Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2936/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2051/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Cavabdeh İcra Məmuru cənab Rəsul Mirzəpurun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müraciətlərinə nəzərdə tutulan müddət ərzində rəsmi qaydada cavab verilməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(0020-3177/18 saylı qətnaməsinin icra olunması məqsədilə “İcra haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq borcluların barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi (əmlaklarının olub-olmamasının müəyyən edilməsi, mənzildən məcburi qaydada çıxarılması və onları mənzilə köçürülməsi, ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulması, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmasına dair məhkəməyə təqdimat verilməsi) və qətnamənin dərhal icra olunması öhdəçiliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)-3177/18 saylı qətnaməsinə əsasən, X8, X13, X9, X6, X10 və X11 Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılmalı, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-ə köçürülməlidir. Qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Cavabdehnə yönəlmişdir. Lakin icra məmuru cənab Rəsul Mirzəpur nə borcluları mənzildən çıxarır, nə də biz tələbkarları mənzilə köçürür. Müraciətlərə cavab vermir, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini icra etmir. Ümumiyyətlə tam hərəkətsiz dayanıb. Dəfələrlə Cavabdeh rəisi cənab Kamal Əliyevin və həmin şöbənin icra məmuru cənab Rəsul Mirzəpurun qəbullarında olmuşlar, rəsmi ərizə ilə müraciət etmişlər, lakin qanunvericiliyin tələblərinə zidd olaraq müraciətlərə cavab verilməmiş, xeyrinə çıxarılan məhkəmə qətnaməsini icra etməyəcəklərini şifahi qaydada bildirirlər. Beləliklə Cavabdeh tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına uyğun olaraq məcburi icra tədbirləri görülməmiş, icra şöbəsinə həvalə edilən işə məsuliyyətsizlik etmiş və qətnamənin bu günə kimi də icrasını etməkdən boyun qaşırmış və nəticədə onlara mənəvi ziyan vurmaqla bərabər məhkəmə qətnaməsinə də hörmətsizlik etmişlər və etməkdə davam edirlər. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Cavabdehnə yönəlmişdir. Lakin icra məmuru cənab Rəsul Mirzəpur nə borcluları mənzildən çıxarır, nə də biz tələbkarları mənzilə köçürür. İddiaçıların müraciətlərinə cavab vermir, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini icra etmir. Ümumiyyətlə, tam hərəkətsiz dayanıb. İddiaçılar dəfələrlə Cavabdeh rəisi cənab Kamal Əliyevin və həmin şöbənin icra məmuru cənab Rəsul Mirzəpurun qəbullarında olmuş, rəsmi ərizə ilə müraciət etmişlər, lakin qanunvericiliyin tələblərinə zidd olaraq müraciətlərinə cavab verilməmiş, xeyirlərinə çıxarılan məhkəmə qətnaməsini icra etməyəcəklərini şifahi qaydada bildirirlər. Beləliklə, Cavabdeh tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarına uyğun olaraq məcburi icra tədbirləri görülməmiş, icra şöbəsinə həvalə edilən işə məsuliyyətsizlik etmiş və qətnamənin bu günə kimi də icrasını etməkdən boyun qaçırmışlar və nəticədə iddiaçılara maddi və mənəvi ziyan vurmaqla bərabər, məhkəmə qətnaməsinə də hörmətsizlik etmişlər və etməkdə də davam edirlər. Dəfələrlə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə müvəkkilinə (Ombudsmana) şikayət etsələr də, nəticəsi olmamışdır. Bu da iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrində təsbit edilmiş konstitusion hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13242/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13242/2019 saylı qətnaməsindən ayrıayrılıqda verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5167/2020 saylı qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13242/2019 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-2051/2019 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)-3177/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X8, X9, X6, X10 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılması, İddiaçı1, X4, X1, Mirəzyev hacı Əliağa oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-ə köçürülmələri qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarın məzmunundan aydın olur ki, Bakı şəhəri Cavabdeh icra məmuru tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3177/2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqına bildirişin məzmunundan görünür ki, X8, X13, X5 tələbin 10 gün müddətdə könüllü icra edilməsi tələb edilmiş, əks tədirdə görüləcək məcburi icra tədbirləri barədə xəbərdar olunmuşlar. İş materiallarında olan Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdehnə ünvanlanmaış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan aydın olur ki, Laçın rayonundan məcburi köçkün olan X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62 ünavında müvəqqəti məskunlaşdığını, onun mənzillə təmin edilmədiyini, hazırda bununla əlaqədar başqa şəxslərin mənzillərində məskunlaşmış məcburi köçkünlərin ailələrinin köçürülməsi məqsədilə yaşayış evlərinin tikilməsinin nəzərdə tutulduğunun, bununla bağlı işlərin davam etdirildiyini, hazırda isə Komitənin balansında boş mənzil olmadığı üçün məcburi köçkün X3 ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi mümkün olmamışdır, bu halların nəzərə alınaraq, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(002)-3177/2018 nömrəli qətnamənin icrasını Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə uyğun olaraq, onun ailəsi başqa yaşayış sahəsi ilə təmin edilənədək dayandırmağı xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx xxxx 2019-cu il tarixdən ötən 4 ay müddətində qətnamənin icra olunmamasının səbəblərini araşdırmadan, icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülüb-görülməməsini tam, hərtərəfli və obyektiv araşdırmadan, zərurət yaranarsa icra işini tələb edib, baxış keçirmədən brinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İşdən görünür ki, iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmuru tərəfindən icra edilməməsindən, bir sözlə icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlənmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsində göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Ona görə də, işə yenidən apellyasiya qaydasında baxılarkən, sadalanan maddələrin tələbləri baxımından hazırkı işin aidiyyət qaydalarına riayyət etməklə məhkəmənin öz icraatına qəbul edibetməməsi məsələlərinə də hüquqi qiymət verilməlidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra –Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X7 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli, 5 saylı Qərarının 6-cı bəndinə əsasən mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir; Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Hazırki işdən görünür ki, iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmuru tərəfindən icra edilməməsindən, bir sözlə icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlənmişlər. İcra məmuru tərəfindən icra sənədinin icrasından kənara çıxma halları olmamış, belə bir mübahisə mövcud deyildir. Kollegiya hesab edir ki, icra məmurunun hərəkət və hərəkətsizliyindən iddiaçıların iddia icraatı qaydasında müraciəti, məhkəmə qətnaməsinin icrası qaydasında məhkəmə baxışının tərkib hissəsi olduğundan və buna nəzarət funksiyası məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirildiyindən, iddiaçıların hazırkı tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. İddiaçıların “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra icraatı qaydasında icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməldir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1, 263-264, 391, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 2051/2019 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. İddiaçılara izah edilsin ki, “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra icraatı qaydasında icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2936/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2936/2021
17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver