Məhkəmə qərarları › İş №2(103)-2889/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2889/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2889/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Türkiyə Respublikasının “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(011)-7155/2023 saylı qərardadından cavabdeh Türkiyə Respublikasının “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7155/2023 saylı 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7155/2023 saylı, 15 dekabr 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Türkiyə Respublikasının “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 3.392 (üç min üç yüz doxsan iki) manat, 39.55 (otuz doqquz avro əlli beş sent) avro, 1.289 (bir min iki yüz səksən doqquz) İsveç kronu olan maddi ziyan, 2.000 (iki min) manat mənəvi ziyan və ödənilmiş 101.27 (yüz bir manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 38.73 (otuz səkkiz manat yetmiş üç qəpik) manatının İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə düzəliş edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7155/2023 saylı 08 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7155/2023 saylı, 15 dekabr 2023- cü il tarixli qətnaməsinin nəticə hissəsində ikinci abzasın “Cavabdeh Türkiyə Respublikasının “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 3.392 (üç min üç yüz doxsan iki) manat, 39.55 (otuz doqquz avro əlli beş sent) avro (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə), 1.307,16 (bir min üç yüz yeddi avro on altı sent) avro (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) və 1.289 (bir min iki yüz səksən doqquz) İsveç kronu (ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) olan maddi ziyan, 2.000 (iki min) manat mənəvi ziyan və ödənilmiş 101.27 (yüz bir manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin” kimi oxunulması qərara alınmışdır. Daha sonra cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7155/2023 saylı 15 dekabr 2023-cü il tarixli qətnaməsindən 12 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnamə 29 dekabr 2023-cü il tarixdə elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı isə 30 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək qətnamənin nəticə hissəsində 1.307,16 avro məbləğindəki otel xərclərinə dair tələbin təmin edilməsinin qeyd edilməsini xahiş etmişdir. Cavabdehin vəkili həmin ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlayaraq iddiaçının ərizəsi ilə qətnamənin nəticə hissəsinin dəyişə biləcəyini və bunun da apellyasiya şikayətinin verilməsinə təsir edəcəyini nəzərə alaraq qətnamədən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddətin qətnamənin yoxsa qətnamədə yol verilmiş yalnışlığın aradan qaldırılması barədə qərardadın tərəflərə təqdim edildiyi (elektron kabinetdə yerləşdirildiyi) tarixdən hesablanacağı dəqiqləşdirmişdir. Məhkəmə qərardadın təqdim edilmə tarixindən 1 aylıq şikayət müddətinin hesablanacağını bildirmişdir. 08 yanvar 2024-cü il tarixdə sözügedən qərardadın çıxarılması barədə məlumat onun elektron kabinətinə daxil olmuşdur, 10 yanvar 2024-cü il tarixdə isə sözügedən qərardadın elektron kabinetdə yerləşdirilməsinə dair məlumat kabinetinə daxil olmuşdur. Məhkəmənin də telefon danışığında bildirdiyi kimi qətnamədən şikayət verilməsi üçün 1 aylıq müddəti sözügedən qərardadın təqdim edilmə tarixi, yəni 10 yanvar 2024-cü il tarixdən hesablamışdır və bununla da 10 fevral 2024-cü il tarixə qədər şikayət vermə müddəti var idi. Lakin 09 fevral 2024-cü il tarixdə hazırkı iş üzrə icra vərəqəsinin verilməsinə dair məlumat kabinetə daxil olmuşdur. Halbuki, 10 fevral 2024-cü il tarixə qədər şikayət vermə müddəti var idi, 10 fevral 2024-cü il tarixi istirahət gününə düşdüyü üçün ilk növbəti iş günü olan 12 fevral 2024-cü il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Şikayət vermə müddəti ilə bağlı bu anlaşılmazlıq səbəbindən şikayət vermə müddəti buraxılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(011)-7155/2023 saylı qərardadı ilə ərizə rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə 29 dekabr 2023-cü il tarixdə elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı isə məhkəmə qətnaməsinə düzəliş edilməsi barədə 30 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək qətnamənin nəticə hissəsində buraxılmış 1307,16 avro otel xərclərinin də müvafiq olaraq əlavə edilməsini xahiş etmişdir. Lakin baş verən hal qətnamədə buraxılmış yanlışlıq və açıq hesab səhvi hesab edilə bilməzdi. Çünki məhkəmə iddiaçının 1307,16 avro məbləğində otel xərcinin cavabdehdən tutulmasına dair tələbi üzrə sübutlar təqdim etməsinə və izahat verməsinə baxmayaraq bu tələb barədə qətnamə çıxarmamışdı. Bu səbəbdən sözügedən ərizə təqdim edilən gün, yəni 30 dekabr 2023-cü il tarixdə məhkəmə ilə əlaqə saxlamış, məhkəmə iclas katibinə 15 dekabr 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddətin həmin qətnamənin yoxsa iddiaçının 30 dekabr 2023-cü il tarixli ərizəsi üzrə qəbul ediləcək qərardadın təqdim edilmə tarixindən hesablanacağı soruşulmuşdur. Məhkəmə iclas katibi də hakimlə dəqiqləşmə apararaq qərardadın təqdim edilmə tarixindən 1 aylıq şikayət vermə müddətinin hesablanacağını bildirmişdir. Elə isə qətnamə və qərardadın çıxarılma və təqdim edilmə (elektron kabinetdə yerləşdirilmə) tarixlərinə nəzər salınsa, tərəflərindən apellyasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəbdən buraxıldığı öz təsdiqini tapır. Belə ki, 15 dekabr 2023-cü il tarixli qətnamə 29 dekabr 2023 cü il tarixdə elektron kabinetdə yerləşdirilir. İddiaçı 30 dekabr 2023-cü il tarixdə qətnaməyə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə 08 yanvar 2024-cü il tarixdə qərardadı çıxarır və 10 yanvar 2024-cü il tarixdə onu elektron kabinetdə yerləşdirir. Onlar məhkəmə ilə danışdıqlarını və qərardadın məzmununun apellyasiya şikayətinin həcminə təsirini nəzərə alaraq 15 dekabr 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilmə müddətini 10 yanvar 2024-cü il tarixdən hesablamışlar və beləliklə, 10 fevral 2024-cü il tarix şikayət verilməsi üçün son gün olur. Lakin 09 fevral 2024-cü il tarixdə hazırki iş üzrə icra vərəqəsinin verilməsinə dair məlumat kabinetə daxil olur. Halbuki, 10 fevral 2024-cü il tarixə qədər şikayət vermə müddəti var idi, 10 fevral 2024-cü il tarixi istirahət gününə təsadüf etdiyi üçün (həftənin altıncı günü) apellyasiya şikayəti növbəti ilk iş günü, yəni 12 fevral 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş, formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizə də şikayətə əlavə edilmişdir. Lakin məhkəmə həmin ərizəni 04 mart 2024-cü il tarixli qərardadı ilə rədd edir. Məhkəmənin iddiaçının 30 dekabr 2023-cü il tarixli ərizəsi üzrə çıxardığı 08 yanvar 2024cü il tarixli qərardad mahiyyətcə əlavə qətnaməni əvəz edir. Belə ki, iddiaçı digər tələblərlə yanaşı, 1307,16 avro məbləğində otel xərcinin də cavabdehdən tutulmasını öz iddia ərizəsi ilə tələb etmişdir və bununla bağlı izahat verərək müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə 15 dekabr 2023-cü il tarixli qətnaməsinin əsaslandırma hissəsində həmin tələbin təmin olunması qənaətinə gəlməsinə baxmayaraq həmin tələb qətnamənin nəticə hissəsində həll edilməmiş və tələb üzrə qətnamə çıxarılmamışdır. Bununla bağlı formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəmə isə 08 yanvar 2024cü il tarixli qərardadında elə bir əsaslandırma aparır ki, sanki onlar qətnamə və ya qərardaddan şikayət verilməsinə dair ümumi qaydadan xəbərsizik. Halbuki, məhkəmə çəkişmələrində iştirak edən və bu qaydadan məlumatsız olan hüquqşünas bəlkə də mövcud deyil. İddiaçının 30 dekabr 2023-cü il tarixli ərizəsinin məhkəməyə daxil olmasından dərhal sonra məhkəmə ilə telefon əlaqəsi saxlayaraq qətnamədən şikayət vermə müddətinin hesablanma tarixinin dəqiqləşdirilməsi məhz əlavə qətnamə mahiyyətində qərardad çıxarılacağı ilə bağlı idi. Belə ki, müəyyənlik tələbi ilə məhkəmənin qətnaməsinin dəqiq ifadə olunması zəruriliyi yaranır, yəni iddianın təmin edilməsi, yoxsa onun təmin olunmasının rədd edilməsi qətnamənin nəticə hissəsində göstərilməlidir. Əgər iddia təmin edilirsə, iddiaçı üçün məhz nə müəyyən edilir, onun hansı hüquqa malik olması tanınır, cavabdehin öhdəsinə hansı vəzifə qoyulur kimi suallar cavablandırılmalıdır. Məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmalıdır. Prosessual qanunvericilik məhkəmə qətnaməsinin məzmunca müfəssəl olmasını, məhkəmə baxışının predmeti olmuş bütün tələblərə həlledici cavab verməsini və beləliklə də, işin yenidən baxılmasının tələb olunmamasından ötrü tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tam aydınlıq gətirilməsini tələb edir. Bu tələb qətnamənin tamlığını şərtləndirir. Qətnamə tam olmadıqda, yəni qətnamə ilə aydınlaşdırılmalı olan mühüm məsələlər aydınlaşdırılmadıqda, MPM-in 229-cu maddəsi qətnamənin bu çatışmazlığının aradan qaldırılmasının konkret bir üsulunu nəzərdə tutur ki, bu da əlavə qətnamənin çıxarılmasıdır. 08 yanvar 2024-cü il tarixli qərardadın əlavə qətnamə mahiyyətində olduğunu müəyyənləşdirmək üçün belə bir əsaslandırma apara bilərlər. Belə ki, 15 dekabr 2023-cü il tarixli qətnamədən tərəflərindən prosessual müddət buraxılmadan apellyasiya şikayəti verilir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman iddiaçı 30 dekabr 2023-cü il tarixli ərizə ilə eyni məzmunda Xətai Rayon Məhkəməsinə ərizə təqdim edir. MPM-in 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər, odur ki, 15 dekabr 2023-cü il tarixli qətnamə qanuni qüvvəsini almadığına görə Xətai Rayon Məhkəməsi həmin ərizəyə baxır və 08 yanvar 2024-cü il tarixli qərardadla eyni məzmunda çıxarılan qərardad həmin qətnamənin nəticə hissəsini dəyişdirir, qətnamə ilə təmin edilən yeni bir tələb ortaya çıxır və cavabdeh bu tələbin təmin edilməsi ilə razı deyilsə, həmin tələbə münasibətdə apellyasiya şikayəti nə vaxt və hansı formada verilməsi məsələsi ortaya çıxır. Bu hal bir daha onu göstərir ki, məhkəmənin çıxardığı 08 yanvar 2024-cü il tarixli qərardad qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi ilə bağlı deyil, iddiaçının izahat verərək sübutlar təqdim etdiyi 1307,16 avro məbləğində otel xərcinin cavabdehdən tutulması tələbinin qətnamənin nəticə hissəsində həll edilməməsi və tələb üzrə qətnamə çıxarılmaması ilə bağlıdır. Digər tərəfdən 26 yanvar 2024-cüil tarixdən 04 fevral 2024-cü il tarixə qədər xəstəliyi ilə əlaqədar işə çıxa bilməmiş və ev şəraitində kompleks müalicə qəbul etmişdir. Bununla bağlı təsdiqedici sənəd kimi 26 yanvar 2024-cü il tarixli həkim resepti məhkəməyə təqdim edilmişdir. Həmçinin, yenə cavabdehin iştirakçısı olduğu və onun hüquqlarını müdafiə etdiyi 2(011)-1865/2024 nömrəli mülki iş üzrə Xətai Rayon Məhkəməsində hazırlıq iclası 26 yanvar 2024-cü il tarixə təyin edilmişdi, lakin xəstəliyi ilə əlaqədar iştirak edə bilmədiyi üçün həkim reseptini də təqdim etməklə müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Xəstəliyi ağır olsa da, 2-3 cümlədən ibarət təxir vəsatətini yaza bilmiş, lakin uzun araşdırma və vaxt tələb edən apellyasiya şikayətini tərtib etməyi mümkün deyildi. Məhkəmə vəsatətini təmin edərək hazırlıq iclasını 09 fevral 2024cü il tarixə təxir etmişdir (həkim resepti və EMS-dən çıxarış əlavə edilir). Bu isə o deməkdir ki, 15 dekabr 2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilmə müddəti 30 dekabr 2023-cü il tarixdən hesablanmaqla 30 yanvar 2024-cü il tarix son gün olsa idi belə, üzrlü səbəbdən prosessual müddəti buraxılacaqdı. Lakin məhkəmə nə həkim reseptini, nə də vəsatəti əsasında Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-1865/2024 nömrəli mülki iş üzrə hazırlıq iclasının təxir edilmə faktını nəzərə almamışdır. Maraqlıdır ki, məhkəmə icra vərəqəsini 31 yanvar 2024-cü il tarixdə deyil, 09 fevral 2024-cü il tarixdə, yəni 08 yanvar 2024-cü il tarixli qərardadın çıxarıldığı tarixdən (08 yanvar 2024) 1 ay sonra vermişdir. Halbuki, Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd edir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Hazırkı iş materiallarından görünür ki, məhkəmə 08 yanvar 2024 cü il tarixli qərardadın çıxarılmasına dair məlumatı elə həmin tarixdə kabinetdə yerləşdirmişdir, lakin qərardadın özünü 10 yanvar 2024-cü il tarixdə kabinetdə yerləşdirmişdir. Bununla da şikayət vermə üçün 1 aylıq müddətin başlanğıcını 10 yanvar 2024-cü il tarixdən hesablamalı olsa da, 08 yanvar 2024-cü il tarixdən hesablamışdır. Bu da qanunvericiliyə və eləcə də Konstitusiya Məhkəməsinin mövqeyinə ziddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(011)-7155/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz və cavabdehin nümayəndəsi-vəkili tərəfindən ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin sözügedən qətnaməsi 29 dekabr 2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində elektron imzalanmış, 30 dekabr 2023-cü il tarixdə tərəflərin, o cümlədən, vəkilin elektron kabinetinə yerləşdirilmiş və onlara sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi cavabdehə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 30 yanvar 2023-cü il tarixə qədər olmuşdur. Lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə verilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə, eləcə də, nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7155/2023 saylı 15 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh rəsmi qaydada xx.xx.2023-cü il tarixdən məlumatlı olduğundan, cavabdeh tərəfindən isə apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdeh tərəfindən verilmiş mötəbər sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Cavabdeh isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin nümayəndəsinin səhhəti ilə əlaqədar şikayət verilə bilməməsi barədə dəlilləri əsassızdır, çünki cavabdeh tərəf hüquqi şəxs olmaqla, hazırki mülki iş üzrə cəmi bir vəkillə təmsil edilə bilməsi inandırıcı deyil, belə olan halda da cavabdehin digər vəkilin yardımından istifadə üçün hər hansı maneəsi olmamışdır. Digər tərəfdən iş üzrə qətnaməyə düzəliş qərardadının qəbul edilməsi həmin qətnamədən şikayət vermə müddətini dəyişmir, belə ki qanunvericilikdə birmənalı olaraq hər hansı səbəbdən asılı edilməyərək apellyasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi göstərilmişdir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, 08 yanvar 2024-cü il tarixli qərardadın əlavə qətnamə mahiyyətində olmasına dair dəlil tam əsassızdır. Belə ki, cavabdeh qətnamədən 1aylıq müddət ərzində apellyasiya şikayəti verməklə yanaşı, qətnaməyə düzəliş qərardadının qəbul edilməsindən narazı qaldığı təqdirdə qərardaddan da ayrılıqda 10 gün müddətində müvafiq qaydada şikayət vermək hüququndan da istifadə edə bilərdi. Sözügedən qərardadla qətnamə ilə təmin edilən yeni bir tələb ortaya çıxması faktı ilə bağlı apellyasiya şikayətinə əlavə ilə də müraciət edilə bilinərdi. Kollegiya birinci instansiya məhkəməsinin icra vərəqəsini 31 yanvar 2024-cü il tarixdə deyil, 09 fevral 2024-cü il tarixdə, yəni 08 yanvar 2024-cü il tarixli qərardadın çıxarıldığı tarixdən (08 yanvar 2024) 1 ay sonra verməsi ilə bağlı dəlillə əlaqədar mövqeyi ondan ibarətdir ki, bu halın mövcudluğu qətnamədən şikayət verilmə müddətinin yuxarıda göstərilənlərə əsasən qərardadın elektron kabinetdə xx.xx.2024-cü ildə yerləşdiyi vaxtdan hesablanması kimi qəbul edilə bilməz. Kollegiya xüsusilə, şikayət müəllifi olan etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil prosessual müddətin buraxılmasının üzürlü səbəblərindən biri kimi məhkəmə iclas katibinin də hakimlə dəqiqləşmə apararaq qərardadın təqdim edilmə tarixindən 1 aylıq şikayət vermə müddətinin hesablanacağının ona bildirməsi kimi dəlilinə tənqidi yanaşır və qeyd edir ki, şikayət verilməsi üçün müddətlər şifahi verilən məlumatlar əsasında deyil, prosessual qanunvericiliyin müddəaları əsasında hesablanmaqla verilir. Göründüyü kimi iddiaçının ərizəsinə münasibətdə qəbul ediləcək məhkəmə aktının qətnamədən apellyasiya şikayəti verilməsi müddətinə hər hansı formada təsiri olmamışdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Türkiyə Respublikasının “X5 X4 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli 2(011)-7155/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar