Məhkəmə qərarları › İş №2(103)-2911/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2911/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2911/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsindən və 24 yanvar 2022ci il tarixli əlavə qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Kolin İnşaat Turizm Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kolin İnşaat Turizm Sənaye və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən iddiaçıya vurulmuş 720.000 manat məbləğində maddi ziyanın və 30.000 manat məbləğində mənəvi ziyanın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayır. O, 2005-ci ildə Şamaxı rayonunun Çıraqlı kəndi ərazisində 5,25 ha torpaq sahəsi almışdır və alınan torpaq sahəsində balıq yetişdirmək üçün göl hazırlatmışdır, həmin göldə balıq saxlamaq üçün lazımi təşkilatlara müraciət edib sənədləşmə aparılmışdır. İddiaçı öz qohumu Azər Badurayev ilə balıqları saxlayıb, yetişdirib, satdıqdan sonra gəlirini bölüşmək barədə razılaşmışdır. 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmışdır. Balıqların saxlanması üçün 14 aprel 2019cu ilə kimi 30.000 kq miqdarında balıq yemi alınıb balıqların yemlənməsinə sərf edilmişdir. Cavabdeh şirkət tərəfindən Bakı-Qazax yolunun Qobustan, Şamaxı rayonları ərazisinin yenidən çəkilməsi zamanı torpaq sahələrinin hamarlanması və qazılması zamanı şirkət tərəfindən torpaqların sökülüb yığılması nəticəsində böyük həcmli sututar alınmışdır. Həmin suların yığılması nəticəsində başqa sahələrə böyük təhlükə yaranmışdır. Dəfələrlə Azər Badurayev tərəfindən şirkətə xəbərdarlıq edilməsinə baxmayaraq bu böyük təhlükənin qarşısının alınması üçün əsaslı tədbir görülməmişdir. Nəticədə 14 aprel 2019cu ildə şirkətin yaratdığı sututarın müəyyən hissəsinin aşınması nəticəsində yaranan selə görə həmin göl dağılmış, sel nəticəsində göldə saxlanan balıqların bir hissəsi məhv olmuş, qalan hissəsi selə qoşulub getmişdir. Bununla da iddiaçının saxlayıb yetişdirdiyi 70 ton balıq məhsulu məhv olub əldən çıxmışdır. Şirkət tərəfindən həmin gölün qismən bərpa olunmasına baxmayaraq iddiaçıya dəymiş ziyan hal-hazıra kimi ödənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkəti iddiaçını çox həyəcanlandırmış, nəticədə o, əsəbi gərginlik keçirərək müalicə olunmuşdur. İddiaçıya mənəvi ziyan vurulmuşdur. Daha sonra cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 ərizəsinə əsasən, Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsi üzrə cavabdeh əsl cavabdeh olan Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, cavabdeh İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamələrdən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində əsas və əlavə qətnamənin tam olaraq ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN: **********) Şamaxı rayonu, Sabir qəsəbəsində yaşamaqla, 2005-ci ildə həmin rayonun Çıraqlı kəndi ərazisində 5.25 ha torpaq sahəsi alaraq balıq gölü düzəltmiş, göldə balıq saxlayıb yetişdirmək üçün müvafiq təşkilatlara müraciət edib lazımi sənədləşmə işləri aparmış, sonra isə qohumu Azər Bədurayev ilə balıq alıb, saxlayıb, böyüdüb, yetişdirib, satmaq və gəlir əldə edərək bölmək barədə razılığa gəlmişlər. 2017-ci ildə cəmi 3000 kq olan 40000 ədəd 25 qramlıq və 2000 kq-lıq damazlıq balıq alıb gölə buraxmışlar. Bu balıqların yemlənməsi üçün 30000 kq balıq yemi alıb həmin məqsədlə sərf etmişlər. Cavabdeh şirkət olan "xxxx" Anonim Şirkəti tərəfindən Bakı-Qazax yolunun Qobustan Şamaxı rayonlarının ərazisinin yenidən çəkilərkən yol yatağının tikilməsi zamanı əmələ gələn torpaq həcmlərinin düzgün yığılmaması nəticəsində ərazidə yağış sularından süni göl (sututar) əmələ gəlmiş, təbii yağıntı sularının axarı həmin gölə yığılmışdır. Nəticədə iki təpə arasında olan yağış suları arxının qarşısı təqribən 300 metrdən hündür süni torpaq bəndlə kəsilmişdir. Bu halın fəlakətə yol aça biləcəyi barədə Azər Bədurayev dəfələrlə cavabdeh tərəfi xəbərdar etmiş, ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da cavabdehin təqsirli hərəkətlərindən digər sahibkarlara ziyan dəyə biləcəyi barədə bildirmiş, əlaqədar təşkilatları məlumatlandırmış, cavabdeh tərəf səhvlərini anlayaraq aradan qaldıracaqlarına söz vermiş, qismən belə hərəkətlər edərək yaranan süni sututardan suyun torpaq bəndinin digər tərəfinə axıdılmasına qoyulan drenaj boruları ilə cəhd göstərilmiş, lakin bunu tam aradan qaldırmamışlar (belə yaranan və təbii ahəngi pozan sututarlar hazırda da mövcuddur). Nəticədə süni sututarda yığılan sular torpaq bənddə yumşaltma yaratmış, sututarın bəndinin təqribən 1/3 hissəsinin aşınmasına səbəb olaraq selə çevrilmiş və İddiaçı qızının (VÖEN: **********) Çıraqlı kəndi ərazisində 5.25 ha torpaq sahəsində yerləşən gölə həddən artıq axaraq balıq gölçəsinin bəndini yuyub aparmaqla iddiaçının sahibkarlıq təsərrüfatını tamamilə dağıtmaqla, iddiaçının 70 tondan artıq balıq məhsulunu və damazlıq balıqlarını məhv etməklə ona 720000.0 (yeddi yüz iyirmi min) manatdan artıq maddi ziyan vurmuşdur. Bununla yanaşı iddiaçının illərlə əziyyət çəkib qurduğu, ona maddi mənfəət verən təsərrüfatının dağılması nəticəsində əsəb gərginliyi halında uzun müddət müalicə almış, mənəvi ziyan qismində dəyən ziyanı 30000 (otuz min) manat həcmində qiymətləndirmişdir. Əgər relyefcə hündürlükdə yaradılan süni gölün yumşaq torpaq bəndi tamamilə uçsa idi, yaranan sel aşağıda yerləşən bütün təsərrüfatları məhv edər, yaşayış yerlərini dağıdar və insan təlafatına səbəb olardı. Bu təhlükə hazırda da mövcuddur. Bununla əlaqədar iddiaçının iddiası üzrə işə baxan hakim çıxardığı qətnamə (eləcə də həmin saylı və tarixli əlavə qətnamə) tamamilə birtərəfli, qərəzli, ciddi maddi və prosessual hüquq pozuntuları ilə çıxarılmış iddia tələbi rədd edilmişdir. Həmin qətnamə əsassız və maddi və prosessual normaların ciddi pozuntusu ilə qəbul edildiyi üçün ləğv edilməli iddia tamamilə təmin edilməlidir. Belə ki, işə baxan hakim özü təyin etdiyi ekspertin 18.10.2021-ci il tarixli rəyi ilə əsaslandırmadan razı olmamışdır. Rəyi verən ekspertin məhkəmə baxışına dəvət olunaraq dindirilməsi ilə bağlı vəsatətlər hakim tərəfindən təmin edilməmiş, razılaşmadığı rəyə görə ekperti dindirmək üçün özü təşəbbüskar olmamışdır. Ekspert rəyinə əsasən "xxxx" Anonim Şirkəti öz sahibkarlıq fəaliyyəti ilə əlaqədar yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının İddiaçı qızının (VÖEN: **********) istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində ziyanın vurulduğu müəyyən edilmişdir. Həmin rəyə qiymət verən hakim heç bir arqument olmadan rəydə göstərilən halın cavabdehin təqsirli hərəkətlərindən yaranmaması qənaətinə gəlmişdir. Halbuki, rəydə cavabdehin məhz hansı hərəkətlərinin ziyana səbəb olması açıq qeyd edilmişdir. Məhkəmə baxışı zamanı "xxxx" Anonim Şirkətinin öz sahibkarlıq fəaliyyəti ilə əlaqədar ərazidə təbii ahəngi pozmasını əyani şəkildə mütəxəssislərin və hakimin iştirakı ilə protokollaşmasına, yerində müayinə aparılmasına dair vəsatətlər verilsə də hakim hər bir halda bunları təmin etməmişdir. Bu vəsatətlər təmin olunsa idi, işə baxan hakim və prosesin iştirakçıları məsələni əyani olaraq başa düşər və protokollaşmasını təmin edərdi. Nəticədə MPM-in 79.1, 79.2, 202.1, 202.2 və 202.3 maddələrinin tələbləri pozulmazdı. Məhkəmənin işə qərəzli yanaşması, ekspert rəyinə düzgün qiymət verdiyinə əmin olmaması onun qətnamənin təsviri hissəsində bu ifadələri ilə də təsdiqlənir: “ekspert rəyi sübut qismində qəbul edilsəydi və sututarın məhv olmasında cavabdehin təqsiri var olması məhkəmə tərəfindən qəbul edilsəydi belə, iddiaçıya dəymiş zərərin həcmini müəyyən etmək mümkün olmayacaqdı”. Başqa sözlə, hakim etiraf edir ki, ekpert rəyini düzgün qiymətləndirmirəmsə də ziyanı müəyyən etmək mümkün deyil. Bu da hakimin sübutları düzgün tədqiq etmədən əvvəlcədən qiymətləndirməsidir. Ziyanın həcminin müəyyən olunması məsələsinə gəldikdə isə qeyd edirik ki, həmin hal iddiaçı tərəfindən tam əsaslandırılmış və mötəbər sənədlər məhkəməyə təqdim olunmuşdur. Belə ki, iddiaçı tərəf məhkəməyə 2017-ci ildə alınan balıqlara dair həmin vaxt mövcud olmuş sənədləri – qaimələri və kassa madaxil orderlərinin qəbzlərini təqdim edir, həmin alqı-satqı əqdinin bilavasitə iştirakçısı olmuş və malları daşımış yük maşını sürücülərinin məhkəmədə izahat verməsini təmin edir, hakim ciddi-hesabat blanklarından istifadə edilmadiyini bəhanə edərək bunları mötəbər dəlil hesab etmir. Göründüyü kimi, hec bir halda qanunverici əqdlərin ciddi hesabat blanklarında yazılmamasına görə əqdi etibarsız hesab etmir. Digər tərəfdən belə tələb körpə və damazlıq balıqları satan təşkilatın üzərinə hansısa inzibati məsuliyyət qoya bilər ki, bu da mahsulu alan iddiaçının günahı, dolayısı ilə onun sahibkar-təsərrüfat fəaliyyətinə qoyduğu mayanın məbləğini inkar etmir. (müvafiq sənədlərin əsli iş materiallarında vardır) Bundan başqa iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, balıqların yemlənməsi üçün müxtəlif vaxtlarda "xxxx" MMC-dən aldığı taxıl məhsulları ciddi hesabat blankları olan qaimə-fakturalarla sənədləşdirilsə də məhkəmə heç bir əsas gətirmədən həmin yemin balıqlara sərf olunmasına inanmadığını qeyd etmişdir. Yalnız balıqçılıqla məşğul olan fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçı bu həcmdə yemi bağqa hansı məqsədlə istifadə edə bilərdi ki? İddiaçıya aid sututarda balıqçılıq fəaliyyətinin keçirilməsi üçün şəraitin olubolmamasının yoxlanması üçün iş üzrə keçirilmiş kompleks ekspertiza rəyində həmin sahədə təsərrüfatın hazırda dağıldığı, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus 5.94 ha sahədə dərinliyi 3 metrdən artıq göl mövcud olduğu halda (həmin gölün dağılmazdan əvvəlki vəziyyətinə dair videogörüntülər iş materiallarında vardır, məhkəməyə təqdim edilmişdir) 23760 ədəd çəki, 1782 ədəd qalınalın (tolstalob), 1188 ədəd belamur olmaqla 26730 ədəd balıq saxlamaq mümkündür. Məhkəmə hər bir vəchlə ziyanın mövcud olmamasına çalışaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif qurumlarının həmin sahədə balıqçılıq təsərrüfatının qeydə alınması üçün müraciət olunmaması barədə məktublarına istinad edərək balıqçılıq təsərrüfatının olmaması qənaətinə gəlmişdir. Məhkəmənin məntiqinə əsasən əgər qeydiyyat aparılmayıbsa, faktiki olaraq mövcud olmuş təsərrüfat mövcud olmamışdır. Göstərilənlərlə yanaşı, məhkəmə əsassız olaraq hesab etmişdir ki, külli miqdarda vəsait və illərlə çəkilən gərgin əmək nəticəsində ərsəyə gəlmiş sahibkarlıq subyektinin təsərrüfatının ayrılıqda sahibkarlıq fəaliyyəti göstərən cavabdeh Kolin İnşaat Turizm Sənaye və Ticarət” Anonim Şirkətinin dəfələrlə xəbərdarlığa baxmayaraq etinasız və hüquqa zidd davranışı (delikt), təqsirkar hərəkətlərinin nəticəsi olaraq itirilməsi sahibkara mənəvi ziyan vura bilməz. Bu səbəbdən işə baxan hakim həmin hissədə də iddianı əsassız olaraq rədd etmişdir. Cavabdeh şirkət olan "xxxx" Anonim Şirkəti tərəfindən Bakı Qazax yolunun Qobustan Şamaxı rayonlarının ərazisinin yenidən çəkilərkən yol yatağının tikilməsi zamanı əmələ gələn torpaq həcmlərinin düzgün yığılmaması nəticəsində ərazidə yağış sularından süni göl (sututar) əmələ gəlmiş, təbii yağıntı sularının axarı həmin gölə yığılmışdır. Nəticədə iki təpə arasında olan yağış suları arxının qarşısı təqribən 300 metrdən hündür süni torpaq bəndlə kəsilmişdir. Bu halın fəlakətə yol aça biləcəyi barədə Azər Bədurayev dəfələrlə cavabdeh tərəfi xəbərdar etmiş, ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da cavabdehin təqsirli hərəkətlərindən digər sahibkarlara ziyan dəyə biləcəyi barədə bildirmiş, əlaqədar təşkilatları məlumatlandırmış, cavabdeh tərəf səhvlərini anlayaraq aradan qaldıracaqlarına söz vermiş, qismən belə hərəkətlər edərək yaranan süni sututardan suyun torpaq bəndinin digər tərəfinə axıdılmasına qoyulan drenaj boruları ilə cəhd göstərilmiş, lakin bunu tam aradan qaldırmamışlar (belə yaranan və təbii ahəngi pozan sututarlar hazirda da mövcuddur). Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi və 24 yanvar 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırkı iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ona ayrılan sututarda balıq yetiştirməklə məşğul olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış sututara ziyan dəyməsinə istinad edərək iddiaçı məhkəməyə iddia ilə müraciət etmişdir. İddiaçının iddiasının hüquqi əsasını təşkil edən hal cavabdehin yol-tikinti işlərini aparması nəticəsində torpağı bir sahədən digərinə atması və nəticədə baş vermiş təbii fəlakət olan selin iddiaçının istifadəsinə verilmiş sututarına ziyan vurması ilə nəticələnməsi olmuşdur. Hazırkı məsələnin aydınlaşdırılması ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli rəyə əsasən, Kolin İnşaat Turizm Sanayi və Ticaret Anonim Şirketinin yol tikinti işlərinin aparılması zamanı artıq torpaq qatının İddiaçı istifadəsində olan sututara gələn su arxının qarşısının torpaqla dolması nəticəsində sututara ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq verilmiş ekspert rəyi ilə razılaşmayaraq qeyd etmişdir ki, deliktlə bağlı maddənin mənasından hərəkətin təqsirli olması zəruridir. Lakin nə rəylə, nə də işin hər hansı bir halı ilə cavabdehin təqsirli hərəkəti nəticəsində ziyanın dəyməsi halı aşkar edilmir. Belə ki, təbii fəlakət olan sel baş vermiş olmasaydı, iddiaçının istifadəsində olan sututara da məhz torpağın bir sahədən digərinə tökülməsi nəticəsində ziyan dəyməsi halı baş verməyəcəkdi. Kollegiyas hesab edir ki, sel nəticəsində cavabdehin sututarının məhv olunması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 13 iyun 2019-cu il tarixliməktubdan da görünür ki, Bakı-Şamaxı yolunun Qobustan və Şamaxı rayonu ərazisinə düşən hissəsində aparılan tikinti işləri zamanı, tikinti altından çıxan artıq torpaq Acıdərə adlanan əraziyə boşaldılmış, yağış suların nəticəsi ilə toplanmış torpaq sahəsi aşağı sahələrə sürüşmüş və təbii axar suların qarşısını kəsərək göl yaratmışdır. İddiaçıya məxsus gölə sel suları gəlməsi zamanı daşma təhlükəsi ola bilməsi qeyd olunmuşdur. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, ekspert rəyi sübut qismində qəbul edilsəydi və sututarın məhv olunmasında cavabdehin məsuliyyətinin mövcudluğu məhkəmə tərəfindən qəbul edilsəydi belə, iddiaçıya dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmayacaqdı. Hazırkı iddia üzrə sübutetmə yükü birbaşa iddiaçıya aid olduğundan məhkəmə hesab edir ki, iddiaçı iddia edilən ziyanın məbləği ilə bağlı məhkəməyə yetərli qədər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı qeyd etmişdir ki, sututara 2017-ci ildə cəmi 3.000 kq olan, 40.000 ədəd 25 qramlıq və 2.000 kq damazlıq balıq alınıb həmin gölə buraxılmışdır. İddiaçı bu halı təsdiq etmək üçün məhkəməyə 2.000 kq. balıq körpəsi alınması ilə bağlı qaimə-faktura təqdim etmişdir. İddiaçının bu dəlilinə əsasən məhkəmə qeyd edir ki, qaimə-faktura ciddi hesabat blankı olmaqla özündə vacib əhəmiyyətli informasiyanı əks etdirməlidir. Məhkəməyə təqdim olunmuş qaimə-fakturada alınmış məhsulun nə növü, nə də qiyməti əks etdirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən ciddi hesabat blankı sayılan sənədlərin forma və məzmununa uyğun tərtib edilməməsi onun etibarsızlığına gətirib çıxaran amillərdən sayılır. Birinci instansiya məhkəməsində şahid qismində izahat vermiş Əhədov Kərim Sədyar oğlu öz izahatında bildirmişdir ki, o, sürücüdür. Balıqların Neftçaladan Şamaxı rayonuna daşınmasını həyata keçirmişdir. O, 2 ton balıq aparmış, hər tona görə 450 manat daşınma haqqı almışdır. İş üzrə araşdırma zamanı həm iddiaçının nümayəndəsi, həm də digər şahidlər sel nəticəsində sututarda saxlanılan külli miqdarda balıqların məhv edilməsini göstərsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. İş materiallarına əlavə edilmiş video görüntülərə münasibətdə məhkəmə qeyd edir ki, görüntüyə əsasən balıqların miqdarını müəyyən etmək mümkünsüzdür. Yuxarıda istinad edilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının təqdim etdiyi dəlillər əsaslı hesab edilərək iddianın təmin edilməsinə gətirib çıxara bilməz, belə ki, məhkəmə təqdim edilmiş sübutdan nə alınmış balığın növünü, nə də qiymətini müəyyən edə bilməmişdir. Daha sonra iddiaçı apellyasiya şikayətində sututarında saxlanılan balıqların taxıl vasitəsilə yemləndiyinə istinad etmiş və məhkəməyə müxtəlif dövrlərə aid Əziz-Məlik 2007” Fermer Təsərrüfatı MMC tərəfindən tərtib olunmuş qaimə-fakturaları təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sututarda balıqlar saxlanıldığı təqdirdə onları taxılla yemləmək mümkündür. Hesab-fakturalara münasibətdə məhkəmə haqlı olaraq hesab etmişdir ki, onlar ciddi hesabat blanklarının tələblərinə uyğun şəkildə tərtib olunmuş və məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilər. Lakin məhkəmə kollegiyası qeyd edir ki, taxılın hansı təyinat üzrə istifadə olunması hər hansı sənəddə öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi sututarda balıqçılıq təsərrüfatının həyata keçirilməsi üçün şəraitin mövcud olub-olmaması yönündə araşdırmalar aparılmış və yuxarıda istinad edilən kompleks ekspertiza təyin edilmişdir. Həmin ekspert rəyinə əsasən istinad edilən ünvanda hal-hazırda balıqçılıq təsərrüfatı üçün şərait mövcud deyildir. Lakin rəydə həmçinin qeyd edilmişdir ki, Şamaxı rayonunun ərazisində yerləşən İddiaçı məxsus 5,94 ha torpaq sahəsində dərinliyi 3 metrdən yuxarı olan balıqçılıq təsərrüfatının mövcud olduğu halda 23760 ədəd çəki, 1782 ədəd qalınalın (Tolstolob), 1188 ədəd Ağ Amur (Belamur) növü, ümumi sayı 26730 ədəd olan balıqlar saxlanıla bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən verilmiş 12 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, AR Nazirlər Kabinetinin 12 may 2017-ci il tarixli 202 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”na uyğun olaraq adıçəkilən şəxslər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər hansı müraciət daxil olmamış və Nazirlikdə onların adına balıqçılıq subyekti qeydə alınmamışdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən verilmiş rəydə iddiaçının istifadəsindəki torpaq sahəsindəki sututarın kənd təsərrüfatı məqsədilə istifadə edildiyi, həmin sututarın balıqçılıq məqsədilə istifadə edilən su hövzəsi obyekti kimi qeydiyyata alınmadığı göstərilmişdir. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, sözügedən taxıl təkcə balıqların yemlənməsi üçün deyil, digər məqsədlərə də sərf oluna bilərdi. Belə ki, yuxarıda göründüyü kimi torpaq sahəsi kənd təsərrüfatı məqsədilə istifadə üçün ayrılmışdır. Beləliklə, məhkəmə yuxarıda istinad edilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, bununla bağlı kifayət qədər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı da haqlı olaraq hesab etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə yuxarıda sadalananlara əsasən haqlı olaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçıya məxsus balıqçılıq təsərrüfatına vurulan ziyan məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərlə təkzib olunduğundan, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-16/2022 saylı işi üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar