Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-289/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Eyvazov (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı iddia ilə (iddianın dəyişdirlmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehdən faiz borcu olaraq xeyrinə 31 iyul 2021-ci il tarixə borclu olduğu vəsaiti iddiaçıya qaytarmadığına görə 64070,37 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmisi oğlu olan Cavabdeh 2013-cü ilin 4 aprelində ondan borc almış, sonra qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddia tələbi məhkəmənin 17 noyabr 2016-cı il tarixli, 2(003)-5743/2016 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş, cavabdehdən 82620 manat məbləğində pulun onun xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-9989/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, cavabdehdən onun xeyrinə 183777,82 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Cavabdehin kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinə borca görə faizlərin ödənilməsi tələbinə dair iddia ilə müraciət edərək, cavabdehdən borcun ona tam ödəniləcəyi günədək yüksələn xətlə davam etməsi şərti ilə faiz olaraq Mərkəzi Bankın son illik uçot faiz dərəcəsinə uyğun 102181,79 ABŞ dolları məbləğində pul tutulmasını xahiş etmiş, Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən onun xeyrinə 102181,79 ABŞ dolları (icra vaxtı manata olan məzənnə ilə manatla) tutulması qət olunmuşdur. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Məhkəmə iclaslnda müəyyən edildi ki, cavabdeh icra zamanı borcun bir hissəsini ödəsə də, 154777,82 ABŞ dolları ödəməmişdir. Məhkəmə, cavabdehin borcu iddiaçıya ödəyənədək ona faiz ödəməyə borclu olduğunu nəzərə alaraq iddianın həmin hissəsinin təmin edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əl edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh borcun qaytarılmalı olduğu 4 aprel 2013-cü il tarixdən başlayaraq borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vaxt üçün faiz ödəməyə borclu olduğundan, eləcə də Azərbaycan Respublikasmm ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olduğundan, ondan iddiaçının xeyrinə faiz borcu üzrə 102181,79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir." Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4438/19 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsindən çıxarkən cavabdeh ona yaxınlaşaraq səhv mövqedə olduğunu etiraf etmiş və bildirmişdir ki, kassasiya şikayəti verməyəcəyək, şəhərdə tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı 4 otaqlı, super təmir olunmuş, ümumi sahəsi 191 kvadrat metr olan mənzilini hələ çıxarışı olmasa da 2 ayadək satıb borcunu ödəyəcəyək. Həmin mənzili Rusiyada yaşayan bir iş adamı 2 aya kimi gəlib alacaqdır. Ya da Şağan qəsəbəsindəki evini təcili satıb borcu ödəyəcək, həmin vaxta kimi də borcundan hər ay 2000 dollar ödəyəcək. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş, icraya yönəldilmişdir. Bundan sonra cavabdehin xahişi ilə şəhərin Xətai rayonundakı satmaq istədiyi mənzilində olmuş, foto şəkillərini çəkib içərisindəki bahalı soyuducu, televizor və başqa əşyalarla birlikdə 400000 manata, Şağandakı evini isə 500000 manata satılması barədə elan saytlarında elan yerləşdirmişdir. Lakin 2 ildən artıqdır ki, nə Rusiyadakı iş adamından, nə elan izləyənlərdən, nə də Aydının özündən səs çıxır. xx.xx.2019 tarixə cavabdehin ona borcu (145068,82 + 102181,79) 247250,61 ABŞ dolları, manat ekvivalenti ilə 420326 manat olmuşdur. Cavabdehin borcunu ödəmək üçün ona söz verdiyi 12 aprel 2019-cu ildən iki ildən çox vaxt ötür. Bu müddət ərzində onun hesabına cəmi 8800 manat (5170 dollar) ödənilmiş, bir ildən çoxdur ki, ümumiyyətlə ödəniş edilmir. O, 1-ci Qarabağ savaşının iştirakçısı, 2-ci qrup əlil, ömrünün ahıl dövründədir, 73-cü yaşdadır. Yəni, fiziki durumu ürəkaçan deyildir. Cavabdeh isə onu mütəmadi aldadır, borcunu ödəməkdən yayınır, əmlakı qəsdən baha qiymətə təklif edir ki, alan olmasın və borcunu yubatsın, verməsin. Onun də öz problemləri var, borcunu vaxtında ala bilsəydi, ən azından, banka depozit kimi yatıraraq ilə 12 faiz fayda yararlanardım. İllik faizi sonda götürüb yenidən banka yatırsaydı, fayda daha böyük olardı. Lakin bundan 8 ildir ki, mərhum olmuş, hesabla təkcə son iki ildə (420326 x 12% x 2 il) 100878 manat və ya (10878:1,7) 59340 ABŞ dolları edir. Lakin bu məbləğ cavabde qanunazidd hərəkətləri nəticəsində əlindən çıxmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi intemet səhifəsində yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30.10.21-ci il tarixdən etibarən 9,75 % təşkil edir. Cavabdeh, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir faydalanır. Odur ki, qanunun yuxarıda qeyd edilən normalarının tələbinə əsasən, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu oldı vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)- 2796/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramilə Xəzri) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2(103)-10601/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasınının 24 may 2022-ci il tarixli, 2(102)-2522/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması, qanuni qüvvədə olan məhkəmə qərarlarının nəzərə alınmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, əvvəlki izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ediməli, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2018-ci il tarixli 2(102)-1796/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9989/2017 saylı 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh İddiaçı xeyrinə 183777.82 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir (apellyasiya instansiyasının qeyd edilən qərarı kassasiya məzhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır). Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyn olunmuş pul vəsaitini tam ödəmədiyindən iddiaçı yenidən məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın illik uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 102181,79 manat pulun (faizlərin) ödənilməsini tələb etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)- 3599/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 102181.79 ABŞ dolları (icra vaxtı manata olan məzənnə ilə manatla) və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ödəməli olduğu 183777,82 ABŞ dolları pulun bir hissəsini ödəsə də, 154777,82 ABŞ dolları hissəsi ödənilməmiş, iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmışdır. Mərkəzi Bankın rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30 oktyabr 2018-ci il tarixdən etibarən 9,75 faiz təşkil etmiş, Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən həmin faizin üzərinə 2 faiz bəndi gəlməklə, borcun qaytarılmalı olduğu 04 aprel 2013-cü il tarixdən etibarən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün 102181,79 ABŞ dolları faizlər ödənilməlidir. İddiaçı hazırki iddiasında – 12 iyun 2019-cu il tarixdə cavabdehin ona 145068,82 ABŞ dolları borcunun qalmasını göstərərək, həmin pul vəsaitinin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 102181.79 ABŞ dolları pul vəsaitini də gəlmiş, ümumilikdə cavabdehin ona 247250,61 ABŞ dolları pul ödəməli olmasını qeyd etmişdir. İddiaçı hesab edir ki, həmin pul vəsaitini banka illik 12 faizlə depozitə qoya və təkcə son iki ildə 59340 ABŞ dolları gəlir əldə edə bilərdi. Həmçinin, Mərkəzi Bankın rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30 oktyabr 2018-ci il tarixdən etibarən 9,75 faiz təşkil etmişdir. Hesab edir ki, 01 yanvar 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən onun xeyrinə 64070,37 ABŞ dolları pul vəsaiti tutulmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, mövqeyini onunla əsaslandırmışdır ki, pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin məzmununa görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu maddənin məzmunundan görünür ki, faizlərin hesablanaraq tutulması üçün tək özgənin pul vəsaitini qanunsuz saxlamaq yox, həm də ondan faydalanmaq halı mövcud olmalıdır. Hazırkı mülki işlə bağlı cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı formada faydalanması halı müəyyən edilməmişdir. Hazırki iş üzrə rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli qətnaməsini ləğv edərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası 24 may 2022-ci il tarixli qərarında göstərmişdir ki, kassasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında olan apelyasiya şikayətindən də görünür ki, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinadən daha əvvəl qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2(003)- 3599/2018 №-li qətnaməsi ilə cavabdehin ona borclu olduğu pul vəsaiti qanunsuz saxlamaqla ondan faydalandığının müəyyən edildiyini, həmin məhkəmə aktının preyudisial xarakterini bildirmiş, lakin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası bu hala ümumiyyətlə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələblərinin pozuntusuna yol verməsinə əhəmiyyət verməyərək özü də həmin normanın pozuntusuna yol vermişdir. İş materiallarında olan cavabdehin istintaq orqanına verdiyi izahatdan (səh 96-98) da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni xx.xx.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırki dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Ticarət sahəsində fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməklə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. Məhkəmə kollegiyası işin hallarını, qanuni qüvvədə olan məhkəmə aktlarının preyudisial əhəmiyyətini, habelə kassasiya instansiyasının qeyd edilən qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq aşağıdakıla qeyd etməyi zəruri hesab edir. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsaslandırılmamaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsini sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, nəzərə almamışdır ki, eyni tərəflər arasında analoji mübahisəli məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli, 2(003)-3599/2018 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya borclu olduğu pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalandığı müəyyən edilmiş, bu səbəbdən də cavabdehdən məhz MM-in 449.1-ci maddəsinin tələbləri çərçivəsində pul vəsaitinin tutulması qət olunmuşdur. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res fudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Eyni zamanda, kassasiya instansiyasının da qeyd etdiyi kimi, cavabdehin istintaq orqanına verdiyi izahatdan (səh 96-98) da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni xx.xx.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırki dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Ticarət sahəsində fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməklə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. Cavbadeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, cavabdeh öhdəliyini lazımi qaydada icra etmədiyindən və iddiaçıya məxsus müvafiq pul vəsaitlərini qanunsuz saxlamaqla, ondan faydalandığından həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçının qeyd edilən tələb hüququ isə bilavasitə qanundan irəli gəlir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki, iddiaçı müvafiq faizləri əsas borcdan deyil, ona hesablanmış faizləri də üzərinə gəlməklə hesablamışdır. Halbuki, MM-in 449.1-ci maddəsinin mənasına görə, normada nəzərdə tutulmuş maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarı). İşdə olan ekspertiza rəyinə (Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 3- 16/16/2-9/4968/2023 saylı rəyi) əsasən - iş materiallarında olan İddiaçı məxsus "xxxx" ASC-də olan bank hesabından çıxarış məlumatlarından göründüyü kimi (cild 1 i.v 103-105) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 8176,47 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. 145068,82 ABŞ dolları pul vəsaiti (icra zamanı sonrakı ödənişlər nəzərə alınmaqla) 12 iyun 2019-cu il tarixdən 31 iyul 2021-ci il tarixədək Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla və üzərinə iki bənd əlavə olunmaqla, yəni 11.75 faiz hesablandıqda faiz borcu 34.758,93 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla, işin həqiqi hallarına uyğun əsaslandırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də, qətnamə MPM-nin 385.1.1-ci maddəsinə əsasən qanuni və əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 34758,93 (otuz dörd min yeddi yüz əlli səkkiz ABŞ dolları, 93 sert) ABŞ dolları (qətnamə icra olunan vaxiı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 300 (üç yüz) manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)- 2796/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 34758,93 (otuz dörd min yeddi yüz əlli səkkiz ABŞ dolları, 93 sert) ABŞ dolları (qətnamə icra olunan vaxiı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən 300 (üç yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-289/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-289/2023
26.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver