Məhkəmə qərarları › İş №2(103)-2885/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2885/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2885/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Qubadlı RİH, Sumqayıt Regional Ədliyyə İdarəsi və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Qubadlı RİH, Sumqayıt Regional Ədliyyə İdarəsi və Qaçqınların və X2 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-536/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsi ilə X3, X6, X7, X4 və X5 Sumqayıt şəhəri, 12-ci mkr., ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m 1) mənzildən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 12-ci mkr, ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi. 559, M9, m 1) mənzilə köçürülməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-9678 saylı məktubunda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-d il tarixli icra vərəqəsinə əsasən Əkbər Əliyev və qeyriləri Sumqayıt şəhəri, 12-cı mikrorayon, ev 7A, 35 saylı mənzildən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməlidir. İcra sənədi əsasında Sumqayıt Şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək, eləcə də «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının müddəaları nəzərə alınmaqla onların yaşayış sahəsi ilə təmin edilməsi üçün yerli icra qurumu tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət olunsa da, hazıradək müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 06/140 saylı məktubunda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.05 2017-cl il tarixli, 2(060)-3307 saylı icra sənədinə əsasən X3 və digərləri Sumqayıt şəhəri, 12-d evin 35 saylı mənzildən çıxarılmalı və siz həmin mənzilə köçürülməlisiniz. İcra tədbirləri zamanı aidiyyəti qurumlara göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir, X3 və onun ailə üzvləri məcburi köçkünlərin vahid elektron informasiya sistemində başqalarına məxsus mənzillərdə müvəqqəti qeydiyyatda olmaqla, onların adları məcburi köçkünlərin adlı siyahısında mövcuddur. Gələcəkdə həmin problemlər həll olunduqdan sonra sizin tələbkar olduğunuz icra sənədi müsbət yönümdə həll olunacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət büdcəsi hesabına onun xeyrinə vurulmuş maddi ziyana görə 108200 manat, mənəvi zərərin əvəzi olaraq 100000 manat kompensasiya olmaqla, cəmi 208.200 manat pulun və 498,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 05 yanvar 2017-ci il tarixli RX seriyalı ******* saylı Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzil qeyd edilən sənədin əldə edilməsindən də uzun müddət əvvəl onun istifadəsinə verilmişdir. 1993-cü ildə Qubadlı rayonundan olan artıq keçmiş məcburi köçkün ailəsi bu mənzildə yerləşdirilərək məskunlaşmış, həmin dövrdə işğal nəticəsində öz evini tərk etməyə məcbur qalmış vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq, bu ailənin müəyyən müddətə qədər həmin mənzildə yerləşməsinə və yaşamasına etiraz etməmişdir. 20 ilə yaxın bir müddətdən sonra qeyd edilən mənzildə məskunlaşmış şəxslərin başqa yaşayış yeri əldə etməsi, bu mənzili hətta kirayə verməsi ilə bağlı məlumatlar əldə etdikdən sonra həmin şəxslərin xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3307/2017 saylı 08 may 2017-ci il tarixli qətnaməsi ilə verilmiş iddia ərizəsi təmin olunmuş, məskunlaşmış şəxslərin mənzildən çıxarılması və onun mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Nəticədə qətnamənin icra olunması məqsədilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)- 3307/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi verilmişdir. İcra sənədinə əsasən, mənzildə məskulaşmış şəxslərin çıxarılması və onun həmin mənzilə köçürülməsi təmin edilməli olsa da, bu indiyədək baş verməmişdir. Onun və ailə üzvlərinin çoxsaylı müraciətlərinə baxmayaraq məhkəmə qətnaməsi icra edilmədən qalmaqdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş 06/384 saylı, 29 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, respublika ərazisində məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil fondu olmadığından, yuxarıda qeyd edilən məcburi köçkün ailəsinin yaşayış sahəsi ilə təmin etmək mümkün olmamışdır. Onların yeni yaşayış sahəsi ilə təmin olunmasına baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 11 avqust 2022-ci il tarixli, Nxx/xx-9678 saylı məktubla bildirilmişdir ki, icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır. 07 yanvar 2023-cü il tarixdə qətnamənin icra edilməsinin təmin olunması barədə ərizə ilə yenidən müraciət etmişdir. Müraciətə cavab olaraq Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina edilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina etməkdədir. Bu hərəkətsizlik nəticəsində dövlət orqanı olan Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və bu iş üzrə icraata başlamış icra məmuru onun ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş mülkiyyət hüququnu, habelə ədalətli məhkəmə hüququnu və onun təminatlarını pozmuş, bununla da ona maddi ziyan və mənəvi zərər vurmuşdur. "xxxx" MMC-dən əldə edilmiş ƏEM/İ 28- 376/23 saylı, 25 iyun 2023- cü il tarixli ‘Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə" Hesabatdan görünür ki, onun xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 83.000,00 manat, kirayə dəyəri isə 350,0 manat təşkil edir. Ona vurulmuş maddi ziyanın əvəzi olaraq real zərər komponenti üzrə 83.000,00 manat, əldə çıxmış fayda komponenti üzrə isə 25.200 manat (icra sənədini icra edilməsi üçün nəzərdə tutulmuş tarix - xx.xx.2017-ci ildən qiymətləndirmənin aparıldığı tarixə - xx.xx.2023-cü ilə qədər olan dövrü hesabladıqda 72 ay edir, 72*350=25,200) olmaqla cəmi 108.200 manat (83.000+25.200=108.200) kompensasiya tələb edir. Ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 manat kompensasiya tələb edir. Uzun illərdən sonra əldə edib xüsusi mülkiyyəti olan mənzilində yaşaya bilməmiş, uzun illər ərzində əri və 2 övladı ilə birlikdə kirayə evlərdə yaşamış, qeyd edilən mübahisə ilə bağlı onun əri xəstəlik tapıb vəfat etmişdir. Xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra edilməməsi istiqamətində hərəkətsizlik onda uzun müddətli qeyri-müəyyənlik, acizlik, məyusluq, ədalətsizlik hissi yaşatmaqla ona davamlı mənəvi iztirablar vermişdir.

6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/İ 28-376/23 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 83000 manat, kirayə dəyəri 350 manat/1 ay təşkil etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 yanvar 2024-cü il tarixli 2(006)-536/2024 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələb etdiyi zərərlə bağlı mübahisə iddiaçı ilə cavabdeh arasında deyil, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsinin həmin iş üzrə cavabdehlər tərəfindən icra edilməməsi, icra məmuru tərəfindən isə cavabdehlər məcburi köçkün olduğundan və həmin şəxslərin mənzil problemləri həll olunmadığına görə icra edilə bilməməsi nəticəsində yaranmış mübahisə olmaqla, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir və cavabdehə hər hansı aidiyyəti yoxdur. Bundan başqa, iddiaçının iddia etdiyi məhkəmə qətnaməsini icra etməyən Sumqayıt şəhər İcra İdarəsinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər, eyni zamanda Sumqayıt şəhər İcra İdarəsi inzibati orqan olmaqla, onun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 43.3, 1096.1, 1096.2, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin əsasları iddia ərizəsi ilə eynilik təşkil etməklə, göstərilmişdir ki, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

30. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

31. İddiaçı hazırki tələbində cavabdeh qismində Maliyyə Nazirliyini cəlb etməklə qanuni qüvvəsini almış qətnamənin icra edilməməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərər tələb edir. Yəni hazırki mübahisə iddiaçı ilə cavabdeh arasında deyildir.

32. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı iddia etdiyi məhkəmə qətnaməsini icra etməyən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər, eyni zamanda Sumqayıt şəhər İcra İdarəsi inzibati orqan olmaqla, onun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər.

33. İddiaçının qətnamənin icra edilməməsi nəticəsində ona vurulmuş zərəri Maliyyə Nazirliyindən tələb etməsi əsassızdır, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir və cavabdehə hər hansı aidiyyəti yoxdur. Cavabdeh tərəfindən iddiaçıya hər hansı ziyan vurulması halı müəyyən edilməmişdir. 34.İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1100-cü maddəsinə istinad etmişdir ki, həmin normada da söhbət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsindən gedir. 35.İddiaçı hesab edir ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi icra sənədini icra etməməklə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verməklə ona zərər vurmuşdur və həmin zərərin əvəzini Maliyyə Nazirliyi ödəməlidir. 36.Göründüyü kimi, iddiaçının narazılığı icra orqanı tərəfindən qətnamənin icra olunmamsındandır. İcra sənədinin icrası ilə bağlı münasibətlər, o cümlədən icra zamanı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlərin verilməsi isə “İcra haqqında” Qanunla tənzimlənir və hazırki halda icra məmurunun hərəkətinin (hərəkətsizliyinin) qanunsuz olması barədə məhkəmə aktı mövcud deyil.

37. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-536/2024 nömrəli iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar