Məhkəmə qərarları › İş №2(103)-2932/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2932/2021

03.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2932/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin bütövlüyünün təmin edilməsi, qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına və Cavabdeh2 İddiaçı qarşı “borc tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub: 1) Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, iddiaçıya məxsus 0,055 ha torpaq sahəsinin kadastr göstəricilərində olan kordinatları üzrə bütövlüyü təmin olunsun, zəbt olunmuş 20 kv.m torpaq sahəsindəki hasar sökülməklə həmin sahə iddiaçıya qaytarılsın; 2) maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat iddiaçıya ödənilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 4.280 manat borc tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, Badamdar qəsəbəsində iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi ilə Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinin arasında Cavabdeh1 tərəfindən çəkilmiş hasar sökülsün və zəbt olunmuş, iddiaçıya məxsus 20 kv.m torpaq sahəsi iddiaçıya qaytarılmaqla iddiaçının 0,055 ha torpaq sahəsinin kadastr göstəricilərində olan kordinatları üzrə bütövlüyü təmin olunsun. Qətnamə ilə daha sonra qət olunub ki, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin olunmasın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia Cavabdeh1 münasibətdə rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin ilk iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. İlk iddianın rədd edilməsinə aid hissədə, o cümlədən qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə qətnamə yoxlanılmır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Adilə Hüseynovaya məxsus olub. 16.03.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Adilə Hüseynova həmin torpaq sahəsinin 0,055 ha hissəsini İddiaçı, 0,005 ha hissəsini isə Cavabdeh2 satıb. Alqı-satqı müqaviləsini satıcı Adilə Hüseynovanın adından etibarnamə əsasında Cavabdeh1 bağlayıb. 2 ay sonra - 16.05.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında 0,005 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 satılıb. Həmin müqaviləni satıcı Cavabdeh2 adından etibarnamə üzrə nümayəndəsi Emil Əliyev bağlayıb. 0,055 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 18.04.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. İddiaçı iddia edir ki, onun torpaq sahəsi 20 kv.m azalıb, buna səbəb 2 torpaq sahəsinin (0,055 ha torpaq sahəsi ilə 0,005 ha torpaq sahəsinin) arasında Cavabdeh1 tərəfindən hasarın çəkilməsi olub. İddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsinin 20 kv.m az olması (yəni faktiki olaraq 530 kv.m olması) mütəxəssis rəyi ilə təsdiq olunub. Belə ki, mütəxəssis rəyi ilə (iş v. 122) müəyyən edilib ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 530 kv.m-dir, çıxarışla onun mülkiyyətinə verilmiş torpaq sahəsi isə 0,055 ha-dır, yəni faktiki istifadəsidə olan torpaq sahəsi 20 kv.m azdır. Ekspert rəyində (iş v. 131) eynisi təsdiq olunub. Mübahisənin düzgün həlli üçün aydınlaşdırılmalıdır ki, iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsinin çatışmayan 20 kv.m hissəsi Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinə birləşdirilibmi ? Bununla əlaqədar apellyasiya icraatı zamanı mütəxəssis rəyinin alınması barədə qərardad qəbul olunmuş və mütəxəssisin qarşısında göstərilən suallar qoyulmuşdur: 1) iddiaçıya məxsus 0,055 ha torpaq sahəsinin hər hansı hissəsi qonşu torpaq sahəsinə, yəni Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinə birləşdirilibmi? 2) əgər birləşdirilibsə birləşdirilən torpaq sahəsinin ölçüsü nə qədərdir? 3) iddiaçıya məxsus olan 0,055 ha torpaq sahəsi ilə Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinin arasında hasar yerləşirmi ? 4) əgər həmin iki torpaq sahəsinin arasında hasar yerləşirsə hasarın altında qalan torpaq sahənin ölçüsü nə qədərdir? 5 ) hasarın altında qalan torpaq sahəsi iddiaçıya, yoxsa Cavabdeh1 məxsusdur? Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunub: 1) iddiaçıya məxsus olmuş 0,055 ha torpaq sahəsinin 0,0265 ha hissəsi Elman Sərdarovun adına, 0,0265 ha hissəsi Zaur Rəhhimovun adına müvafiq alqı-satqı müqavilələri əsasında qeydiyyatdan keçmişdir, 0,0020 ha hissəsi isə İddiaçı mülkiyyətindədir və Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinə birləşdirilib; 2) birləşdirilən torpaq sahəsinin ölçüsü 0,0020 ha-dır; 3) iddiaçıya məxsus 0,055 ha torpaq sahəsi ilə Cavabdeh1 məxsus 0,005 ha torpaq sahəsinin arasında hasar yerləşmir; 4) iddiaçıya məxsus olmuş 0,055 ha torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin arasında mövcud olan hasar hal-hazırda Zaur Rəhhimovun adına çıxarışla qeydiyyatdan keçmiş torpaq sahəsində yerləşir. Göründüyü kimi, iddiaçıya məxsus olan 20 kv.m torpaq sahəsi Cavabdeh1 aid olan sahəyə birləşdirilib. Bu isə onu təsdiq edir ki, cavabdeh iddiaçıya məxsus olan əmlaka qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, 20 kv.m torpaq sahəsi geri qaytarılmalıldır. Beləliklə, ilk iddianın təmin edilməsinə aid olan hissədə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə həmin hissədə ləğv edilməli və bu hissədə tələbin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməsinə aid olan hissədə ləğv olunsun. Ləğv edilmiş hissədə tələb qismən təmin olunsun. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, Cavabdeh1 məxsus olan 0,005 ha torpaq sahəsinə birləşdirilmiş, İddiaçı məxsus olan 20 kv.m torpaq sahəsi azad edilərək İddiaçı qaytarılsın. Ləğv edilmiş hissədə qalan tələb təmin olunmasın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar