Məhkəmə qərarları › İş №2(103)-2887/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2887/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2887/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 750 manat sığorta ödənişi məbləğində pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 780,40 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-4721/20) iddia qismən təmin olunmuş, 750 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət haqqı, cəmi 780,40 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı SŞ ASC-nə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı SŞ ASC sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bundan sonra İddiaçı SŞ ASC məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu da daxil olmaqla geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı SŞ ASC-nin apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 363.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və Azərbaycan Respublikası MPM-nin 363.1.4-cü maddəsinin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar