Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2891/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Adif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(005)- 2868/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlak hüquqlarından məhrum olma ilə bağlı vurulmuş real zərərin əvəzi kimi 400000 manat, əldən çıxmış fayda kimi 100000 manat və mənəvi ziyana görə 30000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi 1 ünvanda 378 kv.metrlik torpaq sahəsi Nərimanov Bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli, 06 saylı protokolu əsasında 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Bələdiyyə ilə iddiaçı arasında 07 aprel 2006-cı ildə bağlanmış 41 saylı müqaviləyə əsasən həmin vaxtdan etibarən hər il 302 manat 40 qəpik icarə haqqı iddiaçı tərəfindən ödənilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 08 avqust 2006-cı il tarixli, 374 saylı Sərəncamı əsasında cavabdehə iddiaçının istifadəsində olmuş torpaq sahəsində fərdi ev tikmək üçün icazə verilmişdir. Bundan sonra torpaq sahəsi ilə əlaqədar tərəflər arasında mübahisələr başlamışdır. Sözügedən ünvanda ünvan 2ış evinin yerləşdiyi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi barədə" protokoluna əsasən, həmin ünvanda yerləşən 700 kv.m torpaq sahəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Cavabdeh mülkiyyətinə verilməsi qərara alnımışdır. Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanda yerləşən 799 kv.metr torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması, torpağın alqısatqısına dair aktın təsdiq edilməsi, həmin sahəyə dair torpaq kadastr planın tərtib edilərək təqdim olunması qət edilmiş, qətnamə əsasında sözügedən torpaq sahəsinə dair Cavabdeh adına 27 iyun 2007-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi barədə məlumat əldə etdikdən sonra ondan apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiva Məhkəməsinin 11 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmişdir. Cavabdeh Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2007-ci il tarixli qətnamənin mövcudluğundan məlumatlı olmuş, lakin bilərəkdən əmlakı əvvəlcədən tanıdığı Həsən Nəsirov adlı şəxsin adına keçirməklə məsuliyyətdən yayına bilmişdir. Əslində cavabdeh başqa əqdi pərdələmək üçün mübahisəli torpaq sahəsini H.Nəsirovun adına keçirmiş, sonuncu bu torpaq sahəsini bankda girov qoymuş, sonuncu alıcı Natəvan Əliyeva isə məhkəmə tərəfindən vicdanlı alıcı kimi tanınmışdır. Məhkəmə qətnaməsi əsasında Cavabdeh 01 fevral 2008-ci il tarixdə torpaq sahəsinə dair çıxarış almış, 23 iyul 2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini X1 200000 manata satmışdır, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə QSC "Bank Standart” KB-nın Həsən Nəsirova qarşı iddiası qismən təmin edilmiş, sonuncudan kredit borcunun tutularaq banka verilməsi, həmin məbləğin Həsən Nəsirova məxsus Nərimanov rayonu A.Məmmədov küçəsi 1-də yerləşən 0,0799 ha torpaq sahəsinin açıq hərracdan satılması hesabına ödənilməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahəsi keçirilmiş açıq hərrac nəticəsində banka satılmış, bank tərəfindən isə 18 fevral 2014-cü ıl tarixdə alqı-satqı müqaviləsi əsasında 310000 manata Natəvan Əliyevaya satılmış və sonuncunun adına 28 fevral 2014-cü il tarixdə çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qətnaməsi əsasında Cavabdeh adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. 18 oktyabr 2018-ci il tarixdə iddiaçının X2 və başqalarına qarşı “alqı-satqı müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin edilsə də, həmin qətnamədən Natəvan Əliyeva apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Natəvan Əliyeva mübahisəli torpaq sahəsinə münasibətdə vicdanlı alıcı hesab edilmiş və bu səbəbdən də onun adına verilmiş çıxarışın etibarsızlığı təmin edilməmişdir. Qeyd olunan mülki işlə əlaqədar şikayət ərizəsi ilə Konstitusiya Məhkəməsinə müraciət etmiş, müraciətinə cavab olaraq torpaq sahəsinə münasibətdə hüquqlardan məhrum olma ilə bağlı dəymiş zərərin əvəzin ödənilməsi tələbi ilə təqsirli şəxslərə qarşı ayrıca iddia tələbi ilə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı bildirir ki, məhkəmə qətnamələri ilə sübut olunur ki, cavabdeh iddiaçıya məxsus olan 378 kv.metr torpaq sahəsini özününkiləşdirməklə, torpaq sahəsini digər şəxsə 200000 manata satdığını uydurma əqd ilə rəsmiləşdirmiş, sonda sonuncunun adından torpaq sahəsini borc əvəzində banka təqdim etmişdir. Bank qeyd olunan torpaq sahəsini 18 fevral 2014-cü ildə alqı-satqı müqaviləsi əsasında 310000 manata N.Əliyevaya satmışdır. Beləliklə cavabdeh iddiaçıya məxsus oları torpaq sahəni uydurma əqdlər əsasında özününküləşdirməklə külli miqadarda mənfəət əldə etmiş, eyni zamanda iddiaçıya isə real zərər vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya həm real zərər dəymiş, həm də bu səbəbdən əldən çıxmış fayda şəklində də ona zərər vurulmuşdur. İddiaçı qeyd edir ki, torpaq sahəsinin yerləşdiyi ünvanda bir sot torpaq sahəsinin bazar qiyməti 110-130 min manat dəyərindədir. İddiaçıya məxsus dörd sot torpaq sahəsinin ümumi qaydada minimal bazar satış qiyməti 400000 manat təşkil edir. İddiaçı həmin torpaq sahəsindən istifadə edib daha çox fayda əldə edə bilərdi. Çünki əmlakın bazar qisməti ilə yanaşı bu əmlakdan daha səmərəli istifadə elməklə xeyli məbləğdə fayda əldə edə bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(005)- 2868/2021 saylı qətnaməsi (hakim Kəmalə Əmirxanova) ilə iddia təmin edilməmişdir. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddanın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinı etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinə dair müxtəlif orqanların qərar və sərəncamlarının mübahisələndirilməsi ilə bağlı bir neçə məhkəmə icraatı başlanılmış, qərarlar qəbul edilmişdir. Belə olan halda eyni tərəflər arasında həmin məhkəmə qərarları ilə müəyyən olunmuş hallar hazırki iş üzrə də keçərlidir (preyudisial əhəmiyyətə malikdir). Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2007-ci il tarixli, 2-1245/2007 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Bələdiyyəsinin 05 aprel 2006-cı il tarixli 06 saylı iclas protokolu, Nərimanov Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış ünvan 5 ünvanda yerləşən 378 kv.m torpaq sahəsinə dair 07 aprel 2006-cı il tarixli 41 saylı icarə müqaviləsi etibarsız hesab edilmiş, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 avqust 2006-cı il tarixli 374 saylı sərəncamı ləğv edilmiş, lakin Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 29 iyul 2008-ci il tarixli, 2(103)-993/2008 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 01 noyabr 2007-ci il tarixli qətnaməsi ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə ilk və qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının qeyd edilən 29 iyul 2008-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, müvafiq torpaq sahələrinin İddiaçı və Cavabdeh ayrılmasına dair orqanların (Nərimanvo bələdiyyəsi və s.) hərəkətləri qanunsuz olmuşdur. İstər İddiaçı, istərsə də Cavabdeh torpaq sahələri üzərində hüquqları mövcud deyildir. Bu səbəbdən də onların bir-birinə qarşı iddiaları əsassızdır. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qərarları ilə İddiaçı və Cavabdeh müvafiq torpaq sahələri üzərində hüquqlarının mövcud olmaması, həmin torpaq sahələri ilə bağlı dövlət orqanlarının qərarlarının qanunsuz olması müəyyən edilmişdir. Bununla yanaşı, işdə olan digər məhkəmə aktından, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli, 2-1147/2007 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin imtina qeyri-qanuni hesab edilmiş, Nərimanov Rayon Bələdiyyəsinin 08 iyun 2007-ci il tarixli aktına əsasən satılmış, ünvan 6 ünvanda yerləşən 799 kv.m torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ tanınmış, Nərimanov Rayon Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpağın alqı-satqısına dair torpaq kadastr planının tərtib edilərək Cavabdeh təqdim edilməsi qət olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 sentyabr 2012-ci il tarixli, 2(103)-3671/2012 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, qətnamənin icrasına geriyə dönüş edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə tapşırılmışdır. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdehin adına verilmiş çıxarış onun iddiasına əsasən məhkəmə tərəfindən ləğv olunmuşdur. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 2(005)-4226/2016 saylı qətnaməsindən görünür ki, ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 fevral 2008-ci il tarixdə reyestr nömrəsi **********7, ********** qevdiyyat nömrəsi olan ünvan 7 ünvanda yerləşən 0,0739 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqlarının Cavabdeh adına aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2(102)-3865/2018 saylı qərarındakı hüquqi mövqeyinə görə məhkəmə qətnaməsinin məhz İddiaçı apellyasiya şikayəti əsasında ləğv edilməsi sonuncunun həmin torpaq sahəsi ilə bağlı istənilən iddianı qaldırmağa subyektiv hüququnun olmasını deyil, həmin məhkəmə qətnaməsinin icrası ilə bağlı aparılmış icra hərəkətlərinin geriyə dönüşünün təmin edilməsinə yönələn iddia qaldırması üçün hüquq yaratmışdır. Göründüyü kimi, məhkəmə aktları ilə iddiaçının iddia etdiyi 378 kv.m torpaq sahəsinə qanuni əmlak hüquqlarının mövcudluğu müəyyən olunmamışdır. Cavabdehin adına verilmiş çıxarışın (qeydiyyatın) ləğvi isə məhz həmin çıxarışın verilməsinə əsas olumş məhkəmə aktının sonradan apellyasiya qaydasında ləğv olunması ilə bağlı olmuşdur. İddiaçı isə torpaq sahəsinə əmlak hüquqlarının mövcudluğuna əsaslanaraq, cavabdehdən, sonuncunun qanunsuz hərəkətlərinə görə dəymiş zərəri tələb etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin tələblərinə əsasən, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Hazırki iş üzrə müəyyən edilmiş hallardan isə cavabdehin iddiaçıya münasibətdə delikt hadisəsi törətməsi, yəni iddiaçının qanunla qorunan mənafeyinə (əmlak hüquqları və s.) ziyan vurması halı müəyyən olunmamışdır. İddiaçının həmçinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli məktubu da iddiaçının mübahisəli torpaq sahəsi üzərində əmlak hüquqlarının mövcudluğu ehtiva etmir. Qeyd edilən məktubda iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Həmçinin qeyd edilməlidir kti, iddia maddi ziyanla bağlı hissədə əsassız olduğundan, qalan hissələrdə də təmin oluna bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia əsassızdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(005)- 2868/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(005)-2868/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2891/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2891/2022
31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver