Məhkəmə qərarları › İş №2(103)-2916/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2916/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2916/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə maddi zərərin əvəzi kimi 3.600 manat, mənəvi zərərin əvəzi kimi 11.400 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 3.450 manat, mənəvi zərərin əvəzi kimi 11.400 manat cavabdehin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının barəsində cinayət təqibi həyata keçirilib, o, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, məhkəmə iclas zalından həbs edilib, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması hökm edilib. Həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ləğv edilib, iddiaçıya bəraət verilib, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və dərhal həbsdən azad edilib. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb və 11 ay 15 gün həbsdə saxlanılıb. Bununla da iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranıb. Qətnamə maddi zərərə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya 3.450 manat maddi zərər vurulması sübut olunur. İddiaçı "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyib, aylıq əmək haqqı 300 manat təşkil edib. Lakin 11 ay 15 gün həbsdə saxlanıldığına görə iş yerində olmaq və əmək vəzifələrini icra etmək imkanından məhrum olub, bu səbəbdən həmin müddətdə əmək haqqı ala bilməyib. İddiaçının ala bilmədiyi əmək haqqının cəmi 3.450 manat təşkil edir (11,5 ay x 300 manat = 3.450 manat). “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 8-ci maddələrindən görünür ki, şəxsin məhrum olduğu əmək haqqının əvəzi ödənilməlidir. Ona görə də maddi zərərin əvəzi kimi iddiaçıya 3.450 manat ödənilməlidir. Qətnamə mənəvi zərərə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb və 11 ay 15 gün həbsdə saxlanılıb. Bütün bunların nəticəsində o, mənəvi sarsıntı keçirib və iztirab çəkib. Odur ki, mənəvi zərərin əvəzi kimi 11.400 manat tutulmalıdır, bu, ağlabatan məbləğdir və ədalətli hesab olunur. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci maddələrindən görünür ki, belə halda mənəvi zərərin əvəzi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar