyə verə bilər. “İddianın yolverilməzliyi” isə o deməkdir ki, həmin iddia məhkəməyə verilə bilməz. Beləliklə, iddia ərizəsinin qaytarılması barədə qərardad ləğv olunmalı, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunması bardə qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3367/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Cavabdeh2nə qarşı “məcburi icra tədbirlərinin həyata keçirilməsi və zəbt edilən otaqların boşaldılaraq təhvil verilməsi barədə” iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar