Məhkəmə qərarları › İş №2(103)-294/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-294/2020

09.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-294/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz quraşdırılmış pəncərənin sökülməsi, divarın əvvəlki vəziyyətə qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 5347/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən götürülmüş əşyaların və ya dəyəri 950 manatın, 6000 manat maddi və 5000 manat mənəvi zərərin alınaraq iddiaçıya verilməsi, qanunsuz inşa etdiyi pəncərənin (şüşəbəndin) cavabdehin öz hesabına sökülməsi və sökdüyü divarın tikilib təmir edilməsi - əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Sonuncu mülkiyyətində olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməklə, təmir-tikinti işləri ilə məşğul olduğu üçün həmin otaqda istifadə etdiyi alətlər və bəzi məişət əşyalarını saxlayır, eyni zamanda oradan iş yeri kimi istifadə edir. Cavabdeh iddiaçının olmadığı zaman özünün yaşadığı mənzilin içərisindən divarı uçurdaraq, evinin içindən iddiaçının otağının içərisinə plastik pəncərə (şüşəbənd) quraşdırmışdır. Cavabdeh iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin divarını dağıtmaqla ona maddi ziyan vurmuş, divarın suvaqları dağılmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində qanuni qaydada iddiaçı özünə məxsus olan obyektindən istifadə edə bilmədiyindən qazancından məhrum olmuşdur. Bunun nəticəsində iddiaçı onun mülkiyyət hüququnu pozmaqla yanaşı, ümumi dəyəri 950 manat olan - 1 ədəd 300 manat dəyərində olan elektirik məhəsi, 1 ədəd 600 manat dəyərində olan laqonda və 1 ədəd 50 manat dəyərində olan qutab bişirmək üçün sac götürülmüşdür. Cavabdehdən dəfələrlə inşa etdiyi pəncərəni ləğv etməsi və vurduğu ziyanı ödəməsi tələb olunmasına baxmayaraq, nəticəsi olmamışdır. Eyni zamanda iddiaçı cavabdehin yaşadığı otaqla divar qonşusudur. Cavabdeh iddiaçının dövlət tərəfindən qorunan mülkiyyət hüququnun həyata keçirməsinə maneə törədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)- 5347/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5, mənzil 1C ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan mənzil (əvvəlki Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 76,2 kv.metr olan qeyri-yaşayış sahəsi) ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilən pəncərənin (şüşəbəndin) Cavabdeh öz hesabına sökülməsi və sökülmüş divarın tikilib təmir edilərək əvvəlki vəziyyətinə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-5347/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən qətnamənin əsaslandırıcı hissəsində bir-birini təkzib edən hallara istinad edilmiş, bu da yekunda düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassıl olaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(103)-1267/2014 saylı qətnaməsinə istinad edərək, həmin üzrə keçirilmiş ekspert rəyinə əsaslanmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin daha əvvəlcədən açıq olan havalandırma hissəsini bağlatması və onun qeyri-yaşayış sahəsinin arxa divarının Cavabdeh mülkiyyətində olan mənzilə bitişik olması, ortaq divarın tamamilə örtülü qalması vəziyyətində cavabdehin həmin mənzildən havalandırma olmadığı üçün istifadəsi mümkünsüz hala gələcəkdir. Cavabdehin yüksək təzyiqli xəstə olmaqla yanaşı, daima ambulator müalicə almaqdadır. Bundan əlavə, cavabdehin oğlu X8 hərbi xidmət dövründə əlillik aldığı üçün 1-ci qrup müddətsiz əlil olaraq kənar şəxsin daimi qulluğuna və yardımına ehtiyacı vardır. Birinci instansiya məhkəməsinin qətnaməsində Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə istinad edilsə də həmin maddə düzgün tövsif edilməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Yəni, ortaq divarlar tikilərkən həmin divarlar hər iki qonşunun həmin divar üzrə tələbatını qarşılayacaq dərəcədə olmalıdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini istifadə etməməsi, qabaq tərəfindən bağlaması səbəbindən həmin qeyri-yaşayış sahəsinin arxa tərəfindən bitişik olan cavadehin xüsusi mülkiyyətində olan mənzildə havalandırmanın olmaması ilə nəticələnməkdə və həmin mənzildə yaşamağı imkansız hala gətirməkdədir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 227.1-ci maddəsinə istinad edilsə də həmin maddə yenə də düzgün tövsif edilməmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mübahisəli yerdə birdən çox mənzil yox, əksinə bir mənzil və bir qeyri-yaşayış sahəsi mövcuddur. Həmçinin mənzil sahibi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olsa da, qeyri-yaşayış sahəsinin mülkiyyətisi bu kateqoriyaya daxil deyildir. Mübahisə predmeti olan sahədə iddiaçının özünün mülkiyyət hüquqlarına dayanaraq qeyri-yaşayış sahəsinin qabaq divarının havalandırmasını bağlaması, mənzil müliyyətçisinin mənzilini havalandırmasız buraxmaq üçün cavabdehin vəsaiti hesabına açılan pəncərini onun hesabına sökdürməyə çalışması hüquqdan sui-istifadə halından başqa bir şey deyildir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11646/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5347/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddianı təmin edilməsi hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kolleygiyasından xahiş etmişdir. Təkrar apellyasiya baxışında İddiaçı etibarnamə əsasında nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilsə da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini yalnız qətnamənin iddianın təmin edilən hisəssinin qanuniliyinin və əsaslılığının yoxlanıması təşkil edir. İş üzrə tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 5 ünvanında yerləşən ümumi sahəsi 8,7 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx xxxxx 2014-cü il tarixdə İddiaçı adına, həmin binada yerləşən ümumi sahəsi 76,2 kv.metr olan 1C saylı mənzil isə xüsusi mülkiyyət hüququ ilə xx xxxx 2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən olunur ki, iddiaçıya və cavabdehə məxsus olan həmin sahələr binanın birinci mərtəbəsində yerləşməklə, bir-biri ilə qonşu sahələrdir. Bundan əlavə iş üzrə məyyən olunmuşdur ki, Cavabdeh adına qeydiyyata alınmış sahə əvvəllər qeyri-yaşayış sahəsi olmaqla, onun tərəfindən mənzil kimi istifadə olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə Cavabdeh xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 76,2 kv.metr olan qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə Cavabdeh müraciətinə məhkəmənin mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Daha sonra müəyyən olunur ki, cavabdehin mənzilinin mətbəx kimi istifadə olunan tikilisindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arasında olan arakəsmə (ortaq) divarda pəncərə açılmış və cavabdeh həmin pəncərəni mətbəxin havalandırması üçün istifadə edir. Nəhayət müəyyən olunmuşdur ki, tərəflər arasında əvvəllər də mübahisələndirilən sahələrlə əlaqədar bir neçə oxşar məhkəmə mübahisələri olmuş, o cümlədən Cavabdeh iddiaçı qismində cavabdeh X6 qarşı qanunsuz tikilmiş divarın sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, İ.İsmayılov küçəsində 5 saylı ünvanda yerləşən ümumi sahəsi 76,2 kv.m. olan qeyri-yaşayış sahəsi ilə cavabdeh X4 faktiki istifadəsində olan 8,1 kv.m. sahənin fasad divarının üst hissəsində nəzərdə tutulmayan qoyulmuş pəncərənin cavabdehin öz hesabına sökülməsi, X3 maddi ziyana görə 200 manat, mənəvi ziyana görə 200 manat pul məbləğinin, 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh X6 qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh X6 qarşı - Bakı şəhəri, Xətai rayonu, İ.İslamov küçəsi, 5 saylı evin, 1C saylı mənzilinin mətbəxinin qarşısına bitişik, ölçüsü 8,2 kv.m olan sahədən istifadə etməsinə maneələr törətməsinə son qoyulmasının, maneələrin aradan qaldırılmasının, həmin sahədə olan əşyaların və zibil tullantılarının boşaltmasının cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə 2000 manatın, maddi zərərə görə 2000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı - Bakı şəhəri, Xətai rayonu, İ.İslamov küçəsi, 5 saylı evin, 1C saylı mənzilinin mətbəxinin qarşısına bitişik, ölçüsü 8,2 kv.m olan sahədən istifadə etməsinə maneələr törətməsinə son qoyulmasının, maneələrin aradan qaldırılmasının, həmin sahədə olan əşyaların və zibil tullantılarının boşaltmasının cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərə görə 4000 manatın, maddi zərərə görə 2000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsinin iddianı təmin edən hissəsini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi (mənzil) ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ortaq divarında pəncərə nəzərdə tutulmamış, cavabdeh ortaq divardakı pəncərəni özbaşına açmışdır. Məhkəmə həmin halları tərəflər arasında mövcud olmuş mübahisə əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən etmişdir. Mübahisələndirilən qətnaməni qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, həmin qətnamə qəbul edildiyi tarixdən sonra cavabdehin istifadəsində olan sahənin təyinatı dəyişdirilmiş və həmin dəyişiklik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş üzrə əlavə araşdırma aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Prosessual qanunvericiliyin göstərilən tələbinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişləri icra edilməsi məqsədi ilə təkrar apellyasiya araşdırması zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli, 19231 saylı rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 5 ünvanında yerləşən 8,7 kv.metr qeyriyaşayış sahəsi və Cavabdeh məxsus həmin ünvanda yerləşən 76,2 kv.metr 1C saylı mənzilin ortaq divarında 0,6 x 0,8 metr ölçüdə açılmış pəncərə blokunun həmin əmlakların texniki pasportlarında əks olunmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikililər arasındakı arakəsmə (ortaq) divarda 0,6 x 0,8 metr ölçüdə açılmış pəncərə blokunun İddiaçı qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsinə hər hansı maneə yaratmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Cavabdeh məxsus mənzilin mətbəx tikilisi mənzilin dərinliyində yerləşdiyindən və həmin sahədə havalandırma sistemi nəzərdə tutulmadığından, eləcə də mübahisəli pəncərə bloku İddiaçı qeyri-yaşayış sahəsinin döşəməsindən 2,2 metr hündürlükdə yerləşdiyindən, həmin pəncərə blokunun mətbəx tikilisinin havalandırılması üçün nəzərdə tutulduğu müəyyən edilir. Mətbəx tikilisi yan tərəflərdən qonşu sahələrlə əhatə olunduğundan və binanın layihəsi təqdim edilmədiyindən, həmin tikilinin havalandırılmasının başqa qaydada təmin edilməsinin mümkün olub-olmamasını müəyyən etmək olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. Həmin Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Göründüyü kimi, əlavə apellyasiya araşdırılması zamanı tərəflərin mülkiyyətlərində olan sahələrin arasında olan divarda (arakəsmədə) pəncərənin açılması və cavabdehin həmin pəncərə vasitəsi ilə mülkiyyətində olan sahənin mətbəxinin havalandırması kimi istifadə etməsi öz təsdiqini tapmışdır. Həmçinin həmin pəncərənin həm cavabdehin, həm də iddiaçının mülkiyyətində olan sahələrin texniki pasportunda öz əksini tapmadığı ekspert rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən pəncərə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin içərisinə açıldığından, pəncərənin açılması ilə əlaqədar aidiyyəti dövlət orqanlarından icazə alınmadığından və tərəflərin bununla əlaqədar razılıqları olmadığından, pəncərənin mövcudluğu özü özlüyündə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadəsinə maneə olduğundan, habelə mətbəxin havalandırması nəticəsində qoхunun, buxarların və səs-küyün iddiaçının mülkiyyətində olan sahəyə keçdiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin gəldiyi qənaət düzgün olmuşdr. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehin sahibliyində olan sahə əvvəllər qeyri-yaşayış sahəsi olmaqla, məhkəmə qərarına əsasən onun yaşayış sahəsi kimi qeydiyyata alınması cavabdehə qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan qonşulara münasibətdə əlavə imtiyazlar, o cümlədən onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas vermir. Belə ki, qonşuluqda olan qeyri-yaşayış sahəsi məhkəmə qərarı qəbul olunmamışdan əvvəl iddiaçının mülkiyyətində olmuş və cavabdeh sahibliyində olan sahənin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə köçürərkən, bunu nəzərə alaraq daxili imkanlar hesabına yeni təyinata uyğun mənzilində kommunikasiya xətlərinin çəkilməsini, o cümlədən mətbəxin havalandırma sisteminin quraşdırılmasını təmin etməli idi. Azərbaycan RespublikasıMPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinəəsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X11 Məhkəməsi “X1rşı” işüzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurlarıçərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cavabdehdən tutulmalı, həmçinin onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənildiyi dövlət rüsumu özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakışəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-5347/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Keçirilmiş məhkəməekspertizasının xərci hesabına Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar