Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2905/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 18 saylı Dövlət Notariat Kontoruna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 tərəfindən notarial qaydada ərizə yazılaraq qeyd edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsini və üzərində tikilən 77 kv.m, 2 otaqlı olan evi 12500 manata vətəndaş İddiaçı (şəxs.vəs.AA*******, FİN: xxxxxxx) satdı, pulu tam olaraq aldı. Gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddia və tələbi olmayacaq.
2. İddiaçı evin ona təhvil verilmədiyini bildirir və ödədiyi pulu geri tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı vəkili Vəkil2 xx.xx.2023- cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Binə qəsəbəsində ev almaq məqsədilə Elşada zəng etmiş, ancaq o Binə qəsəbəsində almamağını bildirərək Hövsan qəsəbəsində ev olduğunu bildirmişdir. Ailəsi ilə birlikdə Elşad adlı şəxslə evə baxmışlar. Evin pəncərəsi, qazı, polu, qapıları, işığı və suyu olmadığından söz verdi ki, qazı, işığı onun adına rəsmiləşdirəcəyinə dair vəd verərək şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Beh olaraq Elşada xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Verəcəyi pulun qalan hissəsini notariusda sənədləşdirnəyi tələb etmiş və bu sənədləşmənin Suraxanı rayonu Hövsan qədəbəsindəki notariusda etməyi bildirmişdir. Ramin qazi olduğunu bildirməklə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda onun dövlət rüsumlarından azad olduğunu bildirmişlər. xx.xx.2023-cü ildə Elşad və evin sahibi Ramin Əhmədli metrosunun yaxınlığında yerləşən Notariat kontoruna gedərək müqavilə bağlamışlar. Orada beh verməklə qazı, işığı onun adına rəsmiləşməyinin Raminin üzərinə qoyulması məsələsinin də müqavilədə göstərilməsini tələb etsə də onun bu tələbi notarius tərəfindən yerinə yetirilməmişdir. Orada Ramin adlı şəxsə 12500 (on iki min beş yüz) manat pulu ödəmişdir. Ramin də bunun müqabilində notarial ərizə yazaraq, ona məxsus olan evi satıb əvəzində 12500 manat pulu qəbul etmişdir. Notariusda ondan evin sənədlərini və ya həmin evin ona məxsus olmasına dair hər hansı bir sənəd tələb etmədilər. Eyni zamanda qaz və işığın sənədləşməsi barədə də tələbləri notarius tərəfindən təmin edilmədi. xx.xx.2023-cü il tarixdə Raminə zəng edərək evin hazır olmasını soruşduqda 3 gün ərizndə tam hazır olacağını bildirdi. 3 gün sonra evə gəldikləri zaman Raminin yalan danışdığını, evin hazır olmadığını və evdə başqa şəxslərin yaşadığını müəyyən etdik. 2 gün həmin ərazidə avtomobildə yatmışlar. Çünki Ramin həmin adamları evdən çıxaracağını bildirməklə yalan vədlər verirdi. Belə bir addım atacaqlarını heç vaxt düşünməmişlər. Hal hazırda məcbur qalıb kirayədə yaşayırlar. Evsiz qalmışlar. Keçirdiyi əsəb və sreslər nəticəsində 35 gün müddətinə işə gedə bilməmişdir, bildirmişdir ki, günəmuzd işləyərək gündəlik 15 (on beş) manat məvacib almışdır. Bu hadisədən o qədər sarsılmışdır ki, əsəblərini müalicə etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12550 (on iki min beş yüz əlli) manat borc, eyni zamanda kirayə haqqı olaraq ödədiyi 1000 (min) manat və keçirdiyi iztirablara görə 2000 (iki min) manat mənəvi zərər tutulmalıdır. Dəfələrlə etdiyi xəbərdarlıqlara və üzərindən xeyli müddət keçməsinə baxmayaraq pulu qaytarmamışdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 12500 (on iki min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 127.50 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı ona yaşayış evi satması əsası ilə 12500 manat pul almış və bununla bağlı notarial ərizə vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud deyil. Ona görə ki, əvvəla müqavilə formasına görə ikitərəfli əqddir, tərəflər arasında isə yaşayış evinin alqı-satqısı ilə bağlı hər hansı ikitərəfli müqavilə imzalanmamış, yalnız cavabdeh tərəfindən pulun alınması ilə bağlı ərizə verilmişdir. Digər tərəfdən, yuxarıda istinad edilmiş maddi hüquq normalarıın tələblərindən göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı ilə bağlı imperativ qaydalar müəyyən etmişdir, hansı ki, daşınmaz əmlakın satışı da həmin qaydalar üzrə həyata keçirilir və həmin qaydalara riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Lakin, hazırkı işdə tərəflər arasında müqavilə (ikitərəfli əqd) ümumiyyətlə mövcud deyil. Bu münasibət ola da bilməzdi, belə ki, notarial ərizədə satıldığı bildirilən evin Cavabdeh1 məxsus olması müəyyən edilmir. İddia tələbinin 12550 manat pulun tutulması hissəsinə münasibətdə, məhkəmə işin hallarını araşdıraraq və əlavə edilmiş sənədlərə qiymət verərək hesab etmişdir ki, tələb qismən əsaslıdır. Belə ki, İddiaçı həmin fərdi yaşayış evinə görə Cavabdeh1 ödədiyi 12500 manat pul vəsaitinin sonuncuda qalmasını şərtləndirən hər hansı bir qanuni və ya hüquqi əsas yoxdur. İddiaçı verilən pulun 12550 manat olduğunu, 50 manatın daha əvvəl beh kimi verildiyini bildirsə də, 50 manat behin daha əvvəl verildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı tələbin digər Cavabdeh2 münasibətdə də təmin edilməsini xahiş etsə də, işin halları və tərəflərin izahatları ilə tələbin Cavabdeh2 münasibətdə əsaslı olmasına dəlalət edən hallar müəyyən edilmir. İşin araşdırılan hallarından aydın olur ki, cavabdeh Babayev X2 Şəhla Vəli qızı ilə Cavabdeh1 arasında həmin fərdi yaşayış evinin alqı-satqısı üçün vasitəçi rolunu oynamışdır, eyni zamanda iş materiallarından göründüyü kimi evin alqısatqısı üçün nəzərdə tutulan 12500 manat pul vəsaiti Cavabdeh2 deyil, digər Cavabdeh1 verilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 12500 (on iki min beş yüz əlli) manat pul vəsaitinin tutulması hissəsində əsaslıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi cavabdehlərdən kirayə haqqı olaraq 1000 manat və iddiaçının keçirdiyi iztirablara görə tələb olunan 2000 manat mənəvi ziyan hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən fərdi yaşayış evinin ona təqdim edilmədiyi müddət ərzində kirayədə qaldığını və bu müddət ərzində ümumilikdə 1000 manat kirayə haqqı ödədiyini bildirsə də, lakin bununla bağlı hər hansı bir sübut (kirayə müqaviləsi və ya digər sübutlar) məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı baş verən bu mübahisəli vəziyyətlə əlaqədar olaraq iztirablar keçirdiyini və bu mənəvi ziyana görə 2000 manat pul vəsaiti tələb etdiyini qeyd etsə də, tələbin bu hissəsində formal mülahizələrə əsaslanmış, iztirab keçirməsinə səbəb ola biləcək hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 324, 385, 422, 425, 1091, 1092, 1093.1-ci maddələri, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-96/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəflə aralarında olan hüquq münasibətinə düzgün qiymət verməyərək iddiaçı ilə aralarında tapşırıq müqaviləsindən irəli gələn münasibətini borc münasibəti kimi qiymətləndirmiş, iddiaçı sifarişi əsasında tikdiyi fərdi yaşayış evinin iddiaçı tərəfindən qərəzli olaraq qəbul edilməməsinə və tikinti üçün çəkdiyi xərcləri nəzərə almamışdır. Məhkəmə qulluq mövqeyindən istifadə edib hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə normanın tələbini pozub iddiaya sübutlar əsasında deyil, iddiaçının əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdir. İddiaçı iddia tələbini sübut edə bilməyib, məhkəmədən məlumatı olmadığı üçün o da subutlarını təqdim edə bilməyib. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları, yəni iddiyaya baxılanda borcun qaytarılıb-qaytarılmamasını aydınlaşdırmamışdır. Məhkəmə iddiaçının sifarişi əsasında tikdiyi fərdi yaşayış evinin iddiaçı tərəfindən qərəzli olaraq qəbul edilməməsinə və tikinti üçün çəkdiyi xərcləri nəzərə almamışdır. İddiaçıya mübahisəyə baxılan vaxtı borcun olması subut edilmir. Məhkəmə düzgün nəticəyə gəlməyərək iddiaçı ilə aralarında tapşırıq müqaviləsindən irəli gələn münasibəti borc münasibəti kimi qiymətləndirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Raminlə onu Elşad tanış etdi. Evə baxdılar, bəyəndilər. Ramin onlardan 10 gün vaxt istədi ki, evdə təmir işlərini görsün. Vaxt verdilər, 10 günün tamamında Raminə zəng edib ki, evə gəlirlər. O da bildirdi ki, gələ bilərlər. Evə gəldilər, təmirin olmadığını gördülər. Ramin onların üzərinə adam göndərdi, onlara hədə-qorxu gəldi. Onların başına oyunlar açdılar. Ramin evi onlara satmışdı. Onlara dedi ki, o qazidir, sənədləri qaydasına salacaq, ona güzəşt edirlər. Cavabdehlər onlara dedilər ki, tam pulu versə, sənədləşdirmə onun adına olacaq. Onlar da razılaşdılar. Ramin evdən plastik pəncərə vurdutmaq üçün çıxdı, sonra qayıtmadı. Su çənini həyətdə sökdülər. Polis İdarəsində Ramin dedi ki, ona pul verilib, pulun qalanın Elşad verəcək. 12500 manat pulu Raminə verib, Elşada verməyib. Raminə deyib ki, Elşadla məsələni özü həll etsin, o, pulu tam verib, çünki ondan pulu tam istəmişdilər. Raminin vəkilini tanımırlar, Ramin onların qarşısına çıxa bilmir. O, müalicə alır. Ramin hər kəsə deyir ki, ona heç kəs təsir edə bilməz. Evə gedib baxıb. Tövlə də var idi, Ramin dedi ki, onu da satacaq, əgər istəsələr ala bilərlər. Evi onlara niyə vermədiyini bilmir. Onlar öyrəndilər ki, evi onlara satandan sonra başqa adamlar da evə baxıblar.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndələrinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı və digər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh1 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi Cavabdeh1 12500 manat pulun tutulması hissəsində təmin edilmişdir.
21. Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti verən cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işin hallarından görünür ki, Cavabdeh1 tərəfindən notarial qaydada ərizə yazılaraq qeyd edilmişdir ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsini və üzərində tikilən 77 kv.m, 2 otaqlı olan evi 12500 manata vətəndaş İddiaçı (şəxs.vəs.AA*******, FİN: xxxxxxx) satdı, pulu tam olaraq aldı. Gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddia və tələbi olmayacaq.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsi və üzərində tikilən 77 kv.m, 2 otaqlı olan evin Cavabdeh1 məxsus olması müəyyən edilmir.
23. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsi və üzərində tikilən 77 kv.m, 2 otaqlı olan evin Cavabdeh1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 144.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
25. Göründüyü kimi, qanunverciliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqısı barədə notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmalı, bu zaman notarius tərəfindən daşınmaz əmlakın satıcıya məxsus olması yoxlanılmalıdır.
26. Lakin hazırda tərəflər arasında qanunvericiliyin tələbinə cavab verən müqavilə bağlanmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 notarial qaydada verdiyi ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan quşçuluq sovxozu ərazisində yerləşən 236 kv.m torpaq sahəsini və üzərində tikilən 77 kv.m, 2 otaqlı olan evi 12500 manata İddiaçı satmasını, pulu tam olaraq almasını və gələcəkdə həmin torpaq sahəsinə və evə dair heç bir iddia və tələbinin olmayacağının bildirmişdir. Lakin cavabdeh Məmmədli X1 Şəhla Vəli qızına mənzili təhvil verməyərək pulu da qaytarmamışdır. Nəticədə Cavabdeh1 əsassız varlanmışdır.
28. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, onlar arasında tapşırıq münasibətlərindən irəli gələn münasibətə məhkəmə səhvən borc münasibəti kimi qiymət vermişdir.
29. Bu dəlillə bağlı qeyd edilməlidir ki, cavabdeh notarial qaydada verdiyi ərizəsində torpaq sahəsini və üzərində tikilən evi satdığını və bunun müqabilində pul aldığını bildirmişdir. Göründüyü kimi tərəflər arasında tapşırıq münasibətindən irəli gələn münasibətlərin yaranması öz təsdiqini tapmır. İşə baxan məhkəmə düzgün olaraq o qənaətə gəlmişdir ki, tərəflər arasında etibarlı alğı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh pulu alıb qaytarmamaqla əsassız varlanmışdır.
30. Cavabdehin digər dəlili odur ki, birinci instansiya məhkəməsinə sübut təqdim edə bilməmişdir.
31. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, cavabdeh məhkəmə iclaslarından məlumatlı olmuşdur. Hətta birinci instasiya məhkəməsinin qəbul etdiyi qərardaddan şikayət də vermişdir. Məlumatlı olmasına baxmayaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev