Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-293/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri X11 Cavabdeh qarşı “hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İctimai Birliyin sədri X11 və vəkili X18 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hüquqi şəxsin – İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və onun İctimai Birliyinin sədri kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 19.12.2019-cu il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apelyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 17.08.2020-ci il tarixli qətnamə (İş № 2(103)-6032/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanmasını qət etmişdir. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qərar (İş № 2(102)-1624/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən hazırki mülki işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə bildirir ki, iddia ərizəsi və onun məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İctimai Birliyinin keçmiş sədri X27 13.11.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı ilə əlaqədar olaraq X6 müvafiq maddəsinə istinad edərək, eyni zamanda Elçin Behbudovun ölümünü təsdiq edən sənədlərə əsaslanaraq, Birliyin təsisçisi olan Pərviz Deyistani və Birliyin bir neçə üzvü Birliyə aid möhür və müvafiq sənədlərin alınması üçün Elçin Behbudovun arvadı (iş üzrə üçüncü şəxs olan) X9 evinə getmiş, söhbət zamanı Elmira Behbudova bildirmişdir ki, Birliyə aid möhür, nizamnamə, reyestr və digər sənədlər itmişdir. X25 təsisçisi olaraq bu barədə 16.01.2016-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə məlumat vermişdir. 23.01.2016-cı il tarixdə Respublika qəzetində Birliyə aid möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra isə yeni möhür alınmışdır. Eləcə də, Birliyin 09.07.2018-ci il tarixdə 38 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, Vəli Heydərov, Birliyinin təsisçilərindən biri olmaqla yanaşı Birliyin sədri olmuş Elçin Behbudovun vəfatı ilə əlaqədar Birliyin sədri qəbul edilsin və ona, bu dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilsin. Birliyin möhürü 19.07.2018-ci il tarixdə Pərviz Deyistani tərəfindən Vəli Heydərova akt əsasında təhvil verilmişdir. Sonradan Birliyə məlum olmuşdur ki, Elmira Behbudova onları aldatmış, Birliyə aid möhür və digər sənədlərin itməsi fikrini məqsədli olaraq demişdir. Belə ki, Birliyin üzvlərinin və təsisçisinin və Birliyin üzvlərinin xəbəri olmadan Birliyin nizamnaməsini, eyni zamanda hal-hazırda qüvvədə olan qeyri-hökümət təşkilatları ilə bağlı qanunların müvafiq maddələrini kobud şəkildə pozaraq, heç kimlə hesablaşmadan, şəxsi mənafeyini üstün tutaraq Elmira Behbudova kürəkəni olan (cavabdeh) Cavabdeh Birliyinin sədri təyin etmiş və bu dəyişikliyin dövlət qeydiyyatına alınmasına nail olmuşdur. Bundan başqa, 01.04.2009-cu il tarixli 5 nömrəli Protokolda Birliyin həmtəsisçisi və üzvü X12 sözügedən yığıncağının keçirilməsi, gündəlikdə olan məsələlər, o cümlədən onun komitənin sıralarından çıxarılması ilə bağlı məsələnin müzakirə ediləcəyi barədə Pərviz Deyistaniyə əvvəlcədən məlumat verilməsi, onun İdarə Heyətinin iclasında iştirakının təmin edilməsi üçün görülmüş tədbirlər, Pərviz Deyistaninin onun barəsində qəbul edilmiş qərarla tanış edilməsi və mühüm əhəmiyyət kəsb edən digər hallarla bağlı məlumatlar göstərilməmişdir. Cavabdeh tərəf həmçinin qeyd olunan halları təsdiq edən hər-hansı sübutlarını Rayon Məhkəməsinə təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi kserosurətdən ibarət, surəti MPM ilə müəyyən edilmiş qaydalara uyğun olaraq təsdiq edilməmiş İşgəncələrə qarşı Azərbaycan Komitəsinin İdarə heyətinin 01.04.2009-cu il tarixli 5 nömrəli Protokolunu işə baxan hakim iş üzrə yekun nəticəyə gələrkən mötəbər sübut kimi qəbul edərək qiymətləndirilmiş və öz qətnaməsini həmin “sübuta” istinad etməklə əsaslandırmışdır. Birliyin Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. P.Deyistaninin məhkəməyə verdiyi izahatından məlum olur ki, Yığıncağın yeri və vaxtı barədə ona əvvəlcədən məlumat verilməmişdir. Cavabdeh tərəf P.Deyistaniyə Yığıncağın yeri və vaxtı barədə məlumatın verildiyini, onun Yığıncağın qərarı ilə tanış edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh 28.11.2018-ci ildə ərizəsinə əsasən noyabr ayının 21-də X16 keçirilməsi (ərizənin verildiyi gündən yeddi gün əvvəlki tarixə) qeyri-mümkündür və heç bir sağlam məntiqə sığmır. Bundan başqa, qətnamədə həmin ərizəyə sübut kimi istinad etsə də qətnamədə sözügedən ərizədə işin hansı hallarını təsdiq edən məlumatların (ərizənin məzmununu, hansı məqsəd və səbəblə yazıldığını, kimə ünvanlandığını və s.) olduğu göstərilməmişdir. İddia tərəfi cavabdehin təqdim etdiyi protokolda göstərilən məlumatların həqiqiliyinin müəyyən edilməsi məqsədilə sözügedən protokolda, həmçinin cavabdehin təqdim etdiyi digər protokollarda adları Birliyin üzvləri kimi qeyd olunan şəxslərin doğurdan da Birliyin üzvəri olduqlarını və əgər üzvdürlərsə, onda hansı vaxtdan Birliyə üzvlüyə qəbul edilmələri ilə bağlı Birliyin üzvlərinin reyestrinin məhkəməyə təqdim edilməsinə dair verilmiş vəsatətlə bağlı cavabdeh tərəfin fikrini öyrəndikdə, Cavabdeh məhkəməyə kifayət qədər sübutlar təqdim etdiklərini əsas gətirərək, üzvlərin reyestrini məhkəməyə verməkdən imtina etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında Yığıncağın keçirilməsi ilə bağlı Birliyin üzvlərinə Sadıq Bayramov adlı şəxsin zəng edərək xəbər verdiyini desə də, bunu təsdiq edən sübutlarını təqdim edə bilməmişdir. İddia tərəfi işin həmin hallarının araşdırılması ilə bağlı izahat verməsi üçün Sadıq Bayramovun məhkəməyə çağrılmasına dair vəsatət versə də, S.Bayramovun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında şahid P.Deyistani onun guya X28 01.04.2009-cu il tarixli 5 nömrəli Protokolu ilə Birliyin təsisçiliyindən və üzvlüyündən azad edilməsi ilə bağlı izahat verərkən bildirmişdir ki, onun sözügedən həmin iclasdan və iclasın onun Birliyin təsisçiliyindən və üzvlüyündən azad edilməsi ilə bağlı qərarından heç bir məlumatı olmamışdır. Əgər doğurdan da belə bir iclas olmuşdursa, onda ona bu barədə heç kim əvvəcədən məlumat verməmiş, onun həmin iclasda iştirakı təmin edilməmiş, iclasın sözügedən protokolu ilə onu tanış etməmişlər, surətini ona verməmişlər. O, Protokolu yalnız indi, məhkəmə iclas zalında şahid qismində ifadə verərkən görmüşdür. Protokolda göstərilənlərlə heç cürə razılaşmır. Onun fəaliyyətində guya yol verdiyi kobud Nizamnamə pozuntuları ilə bağlı ona heç vaxt, heç kim tərəfindən heç bir irad bildirilməmişdir. Cavabdeh P.Deyistaniyə Yığıncağın yeri və vaxtı barədə məlumatın verildiyi, onun Yığıncağın qərarı ilə tanış edilməsini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində qərarını əsaslandırarkən istinad etdiyi işin bu halı ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparmamış, P.Deyistanin Birliyin üzvlüyündən xaric edilməsi ilə bağlı məsələyə baxılarkən ona Birliyin Yığıncağında iştirak etməsi ilə bağlı əvvəlcədən məlumat verilməsi, onun həmin Yığıncaqda iştirakının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, Yığıncağın qərarından şikayət vermək hüququndan istifadə etməsi üçün ona zəruri olan imkan və şəraitin yaradılması kimi mühüm əhəmiyyət kəsb edən qaydalara əməl edilməsi kimi məsələləri aydınlaşdırmamışdır. İddiaçı Birliyin sədri Vəli Heydərov və vəkil Elçin Əliyev apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddiaçı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə saxta sənədlər təqdim etmişdir. Bununla bağlı onlara həmin İdarədən məktub gəlmişdir. Birliyin üzvləri 2015-ci ilin dekabr ayında seçilmişdir. Cavabdeh seçilərkən Birliyin 22 nəfər üzvləri iclasda iştirak etmiş, Birliyin 4 üzvü isə iclasda iştirak etməmişlər. Yığıncağın keçirilməsi ilə bağlı üzvlərə Sadiq Bayramov zəng edərək xəbər vermişdir. Belə ki, Birliyin sabiq sədri Elçin Behbudovun vəfatından sonra tək səlahiyyətli şəxs S.Bayramov olmuşdur. S.Bayramov isə öz növbəsində Cavabdeh etibarnamə vermişdir. Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya baxışının növbəti iclaslarına gəlməmişlər. Vəkil2 01.04.2022-ci il tarixdə teleqram ilə Məhkəməyə müraciət edərək özündə COVİD-19 virusunun əlamətlərinin olmasını hiss etdiyi, Cavabdeh isə Birliyin fəaliyyətinə dair təxirəsalınmaz işlə bağlı bir neçə rayona getdiyini bildirmiş və bu səbəblərdən iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə teleqram nəzərə alaraq məhkəmə baxışı iclasını təxirə salmışdır. Vəkil2 08.04.2022-ci il tarixdə teleqram ilə Məhkəməyə müraciət edərək COVİD-19 virusuna yoluxduğu, Cavabdeh isə Zaqatala rayonunda keçirilən rəsmi tədbirdə iştirak etdiyini bildirmiş və bu səbəblərdən iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Vəkil2 bu müraciətini əsassız hesab etmişdir. Belə ki, Məhkəmə tərəfindən “e-Təbib” mobil tətbiq vasitəsilə 08.04.2022-ci il tarixdə edilmiş sorğu əsasında müəyyən etmişdir ki, Vəkil2 COVİD-19 virusuna yoluxması barədə məlumat mövcud deyil; o, həmin virus ilə bağlı sonuncu dəfə analizi 1 il bundan əvvəl – 03.04.2021-ci il tarixdə vermişdir. Bundan başqa, Cavabdeh hər hansı səbəbdən apellyasiya baxışında iştirak edə bilməməsini təsdiq edə biləcək sübut Məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə işə onların iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elmira Behbudova izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyi onun əri X27 tərəfindən yaradılmışdır. X34 sədri, sədrin müavini isə o özü olmuşdur. Birlik yaranandan hüquqi ünvan onların yaşadıqları ev olmuşdur. Birliyin möhür də həmişə evlərində olmuşdur. Komitə ilə bağlı bütün sənədlər evlərinə gəlirdi. Elçin Behbudov 13.11.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o özü və Birliyin digər üzvləri Birliyin ümumi yığıncağını keçirərək onun kürəkəni olan Cavabdeh Birliyin sədri seçmişlər. Həmin ərəfədə onlara məlum olmuşdur ki, Vəli Heydərov və Pərviz Deyistani birləşərək Birliyə məxsus sənədləri saxtalaşdırmış və saxta sənədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etmişlər. O, Pərviz Deyistanini əvvəllər tanımırdı və ümumiyyətlə görməmişdir. Pərviz Deyistani ilk dəfə ərinin yasında görmüş, ondan sonra bir daha görməmişdir. Vəli Heydərovu heç vaxt görməmişdir və onu tanımır. X35 heç bir aidiyyəti yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs E.Behbudova apellyasiya baxışının növbəti iclaslarının yeri və vaxtı barədə lazımı qayada xəbərdar edilməsinə baxmayaraq iclaslara gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X32 isə işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə MPM-nin 376.2-ci maddəsinin tələblərindən çıxış edərək işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 07.01.2016-cı il tarixli akta əsasən, İctimai Birliyin təsisçisi X2 üzvləri olan X38 və X7 ilə birlikdə Elçin Behbudovun vəfatından sonra möhür və digər sənədləri almaq üçün həyat yoldaşı X4 evinə gedərək Birliyə aid möhür və sənədləri tələb etmiş və X9 möhür və sənədlərin itməsini bildirmişdir. Bundan sonra X33 bu haqda 16.01.2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə yazılı surətdə məlumat vermişdir və eyni zamanda 23.01.2016-cı il tarixdə Respublika qəzetində möhür və sənədlərin itməsi barədə elan vermişdir. Respublika qəzetinin 23.01.2016-cı il tarixli sayından görünür ki, İctimai Birliyə məxsus möhürün itməsi səbəbindən etibarsız sayılması barədə elan dərc edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” 05.03.2018-ci il tarixdə verilmiş “Çıxarışdan” görünür ki, Hüseynov X15 ümumi yığıncağın 18.12.2015-ci il tarixli qərarı ilə X28 sədri seçilmişdir. İşdə olan və Cavabdeh tərəfindən təqdim etdiyi sənədlərdən görünür ki, 21.11.2018-ci il tarixdə İctimai Birliyin üzvlərinin ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncağın 21.11.2018-ci il tarixli protokoluna əsasən, İctimai Birliyin seçki orqanlarının hesabatları müsbət qiymətləndirilmiş və qənaətbəxş hesab edilmişdir. Elmira Behbudova, Cavabdeh, Əliməmməd Nuriyev, Sevil Allahverdiyeva, Mirəli Hüseynov X28 üzvləri, Qartal Hüseynov, Cəlal Salayev, X36 Nəzarət Təftiş Komissiyasının üzvləri, Cavabdeh Birliyin sədri, Əliməmməd Nuriyev isə Birliyinin sədr müavini seçilmişlər. Cavabdeh Birliyin səlahiyyətli şəxsi hesab edilmişdir. İşdə olan və Cavabdeh tərəfindən təqdim etdiyi sənədlərdən görünür ki, X28 01.04.2009-cu il tarixli iclasının protokoluna əsasən, X17 təsisçisi sıralarından çıxarılması təklif edilmişdir. İclasda iştirak etmiş Elçin Behbudov bildirmişdir ki, X30 rəhbərliyi ilə heç bir əlaqə saxlamır, Birliyin fəaliyyətində yaxından iştirak etmir, ümumilikdə nizam-intizamı qənaətbəxş hesab edilməmişdir. O, son zamanlar fəaliyyətində kobud Nizamnamə pozuntularına yol vermişdir. İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə P.Deystanin təşkilatın sıralarından xaric edilməsi qərara alınmışdır. Birliyin Nizamnaməsinin 5.14-cü maddəsinə əsasən, üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. İşə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilmiş X33 izahat verərək bildirmişdir ki, Behbudov Elçin 2015-ci ildə rəhmətə gedəndən sonra Elmira ilə danışmış, o da demişdir ki, sədr o olacaq. Komitənin içində parçalanma olmuşdur. Onlar 2015-ci ilin dekabr ayında iclas keçirmişlər. İclasda səs çoxluğu ilə Elşad Həmidov sədr seçilmişdir. Sonra Elmira demişdir ki, nizamnamə və möhür yoxdur, oğurlayıblar. O, yanvarda notariusa yazılı məktub göndərmişdir. Sonra Azərbaycan Respublikası qəzetinə elan vermişdir. Axtarışa vermişlər, lakin yenə də tapılmamışdır. O, yeni möhür çıxarmışdır. Möhürün eskizini Ədliyyə Nazirliyinə göndərmişdir. Cavabdehlər etibarsız möhürlə necə iş görüblər?! Vəlini isə Elşad gətirmişdir. Elşad 2008-ci ildən Komitənin üzvüdür. Elşad səhhəti ilə bağlı işə gələ bilməyəndə Vəlini yerinə məsləhət görmüşdür. Elşad rəhmətə gedəndən sonra Vəli seçilmişdir. Əlavə olaraq bildirmişdir ki, 2002-ci ildən Komitənin üzvüdür, həm də təsisçisidir. Onun iştirakı olmadan iclasın keçirilib-keçirilməməsini bilmir. Möhürü istəməyi barədə rəsmi akt var. Turalın seçilməsi barədə ona məlumat verilməmişdir. Onların komitəsində heç bir təsisçi heç bir halda çıxarıla bilməz. Elçin ona 2009-cu ildə vəsiqə vermişdir. 2009-cu ildən sonra o da təsisçi kimi proseslərdə iştirak etmişdir. O, 2017-ci ildən həm təsisçi, həm də aparat rəhbəri kimi seçilmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahat verərək bildirmişdir ki, Elçinin sağlığında o, ora üzv olmuşdur. O, öləndən sonra kimin nə etdiyini bilmir. Həmin Komitəyə əslində Elçinin həyat yoldaşı seçilməli idi. Möhürün itib-itməməsini özləri bilər. Qanuna uyğun qərar çıxarılmasını xahiş edir. 2012-ci ildən komitənin üzvüdür. Elşad öləndən sonra kimin seçilməsi barədə xəbəri yoxdur, nə də iştirak etməmişdir. Hal-hazırda komitənin üzvüdür. Vəsiqəsi 2019-cu ilin əvvəlində verilmişdir. Yeni sədrin seçilməsi barədə xəbəri yoxdur. Vəlinin seçilməsindən xəbəri yoxdur. Təsisçi Pərviz olmuşdur. Elşad olanda Pərvizi görməmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, 2006-cı ildən bugünədək komitə rəhbəri olmuşdur. Elçin öləndən sonra hansı hadisələrin baş verdiyini bilmir. Elçinin 40-ı çıxandan sonra Pərvizlə Elçinin evinə getmişlər. Yoldaşı möhürün itdiyini demiş, onlar da yenisini almışdır. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur. İşə Rayon Məhkəməsində baxılan zaman məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, 2018-ci ilin əvvəlindən komitədə işləyir. Möhür itmiş, elan verilmiş, yeni möhür alınmışdır. Yeni sədr Vəli seçilmişdir. Turalın sədr seçilməsi ilə bağlı xəbəri yoxdur. Vəli sədr seçiləndə iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi o hala istinad edir ki, 07.01.2016-cı il tarixdə “İşgəncələrə qarşı Azərbaycan Komitəsi”nin İctimai Birliyinin təsisçisi X2 möhür və sənədlərinin itməsi və bununla əlaqədar Respublika qəzetində elan verilməsi ilə bağlı akt tərtib etmişdir. Nəticədə əvvəlki möhür etibarsız hesab edilmişdir. Cavabdeh isə iddia tələbinə etirazda bildirmişdir ki, 01.04.2009-cu il tarixli iclas protokoluna əsasən İdarə Heyəti üzvlərinin yekdil səsverməsi ilə təsisçi Pərviz Deystani təşkilatın sıralarından xaric edilmişdir. Onun Komitənin möhür və sənədlərini tələb etmək, bu sənədlərin itməsi barədə akt tərtib etmək, həmçinin bununla əlaqədar “Respublika” qəzetində elan vermək kimi səlahiyyəti olmamışdır. Cavabdeh etirazının əsası kimi 01.04.2009-cu il tarixli iclas protokolunun kserosurətini təqdim etmişdir. Öz növbəsində iddiaçı tərəf isə bildirir ki, istinad edilən bu sənəd kserosurətdir və müvafiq qaydada təsdiq edilməmişdir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X13 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilmiş və həmin sənəd etibarsız hesab edilmişdir. Məhkəmə qeyd edir ki, 01.04.2009-cu il tarixli iclas protokolu mötəbər sübut hesab oluna bilməz və işə baxmış Rayon Məhkəməsi həmin sənədə istinad etməklə səhvə yol vermişdir. Belə ki, qeyd olunan bu protokol kserosurət olmaqla qanunla müəyyən olunmuş qaydada təsdiq edilməmişdir. MPM-nin 89-cu maddəsi isə yazılı sübutların ya əslinin, ya da notariat qaydasında təsdiq olunmuş surətinin təqdim olunmasını nəzərdə tutur. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə, yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinin tələbinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən, iddiaçı X13 cavabdeh İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinə qarşı “protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiası Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsinə (İş № 2(004)-375/2021) əsasən təmin edilmiş, 01.04.2009-cu il tarixli iclas protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, sonda Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsi (İş № 2(004)- 375/2021) qanuni qüvvəsini almışdır. Məhkəmə bildirir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu prosessual hüquq normasının tələbini nəzərə alan Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-375/2021 saylı mülki iş üzrə qəbul etdiyi 04.02.2021-ci il tarixli qətnamə hazırki iş üçün preyudisial xarakter daşıyır. Qeyd edilən qətnamədən görünür ki, həmin protokolun əsli təqdim olunmamış, iddiaçı tərəf isə protokolun mövcudluğunu mübahisələndirmişdir. Həmçinin, Mülki Məcəllədə hüquqi şəxsin təsisçisinin öz iradəsi ziddinə təsisçilikdən xaric edilməsi istisna olunur və nizamnamədə belə müddəa olsa belə, qanunun tələbinə və ruhuna zidd olmaqla əhəmiyyətsizdir. Həmçinin, qeyd edilən dəlillərdən başqa iddiaçı müvafiq dövlət qurumunun (Ədliyyə Nazirliyinin) qeydiyyatında hal-hazırda təsisçi qismində gedir və onun hüquqlarının həyata keçirilməsinə maneə yaradıla bilməz. Məhkəmə işin müəyyən edilmiş halları kimi qeyd edir ki, İctimai Birliyin mərhum sədri X14 13.11.2015-ci il tarixdə vəfatından sonra Birliyin təsisçisi Pərviz Deyistani mərhumun arvadı Elmira Behbudovanın möhür, nizamnamə, reyestr və digər sənədlərin itməsi barədə məlumatı alqdıqdan sonra 16.01.2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə məlumat vermişdir. 23.01.2016-cı il tarixdə “Respublika” qəzetində möhür və sənədlərin itməsi barədə məlumat dərc olunmuş, bundan sonra yeni möhür alınmışdır. 09.07.2018-ci il tarixdə Birliyin 38 nəfər üzvü ilə keçirilmiş iclasında qərara alınmışdır ki, İctimai Birliyinin təsisçilərindən biri və sədr olan Elçin Behbudovun vəfatı ilə əlaqədar onun sədrliyinə xitam verilsin və (iddiaçı) X1 qəbul olunsun və ona, bu dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Hüquqi Şəxslər və X5 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi səlahiyyəti verilsin. Sonradan məlum olmuşdur ki, möhür və digər sənədlər əslində itməmiş, həmin möhür hazırda Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh ümumi yığıncağın 18.12.2015-ci il tarixli qərarı ilə X31 Heyətinin sədri seçilmişdir. Məhkəmə qeyd edir ki, X6 5.2-ci bəndinə görə, təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu nizamnamə ilə müəyyən edilir. Nizamnamənin 5.3-cü bəndinə görə, Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Nizamnamənin 5.13-cü bəndinə görə, Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: - Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə; - Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda; - Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə. Nizamnamənin 5.14-cü maddəsinə görə üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Nizamnaməsinin 6.3-cü bəndinə görə Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Nizamnamənin 6.9 və 6.10-cu bəndlərinə əsasən İdarə Heyəti kollegial icra orqanı olub Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir və digər səlahiyyətlərə malikdir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnamənin 5.15-ci bəndinə görə Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri - 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. 9.2-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyrihökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyrihökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. Qanunun 10.5-ci maddəsinə görə qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. 25.6-cı maddəsinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Qanunun 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir. Həmin Qanunun 26.3-cü maddəsinə görə isə ictimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Beləliklə, təsdiq edilir ki, 09.07.2018-ci il tarixdə İctimai Birliyinin geniş iclası keçirilmiş və 54 nəfər yeni üzv qeydiyyata alınaraq təsdiq edilmişdir. 5 nəfərdən ibarət yeni İdarə Heyəti yaradılmışdır. Təsisçi olan (səlahiyyətli şəxs) Pərviz Deyistaninin təqdimatı və İdarə Heyətinin qərarı ilə yeni sədr Vəli Heydərov seçilmişdir. Bu baxımdan Cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması barədə sənədlər etibarsızdır və onun sədr olması barədə qeydiyyat ləğv edilməlidir. Başqa sözlə iddia əsaslıdır. Bu iddianı rədd etməklə işə baxmış Rayon Məhkəməsi səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin sədri X11 Cavabdeh qarşı “hüquqi şəxsin qanuni təmsilçisi olması barədə bütün sənədlərin etibarsız sayılması və qeydiyyatın ləğvi tələbi barədə” iddiası təmin edilsin. Cavabdeh İşgəncələrə Qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin qanuni təmsilçisi və sədri olması barədə sənədlər etibarsız hesab edilsin və onun Birliyin sədri kimi qeydiyyatı ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-293/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-293/2022
08.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver