Məhkəmə qərarları › İş №2(103)-2892/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2892/2025

29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2892/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(009)-899/2025 saylı qərardadından iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasının xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(009)-899/2025 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi AR MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşdüyündən və naturada bölünməsi tələb edilən daşınmaz əmlak ünvan 1i ünvanında olmaqla Abşeron rayonunun inzibati ərazisinə aid olduğundan tələbə ərazi aidiyyəti baxımından Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxıla bilməz. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Vəkil şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən Mülki Prosessual Məcələnin 39.1-ci maddəsinə əsaslanmışdır. Bu maddəyə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, hazırkı iş üzrə məhkəmə predmeti - əmlakın naturada bölünməsi yuxarıda sadalanan hallardan heç birinə aid deyil. Birinci hal daşınmaz əşyaya mülkiyyət hüququnun tanınmasını ehtiva edir ki, hazırkı işdə ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinə ½ hissədə iddiaçının mülkiyyət hüququ artıq məhkəmə qərarı ilə tanınmışdır. İkinci hala daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi daxildir ki, hazırda ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 2.11 ha olan torpaq sahəsinin kiminsə qeyriqanuni sahibliyində olması, yaxud başqasının qeyri-qanuni sahibliyindən geri alınması barədə məhkəməyə müraciət edilməmişdir. Üçüncü hala mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daxil edilir ki, hazırda iddiaçının hüquqlarının pozulması halı da aşkar edilmir. Hazırkı iddia ərizəsində mübahisə predmeti sadəcə olaraq məhkəmə qərarı ilə müəyyən olunmuş payların naturada bölgüsünün aparılmasıdır. Məhkəmə bu halları ətraflı və hərtərəfli araşdırmadan, eləcə də müstəsna aidiyyət qaydalarını düzgün qiymətləndirmədən ərizəni əsassız olaraq geri qaytarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-899/2025 saylı, 3 aprel 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə bir sıra mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növləri (müstəsna, müqavilə aidiyyəti və s.) nəzərdə tutulmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Belə ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə aid mübahisələrə yalnız mülkiyyət hüququnun tanınması, başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə olduğu zaman müstəsna aidiyyət qaydaları şamil olunur, yəni iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, məhz həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən də mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Nəzərə alınmalıdır ki, hazırkı iddianın predmetini təşkil edən - paylı mülkiyyətdə olan əşyanın bölünməsi barədə tələbə baxılan zaman məhkəmələr əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, əmlakın başqasının (cavabdehin) qanunsuz sahibliyindən geri alınması və ya əşya hüquqlarına qarşı (cavabdeh tərəfindən) törədilən pozuntuların aradan qaldırılması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsi həyata keçirilir. Yəni ümumi paylı mülkiyyətində olan əmlakın hər bir mülkiyyətçisi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı müvafiq hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 39-cu maddəsində də belə bir mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini, mümkünlüyü haqqında məsələni lazımi qaydada araşdırmadan geri qaytarmaqda haqlı olmamış, iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-899/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar