Məhkəmə qərarları › İş №2(103)-2930/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2930/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2930/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)-1035/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə görə ödənilmiş 32500 manat məbləğində pulun, 2018-ci ildən hal-hazırkı vaxtadək ona məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından, 30000 manat maddi ziyan və dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq ona ödənilməsi; Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinə dair Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmış 08.07.2019cu il tarixli çıxarışın ləğv olunması, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili qanunsuz sahiblikdən geri alınması və onun həmin mənzilə istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Binəqədi New Service" Fərdi Mənzil Tikinti Şirkəti ilə 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı Mənzil Tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili alqısatqı yolu ilə almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 2 saylı mənzili "Payçı" olaraq ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 32500 manat tərəfindən tam olaraq ödənilmiş və bunu təsdiq edən maliyyə arayışı da mövcuddur. Buna baxmayaraq Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzili 08.07.2019cu il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onunla "xxxx" Fərdi Mənzil Tikinti Şirkəti arasında 29 may 2018-ci il tarixdə bağlanmış 19-1 saylı Mənzil Tikintisi haqqında müqavilə hal-hazırkı vaxtadək mübahisələndirilməmiş və hazırda qüvvədədir. Alqı-satqı yolu ilə aldığı mənzilə dair cavabdehin çıxarış alması onun hüquqlarını kobud surətdə pozur. 2018-ci ildən hazırki vaxtadək ona məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayədə yaşamaq məcburiyyətində qaldığından 30000 manat maddi ziyan və 10000 manat mənəvi ziyan ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(001)- 1035/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 mənzilin alınması üçün ödənilmiş 24000 manat məbləğində pul, 5400 manat dəymiş maddi ziyanın və 3000 manat dəymiş mənəvi ziyanın əvəzi, cəmi 32400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh3 2500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulması, iş üzrə aparılmış qiymətləndirmə üzrə xidmət haqqı – 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin maddi ziyanın təmin edilməsi hissəsində qismən ləğv edilməsi və vurulmuş maddi ziyana görə Cavabdeh2 9900 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə vurulmuş maddi ziyanın məbləğinin hesablanması hissəsində düzgün nəticəyə gəlməmişdir. Ekspertin rəyinə görə oxşar mənzillərin aylıq kirayə haqqı 150 manat təşkil etmiş, məhkəmə də 11.08.2021-ci il tarixdən hesablamaqla müəyyən etmişdir ki, bu müddət üçün ona 5400 manat kirayə haqqı əvəzi ödənilməlidir. Mənzilin tikintisi haqqında müqaviləni Cavabdeh2lə 2015-ci ilin may ayında bağlamış və sonuncu bir il müddətində mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Ona görə də ödənilməli olan kirayə haqqı 2016-cı ilin iyun ayından hesablanmalıdır. Bu isə 2021-ci ilə qədər 9900 manat təşkil edir. Məhkəmə müddəti Cavabdeh2lə bağlanmış birinci müqavilənin müddətindən deyil, Cavabdeh3 ilə bağlanmış 29.05.2018-ci il tarixdən hesablamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamə qismən – maddi ziyan (kirayə haqqı) məbləğinə aid hissədə yoxlanılır, çünki qətnaməni yalnız iddiaçı həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, X1 ilə alıcı İddiaçı arasında bağlanmış 26.08.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı alıcıya ünvan 3 ünvanında tikilən evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 51,4 kv.m olan 26 saylı mənzili 9000 manat ilkin ödənişlə, qalan məbləği hissə-hissə ödəmək şərtilə 52000 manata satmış, müqavilə satıcı tərəfindən nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Satıcı B.N.S MMC ilə alıcı İddiaçı arasında bağlanmış 20.10.2017-ci il tarixli N- 11/05 saylı alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı alıcıya ünvan 4 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 55,15 kv.m olan 14 saylı mənzili 24000 manata ilkin ödəniş etməklə, qalan məbləği 28 aya hissə-hissə ödəmək şərtilə 52000 manata satmış, satıcı tərəfindən müqavilə MMC-nin direktoru Cavabdeh3 tərəfindən imzalanmışdır. B.N.S Fərdi MTŞ-nin direktoru Cavabdeh3 ilə payçı İddiaçı arasında bağlanmış 29.05.2018-ci il tarixli 19-1 saylı mənzil tikinti müqaviləsinin surətindən müəyyən olunur ki, B.N.S Fərdi MTŞ payçı İddiaçı dəyəri 32500 manat olan Bakı şəhəri ünvan 5 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmünə əsasən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 ilə mənzilin 52000 manat satılacağı barədə razılaşmış, ödənilməli olan 52000 manatın 9000 manatını bir dəfəyə vermiş, sonradan hər ay Cavabdeh2 400-500 manat ödəniş etmiş və nəticədə ilkin ödənilmiş 9000 manat da nəzərə alınmaqla, Cavabdeh2a cəmi 24000 manat pul ödəmişdir. Sonra görəndə ki, barəsində razılaşdıqları mənzilin yerləşdiyi evin tikintisi dayandırılıb, Cavabdeh2lə başqa tikdiyi evdə ona mənzil verəcəyi barədə razılaşmış, Cavabdeh2 onu Cavabdeh3 yanına göndərmiş, Cavabdeh3 ona yeni müqavilə və formal maliyyə arayışı yazıb vermiş, o da Cavabdeh3 əlavə olaraq cəmi 2500 manat məbləğində pul ödəmişdir. İddiaçı 2018-ci ildən hal-hazırkı vaxtadək ona məxsus evin başqa şəxsə satılması və bunun nəticəsində kirayə yaşamaq məcburiyyətində qaldığından 30000 manat maddi və 10000 mənəvi ziyanın əvəzinin əvəzinin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi 10.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilin yerləşdiyi ərazidə yerləşən və şəraiti, sahəsi, habelə texniki göstəriciləri baxımından bu evə uyğun olan evin orta aylıq kirayə haqqının müəyyən edilməsi məqsədi ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin etmiş və 11.08.2021-ci il tarixli UNİ/A 104-495/21 saylı rəy ilə Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 59,1 kv.m. olan mənzilin orta aylıq icarə dəyərinin 11.08.2021-ci il tarixə 150 manat təşkil etdiyi müəyyən edilmişdir. Hazırda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə qiymətləndirmə rəyinə uyğun olaraq 2018-ci ilin iyun ayından hesablanmaqla (36 ay x 150 manat) 5400 manat maddi ziyanın tutulması qənaətinə gəlmişdir. İddiaçı apelyasiya şikayətində bu hissəni mübahisələndirərək, kirayə haqqının 2016-cı ilin iyun ayından hesablanmalı olmasını göstərmişdir. Kollegiya qeyd edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır, belə ki, iddia tələbində iddiaçı 2018-ci ildən hal-hazırkı vaxtadək kirayə haqqının tutulmasını tələb etmiş, məhkəmə də haqlı olaraq iddia tələbinə uyğun olaraq nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır. İddiaçı isə apelyasiya şikayətində iddia tələbindən fərqli olaraq 2016-cı ildən etibarən kirayə haqqının hesablanmalı olduğunu tələb edir. Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Odur ki, iddiaçının iddia tələbindən fərqli olaraq 2016-cı ildən maddi ziyanın hesablanması barədə apelyasiya şikayətində göstərdiyi tələbinə baxılması və münasibət bildirilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. İddiaçının mübahisələndirdiyi hissə 5000 manatdan az olduğu üçün (9900- 5400=4500), MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1035/2021 saylı iş üzrə 12 oktaybr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən – kirayə haqqına görə tutulmalı olan maddi zərər hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar