Məhkəmə qərarları › İş №2(103)-2909/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2909/2020

03.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2909/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X11 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019 saylı 26 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ayrılmış torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə 01 mart 1991-ci ildə birgə nikaha daxil olmuşdur. Birgə yaşadıqları təxmini 25 il müddətində 3 övladları dünyaya gəlmişdir. Kiçik qızı tələbədir, böyük qızını Ekologiya Nazirliyinə, oğlunu Avropa firmasına, yoldaşını isə 316 nömrəli məktəbə direktor müavini vəzifəsinə düzəltmişdir. Ramana qəsəbəsində 6 sot torpağın içində 13.2 metr uzunu, 12.2 metr eni olan 2 mərtəbəli tam təmirli, kombi sistemi ilə təmin olunmuş, bütün məişət əşyalarını, mebellərini təzə almışdır. Bundan başqa girişi və çıxışı ayrı olan kirayəçi evi tikmişdir. Halhazırda ayı 150 manata orada kirayəşin qalır. Əlavə 4 göz mersedes markalı avtomobil də almışdır. Ailə münasibətləri bir müddət yaxşı olsada, cavabdehin özünün və qardaşbacısının təqsiri üzündən tədricən pozulmağa başlamışdır. 2016-cı ilin dekabr ayında birgə yaşamağın mümkünsüz olduğun görüb evdən çıxmışdır. O, özü ilə bir dəst anasının verdiyi pasteli götürmüşdür. O, bu ailənin dağılmasından uşaqların əziyyət çəkməsini istəməmişdir. Ona görə də evini, evin əşyalarını, 4 göz mersedesi, nə varsa hər bir şeyi uşaqlarına vermişdir. Ancaq 2 sot torpaq və nikahın pozulması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. 17 noyabr 2017-ci ildə Xətai Rayon Məhkəməsi ona 2 sot torpaq sahəsi ayırmışdır. 11 yanvar 2019-cu ildə nikahları pozulmuşdur. Cavabdehin təqsirindən indiyə qədər o, Xətai Rayon Məhkəməsinin qərarı ilə ayrılmış 2 sot torpaq sahəsinə sahib çıxa bilmir, hasar çəkə bilmir. Gah apelyasiya şikayəti edirlər, gah deyirlər bölgü düz bölünməyib, gah da deyirlər yol qalmır. Ona görə də o, Sabunçu Rayon Məhkəməsinə maneənin aradan qaldırılması iddiası ilə (hasarın çəkilməsinə maneə yaratmamaq) müraciə etmişdir. Məhkəmə torpaq sahəsinə yerində baxış keçirtmişdir. O məhkəməyə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən bölündüyünü və başqa cür bölünməsinin mümkünsüzlüyünü, evə 2 tərəfdən girişin mümkün olduğunu göstərmiş, lakin məhkəmə qərəzli surətdə onun iddiasını rədd etmişdir. Səbəb isə qarşı tərəfin bölgü ilə razı olmaması və torpağın naturada bölünməməsi göstərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019saylı, 26 dekabr 2019-cu il tarixliqətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X6 məxsus olan 0.04 hektar torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun müəyyənləşdirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayətiverərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə iddiaçı X10 ilə 01 mart 1991ci il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan hazırda yetkinlik yaşına çatmış üç övladları vardır. 2016-cı ilin iyun ayından faktiki olaraq ayrı yaşayırılar. 2016-cı ilin dekabr ayından iddiaçı başqa ünvana köçmüşdür. Nikahları Xətai rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində ev inşa etdirmişlər və 2000-ci ildən həmin evdə yaşayırlar. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmişdir. İşdəki 05 dekabr 2019-cu il tarixli 18604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi iki tərəfdən qonşu və iki tərəfdən yol ilə əhatə olunmuşdur, həmin torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi, fərdi yaşayış evi nəzərə alınmadan, mümkündür. İnşa olunan iki mərtəbəli fərdi yaşayış evi torpaq sahəsinin 161,04 kv.m hissəsini təşkil edir. Göründüyü kimi, rəydə qeyd edilir ki, torpaq sahəsində fərdi yaşayış evi yerləşdiyindən və həmin evə bir giriş yolu olduğundan evin naturada bölünməsi mümkün deyildir. Əgər torpaq sahəsi iki hissəyə bölünərsə, onda evə giriş bağlanacaqdır. Torpaq sahəsinin uzununa bölgüsü mümkün deyildir, ev torpaq sahəsinin aşağı hissəsində inşa edildiyindən, torpaq sahəsi uzununa bölünə bilməz, belə ki, onda ev sökülməlidir. Eninə bölgü aparılarsa, evə giriş qapanacaqdır. Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin 1/2 hissəsinin X7 və 1/2 hissəsinin mənə məxsus olması barədə və həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin mümkün olmaması barə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır. İşə baxan hakim qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktları nəzərə almamışdır. Məhkəməyə təqdim edilmiş bölgü sxemi saxtadır, həmin sxem iddiaçı tərəfindən hazırlanmış və məhkəməyə təqdim edilmişdir. İşə baxan hakim həmin sxemin həqiqiliyini müəyyən etmədən həmin sxemi sübut kimi qəbul etmişdir. İddiaçı X3 iddia ərizəsində qeyd etdiyi faktlar həqiqətə uyğun deyildir, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində X3 payının 1/2 hissədə müəyyən edilməsi, qalan 1/2 hissəsinin cavabdehin payının hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçı X10 özbaşına olaraq həyətyanı torpaq sahəsini iki hissəyə bölərək hasarlamaq istəyir, əgər onun tərəfindən məhkəməyə təqdim olunmuş cizgi əsasında bölgü aparılarsa, cavabdehə düşən hissəyə gediş-gəliş yolu bağlanacaqdır. Ona görə də paylı mülkiyyət olan mübahisəli torpaq sahəsinin naturada bölgüsü mümkünsüzdür. Mübahisə yalnız mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə verilməsi, iddiaçının payının əvəz edilməsi ilə həll oluna bilər. Apellyasiya baxışı cavabdehin nümayəndəsi-vəkili X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı şikayətə etiraz edərək, iddia tələbinin məzmununa uyğun izahat vermiş, şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(011)-9775/2017 saylı qətnaməsinə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsində İddiaçı payının ½ hissə, qalan ½ hissəsinin isə X4 payı hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(011)-484/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə X9 arasında Gədəbəy rayonu Qoşabulaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən 01 mart 1991-ci il tarixli, 02 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2019- cu il tarixli, 2(008)- 3051/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı yaradılan maneənin aradan qaldırılması tələbinə dair idda tələbinin təmin edilməməsi qət edilmişdir. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-cimaddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin iki tərəfdən qonşu və iki tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin tərəflər arasında paylarına uyğun bölünməsinin (fərdi yaşayış evi nəzərə alınmadan) mümkündür. İş materiallarında olan bölgü sxemində 0.04 ha torpaq sahəsinin iki hissəyə bölünməsi bölgü sxemində göstərilmişdir. Rəydə həmçinin, göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evinin inşa edilmişdir. Həmin tikiliyə dair mülki iş materialında hər hansısa layihə sənədinin olmadığından tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasının müəyyən edilməmişdir. İnşa olunan iki mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin 161.04 kv.metr hissəsini təşkil edir. Mübahisəli torpaq sahəsinə birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən keçirilmiş yerli baxışda müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iki tərəfdən qonşu və iki tərəfdən yol ilə əhatə olunmuş, həmin torpaq sahəsinin bir tərəfində iki mərtəbəli fərdi yaşayış evi tikilmiş, iş materiallarında olan bölgü sxeminə uyğun olaraq torpağın ev olan hissəsindən giriş hissəsinədək, yəni dəmir darvazayadək olan hissəsin boşdur heç bir tikili yoxdur. Evin arxa tərəfindən, yəni yoldan evə kiçik dəmir qapı ilə giriş mövcduddur. Həmin giriş qapısı bağlı olduğundan, mənzilə daxil olub baxış keçirilməsi mümkün olmamışdır. Cavabdehin bildirdiynə əsasən, həmin giriş- çıxış qapısından evdə qalan kirayəçilər istifadə etdiyi müəyyən olundu. Mülki qanunvericiliyin qeyd olunan müddəalarını və ekspertin rəyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan 1/2 hissəsinin naturada ayrılmasını məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur. Çünki paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçı və cavabdeh arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmiş, bu baxımdan iddiaçı, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan 1/2 hissəsinin bölgü-sxemə uyğun şəkildə naturada ayrılması cavabdehin servitut hüququnu istisna etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar