Məhkəmə qərarları › İş №2(103)-2883/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2883/2022

18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2883/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Adif qızı (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra Şöbəsi və "xxxx" MMC cəlb edilməklə qiymətləndirmə rəyinin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)-445/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli 2(011)-4757/2019 saylı icra sənədinin icrası çərçivəsində Bakı şəhəri, Nəsrəddin Tusi küçəsi, ev 19, mənzil 103-ün 135 000 manat qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 21.06.2021-ci il tarixli, QXM-2557 saylı hesabatın ləğv edilməsi, həmin mənzilin ədalətli şəkildə yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)- 445/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, hazrıkı mərhələdə əmlakın qiymətləndirilməsinin nəticələri barədə hesabtların mübahisələndirilməsi icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 05.07.2019-cu il tarixli, 2(011)-4757/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı evin, 5 otaqdan ibarət 103 saylı mənzilinin hərracdan satılması qət edilmişdir. Qətnamə icra olunması üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Şöbənin sifarişi ilə cavabdeh həmin mənzili 135000 manat məbləğində qiymətləndirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-4757/2019 saylı, 05.08.2019-cu il tarixli icra vərəqəsinə əsasən 02 noyabr 2021-ci il tarixində (daxil olma nömrəsi 106/21) "xxxx" MMC-yə İddiaçı və digərlərinin ümumi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı evin, 5 otaqdan ibarət 103 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 135000 manat olmaqla satılmasına dair Bakı şəhəri Xətai rayon icra Şöbəsindən 22.09.2021-ci il tarixli, 17***-*******20 saylı sifariş daxil olmuşdur. Sözügedən sifariş üzrə ilkin hərrac açıq auksion formasında 26 noyabr 2021-ci il tarixinə, saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmişdir. Lakin həmin tarixdə hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış və bununla bağlı 26.11.2021-ci il tarixində "hərracın baş tutmamasına dair protokol" tərtib edilməklə təsdiq olunmuşdur. İş üzrə təkrar hərrac 13 dekabr 2021-ci il tarixinə saat 11:00-a (novbəlilik qaydasında) təyin edilmişdir. Təkrar hərracda əmlakın satış qiyməti 121.500 manat məbləğində müəyyənləşdirilmişdir. Qeyd edilan tarixdə də hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamış bununla bağlı 13.12.2021-ci il tarixində "hərracın baş tutmamasına dair protokol" tərtib edilməklə təsdiq olunmuşdur. Bundan sonra ikinci təkrar hərrac 27.12.2021-ci il tarixinə saat 11:00-a (növbəlilik qaydasında) təyin edilmişdir. Təkrar hərracda əmlakın satış qiymıti 108 000 manat məbləğində müəyyənləşdirilmişdir. 16.12.2021-ci il tarixində, yəni 27.12.2021-ci il tarixinə təyin edilmiş təkrar hərrac keçirilənədək Xətai Rayon İcra Şöbəsindən "xxxx" MMC-yə daxil olmuş 17/74-13818/20 nömrəli məktubda qeyd edilən mənzilə dair hərracın dayandırılması xahiş olunmuşdur.Hərracın sifarişçisi Xətai Rayon İcra Şöbəsinin məktubuna uyğun olaraq sifariş üzrə hərracın keçirilməsi dayandırılmışdır və tərəflərə məlumat verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı məxsus əmlak barəsində icra icraatı çərçivəsində hərrac keçirilməmiş və borclu qeyd olunan daşınmaz əşyanın ilkin satış qiymətini hərracın keçrilməsinədək olan dövr ərzində mübahisələndirimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. MPM-in 418-1-ci maddəsinə əsasən, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə borclunun əmlakının ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, işə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra Şöbəsi və "xxxx" MMC cəlb edilməklə qiymətləndirmə rəyinin ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)-445/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(004)- 445/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız icra qaydasında həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar