Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2886/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.194 manat məbləğində pulun, ona məxsus qızıl-zinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş maddi ziyana görə 6.500 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu aldadaraq ələ keçirdiyi 21.194 manat məbləğində pulun, ona məxsus qızıl-zinət əşyalarının lombardda satılması nəticəsində ona dəymiş 6.500 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia üzrə tələb edilən puldan 606 manat və 900 manat məbləğində pul köçürmə yolu ilə, 415 manat məbləğində pul isə nağd şəklində onun evinə mebel quraşdırılması üçün onun tərəfindən cavabdehə verilmişdir. Belə ki, cavabdeh ona faktiki nikahda olduğu X4 mebel sexinin olduğunu və onun bu işlə məşğul olduğunu və sərfəli qiymətə ona mebel quraşdırılacağını bildirmişdir. Lakin mebel quraşdırılmamış və verilmiş pullar da qaytarılmamışdır. Cavabdeh isə həmin pulun qaytarılacağına onu inandıraraq, ondan əlavə borc istəmiş və o da cavabdehə inanaraq, 12.08.2020-ci il tarixdə "xxxx" ASC-dən 12.400 manat məbləğində kredit götürərək, cavabdehə vermişdir. Bundan başqa, iş yoldaşından 900 manat məbləğində pulu borc alıb, cavabdehin "xxxx" ASC-də olan bank hesabına köçürmüşdür. Həmçinin, özünə məxsus qızıl sepi "xxxx" BOKT ASC-yə girov qoyaraq, ordan 438 manat pul götürmüş və bacısına məxsus bank kartından da 250 manat məbləğində pul çıxarıb həmin pulla birlikdə cavabdehə vermişdir. Bundan əlavə cavabdehin xahişi ilə iş yoldaşı olan Afaq adlı şəxsin adına 4.000 manat məbləğində kredit götürərək, bu məbləği də cavabdehə vermişdir. Lakin cavabdeh onun etibarından suiistifadə edərək, o cümlədən ona öz kommersiya fəaliyyətlərinə (icarə əsasında fəaliyyə göstərəcək restoranda inzibatçı vəzifəsi) cəlb edib yüksək əmək haqqı ödənilməsi barədə vədlər verərək və hər dəfə borc aldığı məbləğləri qaytaracağına onu inandıraraq, ondan yenə də yuxarıda göstərilən məbləğlərdə borc almış, lakin bugünədək borc aldığı məbləğləri qaytarmamışdır. Bununla yanaşı o, özünə məxsus 65,25 qram çəkidə qızılzinət əşyalarını da lombarda qoyub, əldə edilən pulu da cavabdehə vermişdir. Həmin qızılzinət əşyalarının dəyəri ödənilmədiyindən lombard onları açıq hərracdan satmış və nəticədə ona 6.500 manat məbləğində maddi ziyan dəymişdir. Bununla belə, ümumilikdə cavabdeh bu hərəkətləri nəticəsində ona məxsus 21.194 manat məbləğində pulu və 6.500 manat dəyərində olan 65,25 qram çəkidə qızıl-zinət əşyasını ələ keçirmiş və bu məbləğdə ona maddi ziyan vurmuşdur Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir; Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Birinci instansiya məhkəməsində şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdeh və onun faktiki nikahda olduğu X7 2020-ci ilin avqust ayında onların evinə gəlmişlər və həmin vaxt onun evində aparılan təmir işlərinə köməklik etmişdilər. Sonra restoran kimi fəaliyyət göstərməsi üçün qeyriyaşayş sahəsini icarəyə götürmək niyyətində olduqlarını ona bildirmişlər və bu restoran üçün avadanlığın, o cümlədən stolların və stulların əldə edilməsində onlara köməklik göstərilməsini xahiş etmişdilər. Həmçinin, cavabdeh və X7 ona restoranda inzibatçı vəzifəsində işləməyi də təklif etmişdir. Lakin o, bundan imtina etmişdir. Cavabdeh və X7 restoran kimi fəaliyyət göstərilməsi üçün bir neçə qeyri-yaşayış sahəsini icarəyə götürmüşdülər. Lakin nəticədə işləri alınmamışdır. Sonradan avadanlıq natamam şəkildə, yəni bir sıra əşyalar olmadan ona qaytarılmışdır. Həmin avadanlığın pulu da bügünədək ödənilməmişdir. Bir müddət sonra X7 barəsində cinayət işi başlanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt cavabdeh ondan borc qismində 500 manat pul istəmişdir. Lakin o, cavabdehə bərbər işlədiyini, günə 5-10 manat pul qazandığını və yalnız 50 manat məbləğində borc vermək imkanına malik olduğunu bildirmişdir. Bundan sonra cavabdeh ona maşınını satıb pulunu ona verməyi xahiş etmişdir. Lakin o, bundan da imtina etmiş və cavabdehə öz mülkiyyətində olan avtomobili satmağı təklif etmişdir. Cavabdeh öz maşınını da onun köməkliyi ilə satmışdır. Həmin avtomobilin satışından əldə edilmiş 26.500 manat pulun 200 manat hissəsi onda qalmış, 20.500 manat lizinq xərcləri qismində ödənilmiş, 5.800 manat pulu isə cavabdeh özü götürmüşdür. Cavabdeh həmin pulu iddiaçının lombarda qoyulmuş qızıl-zinət əşyalarına görə yaranmış borcu ödəyib qızılzinət əşyalarını götürməsinə vəd versə də, bunu etməmişdir. Bir müddət sonra cavabdeh onlara yaşadığı mənzildən çıxarıldığını bildirmiş və sonuncunun xahişi ilə ona bir müddət, yəni 2021-ci ilin yanvarında öz evlərində yaşamağa şərait yaratmışdılar. Bir aydan sonra, yəni 2021-ci ilin fevral ayında cavabdeh onların mənzilini tərk etmişdir. Eyni zamanda, X7 onların və qaynanasının evində yeni mebelin quraşdırılmasını təşkil etməli idi. Bu məqsədlə onun həyat yoldaşı, yəni iddiaçı cavabdehə 800 manat məbləğində, qaynanası isə onun şahidliyi ilə 460 manat məbləğində pul vermişdir. Lakin mebel quraşdırılma işləri tam görülməmişdir. İddiaçının cavabdehə xeyli məbləğdə pulu borc verməsini, habelə iddiaçının özünə məxsus qızl-zinət əşyalarını lombarda qoymasını xeyli müddət sonra, artıq X7 həbs ediləndən sonra bilmişdir. Birinci instansiya məhkəməsində X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə faktiki nikah münasibətlərində olmuş və iddiaçını da onun rəfiqəsi kimi tanımışdır. Sonradan onun özünün də iddiaçı ilə səmimi münasibətləri yaranmış və o, iddiaçını öz bacısı hesab etmişdir. İddiaçının iddia etdiyi 21.194 manat məbləğində pul hissə-hissə borc qismində heç vaxt nə ona, nədə ki, cavabdehə verilməmişdir. O, iddiaçının müraciətinə əsasən onun evində yeni mebelin quraşdırılması işlərini təşkil etmiş, həmçinin iddiaçının evində təmir işlərinin aparılmasına köməklik etmişdir. Mebelin quraşdırılması üçün də 660 manat məbləğində pul şəxsən ona verilmişdir. Bu pulun, ümumiyyətlə mebellərin quraşdırılması ilə bağlı hər hansı məbləğin cavabdehə verilməsi mümkün olan bir hal ola bilməzdi. Hər bir halda, həmin ailənin həmin vaxt başçısı, habelə mebellərin quraşdırma işinə nəzarət edən şəxs məhz o, olmuşdur. Belə olan halda, pulun iddiaçı tərəfindən ona deyil, cavabdehə verməsi barədə izahatının özü anlaşılmazdır. İddiaçı tərəfindən "xxxx" ASC-dən 12.400 manat, habelə iş yoldaşının adına 4.000 manat kreditin götürülüb cavabdehə veriməsi barədə iddiaçının sözləri də həqiqəti əks etdirmir. Həmin məbləğdə pul vəsaiti ona da verilməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-dən götürdüyü kreditdən cavabdehə deyil, şəxsən ona cəmi 5.600 manat məbləğində pul vermiş və həmin vəsait də bütünlüklə iddiaçının evinin təmirinə xərclənmişdir. Təmir işlərinə təxminən 8.000 manat pul xərclənmişdir. İddiaçı tərəfindən lombarda yerləşdirilmiş qızıl-zinət əşyaları ilə bağlı isə qeyd etmişdir ki, onun köməkliyi ilə həmin qızıl-zinət əşyaları bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verilmiş və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləği ödənilmiş və əldə qalan 930 manat qalıq məbləği də iddiaçının evinin təmirinə xərclənmişdir Birinci instansiya gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbi baxımdan iddiaçı iddia üzrə tələb etdiyi məbləğləri cavabdehə verdiyini sübut etməli idi. Lakin iddiaçının təqdim etdiyi kredit müqavilələri iddiaçı və onun bacısı olan X5 ilə bağlanmışdır. Cavabdeh bu məbləğin ona verildiyini etiraf etmir. X1 da həmin məbləğlərin cavabdehə və ya ona verilmədiyini, "xxxx" ASC-dən götürülmüş kreditdən şəxsən ona cəmi 5.600 manat məbləğində pulun verildiyini, həmin vəsaitin də bütünlüklə iddiaçının evinin təmirinə xərcləndiyini bildirir. İddiaçı isə bu halı təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir. İddiaçının iddia etdiyi 415 manat, 250 manat, 438 manat və 900 manat məbləğində pulun da cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. İş materiallarına əlavə edilmiş və Cavabdeh 06.08.2021-ci il tarixdə 606 manat, 09.08.2021-ci il tarixdə 900 manat məbləğində pulun köçürülməsini təsdiq edən qəbzlərlə bağlı qeyd edilməlidir ki, bu qəbzlərdə göstərilən məbləğlərin hansı şəxs tərəfindən, hansı şəraitdə və nə məqsədlə göndərilməsi məlum deyil. Məhkəmə o halı da qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər, izahatında göstərdiyi məbləğlər, habelə X4 şahid qismində ifadəsi alındıqdan sonra borc məbləğinə dair verdiyi açıqlamada göstərdiyi məbləğlər (iddia ərizəsində göstəriləndən və tərəfindən verilmiş izahatda göstərilən məbləğlərdən əlavə bacısı X3 adına "xxxx" ASC-dən götürülmüş 2.300 manat pulun və tam kartda olan 500 manat pulun və əlavə olaraq 800 (700+100 manat Yasamal rayonunda yerləşən restoranda) manat pulun da cavabdehə verildiyini bildirir) biri digərindən fərqlənir və hər hansı birinin cəmi iddia üzrə tələb edilən 21.194 manat təşkil etmir. “whatssap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların çıxarışından və telefon danışıqlarının audio yazısından da cavabdehin iddiaçıya borcunun olduğu aşkar deyil. Bu yazışmaların və danışıqların hər hansı birində cavabdeh iddiaçıya borcunun olduğunu və ya yaranmış borcun ona məxsus olduğunu etiraf etmir. Əksinə danışıqlarda cavabdeh iddiaçıya münasibətdə “sənin borcunu” ifadəsindən istifadə edir. Lombarda qızılzinət əşyalarının yerləşdirilməsini təsdiq edə sənədlərdə də eyni qaydada iddiaçının adı əks etdirilir. Bu əşyaların lombarda yerləşdirilməsindən əldə edilmiş vəsaitin də cavabdehə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. X1 isə onun köməkliyi ilə həmin qızıl-zinət əşyalarının bir lombarddan çıxarılaraq, daha yüksək borc məbləğinə digər lombarda təhvil verildiyini və ikinci lombarddan əldə edilmiş vəsait hesabına birinci lombarda yaranmış borc məbləğinin ödənildiyini, əldə qalan 930 manat qalıq məbləğin isə iddiaçının evinin təmirinə xərcləndiyini göstərir. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə, iddiaçı ilə cavabdehin arasında səmimi, mehriban və etibarlı münasibətlərin olmasını qəbul edir, lakin buna baxmayaraq, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hissə-hissə hər verilən borcun qaytarılmadığı bir halda cavabdehə yeni borc məbləğinin verilməsi, xüsusilə də verilmiş borc məbləğinin bir hissəsinin başqa şəxslərdən alınması, bu proseslər barədə həyat yoldaşına hər hansı məlumat verməməsi və bununla da birgə təsərrüfata maddi ziyan vurulması insan məntiqinə sığmayan və başa düşülməyən bir haldır. Hər bir halda, bir dəfə (münasibətlərə sığınaraq ikinci və maksimum üçüncü dəfə) verilmiş borc qaytarılmadıqdan sonra yenidən borcun istənilməsi və bu müraciətə uyğun olaraq yenidən borcun verilməsi inandırıcı da görünmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Digər tərəfdən iş materiallarında iddianın əsaslılığına dəlalət edəcək hər hansı bir hal müəyyən edilməmiş, iddiaçı da bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun ümumiyyətlə mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş olduğuna dair heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı irəli sürdüyü tələbin əsaslılığını sübut edə bilməmiş və belə olan halda kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4399/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2886/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2886/2022
25.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver