Məhkəmə qərarları › İş №2(103)-293/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-293/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-293/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zolfi Bakhshaliyə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil4 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa ediləcək yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) İddiaçı təhvil verilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır. İddiaçı tərəfindən X3 verilmiş 21 aprel 2019-cu il tarixli etibarnamə ilə İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. Zolfi Bakhshaliyə etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir. İddiaçı "xxxx" MMC-yə ünvanlandırdığı, notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********765 nömrəli ərizədə göstərilmişdir ki, o, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir. Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənildiyi, həmin mənzilin onun tərəfindən təmir etdirildiyi göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(004)-3301/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək, Maraqlı şəxs MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Maraqlı şəxs MTK-nın üzərinə qoyulması, iddiaçıya məxsus 384 saylı mənzilin X6 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolun və həmin tarixli “borcun olmamasına dair” arayışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin mülki iş materiallarında olan Maraqlı şəxs MTK-nın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən müəyyən edilmişdir ki, sözügedən 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən xx.xx.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan müəyyən edilmişdir ki, Maraqlı şəxs MTK tərəfindən inşa edilmiş sözügedən binanın 384 saylı mənzili Zolfi Bakhshalinin, 385 saylı mənzili X4 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Maraqlı şəxs MTK üzvlərinin ümumi iclasının 06 nömrəli, 12 mart 2020-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Zolfi Bakhshali Maraqlı şəxs MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın sözügedən binasında 384 saylı mənzilin verilməsi qərara alınmışır. Mübahisəli mənzil Zolfi Bakhshalinin mülkiyyətindədir. Maraqlı şəxs MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubda göstərilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 4 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair xx.xx.2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçı 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4cü giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.metr olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilərək yeni müqavilə əsasında onun adına rəsmiləşdirilmişdir. 384 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənildiyindən ona bu barədə maliyyə arayışı verilmişdir. Zolfi Bakhshali tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üçün "xxxx" MMC-yə pul vəsaiti ödənilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Zolfi Bakhshaliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzil üçün "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK-ya ödədiyi 40000 ABŞ dolları (31200 manat) və həmin mənzilin təmiri üçün çəkdiyi 27739,55 manatın və 2 il əldən çıxmış faydaya görə 6041,3 manat, cəmi 64980,85 manatın, habelə vəkil xərci kimi 211 manatın Zolfi Bakhshalidən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Maraqlı şəxs MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.metr sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənziltikinti haqqında müqavilə bağlanmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmişdir. Bundan sonra iddiaçı 27739,55 manat xərc çəkib təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. 2014-cü ildə həmin mənzili qonşusu X5 385 saylı mənzilinə üzərində 10000 manat ödəməklə dəyişdirmişdir. A.Qafarov ailəsi ilə yaşadığı 384 saylı mənzili xx.xx.2019-cu il tarixli ərizə əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir. Maraqlı şəxs MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış almışdır. 384 saylı mənzil üçün iddiaçının ödədiyi 40000 ABŞ dolları (31200 manat) və təmir xərcini bugünədək Maraqlı şəxs MTK, Zolfi Bakhshali iddiaçıya qaytarmamışdır. İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsini 2021-ci ilin sonunda bilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-4970/22) iddia rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-1771/2022 saylı qətnaməsinə əsasən, X5 ünvan 5 ünvanında yerləşən 384 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq Zolfi Bakhshaliyə təhvil verilməsi qərara alınmış və bu qətnamə hazırda qüvvədədir. Bu baxımdan hazırkı halda iddiaçının vicdanlı sahib olması istisna edilir. Digər tərəfdən, tərəflər arasında pul öhdəliklərinin mövcud olması da müəyyən edilmir. Belə ki, sübutetmə yükü baxımından mübahisəli mənzilin təmirinə çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İşin məhkəmə araşdırması ilə tərəflər arasında mübahisəli mənzillə bağlı hər hansı müqavilənin mövcudluğu müəyyən edilməməklə yanaşı, iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut da təqdim olunmamışdır. İş üzrə şahid qismində dindirilən şəxslər isə tərəflər arasında hər hansı öhdəliyin yaranması barədə heç bir ifadə verməmişlər, yalnız mənzilin təmirinə dair fikirilərini söyləmişlər.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 445.7ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ərizənin verilməsində məqsəd 384 saylı mənzilə dair müqavilənin ləğvindən sonra Aslan Qafarovdan almış olduğu 385 saylı mənzilə dair yeni müqavilə bağlanması olmuşdur. Həmin ərizədə mənzilin cavabdeh Zolfi Bakhshaliyə verilməsi nəzərdə tutulmamışdır. Lakin "xxxx" MMCyə **********765 nömrəli ərizə verilməsinə baxmayaraq, MMC ilə İddiaçı arasında bağlanmış müqavilə ləğv olunmamış və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilə qüvvədə olmasında baxmayaraq Zolfi Bakhshali MTK-ya üzv qəbul edilərkən ona başqa mənzil deyil, məhz iddiçının mənzili verilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Zolfi Bakhshalinin arvadı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh öz əmlaklarını onun adına da ala bilərdi. Başqa ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində öz adlarına mənzil əldə etmələrinə dair heç bir məhdudiyyət qoyulmamışdır. İddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə Zolfi Bakhshali tərəfindən də imza edilməsinə münasibətdə qeyd edir ki, həmin müqavilə cavabdehlər tərəfindən skaner olunmuş və skaner variantına Zolfi Bakhshali tərəfindən imza edilmişdir. Zolfi Bakhshali tərəfindən məhkəməyə təqdim olunmuş müqavilə nüsxəsində müqavilənin ilinə düzəliş edilmiş, müqavilədə iddiaçının imzası silinsə də, cavabdeh MTK tərəfindən məhkəməyə təqdim olunmuş müqavilə nüsxəsində iddiaçının imzası saxlanılmış, müqavilənin ili göstərilməmiş, üstəlik həmin müqaviləyə sonradan Zolfi Bakhshali tərəfindən də imza edilmişdir. Bu da onu göstərir ki, cavabdehlər iddiaçının əmlakını ələ keçirmək üçün əlbir olaraq saxtakarlığa əl atmışlar. Cavabdehlər arasında bağlanmış 384 saylı xx.xx.2020-ci il tarixli müqavilədə mənzilin dəyəri qeyd olunmasa da, təqdim olunmuş Maliyyə arayışından görünür ki, Zolfi Bakhshali onunla 384 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanıldıqdan sonra mənzilin dəyərini ödəmişdir. Belə olan halda cavabdeh MTK iddiaçının ödəmiş olduğu 40000 ABŞ dollarını iddiaçıya qaytarmalı idi. 2010-cu ildə həmin mənzilin dəyəri 40000,0 ABŞ dolları (hazırki məzənnə ilə 68000,0 manat) olduğu halda, on ildən sonra həmin mənzilin təmirli vəziyyətdə digər şəxsə 43700,0 manata ucuz qiymətə satılması da ağlabatan deyil. Nədənsə sonuncu protokoldan çıxarış və maliyyə arayışı cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göründüyü kimi cavabdehlər düşünülmüş şəkildə onun əmlakını ələ keçirmiş, lakin həmin əmlakın dəyəri və çəkmiş olduğu təmir xərci ona qaytarılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

12. Üçüncü şəxs Maraqlı şəxs MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

18. İddiaçı iddia edir ki, mübahisəli mənzili dəyərini ödəməklə almış və təmir etdirmişdir.

19. Cavabdeh Zolfi Bakhshali iddiaya etiraz edərək bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı olduğu üçün özünə və ailəsinə aid olan daşınmaz əmlakların bir neçəsini etibarını qazanmış iddiaçının adına almış, eyni zamanda iddiaçının adından etibarnamə almışdır. Hazırkı iddia ərizəsində göstərilən 384 saylı mənzillə bağlı müqavilə də bunlardan biridir. Hətta, həmin müqavilə bağlananda 21 iyul 2010-cu il tarixdə müqaviləyə iddiaçı deyil, cavabdeh özü imza atmış, ödənişlərin əksər hissəsini cavabdeh şəxsən, qalan az hissəsini isə tapşırığı ilə şirkətinin hesabından çıxarılmaqla işçilər tərəfindən ödənilmişdir. İddiaçı cavabdehin etibarını itirdiyi andan, yəni şirkətdən külli miqdarda pul mənimsədiyini bildiyi andan cavabdeh formal olaraq iddiaçının adında olan əmlakların hamısını iddiaçının könüllü razılığı əsasında öz adına və ailəsinin adına rəsmiləşdirmişdir. Eyni zamanda, iddiaçı 26 dekabr 2019-cu il tarixli ərizəsi əsasında Cəmiyyətin nizamnaməsinə uyğun olaraq adına olan müqavilənin pozulmasına, digər şəxsin adına rəsmiləşdirilməsinə dair notarial qaydada ərizə vermişdir ki, həmin ərizədə də gələcəkdə həmin mənzillə bağlı hər hansı iddia və tələbinin olmayacağına dair öhdəlik götürmüşdür,

20. Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçimş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir.

21. İşdə olan Maraqlı şəxs MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24Bdə yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən tam ödənilmiş, MTK-ya borcu yoxdur.

22. Mülki Məcəlləyə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir (maddə 112.1),

23. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilin pay haqqı həm iddiaçı, həm də Zolfi Bakhshali tərəfindən ödənilmişdir.

24. Mülki Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən kooperativ üzvü kooperativdən çıxarkən ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməlidir.

25. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).

26. İddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cavabdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir.

27. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Maraqlı şəxs MTK-dan tələb edə bilər. Maraqlı şəxs MTK isə hazırkı işdə cavabdeh deyildir.

28. İddianın ikinci hissəsi, yəni mənzilin təmirinə sərf olunan vəsaitin tutulması ilə bağlı hissədə isə Kollegiyanın mövqeyi fərqli olmaqla aşağıdakılardan ibarətdir.

29. Maraqlı şəxs MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubda mənzilin iddiaçı tərəfindən təmir edildiyi göstərilmişdir. Bu hal birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş şəxslərin ifadələri ilə də təsdiq olunur.

30. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh Zolfi Bakhshali İddiaçı mübahisəli mənzilin təmirinə çəkdiyi xərc hesabına qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır və iddiaçı təmirə sərf etdiyi pulu cavabdehdən geri tələb edə bilər.

31. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1).

32. Adı çəkilən normaların məzmunundan görünür ki, hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. İddiaçı mənzilin təmirinə 27739,55 manat vəsait sərf etdiyini bildirir və bunun təsdiqi kimi “X9 və Ekspertiza Mərkəzi” MMC-nin 28 iyun 2022-ci il tarixli 141 saylı mütəxəssis rəyinə istinad edir. Həmin rəydə mənzildə aparılmış təmir-tikinti işlərinin dəyərinin təqribən 27739,55 manat məbləğində olduğu müəyyən edilmişdir.

34. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin dəqiq müəyyən olunması və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert və iddiaçı təyin olunan vaxtda mübahisəli ünvana getsələr də, tədqiqat obyektinin qapısı bağlı olduğundan, cavabdeh tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.

35. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).

36. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən cavabdehin ekspertizanın aparılmasına təşəbbüs göstərmədiyini ekspertizanın aparılmasında maraqlı olmaması, habelə onun keçirilməsinə maneə kimi qiymətləndirir.

37. Kollegiya cavabdehin mübahisəli mənzili baxış keçirilməsi üçün ekspertə təqdim etmədiyini, ekspertiza keçirilməsinə şərait yaratmadığını və MPM-in 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisəli mənzilin təmirinə 27739,55 manat vəsait xərclənməsi faktı təsdiq olunmuş sayılmalı və həmin məbləğ təmir xərcinin əvəzi kimi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

38. İddianın əldən çıxmış faydaya görə 6041,3 manat pul tələbinə münasibətdə Kollegiya belə qənaətə gəlir ki, həmin hissədə iddiaçı tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

42. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin olunsun. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27739,55 (iyirmi yeddi min yeddi yüz otuz doqquz manat, əlli beş qəpik) pul cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar