Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2908/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi zərərə görə 1000 manatın, dövlət rüsumuna görə 30 manatın tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuş, qətnamədən iddiaçının və cavabdehin nümayəndəsinin verdikləri apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş həmin şikayətin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, məhkəmənin 08 dekabr 2021-ci il tarixli qətnaməsi 18.12.2021-ci il tarixdə saat 14:38-də "xxxx" MMC-nin nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, 26.01.2022-ci il tarixdə həmin MMC-nin digər nümayəndəsi qətnaməni qəbz imzalamaqla məhkəmədən götürmüş, 29.01.2022-ci il tarixdə həmin nümayəndə tərəfindən verilən apellyasiya şikayəti elektron sistemə yüklənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayətinə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyindən və ötürülmüş müddətin bərpası, yaxud ötürülməmiş hesab olunması məsələsi həll olunmadığından həmin şikayətə münasibətdə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1710/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya şikayətinin geri qaytarılması, yaxud prosessual müddətin ötürülüb-ötürülmədiyi məsələsinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2908/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2908/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver