Məhkəmə qərarları › İş №2(103)-2903/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2903/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2903/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz C 200” markalı ** VN *** dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsində yola bitişik ərazidən əsas yola çıxarkən özündən sağdan hərəkət edən “xxxx” MMC-yə məxsus və ASC-də sığortalanmış ** PX *** dövlət nömrə nişanlı “xxxx” markalı avtomaşına yol verməyərək onunla toqquşduğunu, yolnəqliyyat hadisəsinin törənməsində Cavabdeh1 təqsirli olmasının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsbit olunduğunu, “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2012-ci il tarixli akta görə, toqquşma nəticəsində “xxxx” markalı avtomobilə 1398,54 manat ziyan dəydiyini, ASC tərəfindən həmin məbləğin zərərçəkənə ödənildiyini və beləliklə də subroqasiya hüququnun yarandığını bildirmiş, buna görə də cavabdehlərdən müştərək qaydada 1398,54 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun, yəni cəmi 1428,94 manatın ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddia tələbinə əsassız bir şəkildə iddia müddətini tətbiq etdiyi arqumentləri ilə əsaslandırmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini sadəcə iddia müddətinin ötürülmüş olması qənaəti ilə rədd etsə də, tərəflər arasında müqavilə münasibətinin olmadığını və tələbə 3 illik müddətin deyil, 10 illik ümumi iddia müddətinin tətbiq edilməli olduğunu nəzərə almamış, qanununvericliyi düzgün tətbiq etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, digər Cavabdeh1 isə ərizə ünvanlayaraq şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, mülkiyyətçisi Cavabdeh2 olan “Mercedes Benz C 200” markalı ** VN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh1 idarəetməsində olarkən “xxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış ** PX *** dövlət nömrə nişanlı “xxxx” markalı avtomaşınla toqquşmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törənməsində “zərərvuran” qismində iştirak etmiş, “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2012-ci il tarixli aktla “xxxx” markalı avtomobilə 1398,54 manat ziyan dəydiyi müəyyənləşdirilmiş, ASC tərəfindən həmin məbləğ avtomobilin təmirini həyata keçirən “xxxx” MMC-nə ödənilmiş, müvafiq sığorta aktında sığortalının 100 manat franşiza məbləğini ASC-nə qaytaracağına zəmanət verdiyi razılaşdırılmışdır. Birinci instansiya məhkəməsi “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsinə əsaslanmış, sığorta hadisəsinin xx.xx.2012-ci il tarixdə baş verdiyini və bu tarixdən 8 (səkkiz) ilə yaxın müddət keçdiyini vurğulamaqla iddiaçının həmin Qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyü qənaəti ilə müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə gəlinən qənaət əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir, 371.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə “İcbari Sığortalar haqqında” Qanunun 74-cü maddəsini tətbiq etməkdə səhvə yol vermişdir; çünkü İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “xxxx” markalı avtomobilin təmiri üçün ödəniş “İcbari Sığortalar haqqında” Qanuna əsasən deyil, həmin avtomobilin könüllü sığortası üzrə müəqaviləyə əsasən həyata keçirilmişdir və ASC ilə “xxxx” markalı avtomobilin sahibi arasında “İcbari Sığortalar haqqında” Qanunla tənzimlənən münasibətlər mövcud olmamışdır. Digər tərəfdən, mübahisəyə sığorta müqaviləsindən doğan 3 illik iddia müddətini tətbiq edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, könüllü sığorta müqaviləsi üzrə münasibətlər iddiaçı və cavabdehlər arasında deyil, iddiaçı və sığortalı “xxxx” MMC arasında mövcud olmuş, ASC həmin müqavilə üzrə öhdəliyini icra etmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iddianı irəli sürmüşdür. Sığortalı “xxxx” MMC ilə Cavabdeh1 arasında yaranmış münasibət isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətdir və iddiaçı ASC öz sığortalısına sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə görə onun subroqasiya hüququ yaranmışdır. Belə ki, həmin maddi hüquq normalarına əsasən, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu mənada kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı ASC ilə cavabdehlər arasındakı münasibətlərə müqavilədən deyil, zərər vurmadan yaranan münasibət kimi Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyənləşdirilmiş ümumi iddia müddəti şamil edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. İş materiallarından aydın olur ki, “Mercedes Benz C 200” markalı ** VN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixinə qədər Cavabdeh2 mülkiyyətində olmuş, həmin dövr ərzində onun tərəfindən Cavabdeh1 avtomobilə dair etibarnamə verilməmiş, avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh1 idarəetməsində olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə aydın olur ki, Cavabdeh2 mülkiyyətində olan və yüksək təhlükə mənbəyi hesab edilən “Mercedes Benz C 200” markalı ** VN *** dövlət nömrə nişanlı avtomobil mülki hüquq pozuntusunu (yol nəqliyyat hadisəsini) törətmiş Cavabdeh1 istifadəsinə mülkiyyətçi tərəfindən qanuni əsaslarla verilməmişdir; bu isə o deməkdir ki, həmin avtomobilin mülkiyyətçisi qismində Cavabdeh2 da zərərçəkənə dəymiş ziyandan məsuliyyət daşımalıdır (Mülki Məcəllənin 1108.2-ci maddəsinin son cümləsinin mənasına əsasən). Bununla belə kollegiya hesab edir ki, cavabdehlərin iddiaçıya ödəməli olduqları pul vəsaitinin məbləği müvafiq sığorta aktının şərti nəzərə alınmaqla müəyyənləşdirilməldir; yuxarıda qeyd olunduğu kimi, “xxxx” markalı avtomobilə dəymiş ziyana görə ASC tərəfindən avtomobilin təmirini həyata keçirən “xxxx” MMC-nə 1398,54 manat ödənilmiş olsa da, sığorta aktında sığortalının 100 manat franşiza məbləğini ASC-nə qaytaracağına zəmanət verdiyi razılaşdırılmışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4551/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi qismində 1298,54 (min iki yüz doxsan səkkiz manat 54 qəpik) manat, həmçinin iddianın qaldırılması və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının (bank xidməti xərci ilə birlikdə) əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar