Məhkəmə qərarları › İş №2(103)-2934/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2934/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2934/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2934/2025 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının hüquqi varisi Zərbiyeva Bilqeyis Arif qızının iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, Bakı şəhəri Yasamal rayon Prokurorluğu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1413/2024 nömrəli 09 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 avqust 2021-ci il tarixli qərarına əsasən, X3 barəsində 7 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(004)- 12/2023-cü il nömrəli hökmü ilə X6 bəraət verilmişdir.

3. K.Zərbiyev qanunsuz olaraq, 08 avqust 2021-ci il tarixdən 26 sentyabr 2023-cü il tarixədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs statusunda olmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qətimkan tədbiri kimi həbsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X8 18 yanvar 2024-cü il tarixdə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 31000 manat, peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 manat, vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində, sağlamlığına vurulmuş zərərə görə 100000 manat və hüquqi yardım üçün ödənilmiş 830 manat, cəmi 182.911 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslanıdırılmışdır ki, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx.xx.2021-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş X3 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edilərək, sonucunun barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından X3 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə baxaraq, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-433/2021 saylı qərarını ləğv etmiş və təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonucu məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev tərəfindən verilmiş X3 barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatəti təmin edilərək sonucu barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Yasamal RPİ-nin sabiq müstəntiqi polis mayoru Samir Ağayev təqsirləndirilən şəxs X3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xx.xx.2022-ci il tarixdə bitdiyinə görə, barəsində xx.xx.2022-ci il tarixdə tərəfindən polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023- cü il tarixli hökmü ilə X3 əməllərində Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023-cü il tarixli bəraət hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, apellyasiya protesti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)- 12/2023-cü il tarixli hökmü X6 nisbətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarından Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhramov tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2023-cü il tarixdə baxaraq, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı X6 aid hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Belə ki, iddiaçını qanunsuz olaraq 08 avqust 2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq edilmiş və qanunsuz məhkəməyə verilməsi nəticəsində 2 il 1 ay 17 gün işsiz qalmışdır. Bu müddət ərzində işsiz qalmağı nəticəsində onun və ailəsinin maddi durumu olduqca acınacaqlı vəziyyətə düşmüşdür. Bu müddət ərzində o, taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi gündəlik orta hesabla 40 manat qazancından qalmaqla, ümumilikdə 31.000 (otuz bir min) manat məbləğində qazancından məhrum olmaqla yanaşı böyük mənəvi sarsıntılarda keçirmişdir. Heç bir təqsiri olmadığı təqdirdə 2 il 1 ay 17 gün müddətində təqsirləndirilən şəxs qismində ittiham olunaraq, faktiki olaraq həyat və iş fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bundan başqa, Kazım Zərbiyev Bakı İstintaq Təcridnasında saxlanarkən ona xx.xx.2021-ci il tarixdə COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi vurulmuşdur. Kazım Zərbiyev peyvənd vurulan zaman bildirsə də ki, onun bir böyrəyi yoxdur və bu peyvənd ona olmaz, lakin buna baxmayaraq həmin COVİD-19 xəstəliyinə qarşı Sinovak peyvəndi ona məcburi qaydada vurulmuşdur və nəticədə onun səhəttində ciddi problemlər yaranmışdır, yəni yeganə böyrəyi bu peyvənd nəticəsində tam sıradan çıxmışdır. Belə ki, xx.xx.2021-ci il tarxidə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad olunandan sonra səhhətində yaranmış problemlə bağlı xx.xx.2021-ci il tarixdə 3 saylı Şəhər Kliniki Xəstəxanaya müraciət etmiş və orada analizlər vermişdir, analizlərin nəticəsi heç də yaxşı olmamışdır. Belə ki, həkim Kazım Zərbiyevi dərhal Akademik M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına göndərərək orada müalicə alınmasını bildirmişdir. Mülacinənin ona bir xeyri olmadığından həkim dərhal hemodializ müalicəsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə Kazım Zərbiyev EGE HOSPİTAL-a müraciət edərək, aparılmış ilkin müayinələrdən sonra xəstəyə “Hiperteniz nefropatiya, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu qoyulmuş və hemodializ müalicəsinə başlanılmışdır. Bu müalicənin aparılmasına səbəb məhz həbsdə yatdığı zaman ona edilmiş peyvənd olmuşdur. Özü həbsdən azad olunduqdan sonra hemodializ prosedurlarına 1081 manat pul xərcləmək möcburiyyətində qalmışdır. Həmin məbləğ də zərərçəkmiş şəxs Kazım Zərbiyevə ödənilməlidir. Yeganə böyrəyini məcburi peyvənd aparılmaqla faktiki olaraq sıradan çıxması nəticəsində Kazım Zərbiyevin sağlamlığına bərpaolunmaz dərəcədə ağır zərər vurulmuşdur. Bu zərərin əvəzi qismində Kazım Zərbiyevə əlavə olaraq 100.000 (yüz min) manat zərərin əvəzi qismində ödənilməlidir. Habelə, iddiaçı qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edildiyinə görə hələ də fiziki və psixi əzab və iztirablar çəkməkdədir. Hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq təqsirli bilinməyi onun şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən bir hal kimi çıxış etməkdədir və bu vəziyyət ona şəxsi həyatında hələ də problemlər yaratmaqdadır. Hesab edilir ki, mənəvi zərər qismində Kazım Zərbiyevə daha 50.000 (əlli min) manat məbləğində pul vəsaiti ödənilməlidir və bu, ədalətlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmş maddi ziyana görə 31.000 (otuz bir min) manat, peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 (min səksən bir) manat, vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində, sağlamlığına vurulmuş zərərə görə 100.000 (yüz min) manat və hüquqi yardım üçün ödənilmiş 830 (səkkiz yüz otuz) manat, cəmi 182911 (yüz səksən iki min doqquz yüz on bir) manat pulun tutularaq X6 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal rayon Prokurorluğunu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsini və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1413/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 tərəfindən verilmiş 368/KEŞ nömrəli Ekspert rəyindən görünür ki, 1980-cı il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. X12 PHŞ-ndə Kazım Zərbiyevin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 2000-ci ildə onun üzərində “Sol tərəfli nefroektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. 2. X2 müvafiq protokol qaydalarına əsasən, sol tərəfli nefroektomiya cərrahiyyə əməliyyatı olunmuş şəxsə “Covid-19” virus infeksiyası əleyhinə peyvənd aparıla bilər. 3.4. X12 PHŞ-ndə Kazım Zərbiyevin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Xroniki böyrək xəstəliyi V mərhələ” xəstəliyinin olduğu qeyd edilmişdir ki, bu da onun böyrəyinin fəaliyyətinin pozulmasına və bununla əlaqədar hemodializ prosedurunun aparılması zərurəti doğurmuşdur.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1413/2024 nömrəli 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iddiaçı X3 xeyrinə 5.800 manat məbləğində mənəvi zərərin və iddiaçı tərəfindən ödənilmiş 830 manat məbləğində vəkil xərcinin əvəzinin ödənilməsi qət edilmişdir.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq xx.xx.2021-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Lakin onun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş və xx.xx.2021-ci il tarixdə X3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonuncu məhkəmə iclas zalından həsbdən azad olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdən isə X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023 saylı Hökmünə əsasən X3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmiş, sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-639/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1715/2023 saylı Qərarlarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

11. Maddi ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona 31.000 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tələbində həbs olunan vaxtadək taksi fəaliyyəti ilə məşğul olduğunu və gündəlik orta hesabla 40 manat qazanc əldə etdiyini iddia etsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmişdir (müvafiq əvvəlki əmək müqaviləsini, vergi orqanından ödəniş cədvəllərini və s.). Buna görə də məhkəmə hesab edir ki, X3 iddia tələbi 31.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.

12. Məhkəmə iddia tələbinin peyvəndlə bağlı xərclərə görə 1.081 manat və sağlamlığına vurulmuş zərərə görə 100.000 manat məbləğində pulun xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissələrdə də tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən sonra səhhətində yaranmış problemlərlə bağlı həkimə müraciət etdiyini, sağlamlığında yaranmış problemlə bağlı müalicənin aparıldığını və həmin müalicənin aparılmasına səbəb həbsdə olduğu müddətdə ona vurulan peyvəndin nəticəsi olduğunu iddia edərək, müalicəyə görə xərclədiyi 1081 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “Ege Hospital” tərəfindən verilən ödəniş qəbzlərində həqiqətən də X8 tərəfindən 1.081 manat məbləğində pulun ödənildiyi görünür. Lakin, məhkəmə hesab etmişdir ki, iddiaçı sağlamlığında yaranmış problemlərin həqiqətən də onun həbsdə olduğu müddətdə ona məcburi qaydada vurulan peyvəndin nəticəsində yarandığını və həmçinin, bütün bunlarla bağlı onun sağlamlığına qeyd etdiyi kimi ümumilikdə 100.000 manat məbləğində ziyan vurulmasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı barəsində 7 gün müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) «həbs» qətimkan tədbiri, 5 ay müddətinə (xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək) «ev dustaqlığı» qətimkan tədbiri və 1 il müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) isə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün həbsdə qalması, barəsində ev dustaqlığı və polisin nəzarəti altınavermə qətimkan tədbirlərinin seçilməsinə görə ümumilikdə 5.800 manat (həbsdə saxlanılmasına görə cəmi 300 manat + ev dustaqlığı qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla cəmi təqribən 2500 manat + polisin nəzarəti altınavermə qətimkan tədbirinə görə 1 ay üçün 250 manat olmaqla cəmi təqribən 3000 manat) məbləğində müəyyən olunmalıdır.

15. Daha sonra məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı müxtəlif instansiyalarda hüquqi yardımla əlaqədar 830 manat məbləğində vəkil xərci ödəmişdir. İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə və sonda məhkəmə qərarlarına əsasən bəraət aldığına görə onun müdafiəsi üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin əvəzi ona ödənilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3, 60.1-ci maddələrinə «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 1101.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatıNazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olmasıməsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası(qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. İş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlıməhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5800 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. İddiaçıya mənəvi zərərə görə 5800 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquqmühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı X8 apellyasiya baxışının gedişində – 09 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5592/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(006)-1413/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 58.1 və 261.0.7-ci maddələri əsaslandırmışdır.

b) Kassasiya instansiya məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-188/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (məruzəçi), İ.Şəfiyev və Ə.Nurəhmədov) iddiaçı X3 arvadı Zərbiyeva Bilqeyis Arif qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5592/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyasına qaytarılmışdır.

25. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsini özünün gətirdiyi dəlillərə əsasən maddi zərərə aid hissədə iş üzrə icraata xitam verilə bilməzdi. Çünki Cinayət Prosessual Məcəllənin 58.3.4-cü maddəsinin tələbləri baxımından müdafiəçiyə ödənilmiş pul məbləği hazırki iddiada maddi zərər qismində çıxış edir.

26. Bundan əlavə, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 4-cü bəndində göstərilib ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda iddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.

27. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında da mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda iddiaçının ölümü ilə iş üzrə xitam verilməsi bir halla şərtləndirilib ki, bu da iddiaçının qətnamə qəbul edilənə kimi vəfat etməsidir. Başqa sözlə, Ali Məhkəmənin Plenumunun həmin qərardakı mövqeyindən belə qənaət hasil olur ki, qətnamə qəbul ediləndən sonra iddiaçının vəfat etməsi halı iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz.

28. Hazırki işdə isə iddiaçı ölənə kimi birinci instansiya məhkəməsinin qətnaməsi artıq var idi.

29. Mənəvi zərərin kompensasiyasının digər üsullarından fərqli olaraq mənəvi təzminat tələbləri üzrə şəxsiyyətə bağlılıq zərərçəkənin bu tələb hüququndan istifadə anınadək davam edir. Bu andan etibarən mənəvi təzminatın ödənilməsi tələbi əmlak hüququna çevrildiyindən həmin hüququn zərərçəkənin vərəsələri tərəfindən təqibi mümkündür. Belə tələbin isə güzəşt edilməsi və miras yolu ilə keçməsinə hər hansı hüquqi maneə yoxdur.

30. Zərərçəkənin bu hüququndan istifadəsi onun zərərvurana qarşı mənəvi təzminat tələbini irəli sürməsini ehtiva edir. Bu cür tələb zərərçəkənin məhkəmədə cavabdehə qarşı iddia qaldırması və ya məhkəmədənkənar qaydada (yazılı pretenziya) tələb irəli sürməsi ilə də ifadə oluna bilər.

31. Mənəvi zərərə dair tələb hüququ sahibi tərəfindən bəyan edildiyi halda mənəvi zərəri tələb etmək hüququ şəxsə bağlı olmaq vəziyyətindən çıxmış olur. Yəni mənəvi zərərin istənilməsi bir tələb olaraq irəli sürüldüyü andan etibarən şəxsi hüquq olma vəziyyətindən çıxaraq əmak hüququna çevrilir. Bu andan etibarən əmlak tələbi kimi mənəvi zərər tələbi başqalarına güzəşt edilə bilər və ya miras qaydasında vərəsələrə keçə bilər. Bunun əksi fərz edilsə, hüquqazidd əmələ uğrayan və zərərçəkmiş şəxs vəziyyətində olan şəxs deyil, hüquqa zidd hərəkətə yol vermiş olan şəxs əlverişli mövqe əldə etmiş olar.

32. Hüquq nəzəriyyəsində də hakim mövqe bundan ibarətdir ki, mənəvi zərər (təzminat) iddiası baxımından şəxsə bağlılıq yalnız hüququn istifadəsinə qərar verilməsinə qədər davam edir. Bu hüquqdan istifadə edildikdən sonra başqaları (hüquq varisləri) tərəfindən həmin hüququn tətbiqi və həyata keçirilməsi mümkündür. Mənəvi zərərlə bağlı şəxsə bağlılıq vəziyyəti zərər çəkmiş şəxs tərəfindən bu barədə tələbin irəli sürülməsinə qərar verildikdən sonra bununla bağlı hüquqi hərəkətlərin edilməsini və ödəniləcək mənəvi zərərin məhz mənəvi zərər məruz qalmış şəxsə verilməsini zəruri etmir.

33. Şərh edilənlərdən belə nəticəyə gəlmək olar ki, bəyan ediləndən sonra mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ artıq əmlak tələbi vəziyyətinə keçir, əmlak tələbinin güzəşt edilməsi və miras yolu ilə keçməsini istisna edən qayda isə yoxdur.

34. Çünki Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Bu baxımdan, mənəvi zərərin əvəzinin pulla ödənilməsi ilə bağlı iddialarda iddiaçının məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat etməsi və ya hətta belə iddianın rədd olunması (iddiaçının öldüyü halda) da tələbin əmlak xarakterini dəyişmir.

c) Proses iştirakçılarının izahatı

36. Məhkəmə iclasında iştirak edən iddiaçının arvadı Zərbiyeva Bilqeyis Arif qızı ərizə təqdim edərək, onun ölmüş əri X3 prosessual hüquqi varisi qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

37. İddiaçının hüquqi varisi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

39. Maddə 28, İİİ hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 40.Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi

41. Maddə 56.0.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

42. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

43. Maddə 58.3.4. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə müdafiəçiyə ödənilmiş pul məbləğinə görə kompensasiya verilir.

44. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

45. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

46. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

47. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

48. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

52. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

53. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

54. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

55. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

56. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

61. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

62. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

65. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq xx.xx.2021-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində xx.xx.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Lakin onun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş və xx.xx.2021-ci il tarixdə X3 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə sonuncu məhkəmə iclas zalından həsbdən azad olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdən isə X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-12/2023 saylı Hökmünə əsasən X3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrinin tərkibi olmadığına görə ona həmin maddələrlə bəraət verilmiş, sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-639/2023 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1715/2023 saylı Qərarlarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

68. Göründüyü kimi, iddiaçı barəsində 7 gün müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) «həbs» qətimkan tədbiri, 5 ay müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) «ev dustaqlığı» qətimkan tədbiri və 1 il müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) isə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. 69.MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

70. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

71. Kollegiya hesab edir ki, hazırki iddiya düzgün cavabdehə (ona cavab verməli şəxsə) qarşı qaldırılmışdır və ona vurulmuş mənəvi zərərin əvəzi məhz Maliyyə Nazirliyindən tutulmalıdır. Kollegiya razılaşır ki, sonuncu iddiaçıya qarşı hər hansı mülki, cinayət və s. hüquq pozuntusu törətməmişdir, ancaq Nazirlik dövlət büdcəsinin yeganə sərancam verici orqanı olduğundan, dövlətin məruz qaldığı maddi təzminatlar da məhz Maliyyə Nazirliyi vasitəsilə ödənilməlidir.

72. Mənəvi ziyana görə kompensasiyanın məbləğinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq məhkəmənin müəyyən etdiyi kompensasiyanın məbləği ilə (5800 manat) razılaşır və həmin məbləği ağlabatan və ədalətli hesab edir.

73. İddia tələbinin hüquqi yardım üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı müxtəlif instansiyalarda hüquqi yardımla əlaqədar 830 manat məbləğində vəkil xərci ödəmişdir. İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə və sonda məhkəmə qərarlarına əsasən bəraət aldığına görə onun müdafiəsi üçün ödənilmiş 830 manat məbləğində pul vəsaitinin əvəzi ona ödənilməlidir.

74. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1413/2024 nömrəli iş üzrə 09 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar