Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2941/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 N-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyriyaşayış sahəsinin, Cavabdeh2 adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli 125 N-li Sərəncamı ilə müəyyən edilir ki, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələri İddiaçıov Fərux oğlu tərəfindən tikilmiş və hazırda avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə edilir. Qeyd edilən Sərəncama əsasən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri-yaşayış sahələrinin iddiaçıya məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması təsdiq edilmiş, habelə qeyri-yaşayış sahəsinin ərazisinin və ətrafın sanitar vəziyyətinin qorunması iddiaçıya tapşırılmışdır. Azon zavodunun nəqliyyat sahəsində iddiaçı tərəfindən tikilmiş qeyri-yaşayış sahəsindən bir hissəsi (51,2 kv.m) əvvəlcə cavabdehin oğlu Emil Qəhrəmanovun, sonradan isə həmin hissə Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının doğma qardaşıdır. Qeyriyaşayış sahəsinin qalan hissəsinə Sərəncam əsasında iddiaçının hüququ qalmaqda davam edir. Qeyri-yaşayış sahəsi bütövlükdə iddiaçının vəsaiti hesabına inşa olunmuş, yalnız bir hissəsi formal olaraq cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh heç bir vaxt qeyri-yaşayış sahəsinə heç bir vəsait sərf etməmişdir. Bundan sonra Cavabdeh1 qeyri-yaşayış sahəsindən bir hissəsini (51,2 kv.m) Cavabdeh2 satmışdır. Cavabdehlər iddiaçıya qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən istifadə etməyə maneələr yaradır, onun əmlak hüquqlarını pozurlar. Bu səbəbdən iddiaçı hesab edir ki, qeyri-yaşayış sahəsinin özgəninikiləşdirilməyən hissəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, hakimin qənaətinə görə, mülkiyyət hüququ yalnız hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra həmin hüquqların müdafiəsinə təminat verilir. Halbuki, 139.1-ci maddədə qanunverici “qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat”ı məsələsinə toxunur. Daha aydın qeyd etsə, qeydiyyata alınmış hüquqların təminatı, dövlət reyestrində qeydiyyata alınmamış, başqa əsaslarla müəyyən edilmiş əmlak hüquqlarının mövcudluğunu istisna etmir. İş üzrə tərəflərin izahatlarından və iş materiallarından - konkret olaraq, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olmuş və onun tərəfindən inşa olunmuşdur. Qeyri-yaşayış sahəsinin 51,2 kv.m hissəsi sonradan Cavabdeh1 adına Dövlət reyestrində rəsmiləşdirilsə də, həmin qeyri-yaşayış sahəsinin qalan hissəsi, yəni 68,8 kv.m hissəsi iddiaçıda qalmışdır. Lakin birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd edilən Sərəncamı nəzərə almayaraq, qətnamədə qeyd etmişdir ki, “iddiaçı onun bu iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi sərəncamın hal-hazırda qüvvədə olmasına dair də məhkəməyə sübut təqdim etməmişdir.” Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Fərux oğlunun və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Təqdim və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki: Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamının kserosurətinə əsasən 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmişir. Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubun kserosurətinə əsasən “Azon” zavodunun rəhbərliyi zavoda məxsus nəqliyyat sahəsində uzun illər bundan qabaq əməkdaşı İddiaçı Fərrux oğlu tərəfindən öz vəsaiti hesabına 876 kv.m. torpaq sahəsində 120 kv.m. qeyri-yaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmamağını nəzərə alaraq həmin sahənin İddiaçı Fərrux oğlunun adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığı göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.09.2021-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış binası icarəyə verilmiş əmlakın 5201 saylı 20.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 22.02.2014-cü il tarixdə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,1083 ha torpaq sahəsi (vahid əmlak) özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 4958 nömrəli 02.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. X2 18 saylı DNK-nın 4Ə/40 reyestr nömrəli 11.02.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən daşınmaz əmlakı özgəninkiləşdirmiş və 12.02.2020-ci il tarixdən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olmuşdur. Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 həmin vahid əmlakı (qeyriyaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsini) Cavabdeh2 satmışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı irəli sürülmüş tələblərin əsaslığı ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli sərəncamını və “Azon” zavodunun 08.03.2005-ci il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Həmin məktub qeyriyaşayış sahəsinin İddiaçı faktiki istifadəsində olmasını təsdiq edir. Lakin bu sənədlər iddiaçının icarə əsasında həmin sahənin onun istifadəsində olmasını təsdiq etmir. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalıdır və qeydiyyata alınmış hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci madədsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçının nə torpaq sahəsi, nə də ki qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə iddiaçı onun bu iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübut kimi təqdim etdiyi sərəncamın hal-hazırda qüvvədə olmasına dair də məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən sübutları – hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı... Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın rədd edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayıla bilməz. Belə ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.8, 158, 220-ci maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir. İkincisi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 17.02.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki, mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış 28.03.2005-ci il tarixli məktubun da iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir. Üçüncüsü, əksinə tədqiq olunmuş sübutlara əsasən ünvan 1 ünvanında yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış binası icarəyə verilmiş əmlakın 5201 saylı 20.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 22.02.2014-cü il tarixdə, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi 0,1083 ha torpaq sahəsi (vahid əmlak) özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin 4958 nömrəli 02.05.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Emil Qəhrəmanov 11.02.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən mübahisəli daşınmaz əmlakı Nadir Qəhrəmənova bağışlamış və əmlak 12.02.2020-ci il tarixdən tam mülkiyyət hüququ üzrə sonuncunun mülkiyyətində olmuşdur. 03.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin vahid əmlakı (qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsini) Cavabdeh2 satmışdır. Göründüyü kimi, bu faktların özü də hazırki iddianın açıq-aşkar əsassız olduğuna dəlalət edən hallardır. Ona görə də birinci instansiya məhkəməsinin hər hansı bir araşdırma aparmasına da zərurət və lüzum ola bilməzdi. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədəir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2). Dördüncüsü, qeyd olunduğu kimi mübahisəli əmlaka Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin əmlakın tam mülkiyyətçisidir. Buna baxmayaraq, iddiaçı həmin əmlakın bir hissəsinin qanuni əsaslarla cavabdehə aid olmadığını düşünür. Lakin apellyasiya şikayətində göstərdikləri dəlillər onun əsaslı olduğuna dəlalət etmir və qətnamənin ləğvinə səbəb olacaq dərəcədə əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Ona görə də iddia tələbinin digər, yəni qeyriyaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması hissələri də əsassız olduğundan şikayət bu hissələrə münasibətdə də təmin oluna bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı oğlnun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2941/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2941/2022
11.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver