Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2928/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tahirov Fərhad Namiq oğlunun, iddiaçının vəkili Hüseynov Nüsrət Məzahir oğlunun, cavabdehlər Əlirzayev Həsən Qulu oğlu, Çələbizadə Samir Sabir oğlu, Cəbrayılov Elşən Hamil oğlunun nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Əlirzayev Həsən Qulu oğlu, Əliyev Arzuman Zakir oğlu, Çələbizadə Samir Sabir oğlu, Cəbrayılov Elşən Hamil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-838/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Əlirzayev Həsən Qulu oğlu, Çələbizadə Samir Sabir oğlu və Cəbrayılov Elşən Hamil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Əliyev Arzuman Zakir oğlundan 1470 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları, məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən "xxxx" MMC-dən müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədilə aviabiletlər sifariş verilmişdir. Eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. "xxxx" MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerləri vaxtında təqdim etmişdir. Lakin, "xxxx" MMC cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.İcra olunmuş sifarişlərə görə "xxxx" MMC tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq "xxxx" MMC həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər-hansısa çətinlik yaratmamışdır. Lakin, cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilməsi zəruridir ki, cavabdehlər tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunan hüquqlarının pozulmasına və bununla da, maddi ziyanın dəyməsinə səbəb olur. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Əliyev Arzuman Zakir oğlundan 1470 ABŞ dollar, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər Əlirzayev Həsən Qulu oğlu, Çələbizadə Samir Sabir oğlu və Cəbrayılov Elşən Hamil oğlu ayrı-ayrılıqda apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş almamış və onların iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdehlər “xxxx” MMC-yə deyil Fərhad adlı şəxsə müraciət etmişdirlər. Onlar arasında xidmət göstərilməsinə dair razılaşma olmamışdır. Bilet alınarkən sənədləri və ödənişi də Fərhad adlı şəxsə verilmişdirlər. Daha sonra ödənişlərin edilməsinə dair onlara hər hansı müraciət olmamışdır. İddiaçı cavabdehlərlə aralarında xidmət göstərilməsinə dair şifahi müqavilə olmasını iddia etsə də, məhkəmə qətnamədə borc müqaviləsinin normalarına istinad etmişdir. Halbuki, iddiaçı ilə cavabdehlər arasında borc münasibətləri olmamışdır. Daha sonra 2016-2017-ci illərdən ödəniş barədə müraciət olmamışdır. Belə uzun müddətdən sonra məhkəməyə müraciət edilməsi özü də anlaşılmazdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8249/2017 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qətnaməsi qismən-cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə və cavabdehlər Əlirzayev Həsən Qulu oğluna, Çələbizadə Samir Sabir oğluna və Cəbrayılov Elşən Hamil oğluna münasibətdə rədd olunmuş, qətnamə qalan hissədə -Əliyev Arzuman Zakir oğlundan 1470 ABŞ dollar məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi “cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində ləğv oluması, iddianın həmin hissədə və cavabdehlər Əlirzayev Həsən Qulu oğluna, Çələbizadə Samir Sabir oğluna və Cəbrayılov Elşən Hamil oğluna münasibətdə rədd olunması” hissəsində ləğv edilərək, mülki iş həmin hissələrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən, cavabdehlərin nümayəndəsi və vəkili Ramiz İbrahimov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Mehmanxananın ödənişi ilə bağlı hər hansı bir sənəd təqdim edilməyib. Təqdim olunan sənədlərdə də iddia olunan məbləğə hansı xidmət daxildi aydın görsənmir. Həmin sənədlərdə yalniz haradan hara uçuş həyata keçirildiyini və həmin uçuşun qiyməti göstərilir. Halbuki əgər dedikləri kimi olsaydı elektron biletlətlərdə bu öz əksini tapardı. Çünkü elektron biletlərdə hər zaman qiymət qeyd olunur. Qeyd etmişdir ki, təmsil etdiyi şəxslərin iddiaçıya heç bir borcu yoxdur və heç vaxt ödədikləri pul məbləğləri ilə bağlı qəbzlər və çeklər verilməyib. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fərhad Tahirov apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinin yuxarıdaki məzmununa uyğun izahat vermişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla qismən ləğv etmişdir ki, “...hazırkı iş üzrə müəyyən edilməli olan hallar tərəflər arasında turizm xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlərin yaranıb yaranmaması və münasibətlər yaranmışdırsa edilmiş xidmətlərin dəyərinin ödənilməsinin müəyyən edilməsindən ibarətdir. İddiaçı tərəf cavabdehlərin adına yazılmış çoxsaylı elektron aviabiletlər, xidmət vauçerləri təqdim edir və bununla yanaşı müvafiq avia şirkətdən bəzi aviabiletlərin cavabdehlər tərəfindən istifadə edilməsini təsdiq edən məktuba istinad edir. Cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda və müvafiq apelyasiya şikayətlərində fərqli mövqeydən çıxış etmələri aşkar olaraq müəyyən olunur, etirazı imzalamış cavabdehlər birinci instansiya məhkəməsində qəbul edirlər ki, onların iddiaçı olan hüquqi şəxslə xidmət göstərilməsi ilə bağlı münasibətlər olmuş və edilmiş xidmətlərin əvəzi ödənilmişdir. Lakin apelyasiya şikayətlərində isə hər üç cavabdeh hüquqi şəxslə onlar arasında hər hansı müqavilə münasibətlərinin olmamasını qeyd edirlər, hüquqi şəxsin təsisçisi olan Fərhadla münasibətlərinin olmasını qeyd edərək edilmiş xidmətlərin dəyərinin həmin şəxsə ödənilməsini qeyd etmişlər. Bu halda apelyasiya instansiya məhkəməsi yaranmış ziddiyyətlərin aydınlaşdırılması üçün adı çəkilən və cavabdehlər tərəfindən hüquqi şəxsin təsisçisi kimi göstərilən Fərhad adlı şəxsin şəxsiyyətini müəyyən edərək onun prosesə tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edərək anlaşılmazlığın aradan qaldırılmasını təmin etməli idi. Digər bir hal isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin mövqeyindən fərqli olaraq apelyasiya instansiya məhkəməsi tərəflər arasında xidmətlə bağlı münasibətlərin yaranmaması və iddiaçı tərəfindən belə sübutların təqdim olunmamasına istinad edərək iddianın hazırkı cavabdehlərə münasibətdə rədd olunması nəticəsinə gəlmşdir. Lakin həmin halda cavabdehlərin iş materiallarında olan etiraz və apelyasiya şikayətlərində olan mövqelərinə diqqət yetirilməmişdir. Belə ki, hər bir halda cavabdehlər onlara turizmi xidmətlərinin göstərilməsini qəbul edirlər. İşin digər bir əhəmiyyətli halı isə ondan ibarətdir ki, cavabdehlər iddiaçının sadaladığı xidmətlərin hər hansı bir hissəsini istisna olaraq qeyd etmirlər. Azından onların bununla bağlı hər hansı etirazları mövcud deyildir. Belə olan halda aşkar olaraq müəyyən olunur ki, cavabdehlərə turizmi xidmətləri göstərilmişdir. Bu halda isə digər müəyyən edilməli olan hal xidmətin hüquqi şəxs və ya onun təsisçisi olaraq adı çəkilən şəxs tərəfindən göstərilməsinin müəyyən olunması ilə bağlı olmalıdır. Lakin apelyasiya məhkəməsi göstərilən halı da faktiki olaraq araşdırmamışdır. Cavabdeh tərəf onlara xidmətin göstərilməsini qəbul edərək dəyərinin ödənildiyi göstərmiş olsalar da bir neçə dəfə təkrarlanmış xidmətlərə görə hər hansı məbləğin ödənilməsini təsdiq edən hər hansı sübuta istinad etmirlər. Apelyasiya məhkəməsi isə bu istiqamətdə hər hansı araşdırma aparılmasına cəhd göstərməmiş, yalnız cavabdeh tərəfin səsləndirdiyi formal mülahizələrlə kifayətlənmişdir.”. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının “cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi” hissəsində yoxlanılması təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini məhz həmin hissələrdə ləğv edərək yeni baxışa göndərmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə “cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxsin Dövlət Qeydiyyatı Şəhadətnaməsindən görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxx 2006-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin Nizamnaməsinin 8-ci bəndindən görünür ki, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətinin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin İqtisadi maraqlarının təmin etməkdən ibarətdir. Həmin Nizamnaməsindən görünür ki, Cəmiyyət xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız bu cür icazənin (lisenziyanın) alınmasından sonra məşğul ola bilər. İş materiallarında olan "xxxx" MMC-nin çıxarışlarından görünür ki, 2016-2017-ci illər üzrə göstərilən xidmətlərin ümumi dəyəri Əlirzayev Həsən Qulu oğluna görə 6555 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğluna görə 6245 ABŞ dolları, Çələbizadə Sabir Sabir oğluna görə 4170 ABŞ dolları, Əliyev Arzuman Zakir oğluna görə 1470 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 405-ci maddəsinə uyğun olaraq tərəflər müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılığa gəlməlidirlər. Müqavilənin tələb olunan formaları isə Mülki Məcəllənin 406-cı maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 862.1-ci maddəsinə əsasən turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Qeyd edilən maddədən müəyyən olunur ki, turist xidmətlərinin göstərilməsi zamanı tərəflər arasında öhdəlik yaranması üçün müqavilə bağlanmalıdır. Ancaq qeyd edilən müqavilənin formasına dair, yəni yazılı və ya şifahi bağlanmasına Məcəllədə heç nə deyilmir. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən Turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir. (səyahətləri); tur - konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan, turizm məhsulunun vauçer şəklində satılan forması; turizm yollayışı - ciddi hesabatlı blank olub, proqramla nəzərdə tutulmuş xidmətlərin ödənildiyini təsdiq edən sənəd. Qanunvericiliyin mənasından görünür ki, turizm məhsulunun satışı barədə yazılı fomada müqavilə bağlanmalıdır. Lakin hazırki iş üzrə tərəflər arasında yazılı formada müqavilə bağlanmamış, iddiaçının nümayəndəsi də bu faktı öz izahatları ilə təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən bildirilmişdir ki, onlar uzun illərdir eyni qaydada faəliyyət göstərirlər və heç vaxt müştərilər ilə aralarında müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini iddia edir. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən turizm vauçeri - xarici turistlərə xidmət göstərilməsi və firma ilə qarşılıqlı ödəmələr aparılması üçün əsas olmaqla, turun tərkibinə daxil olan xidmətlər üzərində turistin hüququnu müəyyənləşdirən və xidmətlərin göstəriləcəyi faktını təsdiq edən sənəddir. Beləliklə də iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia edir, lakin bunu təsdiq edən yazılı müqaviləni nə birinci instansiya məhkəməsinə, nə də apellyasıya baxışı zamanı təqdim etməmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı tərəfin sübut kimi təqdib etdiyi qəbzlərdən, ödəniş tapşırıqlarında iddia edilən vəsaitlərin MMC-nin hesabından deyil, Tahirov Fərhad Namiq oğlunun şəxsi hesabından ödənildiyi aydın olur. Belə olan halda MMC-nin həmin ödənişləri geri tələb etmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin kollegiya vurğulayır ki, iddiaçı tərəfindən aviabiletlərin dəyərinin ödənilməsi barədə hesabdan çıxarışlar təqdim olunsa da, həmin çıxarışlarda məhz cavabdehlərə aid aviabiletlərin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə ki, həmin çıxarışlardan görünür ki, şirkət tərəfindən 2016-2017-ci illərdə bir çox ödənişlər edilmiş lakin həmin ödənişlərin təyinatı barədə yetərli məlumat qeyd edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehlər Əlirzayev Həsən Qulu oğlunun, Çələbizadə Samir Sabir oğlunun və Cəbrayılov Elşən Hamil oğlunun apelyasiya şikayətləri təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, onlara münasibətdə iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmalı və iddia həmin hissələrdə rədd olunmalıdır. Nəhayət, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC-nin neçə ildən sonra qaldırdığı iddiası yuxarıda qeyd olunan normalara zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin bərabər hüquqlu iştirakçıları arasında bir tərəf üçün əsassız üstün şərait və sui-istifadə hallarına zəmin yaradır ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-838/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən - “cavabdeh Əlirzayev Həsən Qulu oğlundan 6555 ABŞ dolları, Çələbizadə Samir Sabir oğlundan 4170 ABŞ dolları, Cəbrayılov Elşən Hamil oğlundan 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçı “xxxx” MMC-yə ödənilməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə və cavabdehlər Əlirzayev Həsən Qulu oğluna, Çələbizadə Samir Sabir oğluna və Cəbrayılov Elşən Hamil oğluna münasibətdə rədd olunsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2928/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2928/2021
08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver