Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2918/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-25/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə gizir kimi xidmətdə olmuşdur.
2. Xidmət keçdiyi müddətdə, yəni 2019-cu ilin avqust ayında Qarnizon HHK-dan keçərkən «C» virus hepatiti aşkar olunmuşdur. O, N nömrəli hərbi hissəyə göndərilmiş və kardiopulmonologiya bölməsinə stasionar müalicəyə qəbul edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 888/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. «N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi»ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2019-cu il taridə onda «Hepatit C» virusunun olduğu müəyyən edilmişdir. 2. İddiaçı «Hepatit C» virusunun olduğu müəyyən edilmiş və laborator müayinələrin nəticələrini nəzərə alaraq ona müvafiq təyinat verilmiş, dispanser müşahidə və təkrar müayinə məsləhət görülmüşdür. 3. «Hepatit C» virusu»na yoluxma müxtəlif yollarla, əsasən qan vasitəsi ilə baş verir. 4. İddiaçı müəyyən edilən əsas xəstəlik, yəni «Reaktiv oliqoartrit»lə əlaqədar ona müvafiq müalicə planı təyin edilmiş və adekvat aparılmışdır. 5. İddiaçı aparılmış müalicələrdən sonra onda müsbət dinamika əldə edilmişdir. 6. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar ona müvafiq təyinat verilmiş və onda mövcud olan «Hepatit C» virusunun xronikləşməsi, serrozla fəsadlaşması xəstəliyin ağır kliniki gedişi ilə, «Qida borusu venalarının varikoz genişlənməsi» isə damar patologiyası ilə əlaqədar olmuşdur. 7.8. İddiaçı aparılmış qısa müddətli müalicədən sonra xəstənin qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığı üçün antiviral müalicənin təyin olunması məqsədəmüvafiq olmamışdır. Həmçinin dispanser müşahidəyə götürülməsi və 1 aydan sonra təkrar müayinəyə göndərilməsi tövsiyyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində zərərin əvəzinin, mənəvi ziyana görə 7.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cari ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən N saylı h/h-də gizir rütbəsində xidmətə başlamışdır. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışlarında böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. İşinin son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmışdır. Hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat 23:00-dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində faəliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyələrində kəskin ağrıların başladığını və bu nahiyələrə maye yığıldığını müəyyən etmişdir. Dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməsinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldıqdan, hər axşam hərarətlə müşahidə olunmağa başladıqdan, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepatit-C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərlik hospitalda stasionar müalicə adı ilə yerləşdirilməyinə razılıq vermişdir. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan natrium-xlor, bisilin preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, elə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmasına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etmişlər. Onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verildi. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmağına mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Məlumdur ki, sözügedən xəstəliklərin hər biri özlüyündə ciddi və ağır xəstəliklər kateqoriyasına aiddir. Ona görə də, bu xəstəliklərin hər biri ayrı-ayrılıqda uyğunlaşdırılmış səhiyyə müəssisələrində və ixtisaslaşdırılmış peşəkar həkim heyətinin müstəsna nəzarəti altında həyata keçirilməlidir. Hətta “Hərbi qulluqçuların statusu” haqqında qanunda da konkret olaraq göstərilir ki, “Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir.” Səhhətindəki xəstəliklərin ciddiliyini nəzərə alaraq onun mükəmməl müalicəyə ehtiyacının olması səbəbindən dövlət başçısına, 1-ci Vitse prezidentə və digər aidiyyəti qurumlara ünvanladığı müraciətlər sükutlə qarşılanmış və biganə yanaşılmışdır. Haqq səsinin eşidilməsi üçün digər müraciətləri ictimai xarakter daşıyır. Belə ki bununla bağlı başqa müraciətləri isə ölkədə fəaliyyət göstərən KİV-lərə yönləndirilmişdir. Onu mənəvi-psixoloji cəhətdən daha çox narahat edən mübtəla olduğu bu xəstəliklər deyil, yüksək ideallar, vətənə xidmət, torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması üçün canından belə keçməyə hazır olduğu halda ona qarşı son dərəcə laqeyd, biganə münasibət, xəstəliklərimin hərbi hissə rəhbərliyindən heç kimi maraqlandırmadığı, əksinə onların bu xəstəliklərin daha da dərinləşməsinə rəvac verməkləri mütəhəssir edir. O və onun kimi yüzlərlə vətənə canı ilə, qanı ilə xidmət etməyə hazır olan vətəndaşlarımızda ikrah hissi oyadır. Ordumuz haqqında olan yüksək fikirləri şübhə altına alır. Müharibə vəziyyətində olan ölkəmizdə vətəndaşlarımızın döyüş əzminə sarsıdıcı zərbə vurur. Azərbaycan Respublikası Konstitusiyasının 41 maddəsində göstərilib ki, “hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır”. Hərbi qulluqçuların statusu haqqında qanunun 13-cü maddəsində isə deyilir “hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə- profılaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, tibbi bölmələrdə, hissələrdə və idarələrdə hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər.” İnsan Hüquqları və əsas X1 Avropa Konvensiyasının 3-cü maddəsində göstərilib ki, ”heç kəs işgəncəyə, qeyri insani və ya layəqəti alçaldan rəftara və ya cəzayə məruz qalmamalıdır.” Hakimiyyət tərəfindən səhhətindəki agır problemlərlə bağlı müraciət edən şəxsə zəruri tibbi yardımların göstərilməməsi özündə qeyri-insani və ləyəqəti alçaldacaq rəftar kimi fikir yaradır. Bütün bunlardan sonra xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün hərbi hissənin rəhbərliyinin adına raport yazaraq onu işdən azad etmələrini istəsə də, “şərəf məhkəməsi” adlı toplantı keçirərək hazırkı durumu ilə heç bir əlaqəsi olmayan xidməti uyğunsuzluq müddəası ilə onu işdən azad etmişlər. Raportundan da göründüyü kimi o, xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu tamam ayrı maddə ilə işdən xaric etmişdir. İddiaçı xx.xx.2019-cu ildə daxili-mədə qanaxması ilə əlaqadar təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hepatit '“C” xəstəliyi ilə əlaqadar qara ciyər funksiyasını itirmiş və nəticədə mədədə varikoz damarı genişlənərək partlamışdır. Sonradan ağır xəstə kimi 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdir. Diaqnoz “qara ciyər fibrozu.” Hərbi hospitalda vaxtında və düzgün müalicə etməməsi onu agır vəziyyətə saldı. Dərmanların bir hissəsini borc-xərclə alsa da,qalanını indiyə kimi ala bilmir. Naxçıvan şəhərində xidmətdə olduğu müddətdə hökumət orqanları, qaraciyər fıbrozunun diaqnozunu ləngidərək və hərbi hospitalda qaraciyər fibrozunun müalicəsi üçün kifayət qədər tibbi yardımla təmin etməyərək, sağlamlığını qorumaq və rifahınıı yaxşılaşdırmaq üçün heç bir tədbir görməmişdir. Ona qarşı lazımi dərəcədə rəftarın olmaması ona fiziki və mənəvi əziyyət vermişdir. Lakin bu cür rəftar onun insani ləyaqətini alçaldır, eləcə də onda mənəvi və fiziki müqaviməti qırmaq qabiliyyətində olan qorxu, sıxıntı hissi yaradır. Bu cür hərəkətlər “insan ləyaqətini alçaldan ” kimi xarakterizə edilə bilər. Dövlət şəxsin yüksək keyfiyyətli tibbi yardım alması, müalicə forma və üsullarının insan ləyaqətinə qarşı normətə cavab verməsi və ona əziyyət verməməsi uçun təabırlər görməlidir. Ona göstərilən tibbi xidmətin keyfiyyətsizliyi, faktiki olaraq adekvat tibbi yardımdan məhrum olmağı ağır nəticələrə gətirib çıxarmışdır. Ona qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftar olmuşdur və uzun müddət müalicə etmədiklərini, onun vəziyyətini, işgəncələrə məruz qalmağını nəzərə alsaq, nəticə etibarilə Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüquqlar pozulmuşdur. Beləliklə, hərbi hissənin rəhbərliyinin, həmçinin hərbi hospitalın baş həkimi, ona təyin olunmuş həkimi, eləcə də, hüquqşünasın ona qarşı qərəzli məqsədi etinasız, laqeyd və biganə münasibəti nəticəsində hazırda xəstəliklərim son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Aşkar olunan xəstəliklərin mükəmməl müalicəsi üçün kifayət qədər vəsait tələb olunur. İddiaçı özündə bu xəstəlikləri aşkar etdiyi ilkin mərhələdə hərbi hissə rəhbərliyinə bu barədə məlumat verdikdən sonra verilsəydi xəstəlikləri bu qədər ağır forma almayacaqdı. Hazırda tam müalicəsi üçün bir neçə ay intensiv stasionar terapiya keçməyi tələb olunur. Bu isə o deməkdir ki, uzunmüddətli müalicə dövründə dərman preparatları, digər malicə ləvazimatları üçün onun gücü daxilində olmayan pul vəsaiti tələb olunur. Təxmini hesablamalara görə hal-hazırda onda mövcud olan üç xəstəliyin müalicəsi üçün 9-10 min manat civarında pul vəsaiti nəzərdə tutulur. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 7000(yeddi min) manat dəyərləndirir. Onda aşkar olunmuş xəstəlikdən sonra qulluq etdiyi hərbi hissədə, həmçinin müalicə adı ilə yerləşdirildiyi hərbi hospitalda, sonrakı dövrlərdə isə Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən ona olan başdansovdu münasibətin onun xəstəliyinin onlar üçün əhəmiyyətsiz bir şey olduğunu gördükdən sonra bu qənaətə gəlməyində tam haqlıdır. Məhz bu xəstəliklə əlaqədar düşdüyü acınacaqlı vəziyyət ona olan mənfi münasibət nəticəsində daha da acınacaqlı hal almışdır. Xüsusilə müharibə vəziyyətdə olan bir ölkənin ordusunda onun hərbiçisinə, həm də ağır xəstəliyə tutulmuş hərbçisinə qarşı qeyri-insani münasibət heç bir məntiqə sığmayan və ağıla gəlməyən böyük biyabırçılıq, dövlətimiz və onun ordusuna heç də başucalığı gətirməyən bir üzqaralığıdır. Xəstələndikdən sona ona qarşı Müdafiə Nazirliyinin biganəliyi nəticəsində xəstəliyi daha da dərinləşmiş və xroniki hal almışdır. Xəstəliyin ilkin mərhələsində onun mükəmməl müalicə almasına heç bir şərait yaradılmaması, əksinə qulluq etdiyi hərbi hissədə onda heç bir xəstəliyin olmamasını söyləsə də, sonda onun xəstəliklə ölüm-dirim mübarizəsinə girməyinə səbəb olmuşdur. Onun cavan yaşlarında ölümcül xəstəliyə tutulmağı hərbi hissədən başlasa da, Müdafiə Nazirliyi onun bu mərətdən xilas olmağı üçün heç bir addım atmamış, onu bir Azərbaycan vətəndaşı, hərbçisi kimi kənarda qoyaraq taleyin ixtiyarına buraxmışlar.
6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-25/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilməmişdir.
7. Məhkəmə iddiaçıya göstərilmiş tibbi xidmətlərin cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsi ilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz.
8. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə və Mülki Prosessual Məcəllənin sübutetmə ilə bağlı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işi detallı araşdırmamışdır. Belə ki, hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan “natrium-xlor”, “bisilin” preparatlarından başqa, ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərmişlər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etmişlər. Onu təyinatı üzrə mükəmməl müalicə olmağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməsinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmişdir. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, hepatit “C” xəstəliyi özü-özünə təmizlənir və müalicə olur. Bundan əlavə, tibbi ekspertiza qarşısında lazımı olan suallar qoyulmamışdır. Tibbi ekspertiza qarşısında “Hepatit “C” virusunu F-4 mərhələsində olan qara ciyərin müalicəsi hansı dərman preparatları ilə müalicə olunur” sualı qoyulmalı idi, lakin məhkəmə ekspert qarşısında lazımı olmayan suallar qoymuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Belə ki, delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır.
29. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xəstəliyin ilkin mərhələsində onun mükəmməl müalicə almasına heç bir şərait yaradılmaması, ona göstərilən tibbi xidmətin keyfiyyətsizliyi, faktiki olaraq adekvat tibbi yardımdan məhrum olması ağır nəticələrə gətirib çıxarmış, hərbi hissə rəhbərliyinin, hərbi hoispitalın baş həkiminin ona biganə münasibəti nəticəsində hazırda xəstəlikləri son dərəcə kəskin xarakter almış, onu yataq xəstəsinə çevirmişdir. Hazırda onda mövcud olan xəstəliklərin müalicəsi üçün 9.000 - 10.000 manat civarında pul vəsaiti tələb olunur. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməsinə gətirib çıxarmışdır ki, cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 7.000 manat dəyərləndirir. Bu səbəbdən iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir.
30. İşin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı Naxçıvan MR ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etdiyi zaman onun səhhətində yaranmış problemlərlə əlaqədar tibbi meayinə və müalicə aparılan zaman onun «Hepatit C» virusuna yoluxduğu müəyən edilmiş bvə bununla bağlı hərbi tibb hissəsində müalicə almışdır. Hazırda iddiaçı ona aparılmış müalicənin onun xəstəliyinin ağırlıq dərəcəsinə adekvat olmadığını, nəticədə onun xəstəliyinin daha da ağırlaşdığını və yataq xəstəsinə çevrildiyini bildirir.
31. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə obyektiv araşdırma aparılması ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmişdir və ekspertizanın 888/KEŞ nömrəli, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki: 1. «N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi»ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə onda «Hepatit C» virusunun olduğu müəyyən edilmişdir. 2. İddiaçı «Hepatit C» virusunun olduğu müəyyən edilmiş və laborator müayinələrin nəticələrini nəzərə alaraq ona müvafiq təyinat verilmiş, dispanser müşahidə və təkrar müayinə məsləhət görülmüşdür. 3. «Hepatit C» virusu»na yoluxma müxtəlif yollarla, əsasən qan vasitəsi ilə baş verir. 4. İddiaçı müəyyən edilən əsas xəstəlik, yəni «Reaktiv oliqoartrit»lə əlaqədar ona müvafiq müalicə planı təyin edilmiş və adekvat aparılmışdır. 5. İddiaçı aparılmış müalicələrdən sonra onda müsbət dinamika əldə edilmişdir. 6. İddiaçı düçar olduğu xəstəliklərlə əlaqədar ona müvafiq təyinat verilmiş və onda mövcud olan «Hepatit C» virusunun xronikləşməsi, serrozla fəsadlaşması xəstəliyin ağır kliniki gedişi ilə, «Qida borusu venalarının varikoz genişlənməsi» isə damar patologiyası ilə əlaqədar olmuşdur. 7.8. İddiaçı aparılmış qısa müddətli müalicədən sonra xəstənin qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığı üçün antiviral müalicənin təyin olunması məqsədəmüvafiq olmamışdır. Həmçinin dispanser müşahidəyə götürülməsi və 1 aydan sonra təkrar müayinəyə göndərilməsi tövsiyə olunmuşdur.
32. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, tibbi ekspertiza qarşısında lazımı olan suallar qoyulmamışdır. Tibbi ekspertiza qarşısında “Hepatit “C” virusunu F-4 mərhələsində olan qara ciyərin müalicəsi hansı dərman preparatları ilə müalicə olunur” sualı qoyulmalı idi, lakin məhkəmə ekspert qarşısında lazımı olmayan suallar qoymuşdur.
33. İddiaçının apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmətibbi ekspertizası təyin edilmişdir.
34. AR SN “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 456 saylı ekspert rəyində qeyd edilmişdir ki, “N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsi”ndə İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, xx.xx.2019-cu il tarixdə onda “Hepatit C” virusunun olduğu müəyyən edilmiş, laborator müayinə məsləhət görülmüşdür. “Hepatit C” virusunun müalicəsi üçün ağırlıq dərəcəsi, xəstəliyin gedişi nəzərə alınmaqla müxtəlif sxemlər üzrə antiviral müalicə aparılmalıdır, lakin İddiaçı aparılmış qısa müddətli müalicədən sonra onun qanında ALT, AST və bilirubin fraksiyaları normallaşdığından antiviral müalicənin təyin olunması məqsədəuyğun hesab edilmişdir.”
35. AR SN “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 456 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallar faktiki olaraq cavablandırılmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
36. AR SN “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 15 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: “ İddiaçı “Qaraciyər sirrozu” olduğuna görə, ona simptomatik, vitaminoterapiya, hepatoprotektor müalicələri təyin edilmişdir. Xəstənin laborator analizlərinin nəticələrinə görə, “Xroniki virus hepatiti C, dekompensasiya mərhələsi F4, assit, splenomeqaliya, portal hipertenziya” diaqnozu təyin edilmişdir ki, hazırda bu diaqnozun olması üçün ən azı 10-15 il vaxt lazımdır. Xəstəyə xx.xx.2019-cu il tarixdə 230 saylı protokola əsasən virus əleyhinə sxemə görə, 1) İnterferon alfa-2b 3,0 ml BV-144 ampul; 2) Ribavirin 200 mq kaps.- 2016 kaps. düzgün olaraq müalicələr təyin olunmuşdur”.
37. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
38. Digər tərəfdən hazırki iş üzrə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
39. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
41. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. Beləliklə, iddiaçıya göstərilmiş tibbi xidmətlərin cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsi ilə bağlı hallar ekspert rəyləri ilə təsdiq olunmadığından, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutlar təqdim edilmədiyindən kollegiya hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz.
43. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçı isə cavabdehin hərəkətləri nəticəsində ona 10.000 manat ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.
44. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi sübut edilmədiyindən, müvafıq olaraq, tələbin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi də təmin olunmamalıdır, belə ki, həmin tələb digər tələbdən birbaşa asılıdır və məhz onun mövcudluğu halında məhkəmə tərəfındən qiymətləndirilərək münasibət bildirilə bilərdi.
46. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsassız hesab edir və bildirir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
47. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-25/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.