Məhkəmə qərarları › İş №2(103)-2898/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2898/2025

10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2898/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən hər ay 400 manat kirayə ödədikləri pulları son 3 ildən bu günə qədər ödədiyi kirayə pulu 14.400 manat olmaqla, məhkəmə dövlət büdcəsi üçün ödənilən 133,60 manat pulun, ümumilikdə 14.533.60 manat məbləğin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh olan qardaşına qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1-də yerləşən və qardaşına məxsus 34 saylı evə qeydiyyata düşmək və evdə istifadə hüququnun tanınması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi həmin iddia ərizəsi əsasında icraatı başlanmış 2-958/07 saylı işə baxaraq, iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamə apellyasiya instansiya məhkəməsinin baxışı predmeti olmuş və dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiaçının və cavabdehin anası Sevil Ələmova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin iş üzrə verilmiş xx.xx.2022-cı il tarixli 4171 saylı rəyinə əsasən Sevil Ələmovada şizofreniya, paranoid forma (qusur halı F20.0) xroniki ruhi xəstəliyi müəyyən edilmişdir. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 22 saylı sərəncamı ilə hazırkı iş üzrə iddiaçı anasının üzərində qəyyum təyin olunmuşdur. İddiaçının və cavabdehin valideynləri – Sevil Ələmova və Vaqif Əzizovun nikahları Bakı Şəhəri Kirov Rayon Xalq Məhkəməsinin xx.xx.1986-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. 38 ildir ki, Sevil Ələmova xəstəliyi ilə bağlı öz hərəkətlərini idarə edə bilmir. Bu müddətdə ona iddiaçı baxmış, Sevil Ələmovanın daimi kənar şəxsin qulluğuna ehtiyacı vardır, başqasının yardımı olmadan onun sərbəst yaşaması mümkün deyildir. İş üzrə cavabdeh isə iddiaçıya və onların anasına məxsus payı mənimsəmişdir. Atasına söz vermişdir ki, o, ev alacaq, ona və anasına qeydiyyat və istifadə hüququ verəcək. Cavabdeh sözünə əməl etməmiş, iddiaçını və anasının payından istifadə edərək özünə ev almişdır. Cavabdeh iddiaçını və anasını həmin mənzilə qeydiyyata düşməsinə qoymur. Bu səbəbdən də, iddiaçı, xx.xx.2020-ci tarixli kirayə müqaviləsi ilə kirayə ev tutaraq anası ilə bilikdə həmin evdə yaşayır. Kirayə müqaviləsi əsasında hər ay 400 manat ödəyir. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat

3. Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı özü mübahisəli evə köçüb yaşamaq istəmir, iddiaçı mübahisə mənzilə köçürülməsi barədə qətnamədən əvvəl və sonra da, həmin evdə onlarla birlikdə yaşamış, lakin sonra onlarla birlikdə yaşamaq istəməyərək, özü evdən çıxıb getmişdir. İddiaçını heç kim onların birlikdə yaşadığı evdən çıxartmamış, iddiaçının evdə yaşamasına maneçilik törətməmişdir. Onların anası uzun illərdir ki, ruhi xəstəlikdən əziyyət çəkir və uzun müddət xəstəxanada olmuşdur. O, anası ilə görüşmək istəmiş, lakin iddiaçı buna mane olmuşdur. O özü də xəstədir, əmək qabiliyyətsizdir və xx.xx.2022-ci il tarixdə ona İİ qrup əlillik verilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23 oktyabr 2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, iddia əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti və ona etiraz barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, ədalətsiz qətnamənin ləğv edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, o, bacısı olan iddiaçını evdən qovmamışdır. Bacısı ərə gedəndən sonra evdə çıxmış və ərinin evinə köçmüşdür. Bir müddət sonra isə bacısı ona qarşı iddia ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Səbail Rayon Məhkəməsi xx.xx.2007-ci il tarixli qətnamə ilə bacısının evə köçürülməsini qət etmişdir. Buna baxmayaraq bacısı demək olaraq ki, evdə yaşamırdı. 2009-cu ildə isə bacısı evi tərk etmiş və bir daha qayıtmamışdır. Həmin vaxt anası evdə yaşamaqda davam edirdi. Bir müddət sonra isə bacısı analarını da evdən aparmışdır. Onların evə qayıtmasına heç kimi maneçilik törətmir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 22 saylı sərəncamından görünür ki, hazırkı iş üzrə tərəflərin anası Sevil Ələməva Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1760/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Buna görə də Sevil Ələməvanın üzərinəd onun qızı olan hazırkı iş üzrə iddiaçı qəyyum təyin edilmişdir.

12. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2-958/07 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı irəli sürdüyü iddianın təmin edilməsini, iddiaçının mübahisəli evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-1188/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Hazırkı iş üzrə tərəf olmayan X2 ilə hazırkı iş üzrə iddiaçı arasında xx.xx.2020ci il tarixdə bağlanmış “Yaşayış sahəsinin kirayəsi haqqında” 3 nömrəli müqavilədən görünür ki, Həcərxanım Quliyeva özünə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 99-da yerləşən 999 mənzili ayda 400 manata iddiaçıya kirayə vermişdir.

15. İddiaçı bildirir ki, onun və anası Sevil Ələmovanın yuxarıda qeyd edilən mənzildə yaşamağa hüquqlarının olmasına baxmayaraq cavabdeh onların həmin mənzildə yaşamalarına mane olur və bu səbəbdən o, kirayə mənzildə yaşamaq və hər ay 400 manat kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır.

16. İddia tələbinə etiraz edən cavabdeh isə bildirir ki, iddiaçı özü mübahisəli evə köçüb yaşamaq istəmir, iddiaçı mübahisə mənzilə köçürülməsi barədə qətnamədən əvvəl və sonra da, həmin evdə onlarla birlikdə yaşamış, lakin sonra onlarla birlikdə yaşamaq istəməyərək, özü evdən çıxıb getmiş və anasını da özü ilə aparmışdır. Anasının və iddiaçının evdə yaşamasına heç kim maneçilik törətmir.

17. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

18. İşin hallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında cavabdehin iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməsi ilə bağlı müqavilə bağlanmamış və cavabdeh iddiaçı qarşısında üzərinə öhdəlik götürməmişdir ki, onu pozmuş olsun. Buna görə də, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi əsası ilə təmin edilə bilməz.

19. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

20. Lakin apellyasiya baxışının nəticəsi ilə cavabdeh tərəfindən iddiaçıya zərər vurması halı da müəyyən edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş, icra edilmiş, iddiaçı mübahisəli evə köçürülmüş və bir müddət həmin evdə yaşamışdır, Əgər bundan sonra cavabdeh iddiaçının həmin evdə yaşamasına mane olmuşdursa, onda iddiaçı həmin qətnamənin yenidən icra edilməsini müvafiq icra qurumundan tələb edə bilərdi. Lakin işin hallarından müəyyən edilir ki, belə bir hal mövcud deyil.

21. Buna görə də, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi cavabdehin iddiaçıya zərər vurması əsası ilə də təmin edilə bilməz.

22. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

23. Lakin apellyasiya baxışının nəticəsi ilə cavabdehin iddiaçıya münasibətdə əsassız varlanması halı müəyyən edilmir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi cavabdehin iddiaçıya münasibətdə əsassız varlanması əsası ilə təmin edilə bilməz. g) apelyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi əsassızıdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır.

25. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

28. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar