Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2929/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1548/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksasiyası” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 1548/2025 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmiş və İddiaçı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1548/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin özünün səhvi nəticəsində onun verdiyi 8 indeksli ərizə sistemdə 2 indekslə qeyd edilmiş, məhkəmə də bu halı rəhbər tutaraq ərizənin qəbulundan imtina etmişdir. İşin gülməli tərəfi odur ki, o, etdiyi müraciətə də məhz ərizə adı vermişdir. Məhkəmə hansı əsasla bu qənaətə gəlib ki, o iddia icraatı qaydasında iddia ərizəsi vermişdir. Buna görə də hesab edir ki, e-2(007)-1548/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, ərizə icraata qəbul edilərək baxılmalıdır. Göründüyü kimi daxil olan müraciətin müvafiq olaraq indeksləşdirmək məhkəmənin vəzifəsidir. Onun tərəfindən təqdim edilən ərizənin heç bir yerində yazılmayıb ki, bu iddia ərizəsidir və ya iddia icraatıdır. Elektron məhkəmə sistemində mövcud olan funskionallıq əsasında verilmiş ərizəni dəftərxana özü müəyyən edib qeydiyyata almalı idi. Bunun üçün onu günahkar çıxarmaq ədalətsiz, qanunsuz və əsassız mövqedir. Qərardad tamamilə ləğv edilməli və ərizə icraata qəbul edilməlidir. Göründüyü kimi bu xarakterli müraciətlərə icra icraatı qaydasında baxılmaqla qərar qəbul edilməlidir. Lakin məhkəmə öz dəftərxanasının səhvinə görə onu məsul tutaraq, qanunsuz qərardad qəbul etmişdir. O, özü müraciətə ərizə adı vermiş, onun təsviri hissəsini buna uyğun göstərmişdir. Hesab edir ki, bu tamamilə qanunsuz və əsassız yanaşmadır. Ona görə də qərardad ləğv edilməli ərizə icraata qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 1548/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya şikayətin dəlillərinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi bildirir ki, məhkəmə və ya məhkəmənin dəftərxanası tərəfindən elektron qaydada verilən ərizələrin indeksinin dəyişdirilməsi və ya ona hər hansı kənar təsir qaydası müəyyən edilməmişdir. Bununla belə məhkəmə qeyd etmişdir ki, qeyd olunan vəziyyətin aradan qaldırılması üçün texniki köməklik göstərilməsi məqsədi ilə məhkəmə tərəfindən Məhkəmə Hüquq Şurası Sektor Müdiriyyəti ilə (daxili iş nömrəsi: 2033) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsi ilə (daxili iş nömrəsi: 880) telefon əlaqəsi saxlanılmış və tərəflərindən hazırki 8 indeksi ilə verilməli olan ərizənin 2 indeksi ilə elektron qaydada verildiyi üçün vəziyyətin aradan qaldırılması üçün texniki imkanların mövcud olmaması bildirilmişdir. Hazırda iddiaçı iddia ərizəsinə sabit pul məbləğində ödənilən aliment məbləğinin indeksasiyası kimi yanaşmış, lakin qeyd olunan ərizəni iddia icraatı qaydasında vermişdir. Belə olan halda iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından və iddia tələbinin faktiki əsasını Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hallar təşkil etmədiyindən bu cür işlərə məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, məhkəmə qətnamələrinin icra qaydasında ərizə əsasında (8 indeksi ilə) baxılmasına dair məhkəmə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki tələb üzrə işə məhkəmədə iddia icraatı qaydasında (2 indeksi ilə) deyil, məhkəmə qətnamələrinin icra qaydasında ərizə əsasında (8 indeksi ilə) , yəni həmin məsələyə icra icraatı qaydasında baxılmalı olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1548/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-1548/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2929/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2929/2025
05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver