Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2913/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(006)-4086/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, o 2019-cu ilin əvvəllərində tanışı Cavabdeh ilə Bakı şəhəri, S.Vurğun heykəlinin qarşısında olan çayxanada oturub çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb bildirib ki, maşını xarabdır, buna görə ondan xahiş etdi ki, beş günə qaytarmaq şərti ilə 200 manat məbləğində ona borc pul verim. O cavabdehə 200 manat məbləğində borc pul vermiş və cavabdeh beş gündən sonra həmin pulu ona qaytardı. Bundan üç gün keçəndən isə cavabdeh ondan maşını üçün yenə də bir həftəyə qaytarmaq şərti ilə 400 manat məbləğində pulu cavabdehə vermişdir. Bir həftə ərzində cavabdeh yenə də həmin 400 manat məbləğində verdiyi borc pulu ona qaytarmışdır. Bir müddət keçəndən sonra cavabdeh ona demişdir ki, mənim ona etdiyim yaxşılığa görə cavabdeh onu qohumunun yanında işə düzəldəcək. 25.02.2019-cu ildə o cavabdehlə yuxarıda qeyd etdiyi ünvandakı çayxanada çay içirmişlər. Cavabdeh onu bayıra çağırıb Koka-Kola şirkətində işləyən dayısının yanında aylıq əmək haqqı 700 manat olan işə düzəltməyi bildirdi və bunun müqabilində müdirə vermək üçün ondan 3000 manat məbləğində pul istədi. O cavabdehlə razılaşmış, 26.02.2019-cu ildə yaşadığı ərazidə yerləşən çayxanada cavabdehlə görüşmüş və ona 3000 manat məbləğində pul vermişdir. Cavabdehə bildirmişdir ki, qeyd etdiyi məbləğdə verdiyi pulun alınmasına dair iltizam yazsın. Cavabdeh bu barədə iltizam yazıb imzalamışdır. Bundan bir həftə keçəndən sonra cavabdeh ondan siqaret alveri etmək üçün 1000 manat məbləğində borc pul istəmişdir. O cavabdehlə birlikdə Beynəlxalq Bankdan kartı vasitəsi ilə 1000 manat məbləğində pul çəkib cavabdehə vermişdir. 2019-cu ilin martın 18-də cavabdeh onu yenə həmin çayxanadan çölə çağırıb bildirmişdir ki, alveri alınmadı və sonuncu almış olduğu 1000 manat borc puldan 800 manatını qaytarmış və bildirmişdir ki, ona bir sirr açmaq istəyir. Cavabdeh onu işə düzəltməsi hamsı yalandır, onun borcları var idi, ona görə də o məcbur olub işə düzəltmək adı ilə 3000 manat məbləğində pul almış, bütün qalan borclarını ayın axırında ona qaytaracaqdır. Amma xahiş edir ki, indi onun kiçik qardaşı Sabit yanlarına gələcək, ona desin ki, Elxana ümumi 300 manat pul vermişdir, yoxsa onu döyüb evdən qovarlar. Buna görə o cavabdehin qardaşı Sabit onun yanına gələndə ona bildirmişdir ki, Elxanın ona 300 manat məbləğində borcu var. 2019-cu il martın sonunda isə cavabdeh ondan almış olduğu 3200 manat məbləğində pulu ona qaytarmaq əvəzinə iki qardaşını da götürüb Nəsimi rayonu, Draqani küçəsindəki çayxananın ətrafında ona hücum edib onu hədələdilər. 04.04.2019-cu il tarixdə o Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, Cavabdeh isə onun polis bölməsinə ərizə ilə müraciət etdiyini görüb 22 gün sonra Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə o da ərizə ilə müraaciət etdi. Lakin onun ərizəsi əsassız olduğundan təmin edilmədi. Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25 iyun 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və iş mülki xarakterli olduğundan ona məhkəmədə Cavabdeh qarşı mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Araşdırma zamanı cavabdehin ondan almış olduğu 3000 manat pulla bağlı iltizamla əlaqədar material üzrə keçirilmiş MEM-nin məhkəmə xətşünaslıq ekspertizasının 25.06.2019-cu il tarixli 13912 saylı rəyinə əsasən Ekspertizaya təqdim olunmuş materialın 14-cü vərəqəsində olan 26.02.2019-cu il tarixli iltizamdakı yazılar “yazmışam” və “Cavabdeh” yazıları önündəki imzalar Cavabdeh tərəfindən imza olunması təsdiq edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 3200 manat məbləğində borc pulun, 30 manat hüquqi xidmətə və 30 manat dövlət rüsumuna görə 3260 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(006)-4086/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat əsas borc, 30 (otuz) manat hüquqi xidmətə görə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3060 ( üç min altmış) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(006)-4086/2020 nömrəli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tanış olduqları 3 il ərzində bir neçə dəfə iddiaçıdan faizə borca pul almış və bütün borclarını və borc faizlərini vəd etdiyi vaxtda qaytarmışdır. 2019-cu ilin mart ayında cavabdeh İddiaçı yenə borca pul istəmiş, İddiaçı onu evinə çağırıb güya işədüzəlmə adı ilə pul alınması barədə qəbzi aldadaraq yazdırmışdır. Bundan şübhələndiyi üçün, bunun səbəbini İddiaçı soruşanda sonuncu bununla özünü və ona verdiyi məbləği sığortaladığını bildirmişdir. Məhkəmədə borcumu tam qaytardığını bildirmiş və bunun sübutu kimi şahidlərin olduğunu bildirmişdir. Lakin onun bu sözlərinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Eyni zamanda, o Səbail RPİ-də verdiyi izahatında faiz qismində 90 manat qaytarmağını qeyd etmiş, lakin, məhkəmə nədənsə bu məbləği qətnamədə 900 manat kimi göstərməklə, guya onun əsas borcunun 3000 manat olduğu qənaətinə gəlmişdir. Bu fakt, məhkəmənin qərəzli mövqe göstərməyini bir daha sübut edir. Cavabdeh qəbzdə 300 manat əsas borc olduğunu qeyd etmiş və əlavə sıfırı İddiaçı tərəfindən qanunsuz şəkildə əlavə etdiyini bildirmişdir. Bu barədə Məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, lakin, ekspert əsas olan məqam barədə (yəni borc məbləğin cavabdeh tərəfindən 300 və ya 3000 yazdığını) heç bir fikir bildirməmişdir. Bunda görə də hesab edir ki, təkrar ekspertiza təyin olunmalıdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan 25 iyun 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh öz izahatında İddiaçı Mövlud oğlunu 3 ilə yaxındır ki, tanıdığını, İddiaçıla Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında mövcud olan çayxanada tanış olduğunu bildirmidir. 2019-cu ilin yanvar ayında o, İddiaçı ilk öncə 400 manat pulu faizlə borca almışdır. Bundan sonra iki ay ərzində hər ayına görə Zaura 120 manat pul ödəmişdir. Həmin ilin mart ayının əvvəllində əsas borcunun, yəni 400 manat pulu İddiaçı ödəmişdir. Bir neçə gün keçdikdən sonra ona təcili pul lazım olduğundan məcbur olub təzədən İddiaçı müraciət edib. Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən Səməd Vurğun heykəlinin yaxınlığında mövcud olan çayxanada sonuncudan 300 manat pulu 30 faizlə borca almışdır. Bunu bildirmişdir ki, 2019-cu ilin mart ayının əvvəlində İddiaçı ona zəng vurub yaşadığı ünvanın qarşısına onu dəvət edib işi olması barədə bildirmişdir. O, Zaurun çağırışına əsasən onun yaşadığı ünvan 1 ünvanda yerləşən 18 №-li mənzilə getmişdir. Həmin ünvanda olarkən İddiaçı onu öldürəcəyi ilə hədələyərək bir parça kağız və qələm verib sadə əl yazma formada qəbz yazmağa məcbur etmişdir. Həmin qəbzdə “Coca-Cola” şirkətində işləyən böyük vəzifəli qohumunun vasitəsi ilə bir ay ərzində İddiaçı həmin şirkətə işə düzəldəcəyi və buna görə ondan 3000 manat məbləğində pul aldığı barədə öz xətti ilə sadə formada iltizam yazmışdır. O, bunun səbəbini İddiaçı soruşduqda sonuncu bununla özünü və ona verdiyi məbləği sığortaladığını bildirmişdir. Qəbzi yazdıqdan sonra o, İddiaçı yaşadığı ünvandan çıxıb getmişdir. Təxminən 10 gün keçdikdən sonra o, İddiaçı borc aldığı əsas məbləği və 900 manat faizini Zaura ödəmişdir. Bir neçə gün keçdikdən sonra İddiaçı 3000 manat borcu olduğunu sonuncu bildirib qaytarmadığı halda onu tutduracağı ilə hədələməyə başlamışdır. Bundan sonra o, məcbur olub bu barədə ortancıl qardaşı Sabit Səfərova baş vermiş hadisə barədə məlumat vermişdir. 29.03.2019-cu il tarixdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonunda mövcud olan S.Vurğun heykəlinin yaxınlığında yerləşən çayxanada olarkən onun ortancıl qardaşı X1 Yusifova yaxınlaşıb sonuncunun çölə çıxmağını istəmişdir. İddiaçı qardaşı Sabit Səfərovla birlikdə çölə çıxıb bayırda duran onun böyük qardaşı Asəf Səfərova yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı qardaşı Asəf ilə Zaurun arasında söz mübahisə baş vermişdir. Onlar arasında baş vermiş söz mübahisəsi bir neçə dəqiqə davam etdikdən sonra onlar sakitləşib hərə öz işi arxasınca getmişdir. Bu hadisədən bir gün sonra İddiaçı onun daimi olaraq hədələdiyinə görə sonuncunun barəsində Nəsimi rayonu Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bir daha bildirmişdir ki, o İddiaçı onu “Coca-Cola” şirkətində yüksək vəzifədə işləyən qohumunun vasitəsi ilə həmin şirkətə fəhlə işinə düzəltmək məqsədi ilə 3000 manat pulu 26.02.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 20-ci sahə dairəsi küçəsində yerləşən çayxanada almadığını bildirmişdir. Bunu əlavə etmişdir ki, o, İddiaçı borcunu qaytardıqda orada Etibar Hacıyev olmuşdur. Bir daha verdiyi izahatı təsdiq edərək bildirmişdir ki, İddiaçı onun barəsində ərizəsində və izahatında göstərdikləri yalan və böhtandır. O, İddiaçı əlavə olaraq 1000 manat borc almadığını bildirmişdir. Bunu da əlavə etmişdir ki, İddiaçı qorxduğu üçün sadə əl yazma formada olan qəbzi yazıb sonuncunun yaşadığı ünvandan çıxıb getdikdən sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 26.02.2019-cu il tarixli iltizamdan müəyyən olunur ki, o, İddiaçı “Coca-Cola” şirkətinə işə düzəltmək məqsədi ilə 3000 manat pul almış və bir ay müddətinə onu işə düzəldəcəyi barədə söz vermişdir. İş materillarında olan 25 iyun 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, araşdırılması aparılan material üzrə keçirilmiş MEM-nin məhkəmə xətşünaslıq ekspertizasının 25.06.2019-cu il tarixli 13912 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş materialın 14-cü vərəqində olan 26.02.2019-cu il tarixli iltizamdakı yazılar “yazmışam” və “Cavabdeh” yazıları önündəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan 22 iyul 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində pulu 16 saylı vəkil bürosuna hüquqi yardım üçün ödəmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlillərin doğruluğu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə yanaşı yoxlanılmış 26.02.2019-cu il tarixli iltizamla cavabdehin iddiaçıdan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul alması təsdiq edilsə də, həmin vəsaitin iddiaçıya geri qaytarılması halı təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən cavabdehin ondan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul alması barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən olunan hallarından görünür ki, cavabdeh 26.02.2019-cu il tarixdə iddiaçıdan onu “Coca-Cola” şirkətinə işə düzəldəcəyi vədi ilə 3000 manat pul almışdır. İddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu və 30 manat hüquqi xidmət haqqı ödəmişdir. İş üzrə sübutlarla iddiaçının cavabdehə borc verməsi halı təsdiq edilməmişdir. Göründüyü kimi, iddiaçı 3000 manat pulu cavabdehə öhdəlikdən kənar ödəmiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 3000 manat əldə etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli, 2(006)-4086/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2913/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2913/2021
06.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver