Məhkəmə qərarları › İş №2(103)-2887/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2887/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2887/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarına əlavə olunmuş 05 fevral 2022-ci il tarixli 1/7408 sayla qeydiyyata alınmış ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material Abşeron RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən araşdırılmışdır..

2. İzahatı alınmış Cavabdeh2 avtomobili 2.300 manata İddiaçı satmış, İddiaçı pulu alaraq avtomobili satdığını öyrəndikdən sonra digər Cavabdeh1 avtomobili İddiaçı əlindən almışdır.

3. Şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, Cavabdeh2 ona 1700 manat pul vermişdir. 600-700 manat isə maşının cəriməsi olmuşdur. Axşam Cavabdeh2 1700 manat pul almış, sabah isə pulu aparıb Cavabdeh1 vermişdir.

4. Şahid qismində ifadə verən X5 ifadəsində bildirmişdir ki, Cavabdeh2 çoxdan tanıyır. X4 ona demişdir ki, satışa qoyulmuş «Changan» markalı maşın vardır. Daha sonra isə o, Cavabdeh2 zəng edərək, satışa qoyulmuş maşın olduğunu demiş və Cavabdeh2 maşını almaq istəmişdir. 1700 manat pulu Cavabdeh2 götürərək X2 vermiş və maşının sənədlərini ondan götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.800 manat pulun və ödənilmiş 48 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2.800 manat maddi ziyanın, göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 200 manatın və 48 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırmışdır ki, özünə avtomobil almaq istəmişdir. Buna görə də, internet saytlarında avtomobil elanlarına baxmışdır. xx.xx.2021-ci il tarixdə «Turbo.az» saytında «Changan» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin olaraq 2.800 manat, hər ay 595 manat olmaqla isə 20 ay müddətinə satışa qoyulmasını görmüşdür. Buna görə də, elanda yazılan 070- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona özünü Səbinə kimi təqdim etmiş və avtomobilin özünə məxsus olduğunu, lakin hal-hazırda renta car kreditində olduğunu demişdir. O, Səbinə ilə danışaraq ilkin ödəniş olaraq 2.300 manat, hər ay 600 manat olmaqla 20 ay müddətinə, həmçinin avtomobilin onun adına rəsmiləşdirilməsi üçün avtomobil sahibi Arzu adlı şəxsə 200 manat verməklə avtomobilialmağa razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən ofisin qarşısında Səbinəyə 2.300 manat pul vermişdir. Bundan sonra onlar ofisə daxil olmuşlar. Orada isə Arzu adlı şəxsə 200 manat vermişdir. Arzu onun adına müqavilə tərtib etmişdir. Lakin müqaviləni ona verməyərək kreditin ilk ayının ödənişini etdikdən sonra müqaviləni ona verəcəyini demiş və avtomobilin açarlarını ona vermişdir. O, açarı götürüb ofisdən çıxmışdır. Avtomobilə yaxınlaşdıqda avtomobilin üzərində elanda gördüyü **-SL-*** dövlət qeydiyyat nişanını yox, başqa, **- UB-*** dövlət qeydiyyat nişanının olmasını görmüşdür. Səbinəyə bu dəyişiklik barədə bildirdikdə sonuncu, heç bir dəyişiklik olmadığını demişdir. Lakin o, sonradan telefonunda olan saxladığı şəkilə baxdıqda elanda qoyulmuş avtomobil üzərində **-SL-*** dövlət qeydiyyat nişanı olması məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə Arzu onunla görüşərək avtomobili satmaq istədiyini demiş və avtomobili onun əlindən almışdır. O, avtomobilə görə pul ödədiyini dedikdə sonuncu, pulu Səbinədən almalı olduğunu bildirmişdir. Şəbinə ilə əlaqə saxladıqda isə pulu 1-2 saat ərzində verəcəyini demişdir. Lakin Səbinə onun pulunu verməmişdir. Bundan sonra cavabdehlərin onu aldatması məlum olmuşdur. Cavabdeh1 yanında avtoservisdə 300 manat təmirə pul xərcləmişdir. Amma bir daha bildirmək istəyir ki, 3 gündən sonra Arzu onunla görüşərək avtomobili onun əlindən almışdır. Bundan sonra aldandığını hiss edərək Abşeron Rayon Polis İdarəsinə şikayət etmək qərarına gəlmişdir. Şikayətindən sonra cavabdehlər polis idarəsinə dəvət olunmuşlar, izahatları alınmışdır. 05 fevral 2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nəsimi Məhərrəmov «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, avtomobil alınması üçün ödənilmiş 2.300 manat pul vəsaitinin, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manatın və ödənilmiş 48 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobili cavabdehlərdən Cavabdeh1 almışdır. Bir müddət sonra kredit ödənişlərinin ödənilməsində çətinlik çəkdiyi üçün Arzuya bildirmişdir ki, maşını elan verib satacaq, ilkin ödədiyi məbləği götürücək, maşını alan şəxs özü qalan kreditini ödəyəcək. Cavabdeh1 razılıq vermiş və o maşını İddiaçı satmışdır. X10 hansı səbəbdən iddiaçıdan maşını geri alıb ondan xəbəri olmamışdır. Müqavilənin kreditin ilk ayında ödənişi etdikdən sonra verəcəyini demiş və avtomobilin açarlarını ona vermişdir. Avtomobili alarkən elanda olan nömrə avtobil nömrəsi ilə elanda qoyulmuş nömrə uyğun deyildir. xx.xx.2021-ci il tarixdə Arzu onunla görüşərək avtomobili satmaq istədiyini demiş və avtomobili əlindən almışdır. İddiaçı eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə avtomobilin alğı-satqısına dair razılığa gəlmiş, bunun müqabilində iddiaçıdan 2.300 manat pul almışdır. Lakin həmin avtomobil bundan demək olar ki, dərhal sonra iddiaçıdan alınmışdır. Faktiki olaraq Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməmişdir və iddiaçı qarşısında aldığı 2.300 manat pul vəsaiti həddində məsuliyyət daşıyır.

30. Şahid ifadələrinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçılar pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlər Cavabdeh2 ilə Cavabdeh1 avtomobilə münasibətdə öncəki alqı-satqı prosesi ilə bağlı olduğundan hazırkı iş üzrə sünut kimi qiymətləndirilə bilməz. Cavabdeh2 avtomobilin daha öncə əldə edilməsi zamanı ona vurulmuş ziyan ilə bağlı ayrıca iddia qaldırmaq hüququ vardır.

31. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

32. Təqdim olunmuş 14 dekabr 2022-ci il tarixli müqavilədən və mədaxil qəbzindən görünür ki, iddiaçı ona hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlayaraq, göstəriləcək hüquqi xidmətlərə görə 200 manat ödəniş etmişdir.

33. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, avtomobil alınması üçün ödənilmiş 2.300 manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş 48 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar